Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5153/2020 12.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə qarşı “intizam tənbehinin mətninin əmək kitabçasından silinməsi və onun ilkin vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin sədri Rəşad Mustafayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 52 saylı intizam tənbəhinin mətninin ona məxsus əmək kitabçasından silinməsi və əmək kitabçasının əvvəlki vəziyyətinin bərpasının Sumqayıt Şəhər Məhkəməsinin öhdəliyinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin sədri Rəşad Mustafayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 52 saylı intizam tənbehinin mətninin ona məxsus əmək kitabçasından silinməsi və əmək kitabçasının əvvəlki vəziyyətinin bərpasının (texniki cəhətdən mümkün olmadığı təqdirdə və ya əmək kitabçasının dublikatının verilməsi) Sumqayıt Şəhər Məhkəməsinin öhdəliyinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan uğur qazanaraq xx xxxxxx 2019-cu il tarixində Sumqayıt Şəhər Məhkəməsində məsləhətçi (kompyuter proqramçısı) vəzifəsinə stajçı kimi təyin edilmişdir. Əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində təcrübəçi, daha sonra isə müqavilə ilə çalışdığından məhkəmə işlərin təşkili və idarə edilməsində kifayət qədər təcrübə toplamışdır. Məhz bu təcrübəni əsas götürərək Sumqayıt Şəhər Məhkəməsində işə başladığı ilk gündən ona əmək müqaviləsi ilə həvalə edilmiş funksiyalardan çox işlərin görülməsi həvalə edilmişdir. Bu işlərə vaxtaşırı olaraq vətəndaşların qəbulu, təqdim edilmiş bütün növ sənədlərin yoxlanması, sistemləşdirilməsi, aidiyyəti üzrə bölgüsü və sair aid olmuşdur. Başqa sözlə, o, yalnız öz vəzifəsini deyil, həmçinin böyük məsləhətçinin, dəftərxana müdirinin, kargüzarın, hətta kuryerin belə işlərini əlavə olaraq görmüşdür. Uşaq gözləməyinə və 7 aylıq hamilə olmağına baxmayaraq, iş saatından artıq işləyərək digər işçilərin də işlərinə yardım etməklə onları daim vaxtında və layiqincə yerinə yetirmişdir. Təxminən 2020-ci ilin may ayının əvvəllərində Sumqayıt Şəhər Məhkəməsinə yeni sədr kimi hakim Rəşad Mustafayev təyin olundu. Yeni sədr özü ilə digər məhkəmələrdə çalışmış bir sıra işçiləri, o cümlədən dəftərxana müdiri kimi Röya Hacıyevanı da işə dəvət etmişdir. İşindən azad edilmiş keçmiş dəftərxana müdirinin vəzifəsini də yenə də faktiki olaraq o, icra edirdi. Bununla yanaşı dəftərxana müdiri Röya günü-gündən ona daha da çox işləri tapşırır, sanki hansısa məqamda işləri çatdırmamağını və ya səhvə yol verməyini gözləyirdi. Sədr də onun 7 aylıq hamilə olduğunu, hər gün Bakıdan Sumqayıta 3 saatdan çox yol gəlməyi nəzərə alaraq nəinki ona heç bir güzəşt etməmiş, Əmək Məcəlləsinin 91.2-ci maddəsinin də tələblərinə riayət etməyərək qanunvericiliklə onun üçün qısaldılmış iş rejiminin müəyyən edilməsinə baxmayaraq, 1 gün belə daha tez getməyinə icazə verməmişdir. Hətta ötən həftə Nazirlər Kabinetinin qərarına əsasən bütün dövlət və öz təşkilatlarda işçilərin nahardan sonra evə buraxılmaları qərara alınsa da, sədr tərəfindən ona yalnız saat 15:00-dan sonra evə getməyə icazə verilmişdir. İyun ayının sonlarında artıq analıq məzuniyyətinə hazırlaşdığından köhnə işlərimi yoxlayarkən 2020-ci ilin yanvar ayının ortalarında 2 mülki işi kartoçkalara qeydə salarkən eyni nömrə verdiyini aşkar etdi. Dərhal könüllü olaraq bu barədə Röya Hacıyevaya məlumat verdi və bu səhvi özünün etdiyini bildirdi. Sonuncu aşkar edilmiş səhvi sədrə məruzə etdikdən sonra sədr dərhal dəxtərxana işçiləri ilə iclas təşkil etdi. İclas zamanı sədr səhvi kimin etdiyi soruşanda o, bunu etiraf etdi. Sədr ona əlavə söz haqqı vermədən digər işçilərin yanında əlini bərkdən yumruqla masasına çırparaq onu yüksək səslə danlamağa başladı, daha sonra isə kobud şəkildə otaqdan qovaraq dərhal işdən çıxmağı barədə ərizə yazmağını tələb etdi. Etdiyi əmələ sədr tərəfindən bu dərəcədə kobud reaksiya gördüyündən və digər işçilərin yanına alçaldıldığından kəskin həyacan keçirərək qəfildən şoka düşdü. Otaqdan çıxaraq bir müddət ağladıqdan sonra qarnında kəskin ağrılar və sancı hiss etməyə başladı. Bu ərəfədə isə sədrin göstərişi ilə dəftərxana müdiri Röya Hacıyevə, böyük məsləhətçi Elnur Əlizadə və sədrin köməkçisi Şahin onun çox pis durumda olduğuna fikir vermədən israrla dərhal ərizəni yazmağını tələb edirdilər. O, bərk ruhi-əsəb keçirdiyindəm bütün bədəni əsdiyi üçün qələmi belə tuta bilmədiyini desə də, sədr yanında tez-tez onlara zəng edərək onun işdən azad edilməyi barədə ərizə yazmağını tələb edirdi. Bütün bu olanlara dəftərxananın digər işçiləri də şahid idi. Hətta onlardan bəziləri onu sakitləşdirmək və kənara çəkmək istəsə də, Röya və digəriləri sanitar qovşağına belə gəlib ondan ərizə tələb edirdilər. Səhhətinin getdikcə daha da pisləşdiyini, ağrıların ayağına da vurduğunu və əsdiyindən ayaq üstə dura bilmədiyini gördükdən sonra digər işçilər təcili tibbi yardım çağırdılar. Həkimlər gəlib onu müayinə etdikdən sonra belə vəziyyətdə işdə olmağının hamiləlik üçün təhlükəli olduğunu bildirib əvvəlcə tibb məntəqəsinə aparılmalı olduğunu söylədilər. Röya isə yenə də ondan israrla ərizə yazmağını, yazdıqdan sonra sərbəst olduğunu dedikdə, o, əlinin qələm tutmadığını bildirdi. Bu zaman o, ona həkimlərin də yanıda təklif etdi ki, mətni özü yazsın, o isə ona imza atsın. Sədrin göstərişi ilə Röyanın bu qədər israrı onu təəccübləndirmişdi. Həkimlər digərilərinə onu narahat etməməyini bildirib tibb məntəqəsinə apardılar, orada 2-3 saat yatdıqdan sonra yoldaşı onu evə apardı. Bütün gecəni ağrılar içində qaldığından səhər tezdən pasiyenti olduğu “German” hospitalına getdi. 7 ay qüsursuz hamiləliyinin sonunda bir neçə müayinələrdən keçdikdən sonra həkim ona “retroxorional hematoma” yəni, keçirdiyi qəfil ruhi-həyəcan səbəbindən vaxtından əvvəl ciftin ayrılması, vaxtından əvvəl doğuş təhlükəsinin yaranması diaqnozunu qoydular. Vəziyyətin stabilləşdirilməsi məqsədilə həmin gecəni sistem altında xəstəxanada keçirdikdən sonra həkimlər onu ağrıların azalmasına qədər mütləq şəkildə yataq rejimində qalmağı şərtilə növbəti gün evə buraxdılar. Səhhətinin ağır olması və həkimin göstərişi ilə işə çıxa bilməyəcəyi barədə Röya Hacıyevaya məlumat verərkən sədr tərəfindən rəsmi qaydada ona töhmət elan edildiyi və təcili olaraq səhhətilə bağlı sənədlərin çatdırılmayacağı təqdirdə barəsində digər tədbirlərin də görüləcəyi bildirildi. Sanki bütün məhkəmə heyəti kimi sədr və Röya Hacıyeva onun təcili tibbi yardımla xəstəxanaya çatdırılmağının şahidi olmamışlar?! Əmək Məcəlləsinin 69.7-ci maddəsinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bir daha xatırlatmaq istəyirəm ki, xx.xx.2020-ci il tarixdə sədr tərəfindən məhkəmə işçilərin iştirakı ilə keçirilmiş iclasda sonuncu onu kobud şəkildə danlayıb otaqdan qovarkən işdən çıxmağı barədə ərizə yazmağını tələb etdi. İclas otağından çıxdıqdan sonra onun işçiləri - dəftərxana müdiri Röya Hacıyeva, böyük məsləhətçi Elnur Əlizadə və sədrin köməkçisi Şahin onun vəziyyətini görməzdən gələrək dayanmadan ondan ərizə yazmağını tələb edirdilər. Bu qədər həyəcan və qorxu içində onların ona təzyiqi onu şoka salmışdı. Hətta təcili tibbi yardım personalı gərgin vəziyyətini onlara izah edəndə və təzyiqlərinə son qoymağı xahiş etdikdə, sədrin telefonla həmin işçilərə yanında dəfələrlə zəng edərək ərizəni yazıb ona verməyi tələb etdiyini eşidirdi. Bu faktı məhkəmə dəftərxanasının bütün əməkdaşları və tibb personalı da təsdiq edə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21,2.2-ci maddəsinə görə dövlət orqanının rəhbəri öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir. Məhkəmə-Hüquq Şurasının xx xxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Etik Davranış Kodeksi”nin 9-cu maddəsinə görə hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə ədəb və nəzakətlə davranmalıdır. Onun əmək funksiyasına aid olmayan, etiraf etdiyi və ilk dəfə yol verdiyi texniki səhvə sədr bütün işçiləri otağa toplamaqla onların yanında ona söz haqqı tanımadan kobud şəkildə onu danlaması, yumruqla stola vuraraq onu qorxutması və kobud formada otaqdan qovması ilə onu digər işçilərin yanında alçaltmış, qüruruna toxunmuş, nüfuzunu heçə endirmişdir. Bununla da sədr istər bir hakim kimi, istərsə də dövlət orqanın rəbhəri qismində bütün digər işçilərə nümayiş etdirmişdir ki, qanunla onun üzərinə tələb kimi qoyulmuş etik davranış qaydalarını heçə sayır və sədr təyin edildiyi qurumda hər kəslə istədiyi kimi danışa, onları aşağılaya, təhqir edə bilər. Bu, sədrin iclaslarda işçilərə münasibətdə etdiyi ilk hərəkət deyil. Halbuki, qanunvericilik hakimlərə münasibətdə onlardan etik davranış kodeksinə riayət edilməsini çox ciddi şəkildə tələb edir və hətta bu pozuntu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 111-1-ci maddəsinə görə hakim barəsində inzitam məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi müəyyən edilmişdir. Bunlarla bağlı bir daha qeyd etmək istərdi ki, onun intizam qaydasında cəzalanmağım sədrin ona qarşı qərəzli yanaşmasından irəli gəlir. Belə ki, o, onun tələbi ilə işdən çıxma barədə ərizə yazmadı. Ona qarşı bu mənfi fikri isə sədrin qəbuluna girə bilən yeganə şəxs - Röya Hacıyeva yaratmışdır. Səbəbi isə ondan ibarətdir ki, o, öz yaxınlarını və tanışlarını məhkəmədə işə dəvət etmək üçün onun ştatının boş olması məqsədindədir. Yuxarıda qeyd etdiklərinin hamısına bütün dəftərxana heyəti, habelə məhkəmə aparatının digər əməkdaşları və hakimləri də şahid olmuşlar. Qeyd etdiyi hər bir nüansı sədrin özü ilə gətirdiyi işçilərdən başqa bütün digər əməkdaşlar təsdiq edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin sədri beynəlxalq səviyyədə elan edilmiş pandemiya ilə bağlı cənab prezidentimiz İlham Əliyevin dövlət özəl təşkilatların rəhbərləri üçün etdiyi tələb və tövsiyələrini də heçə sayır, onları nəzərə almadan işçilərin əsassız və səbəbsiz olaraq öz ərizələri əsasında (bu ərizələri yazmağa məcbur edir) işdən azad edilmələri barədə əmrlər verir, onun tələbi ilə işdən azad edilməsi barədə ərizə yazmadığı təqdirdə isə işçilərə qanunsuz olaraq inzitam tənbehi verməklə və şəxsi işlərini ləkələməklə hədələyir. xx.xx.2020-ci il tarixdə nümayəndəsi vasitəsilə şəxsi iş materiallarının kserosurətini əldə etdikdən sonra sədrin ona qarşı necə qərəzli mövqedən çıxış etdiyinin bir daha şahidi oldu. Belə ki, əmək kitabçanın surəti ilə tanış olaraq müəyyən etdi ki, sədr qanunsuz olaraq qəbul etdiyi intizam tənbehinin tam mətnini əmək kitabçasına köçürmüş, imzalayaraq möhürləmişdir. Bu hərəkəti ilə sədr aşkar olaraq bəyan etmək istəyir ki, o, qanunvericiliyin heç bir tələbinə riayət etmək fikrində deyil, dövlət imtahanı ilə işə qəbul edilmiş sadə işçi ilə düşmən mövqeyindədir və işçiyə hər yolla pislik edərək onu ləkələməkdə bir an belə tərəddüd etmir. Və yaxud sədr hakim kimi qanunvericiliyin nomralarından ümumiyyətlə xəbərsizdir. Bununla bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydanın 3.3-cü bəndinə görə isə mükafatlandırmalar, həvəsləndirmələr və əmək intizamının pozulmasına görə işçiyə verilmiş tənbehlər əmək kitabçasına yazılmır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını yalnız işçinin əmək fəaliyyətini müəyyən edən və ona gələcəkdə əmək stajının hesablanmasını təsdiq edən sənəd kimi müəyyən etmiş və yalnız bu məlumatların kitabçada göstərilməsini imperativ tələb kimi şərtləndirmişdir. Qanunverici daha sonra bir sıra məlumatların, xüsusən də əmək intizamının pozulmasına görə işçiyə verilmiş tənbehlərin əmək kitabçasında qeyd edilməsini qadağan etmişdir. Hətta sözügedən Qaydalar qanunvericiliyin bu normalarından xəbərsiz olan işəgötürənlər üçün əmək kitabçalarının müvafiq xanalarında konkret olaraq hansı məlumatların göstərilməsi ilə 2 saylı Əlavəsində dəqiq şəkildə qeydlər də vermişdir. Onun adına açılmış əmək kitabçasında da müvafiq xanada “İşə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi (səbəbləri göstərilməklə və qanunun maddəsinə, bəndinə əsaslanmaqla)” tələblərinin yazılmasına baxmayaraq, sədr Rəşad Mustafayev öz mülahizəsinə və təşəbbüsünə görə istədiyi məlumatları istədiyi yerə qeyd etdirmişdir. X7 Məhkəməsində baş verənlər, eləcə də sədrin ona qarşı bu qədər kobudluğu və haqsızlığı ucbatından hazırda həkimin qəti göstərişi ilə yataq rejimində müalicə alır və vaxtından əvvəl ciftin pozulması səbəbindən erkən doğuş etmək təhlükəsi ilə üz-üzəydir. Səhhətində qəfil olan yaranmış bu gərgin durum onu və bütün yaxınlarını üzmüş və böyük sarsıntı içinə salmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, iddia ərizəsində yazılanları və iddia tələbini müdafiə edir və əlavə olaraq qeyd etdi ki, əsassız və qərəzli olaraq, məhkəmə sədrinin birbaşa tapşırığı əsasında iddiaçının əmək kitabçasına töhmət barədə əmrin tam mətninin köçürülməsi diqqətsizlikdən olmamışdlr. Əmək kitabçasına bu qeydi yazdırmaqla Rəşad Mustafayev iddiaçını cəzalandırmaq istəmiş və ömürlük kitabçanı ləkələməklə iddiaçının gələcək karyerasında işəgötürənlərə münasibətdə onu çətin duruma salmaq məqsədi güdmüşdür. Belə ki, iddiaçı onun hədəqorxusu qarşısında işdən çıxma barədə ərizəni könüllü olaraq yazmamışdır. Hazırda məhkəməyə iddia ilə müraciət edəndən sonra isə guya ki, tələb üzrə bütün hərəkətləri könüllü olaraq icra etməsi ilə bağlı məhkəməyə məktub ünvanlanmışdır. Məktubdan isə aydın olur ki, “xatirə dəftəri”nə çevirdiyi əmək kitabçasına bu dəfə də töhmətlə bağlı qeydin etibarsız olduğunu bildirir. Görünür məhkəmə sədri ürəyindən keçən hər bir sözləri kitabçaya yazmağa hazırdır. İddiaçının iddia tələbi qeydin etibarsız sayılması deyil, onun kitabçadan ümumilikdə silinməsi və kitabçanın ilkin vəziyyətə qaytarılması ilə bağlı müvafiq tədbirlərin görülməsidir. Kitabçada töhmətin mətninin qalması, aşağıda isə bu qeydin etibarsız olması ilə bağlı cümlənin verilməsi iddiaçının heç bir pozulmuş hüququnun bərpası sayıla bilməz. Cavabdeh tərəfindən görülmüş tədbirlər heç bir halda iddiaçının tələbini təmin etmir və iddia ərizəsi üzrə mübahisə hələ də mövcud olmaqdadır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin sədri Rəşad Mustafayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 52 saylı intizam tənbehinin mətninin iddiaçıya məxsus əmək kitabçasından silinməsi və əmək kitabçasının əvvəlki vəziyyətinin bərpasının (texniki cəhətdən mümkün olmadığı təqdirdə və ya əmək kitabçasının dublikatının verilməsi) Sumqayıt Şəhər Məhkəməsinin öhdəliyinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət imtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqədən keçərək xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək stajçı olaraq məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə staj müddətinin bitməsi ilə əlaqədar ona kurator təyin edilmiş məsləhətçi (məhkəmə iclas katibi) X6 tərəfəindən verilmiş müsbət tövsiyəni nəzərə alaraq İddiaçı 3 (üç) aylıq sınaq müddəti təyin edilmişdir.Bundan sonra İddiaçı məhkəmənin dəftərxanasında işlədiyi müddətdə mülki işlərin qeydiyyatı jurnalında qeyd apararkən səhlənkarlığa yol verərək eyni nömrə ilə iki iş qeydə almış və işlərin üz örtüyünə həmin nömrələri qeyd edərək hakimlərə işləri təhvil vermişdir. Daha sonra qeyd olunan işlər məhkəmənin arxivinə təhvil verilərkən məhkəmədə kargüzar işləyən Nigar Quliyeva tərəfindən qeyd olunan nöqsan aşkar edilərək məhkəmənin sədrinə məlumat verilmişdir. Araşdırma aparılarkən İddiaçı yol verdiyi nöqsanı etiraf etmiş, lakin ondan bu barədə izahat verməsi tələb olunsa da o, müxtəlif bəhanələr gətirərək izahat yazmaqdan boyun qaçırmış və yol verdiyi nöqsanla bağlı aktı imza etməkdən imtina etmişdir. Daha sonra o, səhhətində narahatçılıqlar olduğunu əsas gətirərək iş yerinə təcili tibbi yardım çağıraraq xəstəxanaya getmiş və ordan da evə buraxılmışdır.Beləliklə o, iş zamanı kobud pozuntuya yol verdiyi üçün məhkəmə sədrinin xx xxxx 2020-ci il tarixli 52 saylı əmri ilə İddiaçı töhmət elan edilmişdir. Həmin töhmət rəsmi olaraq işçinin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Belə ki, işçilərin əmək kitabçalarının yazılması və müvafiq qeydlərin aparılması məhkəmənin əməkdaşlarından birinə həvalə edildiyi üçün, həmin əməkdaş tərəfindən səhvən İddiaçı töhmət verilməsi əmək kitabçasına qeyd edilmiş və məhkəmə sədrinə imza etdirilmişdir. Buna səbəb də həmin gün digər işçilərin də əmək kitabçalarında müvafiq əmrlər qeyd olunmuş və məhkəmə sədrinə imza etdirilmişdir. Sonra da müəyyən edilmişdir ki, əmək kitabçasında aparılmış qeyd düzgün aparılmamışdır. Bu səbəbdən əmək kitabçasında aparılmış sonuncu qeyd xx.xx.2020-ci il tarixdə etibarsız hesab edilmişdir. Bu barədə də işçinin ünvanına məlumat göndərilmişdir.Göründüyü kimi iddiaçı qeyd olunan mübahisənin məhkəmədən kənar həllini müzakirə etmədən birbaşa məhkəməyə müraciət etmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmrinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş məsləhətçi (komputer proqramçı) X1 ona həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyinə görə Dövlət qulluğu haqqında Qanunun 25.2.1-ci maddəsinə əsasən «töhmət» elan edilməsi əmr edilmişdir. İş materiallarında olan «X10» MMC-nin xx.xx.2020-ci il tarixli 264/2020 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx xxxx 2020-ci il tarixində «X10» MMC-nin nəzdində fəaliyyət göstərən «German Hospital»da «Ciftin vaxtından əvvəl ayrılma təhlükəsi, Retroxorional hematoma. Vaxtından əvvəl doğuş təhlükəsi» diaqnozu ilə statisionar müşahidə altında olmuşdur. Lazımi müalicələr aldıqdan sonra ambulator müşahidəyə buraxılmışdır. İddiaçı xx xxxx 2020-ci il tarixində evə yazılmışdır. İş materiallarında olan X1 məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X2 Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçərək Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək stajçı kimi məsləhətçi (komputer proqramçı) vəzifəsinə təyin edilmişdir, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixdə 36 nömrəli əmri ilə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 03 ay müddətinə sınaq müddətli təyin edlmişdir. Əmək kitabçasında xx.xx.2020-ci ildə aparılmış qeyddə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri yazılmışdır, həmin əmrlə Sumqayıt Şəhər Məhkəməsinə sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş məsləhətçi (komputer proqramçı) X1 ona həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyinə görə Dövlət qulluğu haqqında Qanunun 25.1.1-ci maddəsinə əsasən «Töhmət» elan edilmişdir. Həmin qeyd məhkəmənin sədri tərəfindən imza və möhurlə təsdiq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraza qoşulmuş iddiaçıya məxsus əmək kitabçasının 13-cü səhifəsində xx.xx.2020-ci il tarixli qeyd edilmişdir, həmin qeydlə xx.xx.2020-ci il tarixli sonuncu qeyd etibarsız hesab olunmuş və bu, məhkəmənin sədri tərəfindən imza və möhurlə təsdiq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən X1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 224 nömrəli məktubda iddiaçıya məxsus əmək kitabçasında barəsində olan töhmət barədə qeydin səhvən dəftərxana tərəfindən yazılması, həmin qeydin xx.xx.2020-ci il tarixdə etibarsız hesab olunması və bu barədə əmək kitabçasına müvafiq qeydin aparılması bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi» Qaydalarının 3.6-cı bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə elan edilmiş töhmət barədə qeyd cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə etibarsız hesab olunmuşdur və bu barədə əmək kitabçasında müvafiq qeyd aparılmışdır. İddiaçı dublikatın verilməsini tələb etsə də, dublikatın verilməsinə əsas olan hər hansı hal baş verməmişdir. Əmək kitabçasında aparılmış qeydin dəyişdirilməsi zərurəti yaranmışdır və cavabdeh tərəfindən qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq həmin qeyd etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə qarşı “intizam tənbehinin mətninin əmək kitabçasından silinməsi və onun ilkin vəziyyətə qaytarılması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5153/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5153/2020
12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver