Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5247/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddiaçının 30 dekabr 1978-ci il tarixdən 24 avqust 1979-cu il tarixə kimi hazırlıq şöbəsində, 24 avqust 1979-cu il tarixdən 11 iyul 1984-cü il tarixə kimi mexanikləşdirmə fakultəsində aldığı əyani təhsil müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya 11.11.2014-cü il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin 09.10.2017-ci il tarixdən başlanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 30 dekabr 1978-ci il tarixdən 11 iyul 1984-cü il tarixədək əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o həmin dövrdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsi, həmçinin mexanikləşdirmə fakültəsi üzrə əyani təhsil almış, aldığı təhsil 045267 nömrəli diplom ilə rəsmiləşdirilmiş, lakin həmin müddət onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin müddətin sığorta stajına daxil edilərək, pensiyanın yenidən hesablanması ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsi əsasında onun müraciətindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh hesab edir ki, iddiaçının təhsil aldığı müddətinin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı müraciətindən imtina edilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verilməmişdir. Belə ki, vətəndaşın aldığı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının onun ərizəsində göstərdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla, məhkəmə qeyd edir ki, hazırki iddia tələbi iki hissədən ibarətdir:
1. Təhsil müddətinin sosial sığorta stajına əlavə edilməsi;
2. Ödənilməyən pensiya məbləğinin (fərq məbləği) ödənilməsidir. Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinin tələblərinə əsaslanaraq imtina etmişdir. Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Hazırda qüvvədə olan qanunvericiliyin müddəalarında təhsil müddətinin sığorta stajına daxil edilməsi bir başa olaraq göstərilməmişdir. Buna baxmayaraq Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Əvvəla, məhkəmə vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə təqdim olunmuş təhsil müəssisəsinin bitirməsini təsdiq edən diplomda iddiaçının hazırlıq şöbəsinə daxil olunma tarixi kimi 1978-ci il göstərilmişdir. Azərbaycan Dövlət Aqrar Universitetinin Arxivi tərəfindən təqdim olunmuş arayışı, həmçinin, əmək kitabçasını təhlil etdikdə isə müyyən olunur ki, arayışda iddiaçının qəbul olunma tarixi kimi 30.11.1978-ci il, əmək kitabçasında isə 30.12.1978-ci il qeyd olunmuşdur. İddiaçı bu halı mübahisələndirməsə də, məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndini əsas götürərək, təhsil müddətinin başlama tarixini məhz əmək kitabçasında göstərilən, yəni 30.12.1978-ci il tarixdən götürülməli olması qənaətinə gəlir. Belə ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə işdə olan əmək kitabçası, diplom, həmçinin də Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş arxiv arayışı ona dəlalət edir ki, İddiaçı 30.12.1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə dinləyici qəbul olunmuş, 24.08.1979-cu ildə hazırlıq şöbəsində qəbul imtihanlarını verdikdən sonra, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “k/t-nın mexanikləşdirilməsi” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuş və 11 iyul 1984-ci ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir. İddiaçının təhsil illəri ümumilikdə 05 il 06 ay 12 gün təşkil edir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş pensiya işindən isə aydın olur ki, iddiaçının iddia etdiyi təhsil müddəti, pensiya təyin edilərkən onun sosial sığorta stajına daxil edilməmişdir. Yuxarıda göstərilənlərdən irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən texniki peşə təhsili müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, texniki peşə təhsili müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini, həmçinin, iddiaçının həmin dövrdə hər hansı bir əlavə fəaliyyət növü ilə məşğul olmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının 05 il 06 ay 12 təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddia tələbinin ödənilməyən fərq məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı təhsil müddətini nəzərə alınmaqla, güzəşli şərtlərlə pensiyanın yenidən hesablanması məqsədilə 09.10.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 09.10.2017-ci il tarixdən ödənilməyən pensiya məbləğinin (fərq məbləği) hesablanaraq ödənilməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının yaranmış hüquqlarının pozulmasına səbəb olduğundan, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı 30 dekabr 1978-ci il tarixdən 24 avqust 1979-cu il tarixə kimi hazırlıq şöbəsində, 24 avqust 1979-cu il tarixdən 11 iyul 1984-cü il tarixə kimi mexanikləşdirmə fakultəsində aldığı əyani təhsil müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya 11.11.2014-cü il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin 09.10.2017-ci il tarixdən başlanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov