Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-513/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı müavinətin verilməsi barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2004-cü ildən 2009-cu ilədək olan xidmət illəri ərzində “Kəşfiyyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24.06.2004-cü ildə qəbul edilmiş “Kəşfiyyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən Kəşfiyyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. O, 1994-cü ildən 2017-ci ilin may ayına qədər (Azərbaycan Respublikası MTN və Dövlət Təhlükəsizlik Xidməti) hərbi xidmətdə olmuşdur. 2017-ci ilin may ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmışdır. Xidmət etdiyi dövrdə yalnız 2009-cu ildən 2017-ci ilədək olan dövr ərzində “Kəşfiyyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət almışdır. Buna baxmayaraq 2004-cü ildən 2009cu ilədək olan dövr ərzində qeyd olunan müavinətin ona ödənilməsi təmin edilməmişdir. Xidmətdə olduğu dövrlərdə tam olaraq ödənilməmiş müavinətin ödənilməsi üçün cavabdeh təşkilata müraciət olunsa da, müraciətinin təmin olunmasından əsassız və qanunsuz olaraq imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçı keçmiş MTN də həqiqi hərbi xidmətdə olmuş və hal-hazırda DTX-nin ehtiyatında olan hərbi qulluqçudur. 2005-ci ildə qüvvədə olan keçmiş MTN-nin pul təminatı haqqında əsasnaməsində hərbi qulluqçuların müalicə olunmaları məqsədilə birdəfəlik müavinətin keçmiş milli təhlükəsizlik nazirinin əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən qəbul edilmiş qərar (protokol) əsasında ödənilməsi müəyyən edilmişdir. Bu müddət ərzində iddiaçının 2009-cu ildə müalicə olunması ilə əlaqədar müraciətinə əsasən tərtib olunmuş protokola uyğun olaraq birdəfəlik müavinətlər ödənmişdir. Lakin, iddia üzrə qeyd olunan digər dövrlərdə müalicə olunma ilə əlaqədar keçmiş milli təhlükəsizlik nazirinin əmri ilə yaradılmış müvafiq komissiyanın protokolu olmadığından müvafiq ödənişlər aparılmamışdır. 16 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, İddiaçı 1994-cü ildən 2017-ci ilədək (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti) hərbi xidmətdə olmuşdur. 2017-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (yaşa görə) əsasən hərbi xidmətdən tərxis olunmuşdur. Hazırda iddiaçı 2004-cü ildən 2009-cu ilədək olan xidmət illəri ərzində müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin hesablanaraq ödənilməsini istəyir. İddiaçı bununla bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti 22.05.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmin məktubda əks olunan əsaslar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair etirazın əsasları ilə eyni olmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu Qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi dövrlərdə müalicə olunması ilə əlaqədar subyektin rəhbərinin əmri ilə yaradılmış müvafiq komissiyanın protokolu olmadığından müvafiq ödənişlər aparılmamışdır. Həmçinin iddiaçı tərəfindən qeyd edilən illərdə müalicə olunması ilə əlaqədar müraciət edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müavinətin ödənilməsinə dair müraciəti xidmətdə olduğu dövr ərzində deyil, xidmətdən xaric edildikdən sonra etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, habelə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçı müalicə olunması ilə əlaqədar müavinətin ödənilməsi barədə müraciəti xidmət etdiyi müddətdə etməsini sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müalicə ilə əlaqədar müavinətin ödənilməsi üçün müraciət etməzdən əvvəl Dövlət Təhlükəsizlik Xidmətində qulluq keçməsinə xitam verildiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69 və 85.1-cı maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı müavinətin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim:Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-513/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-513/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver