Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5370/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin və üçüncü şəxslərin iştirakı ilə İddiaçı İddiaçı MMC-nin cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərar və göstərişin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı MMC-nin cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərar və göstərişin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə “X1 and Marketing” MMC (hazırda "xxxx" MMC) və Azercell Telekom” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək cavabdehin “Antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 30 noyabr 2022-ci il tarixli qərarının iddiaçı ilə bağlı hissədə ləğv edilməsini, cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında haqqında” 05 dekabr 2022-ci il tarixli göstərişinin tam ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddianın məzmunu onunla bağlıdır ki, iddiaçı və üçüncü şəxs arasında qısa mesajların kütləvi yayımının həyata keçirilməsi ilə bağlı müqavilə bağlanılmış, tərəflər arasında hal-hazırda da davam edən müqavilə münasibətləri yaranmışdır. Cavabdeh heç bir qanuni əsas olmadan barəsində maliyyə sanksiyası tətbiq etmiş, maliyyə sanskiyası tətbiq edilən zaman rəqəmlər heç bir əsas olmadan yüksək göstərilmişdir. Şikayətdən imtina edilsə də cavabdeh öz təşəbbüsü ilə əsassız olaraq icraatı davam etmiş və məsuliyyət müəyyən edən qərar və göstəriş qəbul etmişdir. Qərar qəbulu zamanı da icraat əsassız olaraq uzadılmış, işə vaxtında baxılması təmin edilməmişdir. Cavabdeh qərar qəbul edilərkən mülki qanunvericiliklə müəyyən edilmiş müqavilə azadlığı prinsipini nəzərə almamış, təqsirin nədən ibarət olmasını əsaslandırmamışdır. Cavabdehin etirazı: Etirazın məzmunu onunla bağlı olmuşdur ki, iddiaçı və üçüncü şəxs arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması iddiaçı tərəfindən rəqiblərin qərarlarının icrasına qanunsuz təsir etməklə “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü abzasının tələblərini pozmuşdur. İddiaçı maliyyə sanksiyası tətbiq edilərkən mənfəətin şişirdildiyini bildirsə də bu zaman cavabdeh iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq hesablama aparmışdır. İşə baxılma müddəti də qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin bütün tələbləri nəzərə alınmış işin faktiki və hüquqi halları, sübutlar və istinad olunan qanun və digər hallar aydın formada qərarda öz əksini tapmışdır. Üçüncü şəxs tərəfindən Daxili proseduru əsasında tariflərin tətbiqi barəsində tərəfdaşları məlumatlandırıldığı və həmin sənədin açıqlanmasını sübut edən heç bir sənəd təqdim edilməmişdir. Sənəddə sms-lər üçün fərqli tariflər tətbiq edilməsi ilə bağlı konkret meyarlar müəyyən edilməmişdir. İddiaçı MMC-nin güzəştləri tətbiqi üçün rəsmi müraciətini və müvafiq sənədlərin iddiaçıya təqdim edilməsini sübut edən hər hansı sənəd də təqdim edilməmişdir. Üçüncü şəxs tərəfindən iddiaçıya digər tərəfdaşlara nisbətən güzəştli tariflərin verilməsi nəticəsində iddiaçı üstün vəziyyətdə olmuş və müştərilərə aşağı qiymətlər təklif etmişdir. Üçüncü şəxs "xxxx" MMC iddia tələblərinə dair yazılı münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması barədə qərar qəbul edilərkən və göstəriş verilərkən bu məzmunlu işlərdə subyektlərə qarşı müxtəlif yanaşma tətbiq etmiş, ayrı-seçkiliyə yol vermiş, bəzi subyektlərə münasibətdə təkrarlanmama hallarına istinad edərək iş üzrə icraata xitam verilmə barədə qərarlar qəbul etsə də üçüncü barəsində məsuliyyət tədbirinin müəyyən edilməsini həyata keçirmişdir. Eyni zamanda irəli sürülən dəlillərə inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmaqla hər dəfə öncədən münasibət bildirilmiş, işlərə baxılması lüzumsuz və əsassız olaraq formal əsaslarla uzadılmışdır. Bundan əlavə, iş üzrə şikayətçinin mövcud olmaması nəzərə alınmamış, şikayətdən imtina olunsa da cavabdeh öz təşəbbüsü ilə heç bir zərurət olmadan icraat aparmışdır. Qərarda da iş üzrə nəticəyə gələrkən faktiki əsaslandırma aparılmasına inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən borclu olsa da, hər hansı faktiki əsaslandırma aparılmamış, konkret və detallı münasibət bildirilməmişdir. Sanskiya hesablanarkən də ciddi pozuntulara yol vermiş, məbləğin hesablanması zamanı ******* manat məbləğin iddiaçı ilə həm həm də güzəştli layihələr çərçivəsində, həm də güzəşt tətbiq edilməyən fəaliyyət nəticəsində əldə edilmiş ümumi mənfəətin həcmi olması nəzərə alınmamış, əldə edilən gəlirin ******* olması müəyyən edilməmişdir. Cavabdeh nəzərə almamışdır ki, üçüncü şəxs təqribən 700059 manat daha az mənfəət əldə etmişdir ki, bu da istinad olunan pozuntunun motivi baxımından mövqeyin əsassız olduğunu müəyyən edir. Bundan əlavə, üçüncü şəxs cavabdehə dəfələrlə bildirdiyi kimi müqavilə şərtləri çərçivəsində SMS xidmətinə görə nəzərdə tutulmuş qiymətin aşağı həddinin müəyyən edilməsi, tərəfdaşların kütləvi surətdə qiymətlər ilə manipulyasiya etməsinin qarşısının alınmasına xidmət edir. Belə bir şərt mövcud olmadığı təqdirdə iqtisadi baxımından böyük imkanları olan təşkilatların aşağı qiymətlər müəyyən etməklə digər təşkilatların iqtisadi fəaliyyətinə ciddi zərər vurulmasına səbəb olacaqdır. Həmçinin, cavabdeh güzəştlərin tətbiqinin konkret və dəqiq iqtisadi meyar əsasında müəyyən edilməsi barədə tələbi qanunsuz və əsassız olmuşdur ki, cavabdeh özü də konkret və dəqiq iqtisadi meyarın əsaslarını özü də izah edə bilməmişdir. Bununla bağlı bildirilir ki, müvafiq layihələr üzrə SMS yayımı xidməti təşkil və təmin edərkən müştərilərin SMS məlumatlandırma xidməti ilə təmin etmək istəyən korporativ biznes təşkilatının ehtiyaclarını, layihənin əhəmiyyətini, layihə çərçivəsində məlumatlandırılma zərurəti, SMS trafikində ehtimal olunan dövriyyə həcmi, digər operatorların analoji xidmətinə görə tətbiq etdikləri xidmət haqqı, məmnuniyyət rahatlığı nəzərə alınmışdır. Konkret və dəqiq iqtisadi meyarın konkret rəqəm və trafik həcminə istinad edərək qoyulması əməkdaşlıq imkanlarının mümkünsüzlüyünə səbəb olar. Halbuki, həmin formada dəqiq və konkret meyarların müəyyən edilməsi nəinki şirkətlərin, hətta inzibati orqanların ödənişsiz əsaslar ilə kütləvi SMS yayımı edilməsi barədə müraciətlərinin də həyata keçirilməsini mümkünsüz edəcəkdir ki, halbuki, inzibati orqanlara, o cümlədən cavabdehin özünə də bununla bağlı xidmət göstərilmişdir. Bundan başqa, cavabdeh abonent sayına görə mobil rabitə bazarında hömkran mövqeyə üçüncü şəxsin malik olduğunu qeyd edərək SMS xidmətinin həmin xidmətin tərkib hissəsi olduğunu və həmin abonentlərə göndərildiyini qeyd etmiş, abunəçi sayının kütləvi SMS yayımı xidməti ilə əlaqəsini əsaslandıra bilməmiş, konkret məlumat və ya fakta istinad etmədən ehtimallara əsaslanmışdır. Nəzərə alınmalıdır ki, SMS yayımı xidmətinin mahiyyəti satıcı və ya xidmət göstərən tərəfindən müştərilərə məlumat çatdırılmasından ibarətdir. Hazırda belə məlumat çatdırma xidməti kimi SMS-lər yeganə vasitə olmamış, müxtəlif alternativ informasiya çatdırma xidmətləri də mövcud olmuşdur. Bundan əlavə, cavabdeh nəzərə almamışdır ki, SMS-lər operatorun şəbəkəsində aktiv olan nömrələrə deyil, konkret müştərilərə və ya müştəri qruplarına yönəlir. Bu səbəbdən də üçüncü şəxsin bazarda hökman mövqedə olmasını iddia etmək qanuni əsası mövcud olmamışdır. Üçüncü şəxs hesab edir ki, cavabdeh SMS-lərin kütləvi yayımının həyata keçirilməsinin təşkili zamanı mütləq sənəd təqdim edilməli olduğuna dair biznes münasibətlərinə işguzar adətlərə uyğun gəlməyən səhv qənaətə gəlib. Bunula cavabdeh biznes münasibətləri ilə karguzarlığın aparılma qaydaları ilə dəyişik saldığı müəyyən edilir. Cavabdeh nəzərə almamışdır ki, mövcud mülki münasibətlər komissiya müqaviləsi üzrə münasibətlərlə uyğunluq təşkil edir ki, bununla bağlı mülki qanunvericiliyin tələblərinə uyğun münasibətlərin qurulması mümkündür. Cavabdeh nəzərə almamışdır ki, üçüncü şəxs SMS yayımı xidmətini tərəfdaşlar vasitəsi ilə təqdim edilməsinə üstünlük versə də özü də bu xidmətin həyata keçirilməsini edə bilər. Lakin, tərəfdaşlar vasitəsi ilə təmin edilmə nəticəsində işçi heyətinin cəlb edilməsi, interfeys, proqram təminatının hazırlanması, digər texniki, reklam və marketinq xərclərindən, müştərilərin axtarılması, danışıqların aparılması və s kimi hallarından iddiaçı azad olmuş olur. Bununla da xidmətin göstərilməsində tərəfdaşların xidmətindən istifadə əlavə iş yerlərinin açılması və çevik biznes modelinin qurulmasına şərait yaradır. Bir qısa mesaja görə ödəniləcək xidmət haqqının 0,0224 (ƏDV xaric) manatdan aşağı müəyyən edilə bilməz şərtinin qoyulması əsasları barədə bildirir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı öz məhsulları, işi, xidməti üçün qiymətlər müəyyənləşdirmək hüququna malikdir. Bununla bağlı hər hansı məhdudiyyət olmamışdır. Həmçinin, cavabdeh nəzərə almamışdır ki, hər hansı bir tərəfdaş ilə müqavilənin bağlanılmasına dair məcbur etmə halı yaşanmamışdır. Bu səbəbdən bununla bağlı pozuntunun mövcudluğundan söhbət gedə bilməz. Həmçinin, üçüncü şəxs sms yayımı xidmətinin verilməsində iştirak edən tərəfdaş təşkilatlar ilə müqavilələrin bağlanılmasında ayrı-seçkiliyə yol verməmişdir. Güzəştlər hamısına münasibətdə müxtəlif layihələr çərçivəsində tətbiq edilmişdir. Cavabdeh bundan başqa nəzərə almamışdır ki, bu sahədə üçüncü şəxs hökmran mövqedə deyil. Reklam bazarı sahəsində onun hökmran mövqeyinə istinad edilməsi pozuntudur. Cavabdeh müəyyən etməmişdir ki, iddiaçı və üçüncü şəxs “ arasında bağlanmış müqavilənin 2 saylı Sazişi ilə nəzərdə tutulduğu kimi "xxxx" layihəsi üzrə xidmətlər göstərilməyə başlanılmışdır ki, digər üçüncü şəxs tərəfindən həmin layihə çərçivəsində xidmətlər göstərilmədiyindən həmin şərtlərin onlarla bağlanan müqavilədə göstərilməsi mümkün deyildir. Layihələr zamanı həmin halların nəzərə alınmaması layihənin əhəmiyyətinin itirilməsi deməkdir. Halbuki bu zaman üçüncü şəxs üçün hər hansı bir üstünlük vermir, əksinə qeyd edildiyi kimi maliyyə itkisinin mövcudluğu da istisna edilmir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qərarın hissəvi ləğvi ilə yanaşı göstərişin ləğvinə münasibətdə də mümkünlük şərti ödənilir ki, göstərişin hüquqi nəticəsinin olması, onun da ləğv edilməsinə münasibətdə iddianın mahiyyəti üzrə qiymətləndirilməli olmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: 2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. Göründüyü kimi göstərişin icra edilməməsi qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olması istisna edilməmişdir ki, bu səbəbdən də məsuliyyət müəyyən edən göstərişin ləğvinə dair iddia da mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mübahisələndirilən qərarda qeyd edilmişdir ki: - 7 tərəfdaşla kütləvi yayımının həyata keçirilməsi üçün müqavilələr bağlanılmışdır. 01 iyul 2019-cu il tarixindən göndərilən hər sms-ə görə üçüncü şəxs "xxxx" MMC-yə ödəniləcək xidmət haqqı əlavə dəyər vergisi daxil 0,02 manata qaldırılmışdır. -İddiaçı MMC-nin SMPP protokolun üzərindən "xxxx", “Bir Kart”, “EDVgerial”, “Birbank”, “Pashasigorta” “Pasha Heyat”, “Pasha Life”, “Umico” “Xazri” “UmicoBank” “Pasha Qrup”, “Pasha Bank”, “Pashatravel” alfanumerik adlarından abunəçilərə göndərdiyi hər sms-ə görə iddiaçıya ödəniləcək xidmət haqqı ƏDV daxil 0,0148 manat, yəni güzəştli xidmət haqqı müəyyən edilmiş və hazırda tətbiq edilir. - “Azeronline” alfanumerik adından abunəçilərə göndərdiyi hər sms-ə görə ödənilən xidmət haqqı ƏDV daxil 0,014 manat, yəni güzəştli xidmət haqqı müəyyən edilmiş və hazırda tətbiq edilir. - İddiaçı MMC-nin “SMS broadcast system” proqram təminatı vasitəsi ilə həmin alfanumerik adlarından abunəçilərə göndərdiyi hər sms-ə görə iddiaçıya ödənilən xidmət haqqı ƏDV daxil 0,02 manat müəyyən edilmiş və hazırda tətbiq edilir. Həmin güzəştlərin verilmə əsasları barədə heç bir sənəd təqdim edilməmiş, işçi qaydasında aparılmış müzakirələr nəticəsində verildiyi qeyd edilmiş, bu güzəştli xidmət haqqı bütün tərəfdaşlara tətbiq edilməmişdir. - "xxxx" ASC-nin keçirdiyi tenderdə iddiaçının yaratdığı şəraitdən istifadə edərək İddiaçı MMC aşağı xidmət haqqı təklif edərək qalib olmuşdur. - Üçüncü şəxs abunəçilərə sms yayımın həyata keçirilməsi ilə bağlı bağlamış olduğu müqavilələrdə həmin tərəfdaşlara qısa mesajların kütləvi yayımın həyata keçirilməsinə görə 1 qısa mesajın xidmət haqqı ƏDV xaric 0,0224 manatdan aşağı müəyyən edilə bilməz şərti qoymuşdur. Cavabdeh həmin qərarı qəbul edərkən qeyd etmişdir ki, “Daxili proseduru” adlı sənəd və güzəştli tariflərin tətbiqi barədə tərəfdaşların məlumatlandırıldığı və həmin sənədin açıqlanmasını sübut edən heç bir sənəd Komissiyaya təqdim edilməmiş, fərqli tariflər tətbiq edilməsi ilə bağlı konkret meyar müəyyən edilməmiş, iddiaçının güzəştlərin tətbiqi üçün rəsmi müraciətinin mövcud olması barədə sənədlər verilməmişdir. Bununla da iddiaçı bazarda üstün vəziyyətdə olmuş və müştərilərə aşağı qiymətlər təklif etmişdir. Üçüncü şəxsin bağladığı müqavilələrdə 1 qısa mesajın xidmət haqqı ƏDV xaric 0,0224 manatdan aşağı müəyyən edilə bilməz şərtinin qoyulması əsassızdır,cərimələr tətbiq edilməmişdir. Üçüncü şəxs hazırda qüvədə olan SMPP protokolu üzərindən yuxarıda adıçəkilən alfanumerik adlarından və “SMS broadcast system” proqram təminatı vasitəsi ilə SMPP protokolu üzərindən “Azəronline” alfanumerik adından abunəçilərə göndərdiyi hər sms-ə görə iddiaçı tərəfindən üçüncü şəxsə ödəniləcək xidmət haqqına güzəştlər tətbiq edilməsi nəticəsində üçüncü şəxs eyni şərtli müqavilələrin bağlanılmasında ayrı-seçkiliyə yol verməklə Qanunun 8-ci maddəsinin 7-ci bəndinin, güzəştlərin əldə edilməsi üçün aralarında rəqabəti məhdudlaşdıran müqavilələri bağlamaqla iddiaçı və üçüncü şəxs tərəfindən Qanunun 10-cu maddəsinin 2-ci bəndinin, 1 sms yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilə bilməz şərtini qoymaqla, yəni konktragentlərə sərfəli olmayan müqavilə şərtlərinin onlara məcburi qəbul etməklə üçüncü şəxs tərəfindən Qanunun 8-ci maddəsinin 8-ci bəndinin, həmçinin iddiaçı və üçüncü şəxs arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində iddiaçı tərəfindən rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü abzasının tələbləri pozulmuşdur. Cavabdeh qərarında qeyd etmişdir ki, üçüncü şəxs tərəfindən yuxarıda göstərilən alfanumerik adlarından göndərilən smslər üzrə mənfəəti ******* manat olmuşdur. Həmin mənfəət Qanunun 8-ci maddəsinin 7-ci bəndi və 10-cu maddəsinin 2-ci bəndinin tələbləri pozulmaqla əldə edildiyindən dövlət büdcəsinə ödənilməlidir. İddiaçı MMC-yə qarşı verilmiş şikayətindən imtina etsə də həmin pozuntular ümumilikdə xidmətlər bazarına təsir etdiyindən inzibati araşdırma davam etdirilmiş və qərar qəbul edilmişdir. Komissiya hesab etmişdir ki, yuxarıda göstərilən tələblərin pozulmasına yol verilməsinə əsasən üçüncü şəxs tərəfindən şərait yaradıldığının və həmin pozuntuların qarşısının alınması və aradan qaldırılmasının üçüncü şəxsdən asılı olduğundan, habelə tələb olunan sənəd və məlumatların iddiaçı tərəfindən təqdim edildiyi qərar qəbul edilən zamanı nəzərə alınması məqsədəuyğundur. Qərarda, həmçinin göstərilmişdir ki, iddiaçı tərəfindən “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü abzasının tələbləri pozmaqla 01 iyul 2019-cu il tarixdən 31 avqust 2022-ci il tarixinə kimi olan dövr ərzində əldə etdiyi 8438826,94 manat gəlirin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən 1,5 faizi miqdarında, yəni 126582,40 manat maliyyə sanskiyası iddiaçıya tətbiq edilməlidir. İşin təxirə salınması barədə cavabdehin qərarlarında qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən Xidmətə təqdim edilmiş üçüncü şəxs ilə qarşılıqlı hesablaşma aktlarında və qaimələrdə "xxxx" “Bir Kart”, “ƏDVgerial” “Bir Bank” qarşılıqlı alfanumerik adlarından azercell abonentlərinə qısa mesajların göndərilməsinə görə ödənilən xidmət haqqının “X1 and Marketing Limited” MMC tərəfindən təqdim edilmiş üçüncü şəxs ilə qarşılıqlı hesablaşma aktlarında və qaimələrdə azercell abonentlərinə qısa mesajların göndərilməsinə görə ödənilən xidmət haqqından aşağı olduğu müəyyən edilmişdir. Üçüncü şəxs tərəfindən eyni şərtli müqavilələrin bağlanılmasında ayrı-seçkiliyə yol verilməsi qanunvericiliyin pozuntusu əlamətidir. Bundan əlavə, 1 qısa mesajın yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilə bilməz şərtinin qoyulması, rəqabəti məhdudlaşdıran müqavilənin bağlanılması qanunvericiliyin pozuntusu deməkdir. Qərarlarda, həmçinin qeyd edilmişdir ki, üçüncü şəxs tərəfindən eyni şərtli müqavilənin bağlanılmasında ayrı-seçkiliyə yol verilməsi əlamətləri vardır ki, "xxxx" ASCyə qısa mesajların göndərilməsi üzrə xidmətlərin göstərilmə ilə əlaqədar tenderdə Bimtek iddiaçıya uduzmuşdur. Müqavilə şərtinə görə üçüncü şəxs İddiaçı MMC-yə tətbiq etdiyi güzəşti “X1 and Marketing Limited” MMC-yə tətbiq etməmişdir. Qərarlarda, bundan əlavə qeyd edilmişdir ki, üçüncü şəxs ilə 7 şirkət, o cümlədən iddiaçı və digər üçüncü şəxs arasında bağlanılmış müqavilələrdə müəsissələrə sifarişçiləri tərəfindən 1 qısa mesajın yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilə bilməz şərti qoyulmuşdur. Mübahisələndirilən göstərişdə qeyd edilmişdir ki, iddiaçı “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü abzası ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə, yəni rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədi ilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsinə yol verilməməlidir. Eləcə də iddiaçı 126582,40 manat maliyyə sanksiyasını dövlət büdcəsinə köçürməlidir. Arayışda qeyd edilmişdir ki: - İddiaçı və üçüncü şəxs arasında üçüncü şəxslərin sifarişləri əsasında abunəçilərə qısa mesajların kütləvi yayımının həyata keçirilməsi ilə bağlı 05 yanvar 2015-ci il tarixdə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əlavə və dəyişikliyin edilməsinə dair 05 yanvar 2022-ci il tarixli Sazişə əsasən müqavilənin 3.1-ci bəndinin redaksiyasının məzmunundan görünür ki, maddədə qeyd olunmayan alfanumerik adlardan abunəçilərə göndərilən hər qısa mesaja görə ƏDV daxil 0,02 manat xidmət haqqı təşkil etmiş, yuxarıda adıçəkilmiş olan alfanumerik adlarından hər qısa mesaja görə xidmət haqqı ƏDV daxil 0,014868 manat təşkil etmiş, “Azəronline” alfanumerik adından hər qısa mesaja görə xidmət haqqı ƏDV daxil 0,014 manat təşkil etmişdir. - Üçüncü şəxs və "xxxx" MMC arasında 05 yanvar 2015-ci il tarixdə müqavilə bağlanılmış və həmin bağlanılmış müqaviləyə dəyişiklik barədə sazişdə qeyd edilmişdir ki, “E-Tehsil” və “189 Taxi” alfanumerik adından müvafiq olaraq 500 min və 100 min qısa mesaj göndərmək imkanı yaradılacaq və qısa mesaja görə xidmət haqqı tutulmayacaqdır. Eyni zamanda "xxxx", “Millicard”, “8893”, “Accessbank” alfanumerik adlarından abunəçilərə ay ərizndə göndərdiyi hər qısa mesaja görə maddənin 1-ci hissəsində qeyd olunan xidmət haqqı tətbiq ediləcəkdir. Arayışda bildirilmişdir ki, üçüncü şəxs eyni şərtli müqavilələrin bağlanılmasında ayrıseçkiliyə yol vermiş, İddiaçı MMC müəyyən alfanumerik adlarından abunəçilərə ay ərzində göndərdiyi hər qısa mesaja görə xidmət haqqı ƏDV daxil 0,014868 manat, "xxxx" MMC və digər üçüncü şəxs “X1 and Marketing Limited” MMC-nin abunəçilərə ay ərzində göndərdiyi hər qisa mesaja görə xidmət haqqı ƏDV daxil 0,02 manat təşkil etmişdir. Bundan əlavə "xxxx" MMC ilə İddiaçı MMC tərəfindən qarşılıq hesablaşma aktları və qaimələrdə müəyyən qrup alfanumerik adlarından qısa mesajların göndərilməsinə görə xidmət haqqının ƏDV xaric 0,0126 manat, “X1 and Marketing Limited” MMC tərəfindən təqdim edilmiş hesablaşma akt və qaimələrdə xidmət haqqının ƏDV xaric 0,0169 manat olduğu müəyyən edilmişdir. “X1 and Marketing” MMC tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı MMC-yə qarşı verilmiş şikayətdən imtina edilmişdir. SMS yayımı xidmətinin göstərilməsində iştirak edən təşkilatlar, mövcud tariflər və xüsusi layihələrə dair məlumat barədə cədvəldən görünür ki, "xxxx" MMC-yə “Message” sender İD-dən beynəlxalq trafik, "xxxx" MMC-yə Simkredit, Arıchiliq, bitkiçilik, heyvandarlıq, meyveçilik, terevezchilik, yonca, tebi ot, MSM Technologies MMC-yə “E- Tehsil”, “189 TAXİ”, üçüncü şəxs İddiaçı MMC-yə ASAN pay və ASAN xidmət, "xxxx" MMC-yə 8117 (Unibank), 8145 (Bank of Baku), Beynəlxalq bank layihələri çərçivəsində 1 sms ə görə qiymət müəyyən edilməmiş, eyni zamanda "xxxx" MMC -yə Optimal Electronics, Kapital Bank, Millicard, 8893, Accessbank layihələri çərçivəsində istisna qiymətlər müəyyən edilmişdir. Üçüncü şəxslərin sifarişləri əasında abunəçilərə qısa mesajların kütləvi yayımının həyata keçirilməsi Daxili Prosedurunda qeyd edilmişdir ki, prosedurun məqsədi iddiaçı və üçüncü şəxslərin sifarişləri əsasında abunəçilərə qısa mesajların kütləvi yayımın həyata keçirilməsi ilə bağlı daxili qaydaların tətbiq edilməsi prinsiplərini müəyyənləşdirməkdir. Abunəçilərə qısa mesajların kütləvi yayımı özü tərəfindən və tərəfdaşlıq edilən təşkilatlar tərəfindən edilə bilər. Konkret layihənin əhəmiyyətini nəzərə alınmaqla iddiaçının özünün də biznes təşkilatı və dövlət qurumlarına xidmətin həyata keçirilməsi xüsusi olaraq vurğulanmışdır. Korporativ biznes təşkilatının ehtiyaclarını, layihənin əhəmiyyətini, layihə çərçivəsində abunəçilərə məlumatlandırılması zərurətini, sms mübadiləsində ehtimal olunan dövriyyə həcmi, məmnuniyyət, rahatlıq tələbatlıq və s nəzərə alınmaqla iddiaçı tarifləri sərbəst olaraq müəyyən edir. “SMS broadcast system” proqram təminatı vasitəsi ilə göndərilən smslər kütləvi yayım üçün nəzərdə tutulduğu və əsasən reklam məqsədlər üçün istifadə edildiyi üçün bütün tərəfdaşlara konkret qiymətlər müəyyən edilir. Reklam bazarına neqativ təsir etməməsi üçün proqram təminatından göndərişlər üçün xidmətin 3cü şəxslərə verilməsi qiymətinin aşağı həddinin müəyyən edilməsi, qiymətlər ilə əsassız manipulasiya etməsinin qarşısı alınır. Eləcə də Konkret layihələr üzrə yalnız bu layihələr üçün qüvvədə olan fərqli tariflər tətbiq edilə bilməsi də göstərilmişdir. İddiaçı tərəfindən 7 şirkətə göndərilmiş məktubda qeyd edilmişdir ki, şifahi qaydada əvvəllər deyilmiş mövqe yenidən müdafiə edilərək yazılı qaydada məlumat verilir ki, iddiaçı sms yayımı xidməti çərçivəsində dövriyyə həcminin artmasında tərəfdaşlar kimi maraqlıdır. Bu səbəbdən də müxtəlif layihələri uğurla həyata keçirilməsinə ciddi dəstək vermək niyyətindədirlər. Bu baxımdan yeni müştəri və ya konkret layihələr çərçivəsində tariflərə yenidən baxılmasının müzakirəsi mümkündür. İş materiallarında mövcud olan 7 şirkətlə iddiaçı arasında bağlanılmış müqavilə və onlara əlavələrdən görünür ki, "xxxx" MMC-yə Simkredit, Arıchiliq, bitkiçilik, heyvandarlıq, meyveçilik, terevezchilik, yonca, tebi ot adları altında qeyri-məhdud sayda göndəriləcək mesajlara görə xidmət haqqı tətbiq edilməyəcək. Smile” MMC-yə 8117 (Unibank), 8145 (Bank of Baku), Beynəlxalq bank nömrələri adından qısa mesajların kütləvi yayımına görə ödəniş tətbiq edilməyəcək. "xxxx" MMC-yə “E-Tehsil”, “189 TAXİ”, Optimal Electronics, Kapital Bank, Millicard, 8893, Accessbank müəyyən şərtlər daxilində xidmət haqqında tutulma aparılmayacaq və ya müəyyən güzəştlər müəyyən ediləcəkdir. Müqavilələrdən görünür ki, şirkətlər tərəfindən sifarişçilər ilə abunəçilərə qısa mesajların kütləvi yayımının həyata keçirilməsinə dair bağladığı xidmət müqaviləsində 1 qısa mesajın yayımına görə ödəniləcək xidmət haqqı məbləğinin ƏDV xaric 0,0224 manatdan aşağı müəyyən edilə bilməməsi məzmunlu bənd əlavə edilmişdir. İddiaçı və üçüncü şəxs İddiaçı MMC arasında bağlanılan müqaviləyə dəyişiklik edilməsi barədə Sazişdən görünür ki, Müqavilənin 3.1-ci maddəsinin redaksiyası dəyişdirilmiş, redaksiyanın məzmunu ondan ibarət olmuşdur ki, yuxarıda adıçəkilən alfanumerik adlarından abunəçilərə ay ərzində göndərdiyi hər qısa mesaja görə xidmət haqqı ƏDV daxil 0,014868 təşkil edir. “Azəronline” alfanumerik adından abunəçilərə ay ərzində göndərdiyi hər qısa mesaja görə xidmət haqqı ƏDV daxil 0,014 manat təşkil edir. Məktubdan görünür ki, “X1 and Marketing Limited” MMC üçüncü şəxs barəsində cavabdehə şikayət məktubu ilə müraciət etməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun: M a d d ə 4. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur; inhisarçılıq fəaliyyəti—inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdİrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti; bazar maneələri—yeni rəqiblərin bazara daxil olmasına maneçilik (kiriş maneələri) və bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin buranı tərk etmək cəhdləri qarşısında maneələr qoymaq (çıxış maneələri); üfuqi sazişlər—istehsal silsiləsinin eyni səviyyəsində olan, yaxud eyni bazarda bir-biriləri ilə rəqabətə yol verməmək məqsədilə fəaliyyət göstərən təsərrüfat subyektlər arasında sazişlər; şaquli sazişlər—istehsal silsiləsinin müxtəlif səviyyələrində olan təsərrüfat subyektləri arasında, yaxud təsərrüfat subyektləri ilə onların müştəriləri və mal göndərənləri arasında sazişlər; təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti. M a d d ə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; 8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi; M a d d ə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli sazişlərə aşağıdakılar aiddir: 2) bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər; M a d d ə 17. Bu Qanunun pozulmasının nəticələri
1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar. “Haqsız rəqabət haqqında” Qanunun: Maddə 1. Əsas anlayışlar rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır; haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri; Maddə 3. Haqsız rəqabətin formaları Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. Maddə 7. Haqsız sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; Maddə 12. Maliyyə sanksiyaları
1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;
“Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. 2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. 2.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanununpozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər. 2.12. Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (8 nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16. Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş (10 nömrəli əlavə) on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. 2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. 4.1. İcra hakimiyyəti orqanları, bazar subyektləri (onların vəzifəli şəxsləri) və vətəndaşlar, o cümlədən fərdi sahibkarlar, mövcud qanunvericiliyə uyğun olaraq antiinhisar orqanlarının antiinhisar qanunvericiliyinin pozulması haqqında işi mahiyyət üzrə həll edən qərarlarının və göstərişlərinin tam və ya qismən etibarsız sayılması, cərimə tətbiq edilməsi və maliyyə sanksiyaları tətbiq edilməsi haqqında qərarların ləğv edilməsi barədə ərizə ilə inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər. Tərəflər arasında üçüncü şəxslərin də iştirakı ilə yaranmış inzibati məhkəmə mübahisəsinin mahiyyətindən aydın olur ki, mübahisə iddiaçının antiinhisar qanunvericiliyini pozub-pozmaması ilə bağlıdır. Belə ki, iddiaçı barəsində də qəbul edilmiş qərardan görünür ki, cavabdeh hesab edir ki, iddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 2-ci bəndinin və “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozuntusuna yol vermişdir. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli sazişlərə bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişləri də aiddir. Eləcə də, “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi haqsız sahibkarlıq fəaliyyəti hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı halda antiinhisar pozuntusunun törədilməsi hesab edilən bazarın xüsusiyyətləri iddiaçının müqavilə münasibətində olduğu üçüncü şəxsin həmin bazarda hökmran mövqe tutub-tutmamasının müəyyən edilməsi baxımından əhəmiyyətlidir. İş materiallarından göründüyü kimi pozuntu halı üçüncü şəxsin sifarişləri əsasında abunəçilərə qısa mesajların kütləvi yayımının həyata keçirilməsi ilə əlaqədardır. Həmin fəaliyyətin mahiyyəti isə odur ki, üçüncü şəxs iddiaçı və digər üçüncü şəxs kimi hüquqi şəxslərlə müqavilə münasibətlərinə daxil olaraq sifarişçilərin sifarişi əsasında üçüncü şəxsdə olan abunəçilərə əsasən reklam xarakterli olan qısa mesajlar göndərir. Sadə ifadə ilə hər hansı şirkət hər hansı kampaniyası, xidməti və s barədə şəxsləri məlumatlandırmaq, reklamını həyata keçirmək üçün iddiaçı kimi hüquqi şəxslərə müraciət edir, həmin hüquqi şəxslər isə üçüncü şəxs ilə razılaşaraq həmin xidmət, kampaniya və s barədə məlumatı abunəçilərinə qısa mesajlar göndərilməklə çatdırır. “Reklam haqqında” Qanunun 2-ci maddəsinin tələbindən də göründüyü kimi reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat hesab edilir. Qısa mesajların göndərilməsi də məhkəmə hesab edir ki, qanunda reklam obyektinə istehlakçısının diqqətini cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat kimi reklamın yayılma vasitə və üsullarından sadəcə biri kimi qiymətləndirilməlidir. Belə ki, adıçəkilən Qanundan da göründüyü kimi Teleradio proqramlarında (verilişlərində) reklam, qaçan sətirlə verilən reklam, dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda reklam, telekommunikasiya qurğuları və poçt göndərişləri ilə yayımlanan reklam, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən yayımlanan reklam, nəqliyyat vasitələrində reklam, açıq məkanda reklam və s kimi reklamın üsul və vasitələri sadalanmışdır ki, sms kütləvi yayımının da həmin reklamlardan üsul və vasitə baxımından fərqləndirilməsi əsası mövcud olmamışdır. Aydın məsələdir ki, qısa mesajların göndərilməsi ümumilikdə informasiya və bildirişlərin çatdırılması ilə bağlı ola bilər ki, reklam xarakteri olmamış olsun. Lakin, göndərilən sms-lərin reklam xarakterli və ya reklam xarakteri olmayan informasiyanın çatdırılması ilə bağlı olub-olmamasından asılı olmayaraq ortaq cəhəti onunla bağlı olmuşdur ki, hər iki halda qısa mesajların yayımı hər hansı bir informasiyanın şəxslərə təqdim edilməsi ilə əlaqədardır. “İnformasiya əldə etmək haqqında” Qanunun tələbindən də göründüyü kimi informasiya yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar hesab edilir. Göründüyü kimi cavabdehin qorunmasını zəruri bildiyi münasibətlər reklam və məlumatlandırma ilə bağlı bazarın münasibətləri, subyektlər də həmin bazarın subyektləridir. Reklam və məlumatlandırma ilə bağlı münasibətlər üzrə isə üçüncü şəxsin adıçəkilən bazarda hökmran mövqeyindən məhkəmə hesab edir ki, söhbət belə gedə bilməz. Belə ki, üçüncü şəxs reklam və digər xarakterli məlumatların məhz abunəçilərə mesajların təqdim edilməsi üsulu ilə təqdim edilməsində bir-neçə şirkətə məxsus olan ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) hökmran mövqeyə malik hesab edilsə belə, məhkəmə hesab edir ki, üsul və vasitələrdə hökmran mövqeyin mövcudluğu ilə bazarda hökmran mövqeyin mövcudluğu arasındakı fərqin nədən ibarət olmasını cavabdeh müəyyən etmədən iddiaçı və üçüncü şəxs barəsində qərar qəbul etmişdir. Doğrudur ki, üçüncü şəxsin müəyyən fəaliyyəti çərçivəsində hökmran mövqedə olması istisna təşkil etmir. Lakin, bu hal üçüncü şəxsin daxil olduğu hər mülki hüquq münasibətində hökmran mövqedə olması hesab edilməməlidir. Məhkəmə hesab edir ki, reklam bazarında və məlumatlandırma ilə bağlı yaranan münasibətlərdə də üçüncü şəxsin bazarda hər hansı hökmran mövqesi olmamış, bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyət yaratmamışdır. Belə ki, mövcud reallıqda sifarişçilər reklam və reklam xarakteri daşımayan məlumatlarını digər informasiya vasitələri hesabına çatdırmaqda sərbəstdir ki, sms yayım xidməti digər məlumat çatdırma vasitələri, eləcə də sosial şəbəkələr, mobil tətbiqlər və s məlumatların yayılma təsiri nəzərə alındıqda üçüncü şəxs hökmran mövqedə olmamış və yaxud da artıq itirmişdir. Belə olduğu təqdirdə isə ümumiyyətlə qərarda və göstərişdə istinad olunan Qanunun 10-cu maddəsinin, eləcə də 7-ci maddənin pozuntusundan söhbət gedə bilməz. Belə ki, həmin maddədə olan pozuntular mövcud olsaydı belə, cavabdeh nəzərə almamışdır ki, həmin pozuntuların törədilməsi zamanı məsuliyyət tədbirinin müəyyən edilməsi üçün subyekt tərkibi də əhəmiyyət daşıyır ki, üçüncü şəxsin adıçəkilən reklam bazarı və məlumatlandırma sferasında hökmran mövqeyinin ümumiyyətlə mövcud olmaması nəzərə alınmamış, məsuliyyət müəyyən edilməli olmayan hüquqi şəxsə münasibətdə qanunsuz olaraq məsuliyyət tədbiri müəyyən edilmişdir. Adıçəkilən maddələrin tələbindən də göründüyü kimi həmin maddələrlə tənzimlənən münasibətlər müqavilə azadlığı prinsipləri əsasında yaranan adi mülki münasibətlərin yox, məhz inhisarçılıq elementlərinin mövcud olduğu və ya olaca biləcəyi münasibətlərin tənzimlənməsi ilə bağlıdır. Nə qədər ki, həmin münasibətlər məhkəmə hesab edir ki, antiinhisar fəaliyyətinin tənzimləməli olduğu münasibətlər olmayıb, mülki hüquqi münasibətlərdir, məhkəmə hesab edir ki, hər bir halda həmin normaların tələblərinin pozulmasından, bu səbəbdən məsuliyyət tədbirlərinin müəyyən edilməsindən söhbət gedə bilməz. Başqa sözlə bazarın xarakteri və üçüncü şəxs "xxxx" MMC-nin hökmran mövqedə olmaması nəzərə alınmaqla iddiaçı bərabərtərəfli müqavilə iştirakçısı kimi mülki xarakterli müqavilə ilə "xxxx" MMC ilə mülki hüquq münasibətlərində olmuşdur ki, həmin münasibətlərdən yaranan pozuntu mövcud olsa belə həmin pozuntu inzibati hüquq münasibətlərinin pozuntusu hesab edilə bilmədiyindən inzibati qaydada məsuliyyətin müəyyən edilməsindən də söhbət gedə bilməz. İşin faktiki hallarından da göründüyü kimi mübahisənin mahiyyəti onunla bağlı olmuşdur ki, üçüncü şəxs və İddiaçı MMC-yə qısa mesajların göndərilməsi ilə bağlı xidmət haqqında güzəştlər müəyyən etmiş, nəticədə isə digər bazar subyektlərinə münasibətdə İddiaçı MMC üstünlük əldə etmişdir. İş materiallarında olan həmin bağlanılan müqavilədən də göründüyü kimi ümumilikdə sifarişçilər tərəfindən ödənilməli olan xidmət haqqının aşağı məbləğinin həddi barədə, eləcə də hər bir sms görə üçüncü şəxsə ödənilməli olan xidmət haqqı müəyyən edilsə də, müəyyən alfanumerik adlarından göndərilən sms görə xidmət haqqında güzəştlər tətbiq edilmiş, eləcə də sifarişçilər tərəfindən ödənilməli olan xidmət haqqının aşağı məbləğinin həddi nəzərə alınmamışdır. Həqiqətən də həmin faktiki hallar müəyyən edilsə də məhkəmə hesab edir ki, cavabdeh tərəf həmin güzəştin mahiyyətini müəyyən etmədən qərar qəbul etmiş, üçüncü şəxsin bu sahədə digər şirkətlərlə bağladığı müqavilələrlə müqayisəni aparmadan qərar qəbul etmişdir. Halbuki, istər məhkəməyə təqdim edilən daxili prosedur adlı sənəddə, istərsə də cavabdeh və məhkəməyə təqdim edilən sənədlərdə, eləcə də sms yayım xidməti ilə bağlı tərəfdaşlıq edilən 7 şirkətə göndərilən məktublarda güzəştli tariflərin tətbiqinin, eləcə də qiymət həddinin bazarda güclü mövqedə olan şirkətlərin digər şirkətlərin fəaliyyətinə ziyan vurmaması baxımından zərurəti qeyd edilmiş, müəyyən layihələr çərçivəsində güzəştli tariflərin tətbiqi xüsusiyyətləri aydın formada göstərilmişdir. Daxili proseduru adlı sənəddə də qeyd edildiyi kimi iddiaçı SMS yayımı xidmətini özü də təqdim edə bilsə də, tərəfdaşlar, yəni yuxarıda adları qeyd edilən 7 şirkət kimi şirkətlərlə, həmçinin iddiaçı və üçüncü şəxslərlə təqdim edilməsinə üstünlük verir. Tariflər isə biznes təşkilatının ehtiyacları, layihənin əhəmiyyəti, layihə çərçivəsində abunəçilərin məlumatlandırılması zərurəti, SMS mübadiləsində ehtimal edilən dövriyyə həcmi, digər operatorların analoji xidmətinə görə tətbiq etdikləri xidmət haqqını, həm müştlərini SMS məlumatlandırma xidməti ilə təmin etmək istəyən korporativ biznes təşkilatlarının, həm də abunəçilərin məmnuniyyətini, rahatlığını, tələbatını nəzərə alaraq tarifləri üçüncü şəxs sərbəst olaraq, öz mülahizəsi əsasında müəyyən edir. Tərəfdaşların mövcud müştəri bazası və həyata keçirdiyi layihələr, tərəfdaşın müştərilə ilə işləmə təcrübəsi, praktiktliyi, uğurları, müştərilərin təqdim edilən xidmət ilə bağlı geri bildirişləri və s nəzərə alınır. Eləcə də reklam bazarına neqativ təsir etməməsi üçün 3-cü şəxslərə sms yayımının verilməsi qiymətinin aşağı həddinin müəyyən edilməsinin manipulyasiyanın qarşısının alınmasına xidmət etməsi də nəzərə çatdırılmışdır. Həmçinin, konkret layihələr üzrə yalnız bu layihələr çərçivəsində qüvvədə olan fərqli tariflərin tətbiq edilməsi, gözləntilər özünü doğrultmadıqda isə fərqli tariflərin tətbiqi halına yenidən baxılması halı da göstərilmişdir. Məhkəmə hesab edir ki, üçüncü şəxsin daxili prosedur sənədi inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmışdır ki, həmin daxili prosedur sənədi çərçivəsində üçüncü şəxsin fəaliyyəti inzibati hüquq pozuntusu üçün şərait yaratmamışdır. Cavabdeh nəzərə almamışdır ki, güzəştli tariflərin tətbiqi mövcud layihələrin realizəsi baxımından əhəmiyyətli hesab edilmiş və xidmət haqqında güzəştlər təkcə İddiaçı MMC-yə yox, digər şirkətlərə, hətta şikayət vermiş digər üçüncü şəxsə münasibətdə də tətbiq edilmişdir. Bu zaman, cavabdeh tərəfindən hətta bəzi layihələr çərçivəsində xidmət haqqının tutulmaması kimi halı da ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, iş materiallarında olan sənədlərdən, o cümlədən müqavilələr və cədvəldən görünür ki, "xxxx" MMC-yə “Message” sender İD-dən beynəlxalq trafik, "xxxx" MMC-yə Simkredit, Arıchiliq, bitkiçilik, heyvandarlıq, meyveçilik, terevezchilik, yonca, tebi ot, MSM Technologies MMC-yə “E-Tehsil”, “189 TAXİ”, üçüncü şəxs İddiaçı MMC-yə ASAN pay və ASAN xidmət, "xxxx" MMC-yə 8117 (Unibank), 8145 (Bank of Baku), Beynəlxalq bank layihələri çərçivəsində 1 sms ə görə qiymət müəyyən edilməmiş, eyni zamanda "xxxx" MMC -yə Optimal Electronics, Kapital Bank, Millicard, 8893, Accessbank layihələri çərçivəsində güzəştli qiymətlər müəyyən edilmişdir. Göründüyü kimi 7 şirkətlə müxtəlif layihələr çərçivəsində xidmət haqqında güzəşt və xidmət haqqının ümumiyyətlə tutulması haqqında, eləcə də sifarişçilərə təqdim edilmə ilə bağlı aşağı həddinin müəyyən edilməməsi baxımından güzəştlər müəyyən edilmiş, lakin cavabdeh məhz üçüncü şəxsin iddiaçıya İddiaçı MMC-yə münasibətdə güzəştinin pozuntu halı yaratdığı və digər şirkətlərdə daxil olmaqla mövcud bazarda əsassız üstünlük yaratdığı mövqeyində olmuş, heç bir şikayətçi olmamasını nəzərə almadan qərar qəbul etmişdir. Qeyd olunduğu kimi, cavabdehin öz təşəbbüsü ilə qorumaq istədiyi münasibətlərin hansı subyektinin hüquqlarının pozulması aydın deyil. Halbuki, mövcud subyektlər üçüncü şəxslər ilə bağlanılmış müqavilələr əsasında İddiaçı MMC kimi güzəştlərdən istifadə etmiş, hətta bəzi layihələr çərçivəsində İddiaçı MMC-yə verilməmiş güzəşt tətbiq edilərək, ümumiyyətlə xidmət haqqının tətbiq edilməməsi kimi güzəştlərdə müəyyən edilmiş cavabdeh isə həmin halları nəzərə almadan öz təşəbbüsü ilə icraat aparmaqla iddiaçının hüquqları pozmasına istinad edərək, faktiki olaraq iddiaçının hüququnun pozuntusuna səbəb olan qərar və göstəriş qəbul etmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, “Antiinhisar faəliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 2-ci bəndinin, eləcə də “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin 3-cü abzasının tələblərinin pozuntusundan söhbət gedə bilməz. Belə ki, Mülki Məcəllənin: 5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, cavabdeh nəzərə almamışdır ki, iddiaçı və üçüncü şəxs "xxxx" MMC arasında bağlanılmış müqavilə və ona dəyişikliklər edilməsi haqqında Sazişlər nəticəsində yaranmış münasibətlər mülki qanunvericiliyin təməl prinsiplərindən olan məhz mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı və digər aidiyyəti prinsipləri nəzərə alınmaqla yaranmış, iddiaçı bərabərtərəfli subyekt kimi həmin müqavilə və sazişlərdə nəzərdə tutulmuş hüquq və vəzifələr nəzərə alınmaqla sahibkarlıq fəaliyyətini həyata keçirmişdir ki, bu zaman rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsinə yönələn hər hansı fəaliyyətlə məşğul olmamışdır. Adıçəkilən Məcəllənin 13-cü maddəsinin tələbindən də aydın olur ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İddiaçı da məhz həmin fəaliyyətin həyata keçirilməsinin tərkib elementi kimi müvafiq xidmətlərin göstərilməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır ki, məhkəmə hesab edir ki, cavabdeh rəqabət və haqsız rəqabətlə bağlı, eləcə də antiinhisar qanunvericiliyi və mülki qanunvericiliklə qorunan hüquq münasibətlərinin mahiyyətini qarışdırmış, mülki hüquq münasibətlərinə dair publik xarakterli sanksiya tətbiq etməklə mülki qanunvericiliyin adıçəkilən təməl prinsiplərinin pozulmasına yönələn dövlət müdaxiləsini həyata keçirmişdir. Bu səbəbdən də iddiaçı və üçüncü şəxs arasında bağlanılan müqavilə və sazişə də heç bir əsas olmamasına baxmayaraq rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli saziş xüsusiyyəti müəyyən etməyə cəhd etmişdir. Həmçinin, cavabdeh İddiaçı MMC-yə müvafiq güzəştli tariflərin tətbiq edilməsi barədə yazılı müraciətin olmamasına istinad etmiş, bu zaman nəzərə almamışdır ki, mülki münasibətlərin subyektlərinin işgüzar münasibətlərini mütləq qaydada yazılı qaydada aparması, digər vasitələrdən istifadə edilməklə işguzar münasibətlərin qurulmasında hər hansı qadağanın olmamasını nəzərə almamışdır. Belə olduğu təqdirdə də mütləq qaydada həmin güzəştlərin tətbiq edilməsi barədə yazılı müraciətin mövcud olmasının gözlənilməsi məhkəmə hesab edir ki, işin faktiki və hüquqi hallarına uyğun olmamışdır. Bu zaman, güzəştlərin tətbiqi baxımından mütləq qaydada dəqiq iqtisadi və konkret meyarların müəyyən edilməsi zərurəti baxımından da qiymətləndirmə aparılmasında məhkəmə hesab edir ki, ziddiyyət mövcud olmuşdur. Belə ki, bir tərəfdən həmin halların ümumiyyətlə yolverilməzliyi və qanunvericiliyin pozuntusu halının mövcud olması əsaslandırılır ki, digər tərəfdən konkret və dəqiq iqtisadi meyara əsaslanaraq əslində həmin meyarlar mövcud olduğu təqdirdə həmin halların pozuntu olmadığına istinad edilir ki, pozuntunun olubolmamasının konkret, dəqiq iqtisadi meyardan asılı edilməsi məhkəmə hesab edir ki, yolverilməzdir. Belə ki, istər daxili prosedur adlı sənəddə, istər cavabdehə müraciətlərində, iddia ərizəsində meyarlarla bağlı əsaslandırma məqbul hesab edilir ki, məhz dəqiq iqtisadi göstəricilərdən, rəqəmlərdən istifadə edilməsi güzəştin tətbiqi ilə bağlı məqsədlərlə uyğunluq təşkil etməməkdədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” cavabdehin 30 noyabr 2022-ci il tarixli qərarı İddiaçı MMC-yə aid hissədə ləğv edilsin. Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında haqqında” cavabdehin 05 dekabr 2022-ci il tarixli İddiaçı MMC barəsində göstərişi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov