Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5264/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı X4 Qeyri-Hökümət Təşkilatının cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “informasiya sorğusunda göstərilən məlumatların verilməsi və xüsusi qərardadın qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Qeyri-Hökümət Təşkilatı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2021-ci il tarixli informasiya sorğusundan göstərilən məlumatların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi barəsində informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə uyğun olaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 1999-cu ildə Qeyri-Hökümət Təşkilatı kimi qeydiyyatdan keçmiş və müstəqil iqtisadiyyatçı mütəxəssislər tərəfindən yaradılmış siyasi və iqtisadi tədqiqatlar sahəsində ixtisaslaşmış analitik fikir mərkəzidir. X4 tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 26 yanvar 2021-ci il tarixdə informasiya sorğusu göndərilmişdir. Lakin cavabdeh informasiya sorğusuna cavab verməmiş, cavab verməməsinin səbəbini izah etməmiş və iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5264/2021 saylı 21 iyun 2021-ci il tarixli qərardadı ilə, iddia “xüsusi qərardadın qəbul edilməsi” tələbinə dair hissədə mümkün sayılmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən Maliyyə Nazirliyinə ünvanlanmış 2021-ci il 1 yanvar tarixinə respublikada mövcud olan aqroparklara, iri taxılçılıq və heyvandarlıq təsərrüfatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin X2 təqdim olunması barədə sorğuda tədqiqatın mövzusu və əhatə dövrü göstərilmədiyindən sorğunun əhatə dairəsini müəyyənləşdirmək mümkün olmamışdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən sorğuda hansı informasiyanın əldə olunması və ya bu informasiyanın hansı formada təqdim edilməsi aydın göstərilməyibsə, vəzifəli şəxs bunu dəqiqləşdirmək üçün sorğusu ilə bu Qanunla müəyyənləşdirilmiş qaydada əlaqə yaratmalıdır. Sorğuda qeyd olunan məsələlərin iddiaçı təşkilatla dəqiqləşdirilməsi məqsədilə Nazirlik tərəfindən X3 blankında qeyd olunan telefona (564- 86-85) işçi qaydada bir neçə dəfə zənglər edilməsinə baxmayaraq həmin nömrə cavab verməmişdir. Bundan sonra sorğuya Nazirliyin 2021-ci il 31 mart tarixli DA01/01-03-350 nömrəli məktubu ilə münasibət bildirilərək, tədqiqatın mövzusu və əhatə dövrü göstərilmədiyindən sorğunun əhatə dairəsini müəyyənləşdirmək mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda cavab məktubunda tədqiqatın mövzusuna uyğun olaraq, məlumatların alınması üçün vəsaitin istifadəçisi olan aidiyyəti qurumlara müraciət edilməsininin məqsədəuyğun olduğu bildirilmişdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 21.1.3-cü maddəsinə əsasən sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda informasiya sahibi sorğunun icrasından imtina edir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu iİ tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Maliyyə Nazirliyi dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bununla yanaşı büdcə qanunvericiliyə əsasən dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin konkret istiqamətlər (tədbirlər) üzrə ayrılması həmin vəsaitlərin sərəncamçıları (aidiyyəti təşkilatlar) tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq informasiya sorğusu daha aydın və konkret yazılmalı və aidiyyəti quruma (kredit sərəncamçısına) yönəldilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia “informasiya sorğusunda göstərilən məlumatların verilməsi” tələbinə dair hissədə tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, X4 tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ünvanlanmış 25 yanvar 2021-ci il tarixli, 02/21 sorğudan görünür ki, X1 ekspertlərinin apardığı tədqiqat çərçivəsində istifadə olunması üçün 1 yanvar 2021-ci il tarixinə Azərbaycan Respublikasında mövcud olan aqroparklara, iri taxılçılıq və heyvandarlıq təsərrüfatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin (hər bir aqropark və təsərrüfat üzrə təyinatı göstərilməklə) Mərkəzə təqdim olunmasına şərait yaradılması xahiş olunmuşdur; Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin sorğuya cavab olaraq 31.03.2021-ci il tarixli DA01/01-03-350 saylı məktubunda qeyd edilmişdir ki, aparılan təqdiqatlar çərçivəsində 2021-ci il 01 yanvar tarixinə respublikada mövcud olan aqroparklara, iri taxılçılıq və heyvandarlıq təsərrüfatlarına dövlət büdcəsindən ayrılmış vəsitlərin X2 təqdim olunması barədə məktubda tədqiqatın mövzusu və əhatə dövrü göstərilmədiyindən sorğunun əhatə dairəsini müəyyənləşdirmək mümkün deyildir. Eyni zamanda tədqiqatın mövzusuna uyğun olaraq məlumatların alınması üçün vəsaitin istifadəçisi olan aidiyyəti qurumlara müraciət edilməsi məqsəduyğun hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır; 2.2-ci maddəsinə əsasən, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir; 2.3-cü maddəsinə əsasən, informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 21.1-ci maddəsinə əsasən, informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2-ci maddəsinə əsasən, informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 21.3-cü maddəsinə əsasən, informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Məhkəmə qeyd edir ki, sorğu edilən informasiyanın əhatə dövrü qeyri-müəyyən göstərildiyindən, başqa sözlə, sorğuçunun hansı informasiyanı əldə etmək istəməsi aydın olmadığından cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq sorğunun icrasından imtina edilmişdir. Belə olan halda, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia “informasiya sorğusunda göstərilən məlumatların verilməsi” tələbinə dair hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia “informasiya sorğusunda göstərilən məlumatların verilməsi” tələbinə dair hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5264/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5264/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver