Məhkəmə qərarları › İş №2-1(112)-5314/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5314/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5314/2024 29.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. əyin olunmuş əlilliyin müddəti xx.xx.2022ci ilədək müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ fz” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlillik altsistemində etibarsız hesab edilmiş əlillliyin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət ünvanlasa da müraciətinə cavab verilməmişdir. Vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz əllik təyin edilmişdir. Həmçinin cavabdehin bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququ pozulmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Cavabdehin hərəkətləri qanunsuzdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcə əlilliyin ləğv olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 saylı Dəmiryol Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ fs.Ekstrasistolik aritmiya.Postinfarkt kardioskleroz.Hidroperikard.ÜÇ İİİ f.s (NYHA).Hipertoniya xəstəliyi İİİ dərəcə, çox yüksək risk.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0,113-113.2,120-125,...” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin Azərbaycan Dəmir X12 Cəmiyyəti 41212 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə adlı siyahıyla müraciət edərək göndərişlərinin əsassız hesab edilməsi barədə məlumat vermişdir. İddiaçının adı göndərişləri əsassız hesab edilənlərin siyahısında qeyd edildiyindən xx.xx.2021-ci il tarixdə “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 9-cu bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. İddiaçı tərəfindən inzibati orqana müraciət edilmədən birbaşa olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, bununla da mümkünlük şərtləri pozulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış 3-17-4/2-Z-24936/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən “Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Həkim sirri təşkil edən məlumatlar başqa şəxslərə və vəzifəli şəxslərə vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə verilə bilər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü yarımbəndinə əsasən sağlamlıq vəziyyəti haqqında məlumatlar konfidensial hesab olunur və ona və ya 3-cü şəxslərə təqdim edilə bilməz. Barəsində sorğu ilə müraciət etdiyi şəxslərin razılığı olmadan həmin şəxslərə dair fərdi məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsi mümkün deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-4615/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemdən çıxarışdan görünür ki, Bakı 2 saylı Dəmiryol Poliklinikası tərəfindən təqdim edilmiş 4384003AABYK saylı xx.xx.2017-ci il tarixli göndərişə əsasən xx.xx.2017-ci il tarixdə ilkin müayinə edilərək, xx.xx.2017-ci il tarixdən “(İX Sinif – Qan dövranı sistemi xəstəlikləri = İ20-İ25 – ürəyin işemik xəstəlikləri = İ20 – Stenokardiya (döş inağı) – İ20.0 – qeyri-stabil stenokardiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0,113-113.2,120- 125,...) Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ fs. Ekstrasistolik aritmiya. Postinfarkt kardioskleroz Hidroperikard ÜÇ İİİ f.s (NYHA). Hipertoniya xəstəliyi İİİ dərəcə, çox yüksək risk” diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə əlillik təyin edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 41212 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin tabeliyində olan 2 saylı Bakı Dəmiryol Poliklinikası tərəfindən “Ürək qüsurları və miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” diaqnozu üzrə rəsmiləşdirilmiş tibbi göndərişlərin (Forma 088) əsaslılığı aidiyyəti üzrə araşdırılmışdır. Siyahı üzrə təqdim edilmiş 156 nəfər şəxsdən 86 nəfərinə məxsus epikrizlərin dürüstlüyü müvafiq tibb müəssisələri tərəfindən təsdiq edilməmişdir (siyahı nömrə 1 əlavə olunur). Həmin vətəndaşlara rəsmiləşdirilmiş tibbi göndərişlər tərəfimizdən əsassız hesab edilərək, bu göndərişlərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibbi-sosial ekspert komissiyasına göndəriş”lərin elektron registrindən çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilmişdir. Həmçinin siyahıda adları göstərilən şəxslərdən 65 nəfərinə məxsus epikrizləri müvafiq tibb müəssisələrinin bir qismi təsdiq etsə də, digər qismi tərəfindən təsdiq olunmamışdır. Həmin şəxslərin siyahısını onların müayinə və müalicə tarixləri, epikrizlərin dürüstlüyünü təsdiq edən və etməyən tibb müəssisələrinin adları ilə birlikdə qoşmada təqdim edirik (siyahı nömrə 2). Adları siyahıda çəkilən 5 nəfərə (Rüstəmzadə Hicran Feyruz oğlu, X3, X8, X5, X11) rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı ilə bağlı araşdırmanın uzanmasını nəzərə alaraq bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrıca məlumat veriləcəkdir (80. İddiaçı). Bakı 2 saylı Dəmiryol Poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 4384003AABYK, göndəriş tarixi xx.xx.2017-ci il) xx.xx.2015-ci il tarixdən Bakı 2 saylı Dəmiryol Poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2006-cı il tarixdən (xroniki) müəyyən edilmişdir. Əsas diaqnoz: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ fs. Ağırlaşmalar: İ31.3 Perikardial (qeyri-iltihabi) eksudat, hidroperikard İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrasistolik aritmiya İ50.1 Sol mədəcik çatmamazlığı, ÜÇ İİİ fs. (NYHA) Yanaşı xəstəliklər: İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), İİİ dərəcə, çok yüksək risk. İ25.2 Əvvəllər keçirilən miokard infarktı, postinfarkt kardioskleroz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xxxxxxx0005 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2017-ci ildən təyin edilmiş əlilliyin qiymətləndirilməsi nəticəsi xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir (ləğv edilmə səbəbi: Göndəriş etibarsız hesab edilmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X6-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X14 Konvensiyasından irəli gəlir. -Konstitusiyanın 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. -X14 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən: Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququn qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. -13-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik xx.xx.2017-ci ildə təyin olunmuş, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 41212 saylı xx.xx.2021-ci il tarixli məktubuna istinad edilmiş, cavabdehin əsaslandığı həmin məktub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq məktubuna cavab olaraq verilmişdir. Həmin məktubun məzmununa əsasən göndərişlərin əsassız hesab edilməsinin nəzərə alınması xahiş edilmişdir. Bununla da cavabdeh tərəfindən xx.xx.2017-ci ildə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsinə dair əsaslı şübhələrin olmadığı müəyyən edilmiş, bu cür halların mövcudluğuna dair cavabdeh orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçıya təyin edilmiş əlilliyi ləğv edərkən cavabdeh orqan yalnız müvafiq elektron sistemdə düzəliş etməklə kifayətlənmiş, qanunvericilik normalarının tələbləri pozularaq əlilliyin ləğv edilməsi barədə hər hansı inzibati qərar qəbul edilməmiş, bu barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə hesab edir ki, bu hal cavabdehə hər hansı icraat aparmadan iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh, iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən Altsistem vasitəsilə ləğv etməkdə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində ləğv etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni ləğv etmişdir Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh inzibati icraat haqqında qanunvericiliklə tələb olunan qaydada lazımi inzibati icraat aparmamış və iddiaçının əlilliyinin ləğv edilməsi barədə hər hansı əsaslandırılmış qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdeh öz hərəkətlərinin qanuniliyini "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubu ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 41212 saylı xx.xx.2021-ci il tarixli məktubuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsin əlillik dərəcəsini ləğv etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcə əlilliyin ləğv olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcə əlilliyin ləğv olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar