Məhkəmə qərarları › İş №2-1(112)-5345/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5345/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5345/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan soanra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının qəlibçi işləməsi faktının müəyyən edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 1 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, DSMF 1 saylı X1 9 fevral 2022-ci il tarixli aktna əsasən əmək kitabçasında qeyd olunmuş X3 Müəssisəsinin 19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Sabirabad Rayon Arxiv İdarəsinə təhvil verilməmişdir. Bununla da, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı həqiqətən də 19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək X3 Müəssisəsində qəlibçi işləmiş və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Lakin sözügedən dövrlərin əmr kitabları və əmək haqqı cədvəlləri Sabirabad Rayon Arxiv İdarəsinə təhvil verilməməsi onun pensiya hüququnu məhdudlaşdırır. Onun 19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək X3 Müəssisəsində qəlibçi işləməsini şahidlər təsdiq edə bilərlər. Göstərilənlərə əsaslanaraq, iddiaçının 19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək X3 Müəssisəsində qəlibçi işləməsi faktının müəyyən edilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 2 iyul 2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının təqdim etdiyi 6 sentyabr 1973-cü il tarixli əmək kitabçasına və hərbi biletinin surətinə əsasən sığorta stajı (11 noyabr 1974-cü il tarixdən 8 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 21 il 11 ay təşkil edir. Onun 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd olunur ki, 6 sentyabr 1973-cü il tarixdə adına tərtib olunmuş əmək kitabçasında qeyd olunmuş 19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, DSMF 1 saylı X1 9 fevral 2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş X3 Müəssisəsinin 19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək olan əmr kitabları və əməkhaqqı cədvəlləri Sabirabad Rayon Arxiv İdarəsinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Ona 25 sentyabr 2022ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, həmin müavinət 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7- ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər -istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21,1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Nazirlər Kabinetinin 26 dekabr 1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»nın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Qaydaların 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Qaydaların 3.6-cı bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “nömrəli qeyd etibarsızdır”. İddiaçıya məxsus 6 sentyabr 1973-cü il tarixli əmək kitabçasında iddiaçının X4 Müəssisəsində işləməsi ilə bağlı qeydlərdə düzəlişlər aşkar edilmiş, həmçinin işə daxilolma və azad edilmə barədə qeydlərin eyni vaxt doldurulmasına əsaslı şübhələr mövcuddur. Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» Qanunun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı ilə 1992-ci ildən etibarən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılması nəzərdə tutulmuşdur. İddiaçının 24 sentyabr 2003-cü il tarixdə X3 Müəssisəsində işdən azad edilməsi barədə qeyd kiril əlifbası ilə tərtib edilmiş möhürlə təsdiqlənmişdir. İşin obyektiv, tam və hərtərəfli araşdırılması üçün DSMF tərəfindən Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclsında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ümumi iş stajına daxil edilir. Həmin maddənin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş və imtinasını iddiaçıya X3 Müəssisəsində işlədiyi müddətdə 19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək olan dövrə dair əmr kitablarının, əməkhaqqı cədvəllərinin olmaması və bununla da ümumi sığorta stajının 21 il 11 ay təşkil etməsi, eləcə də 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək pensiyanın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə isə, məhkəmə vurğulayır ki, həmin dövrdə (19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək) əmək haqqı verilməsə belə iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa, İddiaçı X3 Müəssisəsində işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 01 yanvar 2006-ci il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Məhkəmə əlavə olaraq onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi müəssisəsinin mövcudluğu da məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi müəssisənin mövcudluğu ilə əlaqədar aidiyyəti üzrə ünvanlanmış sorğulara cavab məktublarından görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uğun olaraq, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 9 mart 2011-ci il tarixli 65 nömrəli Sərəncamına əsasən "xxxx" ASC-nin tabeliyində olan X3 Müəssisəsinin bazasında “X5” ASC yaradılmış və səhmləri 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Göründüyü kimi “X5” ASC "xxxx" ASC-nin tabeliyində olan X3 Müəssisəsinin bazasında yaradılmış müəssisə olmuşdur ki, onun özəlləşdirilməsi və dövlət qeydiyyatına alınması müvafiq sənədlər əsasında təsdiq olunmuşdur. Xüsusi ilə o da nəzərə alınmalıdır ki, iddiaçının həmin dövrlərdə (19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək) X3 Müəssisəsində qəlibləyici vəzifəsində işləməsi də “X5” ASC-nin müvafiq arayışı ilə öz təsdiqini tapmışdır ki, göstərilən bu halların məcmusu iddiaçının həmin dövrlərdə mövcud olan müəssisədə faktiki olaraq işləməsini təsdiq edir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş, lakin hazırki iddia üzrə mübahisələndirilən dövrün (19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək) onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (sözügedən dövr nəzərə alınmadan mübahisələndirilməyən dövr 21 il 11 ay təşkil edir). Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalla bağlı xüsusatlara qiymət verilməsinə zərurət qalmır. Odur ki, həmin müddət də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalı hesablanmaqla və indeksləşdirilmə aparılmaqla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı X3 müəssisəsində işlədiyi dövr (19 sentyabr 1996-cı il tarixdən 24 sentyabr 2003-cü il tarixədək) onun sığorta stajına daxil edilməklə 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 68-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar