Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5312/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 4.001,20 manat məbləğində borcun M.Ə.Rəsulzadə Bələdiyyəsinin büdcəsinə ödənilməsinə İddiaçı məcbur edilməsi barədə M.Ə.Rəsulzadə Bələdiyyəsinin 14/90-18 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 10E ünvanda 0.17906 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 1614.7 kv.m daşınmaz əmlak onun mülkiyyətindədir və onun həmin əmlak üzərində xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə adına MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən əmlakın yerləşdiyi 0.17906 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, həmin torpaq sahəsinin icarəyə götürülməsi barədə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi və iddiaçı arasında xx.xx.2011-ci il tarixdə 1434 №-li, daha sonra isə xx.xx.2017-ci il tarixdə 216/1484 nömrəli icarə müqaviləsi bağlanmışdır. O, bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun məbləğdə və vaxtda icarə haqqını dövlət büdcəsinə ödəmiş və onun müqavilə üzrə hər hansı məbləğdə borcu yoxdur. Bu yaxınlarda iddiaçıya məlum olmuşur ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi onun barəsində 14/90-18 №-li, xx.xx.2023- cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla, ünvan 1 ünvanda yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 4.001,20 manat məbləğində borcun Bələdiyyə büdcəsinə ödənilməsinə onun məcbur edilməsi qərara alınmışdır. İddiaçı M.Ə.Rəsulzadə Bələdiyyəsinin 14/90-18 nömrəli xx.xx.2023-cü il tarixli qərarından məlumatı olmamış, həmin qərar rəsmi qaydada iddiaçıya təqdim olunmamışdır. Həmin inzibati aktın mövcudluğundan icra məmuru vasitəsilə şifahi qaydada xx.xx.2023-cü il tarixdə iddiaçının məlumatı olmuşdur. Bundan sonra, həmin qərar iddiaçı tərəfindən qeyri-rəsmi qaydada əldə edilmişdir. Bundan başqa, M.Ə.Rəsulzadə Bələdiyyəsi xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmiş, inzibati icraat açmamış, inzibati icraat barədə İddiaçı məlumat verməyərək, onun iştirakını təmin etməmiş, mübahisələndirilən qərarı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizəsini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, İddiaçı həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. Cavabdehin yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, inzibati aktda borcun hesablanması qaydası göstərilməmiş, əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Ödəniş hesablanmış torpaq sahəsi bələdiyyəyə məxsus deyildir. Həmin torpaq sahəsi dövlət fonduna aid torpaqdır və bu torpaq sahəsindən istifadəyə görə İddiaçı, onunla müvafiq dövlət orqanı arasında bağlanmış icarə müqaviləsinə əsasən icra haqqını vaxtlı-vaxtında ödəyir, onun dövlətə icarə haqqı ilə bağlı borcu yoxdur. Həmçinin M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı barəsində əvvəllər xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə inzibati aktlar qəbul edilmiş, İddiaçı həmin inzibati aktları məhkəmə qaydasında mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, Bələdiyyənin qəbul etdiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati aktları (qərarları) ləğv edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətində bildirmişdir ki, dövlət və bələdiyyələr mülkiyyətində olan torpaqlara görə torpaq vergisi tədiyyəçisi olmadığı üçün belə torpaqlar fiziki şəxslərin icarə və digər əsaslarla istifadəsinə verildiyi andan həmin torpaqlar vergitutma obyekti sayılır və torpaq vergisi onu icarə və digər əsaslarla istifadəyə götürən fiziki şəxslər tərəfindən bələdiyyə büdcəsinə ödənilir. Dövlət və bələdiyyələr torpaq vergisi tədiyyəçiləri olmadığı üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin icarəsinə verdikdə bələdiyyə torpaqları üzrə müəyyən olunmuş icarə haqqı və həm dövlət, həm də bələdiyyə torpaqları üzrə hesablanmış torpaq vergisi məbləği icarəçi tərəfindən ayrı-ayrılıqda təyinatları üzrə bələdiyyə büdcəsinə ödənilir. Digər tərəfdən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarə müqaviləsi ilə müəyyənləşdiyi halda, torpaq vergisinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun və digər sahəvi normativ aktların tələblərinə əsasən müəyyən olunur. Nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri əsas götürülərək, mülkiyyətində torpaq sahəsi olan fiziki şəxslərlə yanaşı, icarəsində (istifadəsində) dövlət və bələdiyyə torpaqları olan fiziki şəxslərdə bələdiyyədə ödəyici kimi uçota götürülür. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi - 10E ünvanında MA seriyalı ******* nömrəli çıxanşa əsasən fiziki şəxs İddiaçı mülkiyyətində olan 1614,7 kv.m-dən ibarət olan qeyri-yaşayış binasına və binanın yerləşdiyi qanuni istifadə də olan 0,17906 ha (1790,6 m2) torpaq sahəsinə görə əmlak, torpaq vergisi ödəyicisi qismində, eləcədə həmin ünvanda dövlət mülkiyyətində olan və Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə 28 may 2017-ci il tarixdə bağlanmış 216/1484 nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü 15003,0 kv.m torpaq sahəsinə görə torpaq vergisi ödəyicisi qismində ayrı-ayrılıqda o, bələdiyyənin vergilər şöbəsində uçota götürülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə imzalanmış 28 mart 2017-ci il tarixli, 216/1484 nömrəli müvəqqəti torpaq icarəsi müqaviləsinə əsasən icarə əsasında fiziki şəxs İddiaçı istifadəsinə ayrılmış olan 15003,0 torpaq sahəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3- cü maddəsinə əsasən illik 2000,06 (iki min manat, 06 qəpik) manat olmaqla ona bələdiyyədə 2022-2023-cü illərə görə 4001,20 (dörd min bir manat, 20 qəpik) manat torpaq vergisi hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 03/840 saylı məktubla (TV-10xx-xx-17679 nömrəli Tədiyyə bildirişi əlavə olunmaqla) borclu İddiaçı müraciət edilmiş, qanunvericiliyin tələbindən irəli gələn hallar izah olunmaqla hesablanmış vergi məbləğinin 15 (on beş) gün ərzində bələdiyyə büdcəsinə ödənilməsi ondan tələb edilmişdir. Müraciətdən məlumatlı olan İddiaçı bələdiyyənin sahə müfəttişi ilə mobil telefon əlaqəsi yaratmış, sözügedən torpaq sahəsinin bələdiyyəyə deyil, dövlətə məxsus olduğunu, bu səbəbdən də bələdiyyə vergi ödəməyəcəyini qeyd edərək, bələdiyyəyə qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. İddiaçı bələdiyyəyə dəvət edilsə də, bələdiyyəyə gəlməyəcəyini və onlarla məhkəmədə görüşücəyini söyləmişdir. Belə olan təqdirdə vergi borcunun ödətdirilməsi ilə bağlı onun barəsində bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixli, 14/90-18 saylı qərar (inzibati akt) qəbul edilmişdir. Qərar xx.xx.2023-cü il tarixli 3/1092 nömrəli müşayətedici məktubla məlumat üçün İddiaçı göndərilmişdir. Bələdiyyə büdcəsinə yaranmış borc məbləğinin ödənişi könüllü təmin edilmədiyindən, bələdiyyənin borclu B.Ə.Adığözəlov barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 14/90-18 nömrəli qərarı məcburi icra edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli, 03/1122 nömrəli məktubla Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə ona göndərilmiş qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarında olan: - xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi – 10E ünvanında yerləşən ümumi sahəsi 1614.7 kv.metr olan əmlak kompleksi kimi müəssisə İddiaçı mülkiyyətində, həmin əmlakın yerləşdiyi 0,17906 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir. - Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 216/1484 saylı, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 10E ünvanındakı Əmlak kompleksinin yerləşdiyi 15003,0 kv.m torpaq sahəsi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, müqavilə ilə icarə müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2032-ci il tarixədək müəyyən edilmişdir. - TV-10xx-xx-17679 saylı, 13 sentyabr 2023-cü il tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddəsinə əsasən 2023-cü il üçün 2000.6 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmış, ötən dövrlər üzrə vergi borcu isə 2000,6 manat təşkil etmiş, ümumilikdə 4001,2 manat məbləğin ödənilməsi tələb edilmişdir. - M.Ə.Rəsulzadə Bələdiyyəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 03/840 saylı məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203-cü maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəkilində hesablanır. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barəsində özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Bu Məcəllənin 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər torpaq vergisinin (Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla) ödəyiciləridir. Məcəllənin 205-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Məcəllənin 208-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların alqında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün olar torpaq sahəsinə görə torpaq vergisi tutulur. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahəsinə mütənasib surətdə hesablanır. Fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir (Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla). Həmçinin Məcəllənin 207.1.2-ci maddəsinin tələbinə görə dövlət hakimiyyəti orqanlarının, habelə yerli özünü idarəetmə orqanlarının (bələdiyyələrin) mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisinə cəlb edilmir. Göstərilənlərə belə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinə əsasən icarəyə verən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Göründüyü kimi mövcud qanunvericilik aktlarının tələbindən aydın olur ki, dövlət və bələdiyyələr mülkiyyətində olan torpaqlara görə torpaq vergisi tədiyyəçisi olmadığı üçün belə torpaqlar fiziki şəxslərin icarə və digər əsaslarla istifadəsinə verildiyi andan həmin torpaqlar vergitutma obyekti sayılır və torpaq vergisi onu icarə və digər əsaslarla istifadəyə götürən fiziki şəxslər tərəfindən bələdiyyə büdcəsinə ödənilir. Dövlət və bələdiyyələr torpaq vergisi tədiyyəçiləri olmadığı üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin icarəsinə verdikdə bələdiyyə torpaqları üzrə müəyyən olunmuş icarə haqqı və həm dövlət, həm də bələdiyyə torpaqları üzrə hesablanmış torpaq vergisi məbləği icarəçi tərəfindən ayrı-ayrılıqda təyinatları üzrə bələdiyyə büdcəsinə ödənilməlidir. Odur ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınaraq mülkiyyətində torpaq sahəsi olan fiziki şəxslərlə yanaşı, icarəsində (istifadəsində) dövlət və bələdiyyə torpaqları olan fiziki şəxslər də bələdiyyədə torpaq vergisi ödəyicisi kimi uçota alınmalıdırlar. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsi maddəsinin tələbinə əsasən icarəçi tərəfindən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə onun həmin torpaq sahəsi üzrə hüquqlarına xitam verilməsinə əsas yaranır. Bununla belə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq bələdiyyə torpaqlarına münasibətdə bələdiyyənin, dövlət torpaqlarına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə tərəfindən icarəçinin torpaq üzərindəki icarə hüquqlarına xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 10E ünvanındakı əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 15003,0 kv.m torpaq sahəsinə görə fiziki şəxs qismində onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında imzalanmış 28 mart 2017-ci il tarixli, 216/1484 nömrəli müvəqqəti torpaq icarəsi müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsinə görə torpaq vergisi ödəyicisi kimi bələdiyyədə uçota alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən hər bir il üçün 2000,60 (iki min manat, 60 qəpik) manat olmaqla ona 2022-2023-cü illərə görə bələdiyyədə 4001,20 (dörd min bir manat, 20 qəpik) manat torpaq vergisi hesablanmışdır (tədiyyə bildirişi əlavə olunur). Göstərilənlərlə bağlı tədiyyə bildirişini təqdim edərək iddiaçıya tövsiyyə edilmişdir ki, hesablanmış verginin 15(on beş) gün ərzində M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etsin. Əks təqdirdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsinin tələbinə əsasən torpaq sahəsi üzərindəki icarə hüquqlarına xitam verilməsi, eləcə də yaranmış vergi borcunun məcburi ödətdirilməsinin təmin edilməsi məqsədi ilə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci maddələrinə əsasən barəsində hüquqi prosedura başlanılacaqdır. - 14.09.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixli tədiyyə bildirişi və məktub iddiaçının ünvanına göndərilmişdir. - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 14/90-18 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 216/1484 saylı müqaviləyə əsasən icarəyə verdiyi Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 10 E ünvanındakı Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin icarəçisi İddiaçı həmin torpaq sahəsinə görə 2022-ci və 2023-cü illlər üzrə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə vergi borcu yaranmışdır, buna görə də fiziki şəxs İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AA 1993551, FİN xxxxxxx) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 10E ünvanında icarə əsasında istifadəsində olan torpaq sahəsinə görə yaranmış 4001,20 (dörd min bir manat, 20 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi, vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. - M.Ə.Rəsulzadə bələdiyyəsinin 03/1092 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 10 E ünvanındakı əmlak kompleksinin yerləşdiyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 216/1484 saylı müqaviləsinə əsasən icarəsinə verilmiş torpaq sahəsinə görə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış vergi borcunun ödətdirilməsinə dair “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci maddələrinə əsasən bələdiyyə tərəfindən barəsində №14/90-18, 30.11,2023-cü il tarixli inzibati akt (qərar) qəbul olunmuşdur. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixli qərar məktub iddiaçının ünvanına göndərilmişdir. - M.Ə.Rəsulzadə bələdiyyəsinin 02/234 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 10E ünvanındakı əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 15003,0 kv.m torpaq sahəsinə görə fiziki şəxs qismində İddiaçı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında imzalanmış 28 mart 2017-ci il tarixli, 216/1484 nömrəli müvəqqəti torpaq icarəsi müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən hər bir il üçün 2000,60 (iki min manat, 60 qəpik) manat (10000 kv.m. x 10 manat/100 kv.m. = 1000 manat və 5003 kv.m. x 20 manat/100 kv.m. = 1000,60 manat olmaqla) torpaq vergisi hesablanmışdır. İddiaçının bələdiyyəyə yaranmış 4001,20 (dörd min bir manat, 20 qəpik) manat vergi borcu 2022-2023-cü illəri əhatə edir. İddiaçı hazırda cavabdehin 14/90-18 saylı, xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. - 3.2-ci maddəsinə görə yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. - 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. - 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. - 6.0-cı maddəsinə görə vergilər aşağıdakı formalarda tutulur: 6.0.3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 7.1-ci madəsinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. - 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. - 8.0-ci maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; 8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.3-cü maddəsinə əsasən vu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri, 10000 m²- dək olduqda- 10 manat. -208.1-ci maddəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. -208.2-ci maddəsinə görə torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. -208.3-cü maddəsinə görə müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. -208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. İstinad olunan normalardan görünür ki, əmlak və torpaq vergisi yerli vergilərə aid olmaqla bələdiyyələrə ödənilir. Qanunvericiliyə əsasən əmlak vergisi xüsusi mülkiyyətində olan tikililərə görə hər kvadratmetrinə münasibətdə, torpaq vergisi isə qanuni əsaslarla istifadədə olan torpaq sahəsinin hər 100 kvadratmetrinə görə hesablanır. İşdən görünür ki, cavabdeh iddiaçıya torpaq vergisi hesablamış, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının qanuni istifaəsində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh həmin torpaq sahəsinə görə iddiaçıya torpaq vergisi hesablamaqda haqlı olmuş, həmin məbləğ vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçı iddia ərizəsində tədiyyə bildirişi və qəbul edilmiş qərar barədə məlumatlı olmadığını bildirsə də, iş materiallarından görünür ki, cavabdeh həmin sənədləri poçt vasitəsilə iddiaçıya təqdim etmişdir. Bundan başqa, iddiaçı həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmadığını, dövlət fonduna aid torpaq olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunan normaların təəblərindən görünür ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanan vergidir və həmin vergi torpaq sahəsinin kimin mülkiyyətində olmasından asılı olmayaraq yerli vergi kimi bələdiyyələr tərəfindən alınır. Yəni torpaq vergisi Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsi olan yerli vergilərin bir növüdür və fiziki şəxslər həmin vergini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bu dəlilləri mübahisəli qərarın ləğvi üçün əsas hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqanın mübahisəli qərarın nəticəsinə təsir edən hüquq normalarını pozması müəyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5312/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5312/2024
26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver