Məhkəmə qərarları › İş №2-1(112)-5190/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5190/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5190/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) xx.xx.2024 tarixdə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin üzərində hüquqların daşışnmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2024-cü il tarixdə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş eskiz layihəyə əsasən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3-dən artıq olduğu müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin ünvanda yerləşən fərdi yaşayış evi yenidən inşa edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 291 nömrəli sərəncamına əsasən iddiaçıya məxsus, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun, mövcud istifadə vəziyyətində adına sənədləşdirilməsinə icazə verilmişdir. Fərdi yaşayış evinə dair memarlıq planlaşdırma həlli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutu tərəfindən hazırlanmış və Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış işçi layihələr, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun fərdi yaşayış evinin texniki vəziyyəti haqqında müayinə protokolu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun mühəndis-axtarış mərkəzinin fərdi yaşayış binasının ətrafında aparılmış mühəndis-geoloji axtarış işlərinin nəticələrinə dair hesabata xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi”Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun fərdi yaşayış evinin tikintisinin layihəyə uyğunluğu haqqında texniki rəyi də mövcuddur. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, təqdim edilmiş eskiz layihəyə əsasən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3-dən artıq olduğu müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. İdarənin mütəxssisləri tərəfindən ünvana keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlərə və arxiv texniki pasportuna əsasən ərazidə mövcud olmuş fərdi yaşayış evi və köməkçi tikililər sökülmüşdür. Fərdi yaşayış evinə aid olan ərazi 7 saylı fərdi yaşayış evinə aid torpaq sahəsinin bir hissəsi ilə birlikdə 7 saylı mülkün yerləşdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi kimi (yaşıllıq sahəsi) istifadə edilir. Təqdim edilmiş layihədə göstərilən əmlak isə 9 saylı fərdi yaşayış evinin həyətində inşa edilmiş və bu da təqdim edilmiş layihənin baş planında da öz əksini tapmışdır. Fərdi yaşayış evinin 4ci mərtəbəsi və mansard mərtəbələrinin bir hissələri 7 saylı mülkə aid olan tikilinin üstündə inşa edilmişdir. Elektron kadastr məlumatlarına əsasən iddia olunan əmlak dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və idcia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - AN-İ serialı ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 yaşayış sahəsi- 57,1 kv.m, ümumi sahəsi- 158,3 kv.m, yardımçı sahəsi- 101,2 kv.m, 2 mərtəbəli, 3 otaqdan ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Pəhlivan Rüstəmov küçəsində istifadəsində olan 0,0146 ha torpaq sahəsinin üzərində yerləşən 5 saylı fərdi yaşayış evi alıcı İddiaçı mülkiyyətinə vermişdir. - RX seriyalı ******* nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 158.3 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində, həmin evin yerləşdiyi 0.01173 ha torpaq sahəsi isə iddiaçının istifadəsindədir. - İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, iddiaçı ünvan 5 ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evi sökülüb yenidən tikildiyi üçün mövcud vəziyyətdə sənədləşməsinə sərəncam verilməsini xahiş etmişdir. - Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 291 nömrəli sərəncamından görünür ki, P.Rüstəmov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdinlməsinə icazə verilmiş, sözügedən mövcud evin müvafiq qaydada sənədləşdirlməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş F.1.Əliyeva tövsiyə olunmuşdur. - ünvan 6 ünvanında yerləşən İddiaçı məxsus mövcud fərdi yaşayış evinin 2023-cü il tarixli memarlıq planlaşdırma bölməsindən görünür ki, 4 mərtəbə+mansardlı fərdi yaşayış evinin ümumi hündürlüyü 18,75 metr təşkil edir. -“Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu ünvan 6 ünvanında mövcud fərdi yaşayış evinin layihəyə uyğunluğu haqqında texniki rəyindən görünür ki, bina planda “A-E”oxları arasında uzunluğu 17,40 metr ”1-6” oxları arasında eni 12,3-5-9,2 metr olmaqla, zirzəmili, 4 mərtəbəli (+mansarda) ibarət olub mürəkkəb formada layihələndirilmişdir. Mansardanın “A-E/1” və “3-4” oxlar arası hissəsi terras kimi layihələndirilmişdir. Hündürlük – 1-ci mərtəbədə -3,90 metr, 2-4-cü mərtəbələrdə 3,3 metr, mansardda 3,8 metr qəbul edilmişdir. Rəyin nəticə hissəsində göstərilmişdir ki, ünvan 7 ünvanında yerləşən İddiaçı məxsus zirzəmili, 4 mərtəbəli (+ mansardalı) yaşayış binasının tikintisinə 2020-ci ildə başlanmış və hal-hazırda başa çatmışdır. Müayinə zamanı yükdaşıyan dəmir-beton və metal konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Binanın monolit dəmir-beton və metal konustruksiyalardan quraşdırılmış texniki mərtəbəsi Çuxanda qeyd edilən iradlar istisna olmaqla layihəyə uyğun inşa edilmişdir. ünvan 7 ünvanında yerləşən İddiaçı məxsus zirzəmili, 4 mərtəbəli (+ mansardalı) yaşayış binası təqdim edilmiş memarlıq və konstruksiya cizğiləri əsasında yuxarıdakı iradlar istisna olmaqla inşa edilmişdir. - X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 36665 nömrəli ekspertiza rəyindən görünür ki, fərdi yaşayış evi 4 mərtəbə+mansard, tikinti sahəsi 191.5 kv.metr, ümumi sahəsi 1125.42 kv.metr təşkil edir. İddiaçı hazırda bu sənədlərə istinad edərək mülkiyyətində olan fərdi yaşayış evini spkərək yeni inşa etdiyi fərdi yaşayı evinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edirş Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Məcəllənin 75.3-cü maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanına əsasən: -bənd 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə):

1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

2. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – yanındakı X9 və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

3. bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları İstinad olunan normadan görünür ki, xx.xx.2013-cü ildən sonra inşa edilmiş yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olan fərdi yaşayış evlərinin tikintisinə icazə tələb olunur və həmin tikintiyə mülkiyyət hüququnun qeydə alınması üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

2. tikintiyə icazə verilməsi barədə qərar;

3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

4. tikinti obyektinin istismarına icazə. İşdən görünür ki, iddiaçı hazırda hüququnun qeydə alınmasını xahiş etdiyi fərdi yaşayış evini 2020-ci ildə inşa etmiş, onun mərtəbəsinin sayı 3-dən çox, yəni 4 mərtəbə+mansard olmuş, hündürlüyü 12 metrdən çox – 18,75 metr təşkil etmişdir. Lakin iddiaçı həmin daşınmaz əmlaka hüququnun qeydə alınması üçün tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazəni nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, təqdim edilmiş sənədlərə və arxiv t/p-a əsasən ərazidə müvcud olmuş fərdi yaşayış evi və köməkçi tikililər sökülmüşdür, mövcud deyil. Mülkə aid olan ərazi 7 saylı fərdi yaşayış evinə aid torpaq sahəsinin bir hissəsi ilə birlikdə 7 saylı mülkün yerləşdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi kimi (yaşıllıq sahəsi) istifadə edilir. Təqdim edilmiş layihədə göstərilən tikili isə 9 saylı fərdi yaşayış evinin həyətində inşa edilmişdir. Tikilinin planirovkası, konfiqurasiyası və sahəsi layihəyə uyğun olsa da, 4-cü və mansard mərtəbələrinin bir hissələri 7 saylı mülkə aid olan tikilinin üstündə inşa edilmişdir. Layihənin baş planında da yeni inşa edilmiş tikilinin 9 saylı fərdi yaşayış evinin həyətində tikildiyi öz əksini tapmışdır. Yeni inşa edilmiş tikilinin hündürlüyü 12.0 m-dən çoxdur. Göründüyü kimi, iddiaçının inşa etdiyi fərdi yaşayış sahəsinin hündürlüyü 12 metrdən çox olmaqla yanaşı, kadastr məlumatlarına əsasən fərdi yaşayış evi iddiaçının istifadəsində olan torpaq sahəsində deyil, onun anası X7 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş, iddiaçı tərəfindən həmin torpaq sahəsinin ona məxsusuluğu ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar