Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4942/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplomun alınması, iddiaçının müəllimlərin diaqnostik qiymətləndirilməsinə, sertifikatlaşdırmaya buraxılması, əvvəlki dərs yükünün qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2004-cü ildə X3 və Texnologiya Kollecinə qəbul olmuş, 2007-ci ildə həmin Kollecdə “ibtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 27 iyun 2007-ci il tarixli qərarı ilə ona ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası verilmişdir. Onun diplomunda Dövlət ixtisas komissiyasının sədrinin, direktorun, katibin imzaları var və təhsil müəssisəsinin möhürü aydın görünür. 14 sentyabr 2006-cı il tarixdən hal-hazıradək Şəmkir rayonunun Şəmkir kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. 14 ildir bu məktəbdə pedaqoji faəliyyət göstərir. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlarla bağlı hazırda müəllimlərin yerini dəyişməsi, əmək haqqlarının artırılmasında test yoxlamaları keçirilməklə diaqnostik qiymətləndirmələr aparılır. Dəfələrlə diaqnostik qiymətləndirmədə iştirak etmək üçün sənədlərini təqdim etsə də, onun (iddiaçının) AR Təhsil Nazirliyi tərəfindən qiymətləndirilmədə iştirakına razılıq verilməmişdir. AR Təhsil Nazirliyi X3 və Texnologiya Kolleci № 500/2064 “25” aprel 2019-cu il tarixli arayışa əsasən şifahi sorğuya cavab olaraq bildirilir ki, İddiaçı həqiqətən həmin Kollecdə təhsil almış və Kollec tərəfindən ona 04 avqust 2007-ci il tarixdə BB-İİ № 062965 seriyalı diplom blankı verilmişdir. Diplomun dövlət nümunəli olmadığını bəhanə gətirərək, onun müəllimlərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirməsində iştirak etməyinə icazə verilmir. O, tam qanuni şəkildə təhsil almışdır, sənədlərində heç bir saxtalıq müəyyən edilməmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 33, 36-cı maddələrinə əsaslanaraq, onun (iddiaçının) diplomunun alınması, müəllimlərin diaqnostik qiymətləndirilməsinə, habelə sertifikatlaşdırma olarsa həmin mərhələyə buraxılması, əvvəlki dərs yükünün qaytarılmasına icazə verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddia tələbindən göründüyü kimi, iş üzrə iddiaçı 2004 – 2007-ci illərdə X4 və Texnologiya Kollecində təhsil almış və ona diplom verilmişdir. Lakin müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyil. Bu əsasla AR Təhsil Nazirliyi iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamışdır. Hesab olunur ki, AR Təhsil Nazirliyinin iddiaçıya vermiş olduğu məktub qanuni və əsaslıdır. Belə ki, 7 oktyabr 1992-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 2-ci maddəsinə əsasən dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və AR Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən məlum olur ki, müəssisə diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, «Təhsil haqqında» AR Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Cavabdehə məxsus diplom AR Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»na uyğun gəlmir. Digər tərəfdən, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və onlara verilən diplom blankları AR Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni, test üsulu ilə) həyata keçirilir. Lakin həmin şəxsin Kollecə testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Belə ki, «Təhsil haqqında» AR Qanunun 26-cı maddəsində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə ali təhsil müəssisəsinə qəbul yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Digər tərəfdən, diplom dövlət nümunəli təhsil sənədi olmadığından, onun həmin diplomla pedaqoji fəaliyyətlə məşğul olması hüquq normalarına ziddiyyət təşkil edir. Qeyd edilən Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Qanunun tələbindən göründüyü kimi, ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sənəd təhsil haqqında dövlət sənədidir. Yəni, pedaqoji fəaliyyətlə məşğul olmaq üçün tələb olunan əsas sənəd şəxsin ali təhsilli olmasını təsdiq edən diplomdur. AR Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürən təhsil barədə müvafiq sənəd təqdim edilir. Yəni, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxs mütləq qaydada ali təhsilli olmasını təsdiq edən dövlət nümunəli təhsil sənədini işəgötürünə təqdim etməlidir. Lakin cavabdehin iş yerinə təqdim etdiyi diplomun saxta olduğından onun pedaqoji fəaliyyətlə məşğul olması əmək qanunvericiliyinə zidiyyət təşkil edir. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə AR Təhsil Nazirliyinə aid edilmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrinin pedaqoji kollektivinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdığından, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin qərardadı ilə iddia «diplomun alınması, iddiaçının sertifikatlaşdırmaya buraxılması, əvvəlki dərs yükünün qaytarılması» hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə mübahisəsinin onun iştirakı olmadan həllini xahiş etmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq, İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin məzmununa uyğun izahat verdi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının «müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.29-cu maddəsinə görə kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 5.1-ci maddəsinə görə dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 14.1-ci maddəsinə görə təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Həmin Qanunun 21.5-ci maddəsinə görə orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır. Həmin Qanunun 27-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 11-ci maddəsinə görə təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşəixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı. Həmin Qanunun 19-cu maddəsinə əsasən ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s), elmi tədqİqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir. Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında» Əsasnamənin 8-ci bəndinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi: (8.5-ci bənd) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir, (8.26-cı bənd) mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 oktyabr 2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları»nın 1.2-ci bəndinə görə bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsil idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir. Qaydaların 2-ci bəndinə görə diaqnostik qiymətləndirilmənin məqsədi aşağıdakılardır: müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrindən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi. Qaydaların 3.1-ci bəndinə görə diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər. Qaydaların 3.2-ci bəndinə görə iki və daha artıq fənndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, hazırkı İddiaçı əsas iş yeri Şəmkir rayonu Şəmkir kənd orta məktəbi olan ibtidai sinif müəllimi kimi yuxarıda qeyd olunan Qaydaların 3.1-ci bəndində müəyyən edilmiş kateqoriyada olan şəxslərin sırasına daxildir. Bundan başqa, iddiaçı müvafiq ixtisas üzrə işlədiyindən və digər (iki fənn üzrə qiymətləndirilmədə iştirakla bağlı) niyyət nə Təhsil Nazirliyinə müraciətdə, nə də iddia ərizəsində bildirilmədiyindən, iddianın mahiyyəti Qaydaların 3.2-ci bəndinə uyğun olaraq bir fənn üzrə diaqnostik qiymətləndirilmə ilə bağlı sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi X3 və Texnologiya Kolleci tərəfindən İddiaçı verilmiş (adına yazılmış) diplomun qüvvədən düşmüş hesab olunması və etibarsız sayılmasına dair heç bir sübut iş üzrə təqdim edilməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsi inzibati aktların etibarsız sayılması üçün konkret əsaslar nəzərdə tutur və hazırkı iş üzrə belə əsaslar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi cavabdeh AR Təhsil Nazirliyi iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilmədə iştirakına maneələr törədilməsi ilə müşayiət olunan əlverişsiz hərəkətlərini «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri (Qanunun 12, 13, 19, 65-ci maddələri) baxımından əsaslandırmamış, həmin Qanunda müəyyən edilmiş prosedurlara əməl etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı müəllimlərin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi ilə bağlı imtahana buraxılmaması ilə bağlı əlverişsiz hərəklətləri qanununvericiliyin tələbinə zidd, o cümlədən digər şəxslərə münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi”nin pozulması qismində qiymətləndirilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi sayılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsinə buraxılmasının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsinə buraxılmasının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4942/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4942/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver