Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5277/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «iddiaçılara kompensasiya ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «iddiaçılara kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və Bakı ŞİH başçısının 501 saylı xx xxxx 2013-cü il tarixli sərəncamının təmin edilməsi məqsədilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün Bakı şəhəri, “Sovetski” adlanan ərazidə yerləşən bəzi evlər hazırkı iddiaçıların istifadəsində və faktiki mülkiyyətində olmuşdur. İddiaçılar Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd edilən ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənləri, balkonlar, işıq tranfarmatoru və otağı, həyətyani sahə və s. sahələrin ödənilmədiyini nəzərə alaraq cavabdeh Bakı şəhər Yasamal RİH-ə kompensasiya məbləğlərinin ödənilməmiş hissələrinin ödənilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər onlara cavab verilməmişdir. Bundan əlavə, qanunvericilikdə çətinliyə görə kompensasiya ödənilməsi də nəzərdə tutulmasına baxmayaraq onların sözügedən evlərdə üzün müddət (doğulduqları andan) yaşamaqlarına baxmayaraq, cavabdeh tərəfindən bu növ kompensasiya ödənilməmişdir. Şifahi olaraq telefonla bildirilmişdir ki, hər hansı kompensasiya verilməyəcək və müarciətlərə rəsmi cavab vermək fikirləri yoxdur, lakın bəzi iddiaçılara cavabın verildiyi bildirilmiş və cavadehin ümumi şöbəsindən xx xxxx 2020-ci il tarixdə zərflər üçün möhür ilə təsdiq edilmiş əsassız imtina cavabı verilmişdir. Hesab olunur ki, cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən müraciətlərə cavab verilməməsi əsassızdır və cavab verildiyi təqdirdə belə ümumi şöbədən cavabın alınması bilərəkdən işin yubanmasına yönəldilmişdir, bu və digər səbəblərdən hazırkı iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı1 Ağəli oğlu Bakı şəhəri, M.A.Əliyev küçəsi, 32 saylı ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəsinə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən əmlakın dəyəri olaraq 154.519 manat ödəniş edilmişdir. Digər Bakı şəhəri, A.Qarayev küçəsi, 23 saylı ünvanda yerləşən evinin mülkiyyətçisi olmaqla 41.016 manat ödəniş edilmişdir. İddiaçı2 Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.645 manat ödəniş edilmişdir. İddiaçı3 Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.645 manat ödəniş edilmişdir. İddiaçı4 Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, dalan 1, 3B saylı evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.500 manat ödəniş edilmişdir. AR Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsaən bu Məcəllənin 246 – 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alman torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alman binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli, 50 İİİQD nömrəli Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli, xx.xx.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alman daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Yuxarıda qeyd edilən normaya əsasən kompensasiyaya məruz qalmış əmlakın dəyərindən əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına 20 faiz əlavə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən iddia ərizəsinə əlavə edilmiş Notariat Ofislərində təsdiq edilmiş alqı-satqı müqavilələrindən göründüyü kimi yalnız əmlakın dəyəri ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-198/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarında məhkəmə müəyyən etmişdir ki, Qanunvericlik dövlət ehtiyacları üçün alman əmlakın müqabilində təkcə onun dəyərinə uyğun olan kompensasiya məbləği deyil, həm də əlavə haqq ödənilməli olduğunu müəyyən etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bundan əlavə binanın digər qeyri-yaşayış sahələri sakinlərin ümumi mülkiyyətində olmuşdur, o cümlədən binanın yerləşdiyi torpaq sahəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1. maddəsinə əsasən Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Göstərilənlərə əsasən hesab olunur ki, cavabdeh tərəfindən iddiaçılara ödənilməli olan kompensasiya məbləğləri tam ödənilmədiyindən əmlakların dəyərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən əlavə 20 faiz kompensasiyanın ödənilməsi barəsində qərar qəbul edilməlidir. Şərh edilənlərə və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunununu 1.1.1, 7.3.1, 65.1.2, 65.5.1-ci maddələrinə əsaslanaraq məhkəmədən cavabdeh Bakı şəhəri Yasamal RİH-dən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ödənilmiş əmlaka görə kompensasiya məbləğinin 20% miqdarında hesablanmalı olan dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış əmlaklara ödənilməyən vəsaitlər üzrə və çətinliyə görə 10 % miqdarında vəsaitin iddiaçıların xeyrinə – İddiaçı1 xeyrinə 39.107 manat və 19.553,5 manat, cəmi 58.660,5 manat, İddiaçı2 xeyrinə 6.529 manat və 3.264,5 manat, cəmi 9.793,5 manat, İddiaçı3 xeyrinə 6.529 manat və 3254,5 manat, cəmi 9.793,5 manat, İddiaçı4 xeyrinə 6.500 manat və 3.250 manat, cəmi 9.750 manat məbləğində pul vəsaitinin tutulması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 28-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 7-ci bəndinə görə Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlamaq və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin etmək, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil etmək Nazirliyin fəaliyyət istiqamətləri sırasına daxildir. Məhkəmənin x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bkı şəhəri Yasamal RİH-ə qarşı “Azərbaycan Respublikası Prerzidentinin Fərmanına uyğun olaraq ödənilmiş əmlaka görə kompensasiya məbləğinin 20% miqdarında hesablanmalı olan dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış əmlaklara ödənilməyən vəsaitlər üzrə və çətinliyə görə 10% miqdarında vəsaitin iddiaçıların xeyrinə tutulması” tələbinə dair iş məhkəmənin icraatındadır. Hesab olunur ki, artıq özgəninkiləşdirdiyi əmlaklarına görə yenidən həmin əmlakların alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüquqları olmadığı üçün hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, Bakı şəhəri Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici “xxxxxxxxxxx” MMC tərəfindən iddiaçılara məxsus Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinə yerində baxış keçirilən zaman həmin yaşayış sahələrinin faktiki yaşayış və köməkçi sahələrinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmışdır. Beləliklə, iddiaçılara aşağıda qeyd edilən məbləğlərdə kompensasiya və maddi yardım ödənilmişdir: İddiaçı1 ilə Bakı şəhəri Yasamal RİH arasında xx xxxxxx 2018ci il tarixində AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq paylı mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 32 saylı evə görə 154.519 manat kompensasiya məbləği ödənilmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixli maddi yardım ödənilməsinə dair “Razılaşma”ya əsasən iddiaçıya əlavə 20.134,50 manat məbləğində pul ödənilmişdir. İddiaçı1 paylı mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küç., 23 saylı evə görə kompensasiya ödənilməsi ilə bağlı Bakı şəhəri Yasamal RİH-ə qarşı irəli sürdüyü iddia tələbi üzrə artıq məhkəmə mübahisələri olmuşdur və məhkəmə mübahisəsi gedişatında tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1107/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərardadı ilə təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərardadı olarkən İddiaçı1 yenidən eyni ünvanda yerləşən evə görə Bakı şəhəri Yasamal RİH-ə qarşı iddia tələbi irəli sürmüşdür. İddiaçı1 ilə Bakı şəhəri Yasamal RİH arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, 23 saylı evə görə 41.016 manat kompensasiya məbləği ödənilmişdir. Bundan başqa, A.Qarayev küçəsi, 23 saylı evə görə xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsinə dair “Razılaşma”ya əsasən iddiaçıya əlavə 10.254 manat məbləğində maddi yardım ödənilmişdir. İddiaçı2 (etibarnamə əsasında İddiaçı3) ilə Bakı şəhəri Yasamal RİH arasında xx xxxxxxxx 2018-ci il tarixində AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq paylı mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 34 saylı evə görə 32.645 manat kompensasiya məbləği ödənilmişdir. İddiaçı3 ilə Bakı şəhəri Yasamal RİH arasında xx xxxxxxxx 2018-ci il tarixində AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 34 saylı evə görə 32.645 manat kompensasiya məbləği ödənilmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsinə dair “Razılaşma”ya əsasən İddiaçı2 və İddiaçı3 əlavə ümumi 15.530 manat məbləğində maddi yardım ödənilmişdir. İddiaçı4 ilə Bakı həhəri Yasamal RİH arasında xx xxxxxx 2018-ci il tarixində AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, dalan 1, 3B saylı evə görə 32.500 manat kompensasiya məbləği ödənilmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsinə dair “Razılaşma”ya əsasən iddiaçıya əlavə 10.090 manat məbləğində maddi yardım ödənilmişdir. Göründüyü kimi, iddiaçıların mülkiyyələrində olmuş əmlaklara görə qanununamüvafiq ədalətli məbləğində kompensasiya ödənilmişdir. Lakin, bunlara baxmayaraq iddiaçılar məhkəməyə müraciət edərək əlavə kompensasiya məbləğlərinin onların xeyrlərinə tutulmasını məhkəmədən xahiş edirlər. İddiaçıların torpaq sahəsinə üzrə mülkiyyət, istifadə, icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquq müəyyənedici sənədlərin, torpağın onlara ayrılmasına dair sərəncam və ya digər hüquq müəyyənedici sənədələrin olmadığı üçün iddiaçıların torpağa görə kompensasiya almaq hüququları yoxdur. İddiaçılar mübahisəli sahəni alqı-satqı müaqavilələri əsasında Bakı şəhəri Yasamal RİH-in xeyrinə özgəninkiləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. AR Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında iddiaçılar aldıqları pulu tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən dövlət ehtiyacı üçün alınmanın təsirinə düşən ünvanlarda yerləşən daşınmaz əmlakların ərazisinin dövlət əhmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evləri AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarın təsirinə düşür. AR Nazirlər Kabinetinin 572 nömrəli xx xxxxxx 2018ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxxxxxxxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kv.m üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manatadək və digər sahələr üzrə isə bir kv.m üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300 – 1.200 manat arasında qiymətləndirilir. Satınalma «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Göstərilənlərə və İPM-in 35, 48.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 139, 527.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 5 saylı qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1, İddiaçı3, cavabdehin nümayəndəsi gəlmişlər, digər iddiaçılar və üçüncü şəxsin nümayəndəsi gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia ərizəsində göstərilənləri təsdilədiklərini, işə məhkəmədə baxılmalı olduğunu bildirdilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarının 1-ci bəndinə görə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılsın. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində haazırkı iddiaçılara məxsus daşınmaz əmlakların hazırkı cavabdeh Bakı şəhəri Yasamaal RİH tərəfindən AR Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarının icrası ilə əlaqədar sökülməsi və bu söküntü işləri çərçivəsində həmin daşınmaz əmlaklarla bağlı iddiaçılarla alqı-satqı müqavilələrinin bağlanması, habelə müqavilələr üzrə müvafiq məbləğlərin ödənilməsi işin mübahisə olunmayan hallarına aiddir. Məhkəmənin qənaətinə görə evin mülkiyyətçisi ilə söküntü işlərini aparan qurum arasında müvafiq müqavilə bağlandığından və bu müqavilə etibarsız sayılmadığından və mübahisələndirilmədiyindən, iddiaçılar həmin evlərlə, o cümlədən onların altındakı torpaq sahəsi (torpaq sahələri onların mülkiyyəti kimi qeydiyyat alınmamışdır) ilə bağlı kompensasiya ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəssinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçılar (İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4) birlikdə bir iddia ərizəsi ilə məhkəməyə müvafiq tələblərlə müraciət etsələr də, hazırkı iş üzrə İPM-in 30.1 və 30.2-ci maddələrində təsbit olunmuş “həmiştirakçılıq” halı yolverilən deyil. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5277/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5277/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver