Məhkəmə qərarları › İş №2-1(112)-5194/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5194/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5194/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinə qarşı “məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının təyin olunması məsələsinə baxılması məqsədilə xidmət illərinə dair məlumatların elektron informasiya sisteminə daxil edilməklə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması ilə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər daxili işlər orqanlarında xidməti ilə bağlı iddiaçı güzəştli şərtlərlə ona əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 iyul 2024-cü il tarixli müraciət ünvanlamışdır. Müraciətini xx.xx.2024-cü il tarixli 3-17-1/2-181461/2024 saylı məktubla cavablandıran direktor müavini cənab Elnur Qurbanov qeyd etmişdir ki, Qanunun tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra hərbi qulluqçu kimi (xüsusi rütbəli şəxs) ona əmək pensiyasının təyin olunması məsələsinə baxılması mümkündür. İnzibati orqanının bu tövsiyyəsinə uyğun olaraq, xidmət illərinə dair məlumatların elektron informasiya sisteminə daxil edilərək aidiyyəti üzrə DSMF-yə təqdim edilməsi məqsədilə Daxili İşlər Nazirliyinə müraciət ünvanlanmış, müraciətə sonuncu iş yeri olan Bakı şəhər Baş Polis İdaəsində baxılmış, xidmət illərinin təqvimi hesablanması 17 il 10 ay 11 gün təşkil etmiş və pensiya hüququna malik olmadığına görə müraciətinin təminindən imtina olunmuşdur. Məlumat üçün bildirilir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli cavab məktubunda “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli, 1074-VİQD nömrəli Qanunun keçid müddəasının 5.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. İnzibati orqanın bu rəsmi mövqeyidən aydın olur ki, iddiaçının keçdiyi 17 il 10 ay 11 gün xidmət illəri üzrə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkünlüyü qanunda nəzərdə tutulmuş haldır. Bunun üçün yalnız müvafiq elektron informasiya sisteminə zəruri məlumatların yerləşdirilməsi tələb olunur ki, bu məlumatlar da sonuncu xidmət keçdiyi orqan olaraq Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aidiyyəti elektron informasiya sisteminə daxil edilməlidir. Lakin Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 13-44-6/2-İ-6834/1 saylı və xx.xx.2024-cü il tarixli, 44-6/2-İ-13522/33 saylı cavab məktubları ilə tələb olunan məlumatların aidiyyəti elektron informasiya sisteminə yerləşdirilməsi mümkünsüz hesab edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, hazırkı iddia İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı DİN-in xx.xx.2019-cu il tarixli müvafiq əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xaric olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 10 ay, 11 gün təşkil etmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki,«Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdir. Pensiya hüququna malik olmaq üçün tələb olunan iş stajı olmadığını nəzərə alınaraq, iddiaçının xahişinin müsbət həlli mümkün deyildir. -DİN Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının xidmətdən xaric olunduğu tarixə xidmət illəri təqvimi hesablama ilə 17 il, 10 ay, 11 gün təşkil etmişdir. Xidmətdən xaric olunduğu vaxtda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, eyni zamanda hərbi qulluqçu kimi əmək pensiyası hüququ yarandığından, ona DİN-in xətti ilə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. -DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli məktubundan görünür ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş və sonuncu xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqinin müvafiq elektron informasiya sisteminə daxil edildikdən sonra onun müraciəti üzrə məsələyə baxılacağı bildirilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə İddiaçı daxili işlər orqanlarında xidməti fəaliyyətinə dair arayışı təqdim olunmuşdur. Həmin arayışdan görünür ki, İddiaçı xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə Bakı şəhər BPİ-nin X3 polis nəfəri, xx.xx.2004xx.xx.2009-cu il tarixlərdə DİN-in Polis Akademiyasının müdavimi, xx.xx.2009-xx.xx.2009cu il tarixlərdə DİN-in sərəncamında, xx.xx.2009-xx.xx.2012-ci il tarixlərdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin məsul növbətçisi, xx.xx.2012xx.xx.2015-ci il tarixlərdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə Bakı şəhər BPİ-nin sərəncamında, xx.xx.2015-xx.xx.2016 -cı il tarixlərdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin polis sahə inspektoru, xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi olaraq xidmət etmiş, xx.xx.2019-cu il tarixdə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-9 və 135-10 bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adma ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) xidmətdən xaric olmuşdur. Beləliklə, iddiaçının hüquqi marağı və məqsədi “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə yönəlmişdir. Bununla bağlı müvafiq məlumat vərəqəsinin tərtib edilərək pensiya qurumuna göndərilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin intinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (01 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiya) … 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli, № 1074-VİQD nömrəli Qanunun 3.1.1-ci yarımbəndinə əsasən 9.5.1-ci maddədə “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilmişdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Məhkəmə qeyd edir ki, hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin (pul təminatının) hesablanması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən həyata keçirilməlidir. İddiaçı öz mövqeyini onunla əsaslandırır ki, 17 ildən artıq xidmət illərinə malik olduğu üçün “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli, № 1074-VİQD nömrəli Qanunun 5.1-ci bəndi ona münasibətdə tətbiq edilməlidir. Adıçəkilən Qanunun 5.1-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Cavabdehin mövqeyi isə belə olmuşdur ki, iddiaçının hərbi xidmət illəri təqvim hesabı ilə cəmi 17 il 10 ay 11 gün təşkil edir və tələb olunan 20 təqvim ili hərbi xidmət stajı tamamlanmadığına görə pensiya hüququ yaranmadığından məsələnin müsbət həlli mümkün deyildir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin tətbiqi ilə bağlıdır. Məhkəmə hesab edir ki, istinad olunan “Əmək pensiyaları haqqında” qanunda 9.5.1-ci maddəsində dəyişiklikləri nəzərdə tutan Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli, № 1074-VİQD nömrəli Qanunun keçid müddəaları yalnız o hərbi qulluqçulara şamil olunur ki, xx.xx.2024-cü il tarixədək hərbi xidmət müddətləri 20 təqvim ilinə çatmasa da, bu hədəfə ən çoxu 3 il qalmış olsun. Əsas məqam isə odur ki, bu şəxslər yaxın gələcəkdə 20 ili tamamlayacaqları üçün onlara əvvəlki (daha yüngül) norma tətbiq oluna bilər. Hazırkı vəziyyətdə isə iddiaçının təqvim illərinin 17 il 10 ay 11 gün olmasına baxmayaraq, onun bu keçid müddəasının tətbiq dairəsinə düşməsi üçün əsaslar mövcud deyil. Belə ki, ƏPQ-nun 9.5.1-ci maddəsinin xx.xx.2024-cü ilədək qüvvədə olan redaksiyasında hərbi qulluqçuya yaşa görə pensiya hüququnun verilməsi üçün tələb olunan xidmət müddəti 20 təqvim ili kimi müəyyən olunmuş, həmin tarixdən sonra isə bu şərt 25 təqvim ilinə qaldırılmışdır. Başqa sözlə ifadə olunarsa, əgər hərbi qulluqçunun xx.xx.2023-cü il tarixə xidmət müddəti təqvim ili olaraq 17 il 5 ay təşkil edirsə, bu halda o, 3 ildən az müddətdə 20 ili tamamlamaq imkanına malik olduğu üçün ona keçid müddəalarına uyğun olaraq 20 il tamamlandıqda ona köhnə maddənin norması tətbiq edilə bilər. Bu zaman 20 il şərti tamamladığı tarixdə ƏPQ-nin 9.5.1-ci maddəsində göstərilən 25 təqvim ili bağlı şərt həmin şəxsə tətbiq olunmur. Məhkəmə əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, qanunverici 1074-VİQD nömrəli Qanunla keçid müddəaları müəyyən etməklə, yalnız konkret və normativ şəkildə göstərilmiş hallarda əvvəlki hüquqi rejimin saxlanılmasına imkan vermişdir. Bu keçid müddəaları istisna xarakterli olub, yalnız həmin normalarda nəzərdə tutulmuş kriteriyalara cavab verən şəxslərə tətbiq edilməlidir. Yəni hüquqi nəticə yalnız xidməti müddətinin 17 ildən artıq olması ilə deyil, bu müddətin konkret olaraq 20 ilə çatmasına maksimum 3 təqvim ili qalması ilə yaranır ki, nəticədə hər bir halda şəxs nəzərdə tutulan 20 təqvim ili bağlı şərti tamamladıqda, o, ƏPQ-nin 9.5.1-ci maddəsinin əvvəlki redaksiyasının (xx.xx.2024-cü il tarixli) təsiri altına düşür. Məhkəmə hesab edir ki, iddiaçı keçid müddəalarında olan 5.1-ci bəndindin ona tətbiq edilməli olduğunu hesab etsə də, onun təqvim ili istənilən halda 20 ili tamamlamadığından onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yaranmır. Bu isə hərbi qulluqçu pensiya təyinin həyata keçirilməsi üçün müvafiq məlumat vərəqəsinin tərtib edilməli olmasını istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya hüququnun yaranması üçün yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulması barədə tələbin təmin olunmasından imtina etməkdə apellyasiya məhkəməsi haqlı sayılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar