Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4951/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və fərqin ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək dövlət qulluğunda olan əmək stajını, təhsil illərini, hərbi xidmət illərini, əlilliyini nəzərə alaraq əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavadeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə anadan olub. 1982-1989-cu illər arasında Azərbaycan Neft və Kimya institunda 7 il müddətində ali təhsil alıb. 2 il müddətdə hərbi xidmətdə olub. xx.xx.1989-cu ildən əmək fəaliyyətinə başlayıb. xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər Azərbaycan Respublikası Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Ümumilikdə Gömrük Komitəsində 11 il 11 ay əmək stajı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 27 say Tibbi Sosial Ekspert Komisiyyasının xx.xx.2016-cı il tarixli rəyinə əsasən ona ikinci qrup əlillik təyin edilib. xx.xx.2016-cı il tarixdən DSMF-nun Ağstafa rayon şöbəsi tərəfindən ona əlilliyə görə pensiya təyin edilib. Lakin hesab edir ki, pensiyası düzgün təyin edilməyib. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. “Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşma çatdıqda və ya əlil olduqda bu Qanunla pcnsiva almaq hüququ vardır. Həmin qanunun 6.1.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında. 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla təyin edilir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən Pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün Müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirinin 2020-ci il tarixli 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən 2006-cı il yanvar tarixinədək bitmiş əyan təhsil müddəti nəzərə alınmaqla əmək pensiyaları təyin edilərkən əmək stajı kimi nəzərə alınmalıdır. Lakin onun pensiyası təyin edilərkən qanunun bu müddəaları o cümlədən dövlət qulluğunda olan stajı nəzərə alınmamışdır. Belə ki, qanunun müdəaları nəzərə alınaraq pensiyası təyin edilsəydi və gömrük orqanlarında olan 13 il 6 ay 23 gün iş stajım nəzərə alınsaydı, dövlət məvacibinin 70 % dən çox hissəsi pensiya olaraq təyin edilməli idi. Beliklə hesab edir ki, gömrük orqanında olan 13 il 6 ay 23 günlük dövlət qulluqçusu kimi əmək stajını, 7 illik təhsil stajını nəzərə alaraq ona əlilliyə görə təyin edilmiş pensiyası yenidən hesablanmalıdır. “Əmək pensiyaları haqqında" Qanunun 1.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluğu vəzifəsində 15 il və ya 15 ildən yuxarı qulluq stajı olan sabiq dövlət qulluqçularına 15 ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğmin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Göründüyü kimi, qanunvericilikdə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı yalnız dövlət qulluğu vəzifəsində qulluq stajının hər ilinə görə müvafiq dövlət məvacibinin orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, təhsil dövrü dövlət qulluğu vəzifəsində qulluq stajının üzərinə əlavə edilərək dövlət məvacibinin orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavə artırılmaqla əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinin tələblərinə görə gömrük orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi “Dövlət qulluğu haqqında" Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və gömrük orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Gömrük orqanının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər-xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi müfəttiş vəzifəsi dövlət qulluğu vəzifəsi hesab edilmədiyi üçün həmin dövrü dövlət qulluğu stajı kimi nəzərə almaqla ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, ərizəsində qeyd etdiyi “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür.
4. “Azərbaycan Respublikasının X3 publik şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci bəndinə uyğun olaraq dövlət qulluğu sahəsində X3 tərəfindən həyata keçirilir.
5. İddiaçının Azərbaycan Respublikasının Dövlət Gümrük Komitəsində işlədiyi müfəttiş və böyük inspektor vəzifələrindəki müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması, habelə qeyd edilən vəzifələrin Komitənin Aparatında nəzərdə tutulub-tutulmaması barədə məlumatların təqdim edilməsinə dair məhkəmənin sorğusuna Azərbaycan Respublikasının X3nin xx.xx.2021-ci il tarixli cavabı ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1992-ci il tarixli 561 nömrəli Fərmanı ilə yaradılmışdır və Azərbaycan Respublikası gömrük idarəsinin ixtiyarında olan əsas fondlar və başqa əmlak ona verilmişdir. 4 iyun 2012-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 10-cu hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi dövlət büdcəsinin vəsaiti hesabına və həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilmişdir. Adı çəkilən Əsasnamənin 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş vəzifələri bilavasitə özü və ya tabeliyində olan gömrük orqanları, idarə və təşkilatlar vasitəsi ilə həyata keçirmişdir. İddiaçı 1992-2001-ci illərdə işlədiyi Gəncə gömrükxanası və Tovuz gömrükxanası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda deyil, “Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarında nəzərdə tutulmuşdur. Həmin Siyahı 19 iyun 2001-ci il tarixli 510 nömrəli Fərmanla qüvvədən düşmüşdür. İddiaçının 2001-2004-cü illərdə işlədiyi Tovuz Gömrük İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda 2-ci bənddə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatında deyil, 3-cü bənddə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları”nda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş vəzifələri bilavasitə özü və ya tabeliyində olan gömrük orqanları vasitəsilə həyata keçirdiyi, İddiaçı işlədiyi Gəncə gömrükxanası və Tovuz gömrükxanası (Tovuz Gömrük İdarəsi) həmin Komitənin sisteminə daxil olan gömrük orqanları olduğu üçün onun həmin orqanlarda işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır.
6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müfəttiş və böyük inspektor vəzifələrinin Komitənin aparatında, eləcə də dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatın təqdim edilməsi barədə məhkəmənin sorğusuna Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli cavabında bildirilmişdir ki, Dövlət Gömrük Komitəsində “böyük inspektor” vəzifəsi qulluq stajı hesablanarkən nəzərə alınır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 3-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və həmin Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Eyni zamanda “böyük inspektor” vəzifəsi orta rəis heyətinə daxildir və Əsasnamənin 8-ci maddəsinə əsasən heyət üzrə qeyd edilən vəzifə üçün gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı xüsusi rütbələri nəzərdə tutulur. Əlavə olaraq bildirilmişdir ki, həmin Əsasnamənin 66-cı maddəsinin 6-cı bəndinə əsasən “böyük inspektor” vəzifəsi üzrə növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı, yəni gömrük xidməti mayoru xüsusi rütbəsi verilə bilər və Əsasnamənin 27-ci maddəsinə görə gömrük xidməti mayoru xüsusi rütbəsi üzrə xidmətdə olmanın son yaş həddi 55 yaş olaraq müəyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə görə prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan Dövlət Gömrük Komitəsinin aparatında “müfəttiş” vəzifəsi mövcud deyildir. Komitənin qurumlarında olan müfəttiş vəzifələri isə qulluq stajı hesablanarkən nəzərə alınmır və onların fəaliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
7. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək iddinın rədd edilməsi xahiş edilmişdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçının pensiyası yenidən hesablanmalı və yaranmış fərq iddiaçıya ödənməlidir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
16. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
18. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. İddiaçı 1992-2001-ci illərdə işlədiyi Gəncə gömrükxanası və Tovuz gömrükxanasında, 2001-2004-cü illərdə Tovuz Gömrük İdarəsində işləmişdir.
24. xx.xx.2016-cı il tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və ona İİ dərəcə əlillik təyin edilmişdir.
25. İddiaçı “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinəəsasən müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququna istinad edir. Qeyd edilən qanunun təsirinə düşməsi üçün iki şərtin eyni zamanda mövcudluğu tələb olunur: həmin qanun qüvvədə olduğu müddətdə yetərli dövllət qulluğu stajı və əlillik. Lakin iddiaçıya müvafiq əlillik dərəcəsi artıq həmin qanun qüvvdən düşəndən sonra təyin edilmişdir. Qeyd edilən qanun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli № 462-İİİQD Qanunu ilə (XVİİ bənd, 3-cü hissə) qüvvədən düşmüşdür.
26. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının dövlət qulluğu vəzifəsində 15 il və ya 15 ildən yuxarı qulluq stajı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinin iddiaçıya tətbiqinin mümkün hesab edilməməsi ilə bağlı cavabdehin dəlili ilə razılaşır.
27. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
28. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
29. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
30. Məhkəmə iddiaçının əlil olan dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasına və dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə diar hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Fərqin ödənilməsi əsas tələblə bağlı olduğundan onun təmin edilməməsi ondan asılı olan tələbin də təmin edilməməsi ilə nəticələnir.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva