Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5248/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Devisdson Ninel Xarisovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Devisdson Ninel Xarisovna cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MH ******* seriya nömrəli çıxarışına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 307 saylı və xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamları ilə iddiaçının istifadəsinə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2 ha torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən istifadəsində olan həmin torpaq sahəsinə görə 11.340 AZN (on bir min üç yüz qırx manat) məbləğində torpaq vergisi borcu hesablanmışdır. Cavabdeh “Pul tələbinin məcburi ödənilməsinə” dair xx.xx.2021-ci il tarixli qərarı aidiyyəti üzrə icra edilməsi üçün Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qərarı xx.xx.2021-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Cavabdeh tərəfindən hesablanmış vergi borcunun məbləği həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh istifadəsində olan 2 ha torpaq sahəsinə görə torpaq vergisi hesablayarkən AR Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən sənaye təyinatlı torpaqlara görə tətbiq edilən vergi dərəcəsini əsas götürmüşdür. Lakin həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Buna görə də torpaq vergisi hesablanarkən sənaye təyinatlı torpaqlara görə tətbiq edilən vergi dərəcəsi nəzərə alınmamalıdır. Digər tərəfdən isə həmin torpaq sahəsində su olmadığına görə istifadəsində olan torpaq sahəsindən ümumiyyətlə istifadə edə bilmir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi üzərində istifadə hüququ İddiaçı adına xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2017-ci il tarixli, 14 nömrəli arayışına əsasən verilir İddiaçı ondan ötrü ki, xx.xx.2018-ci ilə qədər 250 (iki yüz əlli) manat torpaq vergisi ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2018-ci il tarixli, 46 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2018-ci ilədək əmlak və torpaq vergisinə borcu yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 5 nömrəli arayışına əsasən İddiaçı 250 manat ödəniş aparmış, onun xx.xx.2019-cu ilədək əmlak və torpaq vergisinə borcu yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tədiyyə bildirişinə əsasən İddiaçı 2020-ci il üçün 250 manat torpaq vergisi hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinə əsasən İddiaçı 2021-ci il üçün 250 manat torpaq vergisi hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinə əsasən İddiaçı 2021-ci il üçün 3000 manat torpaq vergisi hesablanmış, ötən dövr üzrə vergi borcu 7500 manat, faiz məbləği 3144 manat, ödəniləcək məbləğ 13644 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 05 nömrəli xəbərdarlıqda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslər və bələdiyyə müəssisələri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə bir ay müddətində uçota durmalıdırlar. Eyni zamanda qeyd olunan qanunlara əsasən siz Puta bələdiyyəsi üzrə torpaq və əmlak vergisi ödəyicisisiniz. Nəzərinizə çatdırılır ki, sizin 31 dekabr 2021-ci ilə olan torpaq və əmlak vergi borcunuz 11,340 manat təşkil edir. Xahiş edilir torpaq və əmlak borcunuzu 10 (on) gün müddətində Azərpoçt vasitəsilə 11081xxxxxxx saylı koda ödəyəsiniz. Xatırladılır ki, vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyası tətbiq ediləcək. Ödəniş etmədiyiniz təqdirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Puta bələdiyyəsinə ünvanladığı 09/9-34 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən bələdiyyələrdə yaranmış debitor borcların yığılaraq yerli büdcələrə mədaxilinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun olaraq vergi borcunun tələbinə dair icrası məcburi aktlar qəbul edilərək müvafiq icra şöbələrinə göndəriləcəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh Pul tələbinin məcburi ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, 10 saylı protokolunun 1.11 №-li qərarına əsasən ünvan 2 ünvanında yaşayan borclu İddiaçı tədiyyə bildirişinin göndərilməsinə baxmayaraq, 2019-2020-2021-ci illər üçün 11,340 (on bir min üç yüz qırx manat) manat məbləğində torpaq vergisinin Puta bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin olunması məqsədi ilə ona 10 (on) gün müddətində vergi borcunun ödənilməsi məqsədi ilə yaşadığı ünvanına rəsmi xəbərdarlıq göndərilməsi, borclu tərəfindən qeyd olunan pul vəsaiti könüllü şəkildə bələdiyyə büdcəsinə ödənilmədiyi halda “İnzibati icraat haqqında” Qanunun 82.3.2-ci maddəsinə əsasən (pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddətinin bitməsi) qərar aidiyyəti üzrə icra edilməsi üçün Qaradağ rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 109 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Puta bələdiyyəsinin əmlak və torpaq vergisi üzrə vergi ödəyicisidir. Vergi ödəyicisi İddiaçı xx.xx.1969-cu il təvəllüdlü, ş/v AZE № 0*******, FİN xxxxxxx, Qaradağ rayonu, Puta qəsəbəsi, Qızıldaş yolu istiqamətindəki ünvanda mülkiyyətində olan 20000 kv.m2 torpaq sahəsinə görə 11,340 (on bir min üç yüz qırx manat) manat məbləğində torpaq vergisi borcu hesablanmışdır. İddiaçı torpaq vergisinin ödənilməsi barədə qanunvericiliyin tələbləri izah olunmaqla dəfələrlə yazılı xəbərdarlıqlar edilmişdir, hesablanmış əmlak və torpaq vergisi üzrə ona qanunla müəyyən edilmiş müddətdə Puta bələdiyyəsinin Azərpoçt MMC-də olan hesablaşma hesabına ödənilməsi xahiş olunmuş, lakin vergi ödəyicisi əmlak və torpaq vergisini ödəməkdən yayınaraq borcunu ödəməmişdir. İddiaçı Puta bələdiyyəsinə 11,340 (on bir min üç yüz qırx manat) manat əmlak və torpaq vergisi borcu olduğuna görə “İcraat haqqında” Qanunun 82.1-ci və 82.2-ci maddələrinə uyğun olaraq aidiyyəti üzrə icra edilməsi üçün sizə göndərilir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, sənədləri təqdim edilmiş 2.0 ha torpaq sahəsi “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər topaqlar” kateqoriyalı olmaqla dövlət mülkiyyəti torpağıdır. Həmin məktubla göndərilmiş arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - xx.xx.2006-cı il tarixli Torpaqdan daimi istifadə hüququnun satılması haqqında müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş 12626 nömrəli xx.xx.2006-cı il tarixli arayışa və Az.Resp. Bakı ş.İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03-8/1953 saylı xx.xx.2006 tarixli arayışa əsasən 2/iki hektar torpaqdan daimi istifadə hüququnu alıcı İddiaçı satır. Satılan torpaq sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən JN-1406 nömrəli kod 00200056 kitabda 898 nömrə ilə qeyd edilmiş xx.xx.2005-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktına əsasən X2 məxsusdur. - Qaradağ rayonu, Puta qəsəbəsində Şəhadətnamə № 1406 kod 00200026 7.0 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən X1 daimi istifadəsində qalan sahə 5 ha, İddiaçı aldığı sahəsi 2.0 ha-dır. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi üzərində istifadə hüququ İddiaçı adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının 2019- 2020-2021-ci illər üçün 11,340 (on bir min üç yüz qırx manat) manat məbləğində torpaq vergisinin bələdiyyə büdcəsinə ödənilməsinin təmin olunması məqsədi ilə “Pul tələbinin məcburi ödənilməsinə” dair xx.xx.2021-ci il tarixli, 1.11 №-li qərarı qəbul edilərək icra edilməsi üçün Qaradağ rayon İcra şöbəsinə göndərmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən xx.xx.2021-ci il tarixli, 1.11 №-li qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı halda iddiaçı tərəf mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə əldə etdikdən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə cavabdehin iddiaçıya torpaq vergisi hesablamasının əsasında Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən 2 ha torpaq sahəsinə görə torpaq vergisi hesablayarkən AR Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən sənaye təyinatlı torpaqlara görə tətbiq edilən vergi dərəcəsini əsas götürməsidir. İddiaçının iddiasına görə həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və torpaq vergisi hesablanarkən sənaye təyinatlı torpaqlara görə tətbiq edilən vergi dərəcəsi nəzərə alınmamalıdır. Məhkəmə hazırkı mübahisə prdemeti olan bələdiyyə qərarının qanuniliyini ilk növbədə həmin qərarın “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə nəzərdə tutulmuş prosessual normalarının tələbləri baxımından yoxlayır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0.3-cü maddəsinə əsasən vergi məbləğləri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur. -8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; -8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. -203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. -206.3-cü maddəsinə görə bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: -208.1-ci maddəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. -208.2-ci maddəsinə görə torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. -208.3-cü maddəsinə görə müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. -208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Sadalanan normalardan göründüyü kimi torpaq vergisinin bələdiyyələrin ərazi vahidlərinə, torpaq sahələrinin təyinatına uyğun olaraq müvafiq dərəcələr üzrə hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. - 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 5.6-cı bəndinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - 5.10-cu bəndinin tələbinə görə Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı bələdiyyə tərəfindən iddiaçıya münasibətdə torpaq vergisinin ödənilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılması müəyyən edilməmişdir. Belə ki, iddiaçıdan 2019-2021 torpaq vergisi üzrə borcların və həmin borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin ödənilməsi tələb edilsə də cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin, eləcə də borcun ödənilməsinə dair xəbərdarlıq məktubunun iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıdan 2019-2020-2021-ci illər üçün 11,340 (on bir min üç yüz qırx manat) manat məbləğində torpaq vergisi borcu tələb edilsə də cavabdeh 2019-2021-ci illəri əhatə edən borclar ilə bağlı tədiyyə bildirişini ümumiləşdirərək xx.xx.2021-ci il tarixli tədiyyə bildirişi tərtib etmişdir. Halbuki, qanunvericilik tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilməsini, cari il üçün verginin məbləğinin bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsini təsbit etmişdir. Göründüyü kimi inzibati orqan hər cari il üçün ayrı-ayrılıqda torpaq vergisi ilə bağlı borcun ödənilməsi barədə tədiyyə bildirişlərini göndərməmiş, bunu təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin tələb etdiyi borc qeyd edildiyi kimi 2019-2021-ci illəri əhatə etdiyi halda cavabdeh tərəfindən təqdim edilmiş 2019-2020-ci illərin arayışlarında iddiaçının vergi borcunun olmadığı bildirilmişdir. Ən əsası 2017, 2018, 2019, 2020, 2021-ci ilin (xx.xx.2021-ci il tarixli) tədiyyə bildirişlərində torpaq vergisi məbləği iddiaçıya 250 manat məbləğində hesablandığı halda, xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən başlayaraq birdən-birə iddiaçıya 2021-ci il üçün 3000 manat torpaq vergisi hesablanmış, ötən illər üçün yeni məbləğə müvafiq olaraq vergi borcunu müəyyən edilmişdir. Halbuki, inzibati orqan iddiaçını əlavə öhdəliklə yükləyəcək onun üçün əvvəlki dövrdən kəskin fərqlənən nisbətdə əliverişsiz inzibati akt qəbul edəcəyi təqdirdə bunu iddiaçının diqqətinə çatdırmaqla, onun inzibati icraatda dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyə borcludur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların qiymətləndirilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Bundan əlavə mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, mübahisə predmeti olan torpaq sahəsinə görə torpaq vergisi dərəcəsinin dəyişməsinə əsas olan məlumat və sənədin nə olduğu müəyyən edilməmiş, ötən illərdən fərqli məbləğdə tələb edilən torpaq vergisi məbləğinin hansı əsaslarla müəyyən edildiyi, bunun hansı sübutlarla, müvafiq qurumlara verdiyi hansı sorğuya cavablarla təsdiq edildiyi barədə məlumat qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2019-2021-ci illər üzrə vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmadığından, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı isə yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş mübahisələndirilən qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, mübahisələndirilən bələdiyyə qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli, 1.11 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5248/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5248/2022
02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver