Məhkəmə qərarları › İş №2-1(112)-5092/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5092/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5092/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı Səməd oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı İddiaçı Səməd oğlunun cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı «yükün avtomobil kuzovu kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı Səməd oğlu cavabdeh AR Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı «yükün avtomobil kuzovu kimi rəsmiləşdirilməsi» tələbini irəli sürülməklə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçıya məxsus olan “Opel-Astra” markalı 2000-ci il buraxılışlı avtomobil yanmış və bu haqda Fövqəlada Hallar Nazirliyinin aktı mövcuddur. İddiaçı bu avtomobili bərpa etmək üçün Avropa ölkələrindən birindən onun kuzovunu almış və həmin yükü Respublikaya gətirmək üçün Bakı Baş Gömrük İdarəsindən yük üçün bəyannamə kodu almışdır. Həmin yük 2 dekabr 2021-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin həyətinə yerləşdirilmişdir. İddiaçı 3 dekabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə yükü rəsmiləşdirmək üçün müraciət etmiş və ona 412314 saylı gömrük bəyannaməsi yazılaraq dövlət büdcəsinə 451,89 manat pul vəsaiti ödəmişdir. Pul vəsaitini ödədikdən sonra yükün buraxılması ilə əlaqədar müraciət etdikdə, ona icraçı müfəttişin 4 dekabr 2021-ci il tarixdə həmin işlə məşğul olacağı bildirilmişdir. İddiaçı 4 dekabr 2021-ci il tarixdə yükün rəmiləşdirilməsi ilə bağlı gömrük müfəttişinə müraciət etmiş, lakin müfəttiş ona məsələ ilə bağlı müəyyən müddət gözləməyi tövsiyə etmişdir. Bundan sonra yükün şəkli çəkilmiş, istehsal ili ilə bağlı sənədlər təqdim olunmuşdur. Tələb olunan sənədlər təqdim olunduqdan sonra iddiaçıya hər hansı məlumat verilmədən 4 dekabr 2021-ci ildə yükün kodunun dəqiqləşdirilməsi üçün sənədlərin laboratoriyaya (X3 İdarəsinə) göndərildiyini bildirilmişdir. Labaratoriyada bir neçə gün sonra yükə baxış keçirilmişdir. Orada bildirilmişdir ki, laboratoriyanın sənədlərində yükə avtomobilin kodu yazılacaqdır. İddiaçı laboratoriya əməkdaşlarının diqqətinə çatdırmışdır ki, yükdə mühərrik, sürət qutusu, ötürücü körpü, oturacaqlar, arxa və qarşı buferlər və işıq cihazları yoxdur. “Opel Astra” avtomobilinin kuzası yükü 2 dekabr 2021-ci il tarixdən Aksizlı Mallar üzrə Baş Gömrük İdarəsi ərazisində olan nəqliyyatlar saxlanılan meydança 2 dekabr 2021-ci il tarixdən hər günə 20 manat pul vəsaiti hesablamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176-cı maddəsinin tələblərinə əsasən Bakı Baş Gömrük İdarəsinin yük meydançasında və yaxud ona (iddiaçıya) məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr-da yerləşən “qarajda” gömrük nəzarəti altında saxlanılmasına ehtiyac vardır. Göstərilənləri nəzərə alaraq, İPMin 46 – 48-ci maddələrinə əsaslanaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən 412314 sayla bəyan olunmuş “Opel Astra” avtomobilinin kuzovu yükünün (8707 ilə) rəsmiləşdirilməsi üçün qərar qəbul edəilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «yükün avtomobilin kuzovu kimi (8707 kodu ilə) rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (vəsatətində) bildirilir ki, İddiaçı cavabdeh tərəf kimi bu sahə üzrə ixtisaslaşdırılmış gömrük idarəsi olan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsini göstərməli olsa da, Bakı Baş Gömrük İdarəsini cavabdeh kimi göstərməklə avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə məşğul olmayan inzibati orqana qarşı tələb irəli sürmüşdür. Belə ki, iş üzrə məhkəmə iclasında həmin yükün nəqliyyat vasitəsi olması barədə X3 İdarəsinin rəyi olduğu iddiaçı tərəfindən məhkəməyə bildirilmişdir. Həmin nəqliyyat vasitəsi faktiki olaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisindədir və məhkəmə hətta müdafiə xarakterli müdafiə tədbir barədə ərizəni təmin etsə belə nəqliyyat vasitəsinin gömrük təminatı altında saxlanılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinin imkanı xaricindədir. Göstərilənlərə və İPM-in 1.2, 13-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54, 167.1.4-cü maddələrinə, əsaslanaraq, cavabdehin dəqiqləşdirilməsi, yaxud hazırkı ərizə üzrə cavabdeh olan Bakı Baş Gömrük İdarəsinə münasibətdə həmin tələbin rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesa edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəısinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından, ekspert rəylərindən, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məhkəmə ekspertizası – təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır, məhkəmə ekspertizası fəaliyyəti – məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır. İş üzrə məhkəmənin 15 fevral 2022-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İddiaçı idxal etdiyi yükün (malın) avtomobil və ya onun kuzovu olduğunu müəyyən edilməklə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin Mal Nomenklaturası üzrə alt yarımmövqeyinin (kodunun) müəyyənləşdirilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 28 aprel 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş həmin tarixli 9/1611 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: - (Tədqiqatın nəticəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2000-ci il buraxılışlı, “Opel” markalı, “Astra” model avtomobilin kuzasının (kuzovun mühərriki, ötürücü qutusu, elektrik sistemi, işıq sistemi, ön və arxa faraları və.sair, ön və arxa buferləri, arxa oturacağı, ön sol qapının şüşəsi və sair üzərində yoxdur, kuzanın əsaslı təmirə (rənglənməyə) ehtiyacı var) “8707 10 900 0” nömrəli koda uyğunluğu müəyyən edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: (9.0.1) gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək, (9.0.2) bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək, (9.0.3) gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Həmin Məcəllənin 218.2-ci maddəsinə görə gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: (218.2.1) xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, (218.2.2) tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura, (218.2.3) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları. Həmin Məcəllənin 224.5-ci maddəsinə görə bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Həmin Məcəllənin 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Həmin Məcəllənin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nə əsasən 8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün kuzovlar (kabinlər daxil olmaqla) “8707” kodu ilə göstərilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilən malların gömrük rəsmiləşdirilməsi zamanı onların müvafiq gömrük proseduru altında yerləşdirilməsini bununla bağlı tərtib olunmuş bəyannamədə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunun müəyyən edilməsi ilə şərtləndirir. Həmin kodun dəqiqləşdirilməsi həm statistik, həm də tarif tənzimlənməsi üzrə gömrük ödənişlərinn alınması baxımından rol oynayır. Hazırkı işin hallarına görə isə, İddiaçı Respublikaya idxal etdiyi yükün avtomobil deyil, məhz avtomobil kuzovu olması iş üzrə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli 9/1611 nömrəli ekspert rəyi müəyyən olunur. Həmin rəydə də göstərilmişdir ki, yükün üstündə mühərrik, ötürücü qutusu, elektrik sistemi, işıq sistemi, ön və arxa faraları və.sair, ön və arxa buferləri, arxa oturacağı, ön sol qapının şüşəsi və sair yoxdur, kuzovun əsaslı təmirə, yəni rənglənməyə ehtiyacı var. Məhkəmə xüsusilə vurğulayır ki, iş üzrə tədqiq edilmiş “ekspertiza rəyi”nin əsassızlığı ilə bağlı məhkəmə icraatında xüsusatlar müəyyən edilmədiyindən həmin rəy mötəbər qiymətləndirilir. Məhkəmə qeyd edir ki, idxal olunan yük “avtomobil” olmadığından və hazırkı cavabdeh inzibati orqan Bakı Baş Gömrük İdarəsi müvafiq yüklər (o cümlədən nəqliyyat vasitələri) istisna olmaqla digər yüklərin gömrük rəsmiləşdirilməsində səlahiyyətli qurum sayıldığından, iddiaçının müvafiq gömrük rəsmiləşdirilməsi ilə bağlı cavabdehə müraciəti və bununla bağlı da cavabdehin imtina hərəkətləri olduğundan, habelə iddianın mümkünsüzlüyünü şərtləndirəm hər hansı digər halın mövcudluğu müəyyən edilmədiyindən, iddia mümkün iddiadır. Məhkəmə həmçinin, cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin vəsatətini də əsassız sayır. Mübahisənin mahiyyətinə gəldikdə isə, yuxarıda qeyd olunan xüsusatlar, eləcə də İddiaçı istifadəsində olan eyni markalı “Opel Astra” minik avtomobilinin olması və həmin avtomobilin yanğın hadisəsi zamanı istismara yararsız vəziyyətə düşməsi (bu barədə FHN-in aidiyyəti qurumunun 10 dekabr 2019-cu il tarixli aktı var) məhkəmədə belə qənaət yaradır ki, iddiaçının idxal etdiyi yükünə münasibətdə “avtomobil kuzovu” kimi gömrük rəsmiləşdirilməsi aparılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Respublikaya idxal etdiyi yükün “Opel Astra” markalı avtomobilin kuzovu (8707 kodu ilə) gömrük rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Respublikaya idxal etdiyi yükün “Opel Astra” markalı avtomobilin kuzovu (8707 kodu ilə) gömrük rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar