Məhkəmə qərarları › İş №2-1(112)-5385/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5385/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5385/2021 29.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X6, Üçüncü şəxs X5 vəkili X9 iştirakları ilə, İddiaçı X11 Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və X7) “dəyişikliyin qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin reyestrdə qeydə alınmış faktların sonraki dəyişikliyinin, yəni Birliyin 12.12.2021-ci il tarixli qərarı ilə təsbit edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə ərizələr əsasında cavabdehin əsl Cavabdeh və iddiaçının əsl iddiaçı “Azərbaycan Karlar İdman Federasiyası” İctimai Birliyi ilə əvəz edilməsi barədə qərardadlar qəbul etmişdir. Son olaraq iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə verərək iddiaçı qismində X11 qeyd olunması xahiş olunmuş və ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ümumi yığıncaq protokoluna və İctimai Birliyinin üzvlərinin imzasına əsaslanaraq barəsində Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin Prezidenti seçilməsi barədə dəyişikliyin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu “Hüquqi şəxsləri dövlət qeydiyyatı və reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinin tələblərinə əsasən onun muraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya münasibətdə bildirir ki, Baş İdarəyə 12.12.2020-ci il tarixdə keçirilmiş konfransda X11 təşkilatın yeni prezidenti seçilməsi və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti daxil olmuşdur. Birliyin nizamnaməsinin 5.4-cü bəndinə əsasən konfransın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Lakin təqdim olunmuş 12.12.2020-ci il tarixli konfransın protokolundan çıxarışda lehinə və əleyhinə səs verən üzvlərin sayı göstərilmədiyindən qərarın qəbul edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, adı çəkilən ictimai birliyin 15.12.2016-cı ildə keçirilmiş konfransında X5 təşkilatın prezidenti seçilməsi və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətləri daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X10 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 vəkili X12 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. -45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. -114.1-ci maddəsinə əsasən ictimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. -8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir. -9.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. -10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. -10.2-ci maddəsinə əsasən ictimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. -10.4-cü maddəsinə əsasən ictimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. -13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyrihökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. -16.2-1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -25.1-ci maddəsinə əsasən İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. -25.2-ci maddəsinə əsasən ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. -25.3-cü maddəsinə əsasən ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. -25.4-cü maddəsinə əsasən ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir. -25.5-ci maddəsinə əsasən ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir: 25.5.1.ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi; 25.5.2.ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi; 25.5.3. ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; 25.5.4. illik hesabatın təsdiq edilməsi; 25.5.5. başqa təşkilatlarda iştirak; 25.5.6. ictimai birliyin yenidən təşkili və ləğv edilməsi. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; -9.2-3-cü maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. -11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, ictimai birlik ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Nəzərə alınmalıdır ki, Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı mühim rol oynayır ki, bu tənzimləmələrin aparılması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından həyata keçirilir. Məhkəmə qeyd edir ki, ümumiyyətlə dəyişikliyin dövlət qeydiyyatından alınmasından imtina edilməsinin əsasları qanunvericilikdə səciyyələnmişdir. Məhkəmə bildirir ki, dəyişikliyin dövlət qeydiyyatından alınmasından imtina olunmalı olub-olmamasına qiymət verərkən, həmçinin digər xüsuslara da münasibət bildirilməlidir. Başqa sözlə desək, müəyyən məsələnin həllində iştirak edən ali idarəetmə orqanının iştirakçılarının səlahiyyətlərini təsdiq edən sənədlərin mövcudluğu yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, təşkilatın iştirakçılarından biri də - üzvlər hesab olunur ki, onlar qeyri-hökümət təşkilatının idarəetməsində mühim rol oynayır. Belə ki, qanunvericilikdə ictimai birliyinin üzvlərinin hüquq və vəzifələri ətraflı olaraq xarakterizə olunmuşdur ki, bunlardan biri də, ictimai birliklərin rəhbər orqanlarının seçməsi ilə bağlıdır. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, “Azərbaycan Karlar İdman Federasiyası” İctimai Birliyi 29.12.1993-cü il tarixdə qeyri-hökümət təşkilatı qeydiyyata alınmış, ümumi yığıncağın qərarı əsasında ictimai birliyin sədri X2. “Azərbaycan Karlar İdman Federasiyası” X3 5.4-cü bəndi əsasında iddiaçı tərəfindən konfrans keçirilmiş və həmin konfransın nəticəsi olaraq İctimai Birliyinin X1 olmasına qərar verilmişdir. Qərarın qəbul edilməsinin əsasında isə “Azərbaycan Karlar İdman Federasiyası” İctimai Birliyinin konfrasında iştirak edən üzvlərin imzası təşkil edir. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsinin əsasında duran hal odur ki, 12.12.2020-ci il tarixli qərarından çıxarışda leyhinə və əleyhinə səs verən üzvlərin sayı göstərilməmişdir. Düzdür, təkzib olunmaz haldır ki, həqiqətən də qərarda səs verən üzvlərin sayı göstərilməmişdir. Lakin, burada mühim məqam odur ki, ümumiyyətlə ictimai birliyin üzvləri kimi təqdim olunmuş 109 nəfər şəxsin üzv olmasını təsdiq edən sənədin olub-olmamasıdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə üzvlər kimi təqdim olunmuş şəxslərin həqiqətən də İctimai birliyinin üzvləri olması şübhə doğurur. Belə ki, sözügedən şəxslərin Birliyin üzvləri olmasını təsdiq edən sənəd qismində yalnız X11 imzası və “Azərbaycan Karlar İdman Federasiyası” İctimai Birliyinin möhürü ilə təsdiq olunmuş siyahı təşkil edir.“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanun”unun 10.4-cü maddəsinin tələblərinə nəzər yetirdikdə məlum olur ki, ictimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. Məhkəmə tərəfindən sözügedən şəxslərin İctimai Birliyinin üzvləri kimi reyestrinin aparılıb-aparılmaması ilə bağlı sorğu verilmiş, lakin həmin reyestrin aparılması aşkar olunmamışdır. Bundan başqa, məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş V.Məmmədova öz ifadəsində (tərcüməçi vasitəsi ilə müəyyən olunmuş) ictimai birliyin ümumi yığıncağının aparılmasında katib qismində iştirak etdiyini bildirmiş və iddiaçı tərəfindən təqdim olunmuş siyahıda adıçəkilən şəxlərin tanımadığını qeyd etmişdir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmağı zəruri hesab edir ki, ümumiyyətlə X11 Azərbaycan Karlar İdman Federasiyasının yeni Prezidenti seçilməsi barədə 12.12.2020-ci il tarixli qərarından çıxarış konfransın sədri Hacıyev Akif tərəfindən imzalanmış və “Azərbaycan Karlar İdman Federasiyası” İctimai Birliyinin möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə A.Hacıyevin möhürdən istifadə etmək səlahiyyəti olmamışdır. Belə ki, mülki məhkəmə icraatı zamanı baxılmış mübahisə üzrə məhkəmə qətnamələrindən görünür ki, “Azərbaycan Karlar İdman Federasiyası” İctimai Birliyinin iddiası təmin edilmiş, X8 Azərbaycan Karlar İdman Federasiyasına aid möhür və sənədlərin alınaraq Federasiyaya təhvil verilməsi qət edilmişdir. Məhkəmə bildirir ki, məhkəmə qətnaməsi 18 iyul 2019-cu il tarixdə qanuni qüvvəsini aldığından, X13 həmin müddətdən sonra möhürdən istifadə etmək səlahiyyətində olmamışdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq vurğulamağı zəruri hesab edir ki, ictimai birliyin üzvlərinin dairəsinin müəyyən edilməsi mümkün deyilsə, deməli ümumi yığıncağın səlahiyyətli olmasından söhbət gedə bilməz. Belə ki, ictimai birliyin müstəsna səlahiyyətə malik olan, orqanının qərarının məcburiliyindən o zaman söhbət gedə bilər ki, həqiqətən də həmin qərarın qəbulu prosedurunun qanunvericiliklə müəyyən olunmuş tələbləri yerinə yetirilmiş olsun. Halbuki, hazırkı iş üzrə yığıncaq iştirakçılarının ictimai birliklə hər hansı hüquqi bağlılığı müəyyən edilmir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubu ilə də öz təsdiqini tapır ki, İctimai Birliyin özünün qeydiyyatı mövcud olsa da, onun üzvlərinin reyestrdə qeydiyyatı mövcud deyil. Bu səbəbdən də ümumi yığıncağın çağrılması, səsvermənin keçirilməsi, üzvlərinin iradə ifadəsinin olması kimi halların hazırkı iş üzrə mövcudluğu təsdiq edilmir. Belə ki, iddiaçının möhür və imza ilə təsdiq etdiyi üzvlərin siyahısı hüquqi əsası olmayan sənəddir və təbii haldır ki, üzvlər müəyyən edilə bilmirsə, ictimai birliklə heç bir hüquqi bağlılığı olmayan şəxslərin qəbul etdiyi qərarın reyestrdə qeydiyyata alınması barədə iddianın təmin edilməsi əsası da mövcud olmayacaqdır. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, həm üçüncü şəxs, həm də iddiaçı ayrı-ayrı üzvlərin olduğu siyahıları məhkəməyə təqdim etmiş və ictimai birliyin üzvlərinin həmin şəxslər olduğunu qeyd etmişdir ki, həmin siyahıların araşdırması zamanı da ümumiyyətlə əksər şəxslərin eyni olmadığı müşahidə edilmişdir. Göründüyü kimi ictimai birliyin üzvlərinin kim olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən də üzvlər kimi adları çəkilən şəxslərin yekdilliklə qəbul etdiyi qərarın ictimai birlik adından qəbul edilən qərar olmasına məhkəmə hesab edir ki, əsas mövcud deyil. Sadə ifadə ilə desək, reyestrdə adları olmayan üzvlər yoxdursa, deməli səlahiyyətli ümumi yığıncaq da mövcud deyil, səlahiyyətli ümumi yığıncaq mövcud deyilsə, deməli ictimai birlik adından qərar da qəbul edilməmişdir, qərar ictimai birlik adından qəbul edilmədiyindən, deməli cavabdehin həmin qərar əsasında reyestrdə hər hansı qeydiyyat aparması ilə bağlı öhdəliyi də mövcud deyil. Qeyd olunan işin faktiki halları isə nəticədə iddianın rədd edilməsi barədə məhkəmənin iddia üzrə qiymətləndirmə aparması üçün əsas yaradır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar