Məhkəmə qərarları › İş №2-1(112)-4993/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4993/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4993/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiya kapitalının birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiya kapitalının birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 mart 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, iddiaçı fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının ona birdəfəlik ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə cavabdeh verilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun sosial sığorta stajına hal-hazıradək yığılan pulun tam şəkildə birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildən Neft şirkətində (indiki X2 İdarəsində) işləmişdir. Onun əmək haqqından hər ay təxminən 400 manat pul tutularaq, sosial sığorta stajına yığılır. Bu səbəbdən də ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək rəsmi nə qədər əmək haqqı alması və əmək haqqından nə qədər sosial sığorta pulu tutulması və bu günə qədər onun tərəfindən nə qədər sığorta ödənişinin edilməsi barədə məlumat verilməsi üçün müraciət etmişdir. Cavab məktubunda onun (sığortaolunanın fərdi şəxsi hesabı haqqında) “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” AR Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2006-cı il tarixinədək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların verilməsi mümkün olmamış, 2006-cı ildən 2022-ci ilə qədər məlumatlar əks olunmuşdur. O, pensiya almaqdan imtina edir. İddiaçı sosial sığorta stajına yığılmış pulun tam şəkildə birdəfəlik olaraq ona ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iş materiallarına əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə inzibati orqana müraciət edərək, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının birdəfəlik ödənilməsini xahiş etmişdir. İddiaçının hazırkı pensiya kapitalı 68.852,72 manat təşkil edir. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələri almaq hüququ yoxdur. Yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Buna görə də hər bir işləyən vətəndaş Fondun müvafiq orqanlarında fərdi qaydada qeydiyyatda durmalı və vaxtlı-vaxtında məcburi dövlət sosial sığorta haqlarını ödəməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itiriməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun həyata keçirilir. İddiaçının bu mövqedən tələbi hüquqi baxımdan düzgün olsa da, qanunvericilik normaları baxımından mümkünsüzdür. Belə ki, qanunvericilikdə pensiya kapitalının iddiaçıya birdəfəlik ödənilməsini tənzimləyən heç bir norma nəzərdə tutulmamışdır. Cavabdeh “sığorta kapitalının hesablanması və ödənilməsi” barədə İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddianın subyektiv hüququn olmaması əsası ilə mümkün sayılmaması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi nə qədər ki, onun bir sığortaolunan kimi özünün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının verilməsi ilə bağlıdır, onun bu tələbin irəli sürülməsinə subyektiv hüququ mövcuddur. Qanunvericilikdə bunun təspit olunub-olunmaması və ya tələbin qanuni əsasının dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi iddianın mahiyyəti üzrə əsaslı olub-olmamasına təsir edir. Cavabdehin qeyd etdiyi “qanunvericilikdə nəzərdə tutulmama” dəlilli subyektiv hüququn mövcudluğunu müəyyən edilməsində deyil, iddianın mahiyyəti üzrə həllində rol oynayır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 sentyabr 2022-ci il tarixli “Sığortaolunanın fərdi şəxsi hesabı haqqında” məktubunun surətindən görünür ki, iddiaçının əmək haqqından 2006- 2022-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələri almaq hüququ yoxdur. Yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun həyata keçirilir. İddiaçının hazırkı tələbi, yəni toplanmış pensiya kapitalının sığortaolunana birdəfəlik ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya kapitalının birdəfəlik ödənilməsi” tələbinin təmin edilməməsində cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiya kapitalının birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar