Məhkəmə qərarları › İş №2-1(112)-5241/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5241/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5241/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iş üzrə iddiaçının “iddiadan imtina barədə” ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun Azərbaycan Respublikasından çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi, həmin məhdudiyyətin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində "Sərhədkeçməyə məhdudiyyət siyahısı"ndan çıxarılması, «Çıxış qadağandır» statusunun ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 10 iyun 2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina barədə ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddiadan imtina edilməsi haqqında ərizəsində İddiaçı Azərbaycan Respublikasından çıxışına qoyulmuş məhdudiyyətin götürüldüyü bildirilmiş və iddiadan imtinanın qəbul edilməsi xahiş edilmişdir. Ərizə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İnzibati prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsinin yalnız şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra cavabdehin razılığı olmadan yolverilməz olması ilə məhdudlaşdırmışdır ki, hazırkı işdə bu hal yoxdur. Yəni iddiaçı məhkəmə çıxışları başlayana qədər, hazırlıq icraatı zamanı iddiadan imtina etmişdir. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli, İddiaçı Cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55 və 83.3.6-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” barədə iddiasından imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar