Məhkəmə qərarları › İş №2-1(112)-5109/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5109/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5109/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 870 saylı sərəncamına 03 avqust 1999-cu il tarixdə Suraxanı rayon İH başçısının №1606 saylı sərəncamı ilə dəyişiklik edilərək ona fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi şimal-şərqində 26 №li sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. 2022-ci il tarixdə "Torpaq sahəsinin cizginin verilməsi tələbinə dair" Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin, Suraxanı rayon İcra Hakimiyyəti rəsmi imtina məktubu verdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə iddiası təmin edilmiş və ona məxsus torpaq sahəsinin cizgisi Suraxanı rayon İH tərəfindən çəkilərək təqdim edilmişdir. Bundan sonra zəruri sənədləri toplayaraq cavabdeh orqana təqdim etmişdir. Cavabdeh orqanın xx.xx.2024-ci il tarixli rəsmi məktubunda göstərilmişdir ki, torpaq sahəsinin bir hissəsi 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Xüsusi ilə qeyd edir ki, 27 mart 2018-ci il tarixli "xxxx" ASC-nin rəsmi məktubunda göstərilmişdir ki, ona məxsus torpaq sahəsi "xxxx" ASC-yə məxsus elektrik verlişi xəttinin mühafizə zonasında yerləşmir. Bunu nəzərə alaraq qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına etiraz etmir. Onu da, bildirir ki, həmin torpaq sahəsi tərəfindən hasarlanmışdır. Qonşularla heç bir mübahisə yoxdur. Hazırda, cavabdeh orqan müraciətinə imtina etdiyi üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmiş **********31 və **********02 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 397 kv.m hissəsi 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-A0252-8/2024 **********50 nömrəli məktubla imtina edilmişdir.

9. İddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması barədə 1606 nömrəli, xx.xx.1999-cu il tarixli Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı və həmin sərəncam əsasında verilmiş yerləşmə cizgisi iş materiallarına əlavə edilmişdir.

10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-9/2-M-36/81/24 nömrəli məktubla bildirilmişdir ki, müraciətlə əlaqədar yerində baxış keçirilmişdir. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26 nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsi "xxxx" ASC-yə məxsus 220 kV-luq, “1-ci, 2-ci Hövsan” hava xəttinin mühafizə zonasında yerləşir. Məlumat üçün bildirirlər ki, yüksək gərginlikli elektrik xətlərinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 261 nömrəli 16 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” ilə tənzimlənir. Tələblərinin 2-ci bəndinə əsasən, 220 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi terassa boyu kənar məftillərdən hər iki tərəfdə 25 metr qəbul olunmuşdur. Göstərilən Tələblərin 2-ci bəndinə əsasən, hava xəttlərinin mühafizə zonalarında bina və qurğuların tikintisi, hava xətlərinin keçdiyi ərazilərin çəpərlənməsi, trassası boyu hərəkətin məhdudlaşdırılması, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-401/2025 nömrəli məktubla Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1606 saylı sərəncamın və həmin sərəncama əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-5804/2025 nömrəli məktubla bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin yaxınlığından "xxxx" ASC-nin balansında olan elektrik verilişi xətti keçir. Qeyd olunanlara əsasən aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət edilməsini tövsiyyə edirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçıya Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı əsasında ayrılmış və həmin sərəncam əsasında sonuncu tərəfindən iddiaçıya torpaq sahəsinin yerləşmə cizgisi verilmişdir. Həmin sərəncamın arxiv nüsxəsi mövcuddur və hüquqi cəhətdən etibarlıdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 397 kv.m hissəsinin 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad edilməklə imtina edilmişdir.

20. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, cavabdehin dəlillərinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən iddiaçının iddia etdiyi ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, lakin qüvvədə olan qanunvericiliyin tələbləri elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum etmir, sadəcə elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərini mövcud tələblərə əməl etməsini şərtləndirir.

21. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən:

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

22. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”-in: 1.1-ci bəndinə əsasən Bu Tələblər “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 37.4-cü maddəsinə əsasən hazırlanmışdır və elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini, həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən edir. 1.4-cü bəndinə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

23. Göründüyü kimi, iddiaçının sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur. Lakin, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən formal əsaslarla imtina edilmişdir. Belə ki, qanunvericiliyin tələblərindən də, göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Lakin, elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

24. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar