Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-506/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra -iddiaçı) ərizə ilə cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini cavablandırmamışdır. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə 30.000 manat kompensasiyanın ödənilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 13B saylı evin 8 saylı mənzilində 30 ildən çoxdur ki, yaşayır. Yaşadığı binanın qarşısında öz vəsaiti hesabına qaraj inşa edərək, ondan istifadə etmişdir. Bakı şəhəri, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30/1204 reyestr nömrəli, xx.xx.1998-ci il tarixli texniki pasport əsasən artıq 25 ildən çoxdur ki, həmin qaraj ona məxsusdur. İddiaçıya məxsus 18 kv.m sahədən ibarət qaraj Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti tərəfindən onun razılığı olmadan sökülmüşdür. Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 13B saylı binanın qarşısında yerləşən iddiaçıya məxsus 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini rəsmi şəkildə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən xahiş etsə də, ona heç bir cavab verilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək, bildirmişdir ki, qeyd olunan ünvana baxış keçirilən zaman Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13 "B" nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən qeyri-qanuni zəbt olunmuş bağ sahələrinin və konstruktiv qarajların abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan ünvanda iddiaçıya məxsus daş qarajda qeyriqanuni konstruktiv əlavələr inşa edilmiş və bu səbəbdən iddiaçının iştirakı ilə qeyd olunan əlavələr daş qaraja maddi ziyan dəymədən sökülmüşdür. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən bildiririk ki, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən ( 3x6 m ) artıq sahədə tikilmişdir. Müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər icra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamın 1.1-ci bəndinə əsasən yalnız avtomaşın (əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2011-ci il tarixli 015603 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. xx.xx.1998-ci il tarixli 30/1204 reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Sarayev küçəsi 13B saylı binanın qabağında yerləşən qaraja dair İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasporta görə qaraj 1998-ci ildə tikilmiş, bünovrəsi mişar daşından, divar və dam örtüyü metaldan olmuş, sahəsi 18 kv.metr təşkil etmişdir. Cavabdeh Başçısının Aparatının xx.xx.2024-cü il tarixli 5-11/2-341/2024 nömrəli məktubundan görünür ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, eləcə də yuxarıda qeyd olunan ünvanda uzun illər əvvəl sakinlər tərəfindən zəbt olunaraq çəpərlənmiş bağ sahələri sökülmüş, quraşdırılmış dəmir qarajlar isə götürülərək mərhələli şəkildə abad həyətlər salınmışdır. ünvan 3 ünvanlarında da çoxsaylı sakinlərin rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbullarında qaldırılan müraciətlərini nəzərə alaraq qeyd olunan ünvanlarda abadlıq işləri aparılmış, müvafiq işlər görülərək sakinlərin rahatlığı üçün yaşıllıqların salınması və sair kimi işlər görülmüş, eyni zamanda həmin ərazidə yerləşən metal lövhələrdən quraşdırılmış dəmir qarajlar müvəqqəti xarakter daşıdığından götürülərək sahiblərinə təqdim edilmiş və kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı hazırda sökülmüş qaraja görə vurulmuş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153. Mülkiyyət hüququnun subyektləri ... 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mübahisəli qarajın iddiaçıya məxsus olması, bu barədə ona 30/1204 reyestr nömrəli xx.xx.1998-ci il tarixli texniki pasportun verilməsi, qarajın rayon ərazisindəki abadlıq-quruculuq işləri çərçivəsində cavabdeh tərəfindən sökülməsi işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda isə aydındır ki, həmin daşınmaz əmlakın sökülməsi ilə əlaqədar təsirə məruz qalan şəxsə uğradığı real itki və məhrumiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxsin məruz qaldığı itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır, hansı ki, hazırkı halda iddiaçı ona məxsus daşınmaz əmlakın tamamını itirmişdir. İtirmə nəticəsində iddiaçıya məxsus əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də ona ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən ekspertiza keçirilmiş, həmçinin mütəxəssis rəyi alınmışdır. Belə ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatından göstərilmişdir ki, eskpertiza təyini haqqında qərardadda qeyd edilən qeyriyaşayış sahəsi hal- hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Belə ki, həmin yaşayış sahəsinə baxış keçirmədən, müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilmədən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərardadda qeyd edilən tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün deyil. İşdə olan "xxxx" MMC-nin 01/24-288 nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlardan görünür ki, İddiaçı məxsus olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 18.0 kv.metr olan qeyri yaşayış binasının (qaraj) 2024cü il tarixə olan bazar dəyəri 32 000 (otuz iki min) manat təşkil edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görünür ki, iddiaçı ona məxsus qarajın sökülməsinə görə 30.000 manat məbləğində kompensasiya tələb edir, hansı ki, yuxarıda göstərilənlər nəzərə alındıqda məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı sayılmalı və həmin məbləğdə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə 30.000 (otuz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər Xətai İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-506/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-506/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver