Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-496/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyasının X1 Təhsilin Muxtar Təhsil Müəssisəsi “Dövlət İqtisad, Maliyyə, Hüquq və Texnologiya İnstitutu” tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli, Dİ № 3219 nömrəli diplomun nostrifikasiya olunması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ildə Rusiya Federasiyasının X1 Təhsilin Muxtar Təhsil Müəssisəsi “Dövlət İqtisad, Maliyyə, Hüquq və Texnologiya İnstitutu”na daxil olmuş və 2019-cu ildə həmin ali məktəbi bitirərək 3219 saylı bakalavr diplomu almışdır. Lakin iddiaçının diplomu nostirifikasiya olmadığı üçün ixtisası üzrə işə düzələ bilmir. Bununla əlaqədar olaraq iddiaçı diplomunu apostil etdirmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri sənədlərlə birlikdə ərizə ilə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. İddiaçının diplomun nostrifikasiya olunması ilə bağlı müraciətinə baxılmış və xx.xx.2021-ci il tarixli məktubla diplomun nostrifikasiya olunmasından imtina edilmişdir. Həmin məktuba əlavədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması nvə ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Rusiya Federasiyasının X1 Təhsilin Muxtar Təhsil Müəssisəsi "Dövlət İqtisad, Maliyyə, Hüquq və Texnologiya İnstitutu tərəfindən iddiaçının adına verilmiş Dİ 3219 nömrəli, xx.xx.2019-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Əsas kimi Rusiya Federasiyasının X1 Təhsilin Muxtar Təhsil Müəssisəsi “Dövlət İqtisad, Maliyyə, Hüquq və Texnologiya İnstitutunun tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmadığından qeyri-mümkün olduğu göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının diplomunun nostrifikasiya olunmasından, yəni tanınmasından tam əsassız imtina edilmişdir və bu imtinanın heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən cavabdehin üzərinə iddiaçının diplomunun tanınıması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi qoyulmalıdır.
4. Cavabeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinada bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ərizəçinin tədris dili üzrə biliklərinin yoxlanılması zamanı (müsahibə tarixi: xx.xx.2021-ci il) tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflət məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. xx.xx.2021-ci il tarixli NA00002734 nömrəli iddiaçıya ünvanlanmış “Xarici dövlətlərin ali təhsil ixtisaslannın tanınması və ekvivalentiiyinin (nostrtfikasiyasının) müəyyən edilməsi barədə” qərarda qeyd edilmişdir ki, ekspertiza zamanı ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"nın OL 1-2 maddəsinə əsasən, müraciətə baxılması zamanı tərəflər ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqlann qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı'na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiiyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan'nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır.
12. Rusiya Federasiyası (Qatçina şəhəri) X1 Təhsilin Muxtar Təhsil Müəssisəsi “Dövlət İqtisad, Maliyyə, Hüquq və Texnologiya İnstitutu” tərəfindən 03 iyul 2019-cu ildə verilmiş 3219 qeydiyyat nömrəli bakalavr diplomunun (114724 4780945) və bakalavr diplomuna əlavənin (114724 4781292) Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 25 iyun 2019-cu ildə 39.03.02 sosial iş ixtisası üzrə mütəxəssis proqramını mənmisəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir və ona Dövlət imtahan komissiyasının qərarı ilə 59 nömrəli protokola əsasən Bakalavr ixtisası verilmişdir. Diplom və diploma əlavə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Elm və Ali məktəb Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 535487 nömrəsi ilə apostil edilmişdir.
13. Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılan ekspertiza zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir.
14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı təhsil aldığı tədris dili (rus dili) üzrə ümumi dil biliyi orta səviyyədədir, yəni şifahi və yazılı nitqdəki səhvlərə baxmayaraq iddiaçı öz fikirlərini çatdıra bilir, verilən mətnin ümumi mənasını başa düşüb mütəxəssisin suallarına cavab vermişdir.
15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti tərəfindən keçirilmiş iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair müraciəti üzrə tədris aldığı ixtisasın mənimsənilməsi mümkünlüyünün müəyyən edilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə xx.xx.2022-ci il tarixdə keçirilmiş videomüsahibə və verilmiş mütəxəsis rəyində qeyd edilmişdir ki, tədris bilini bilmə səviyyəsi diploma əlavədə göstərilən kvalifikasiyanın əldə edilməsi üçün kifayət deyildir.
Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir; 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır; 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi; 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
17. Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
18. Nəzərə almaq lazımdır ki, tədris proqramının və müvafiq ixtisas terminologiyasının mənimsənilməsi, təhsilin keyfiyyəti və məzmunu bilavasitə tədris dilini bilmə səviyyəsinə bağlıdır. İddiaçının diplomuna əlavədən görünür ki, iddiaçı rus dilində təhsil almışdır. Lakin ixtisasın tanınması prosesinin tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi baxımından tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Belə ki, diploma əsasən iddiaçı 4 il rus dilində təhsil alsa da, müsahibə zamanı nəinki tədris aldığı ixtisas üzrə, heç gündəlik məişətdə istifadə olunan sözlərin belə mənasını dərk etməmişdir. İş üzrə materiallarda həmin halları, xüsusilə də tədris dili ilə bağlı cavabdehin iddia etdiklərini təkzib edən mötəbər sübut aşkar edilməmişdir. Belə ki, məhkəmə inzibati araşdırma zamanı iddiaçı ilə aparılmış video müsahibəni (disk iş materiallarına əlavə edilmişdir) nəzərə alır və Bakı Slavyan Universiteti tərəfindən verilmiş mütəxəssis rəyi ilə birgə qiymətləndirir.
19. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
20. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.
21. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva