Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5217/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs: X4) qarşı “torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 182 nömrəli qərarı ilə vətəndaş X3 mülkiyyətində (mərhum ərinə) ayrılmış Binəqədi rayonu, 7-ci mikrorayon, 3b saylı binanın yaxınlığında 200 kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 182 nömrəli qərarı ilə vətəndaş X3 mülkiyyətində Binəqədi rayonu, 7-ci mikrorayon, 3b saylı binanın yaxınlığında 200 kv.m torpaq sahəsi ayrılmışdır. H.Mirzəyevin vəfatından sonra həmin torpaq sahəsi vərəsəlik qaydasında iddiaçıya keçmişdir. İddiaçı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə iddiaçı əsl İddiaçı ilə əvəz edilmiş, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 182 nömrəli qərarına əsasən Binəqədi rayonu, 7 mkr., 3b saylı binanın yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün bələdiyyəyə məxsus torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq X3 mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 416 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən X6 torpaq sahəsinin dəyərini ödəmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, torpaq sahələrinin vətəndaşların razılıqları əsasında bir addan başqa ada sənədləşdirilməsinin bələdiyyələr tərəfindən həyata keçirilməsi müvəqqəti olaraq dayandırıldığından müraciətin müsbət həlli mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 182 (132) nömrəli qərarı ilə X5 200 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi bələdiyyə qərarı ilə üçüncü şəxs Şəfiqə Mirzəyevanın mərhum əri Hüseyn Mirzəyeva fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin qərar əsasında üçüncü şəxsin mərhum ərinə ayrılmış torpaq sahəsinə dair bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin üçüncü şəxsin razılıq ərizəsi əsasında özünün adına sənədləşdirilməsini xahiş etmişdir. Üçüncü şəxsin izahatına əsasən o, torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişdir. Göründüyü kimi hazırkı iddia forma baxımından olmasa da məzmun baxımından üçüncü şəxsin mərhum ərinin adına olan bələdiyyə qərarında dəyişiklik edilməsi, iddiaçının adına həmin qərarın və qərar əsasında tərtib edilmiş digər sənədlərin onun adına keçirilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın təmini əsası mövcud deyildir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlə tmülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:
4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir Hazırkı iş üzrə də bələdiyyə həmin səlahiyyətlərindən istifadə edərək üçüncü şəxsin mərhum ərinin mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etmiş, torpqa sahəsinin həmin şəxsin mülkiyyətinə keçirilməsi barədə iradə ifadəsini göstərmişdir. İddiaçının hazırkı tələbi isə bələdiyyənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən istisnalar nəzərə almaqla torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilməklə ayrılmasına dair normativ tələbinin müddəalarına uyğun deyil. Belə ki, istər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, istərsə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin, istərsə də aidiyyəti torpaq qanunvericiliyinin tələbi ilə bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməli olması ilə bağlı müddəa müəyyən etmişdir. İddiaçı isə hərrac və müsabiqə keçirilmədən adıçəkilən torpaq sahəsinin onun adına sənədləşdirilməsini tələb edir. Göründüyü kimi iddiaçı cavabdehin səlahiyyətindən kənar torpaq sahəsinin ayrılmasında iddialıdır. Məhkəmə hesab edir ki, hətta adıçəkilən səlahiyyət mövcud olsa belə, bələdiyyənin torpaq sahəsinin ayrılmasına münasibətdə səlahiyyəti diskresion səlahiyyət qismində qiymətləndirilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Hazırkı halda da cavabdeh torpaq sahəsinin ayrılmasına münasibətdə diskresion səlahiyyətindən istifadə edərək üçüncü şəxsin mərhum ərinin adına torpağın satılması barədə qərar qəbul etmişdir ki, iddiaçının tələbi ilə torpaqayırma sənədlərində hər hansı dəyişikliyin edilməsi zərurəti, həmin torpaq sahəsinin üçüncü şəxsin mərhum ərinin adından digər bir şəxsin adına keçirilməsinin məcburiliyindən söhbət belə gedə bilməz. Bu zaman üçüncü şəxsin hər hansı razılığının olması da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi bələdiyyə torpaq sahəsinə sərəncam verməkdə, o cümlədən bir şəxsin adından digər şəxsin adına keçirməkdə diskresion səlahiyyətə malikdir və hər hansı orqan tərəfindən torpaq sahəsinin mütləq qaydada başqa şəxsin adına dəyişdirilməsinin tələb edilməsi yolverilməzdir. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərinin mövcudluğunu sübut edə bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
HakimOrxan Həsənov