Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5393/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" MMC və "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əqli Mülkiyyət Agentliyinin sertifikatlarına əsasən “янтарь” “янтарный свет” “дары янтаря” və “янтарный край” əmtəə nişanlarından 29-cu sinif üzrə, “янтарь” həm də 35-ci sinif üzrə müstəsna istifadə etmək hüququ iddiaçıya verilmişdir. İddiaçı tərəfindən həmin əmtəə nişanlarının qanunsuz istifadəsi ilə bağlı cavabdehə müraciət edilmiş və inzibati icraat başlanılmışdır. İnzibati icraat nəticəsində həmin əmtəə nişanlarından müstəsna istifadə etmək hüququ iddiaçıya məxsus olsa da, üçüncü şəxs tərəfindən antiinhisar qanunvericiliyin pozulması əlamətlərinin aşkar edilməməsi barədə cavabdeh qərar qəbul etmişdir. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, üçüncü şəxslər iddiaçının icazəsi olmadan əmtəə nişanlarını istifadə etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən yuxarıda adları çəkilən Rusiya Federasiyasına məxsus şirkətlərlə aralarında bağlanılmış alqı-satqı müqavilələrinə əsasən mallar alınaraq idxal edilmişdir. Həmin məhsulların pirat olması barədə gömrük orqanlarında hər hansı hal aşkar edilməmiş, haqsız rəqabət halına rast gəlinməmişdir. İddiaçı malların istehsalçısı olmamaqla yanaşı, özünün Rusiya Federasiyasından idxal etdiyi mallara eyni adda olan əmtəə nişanı barədə şəhadətnamə alması, digər təsərrüfat subyektlərinin həmin malları qanunauyğun şəkildə idxa edib ticarət fəaliyyətinə, dolayısı ilə rəqabətin məhdudlaşdırılmasına səbəb olan hallara gətirib çıxarmamalıdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mübahisələndirilən qərarda qeyd edilmişdir ki, iddiaçıya məxsus əmtəə nişanlarından istifadə zamanı “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinin və 9-cu maddəsinin tələblərinin pozulması müəyyən edilməmişdir. Əqli Mülkiyyət Agentliyinin şəhadətnamələrindən görünür ki, “янтарь” “янтарный свет” “дары янтаря” və “янтарный край” əmtəə nişanları iddiaçının adına qeydiyyata alınmışdır. Dövlət Gömrük Komitəsinin məktubundan görünür ki, üçüncü şəxslər tərəfindən əmtəə nişanlarından istifadə edilib-edilməməsi barədə ölkə ərazisinə məhsulların idxal edilməsi barədə sorğuya cavab olaraq Komitə gömrük rəsmiləşdirilməsinə əsas olmuş sənədləri 01 ədəd disk formasında məhkəməyə təqdim etmişdir. İnvoys, gömrük bəyannamələri və digər aidiyyəti sənədlərdən görünür ki, ölkə ərazisinə idxal olunan mallar Rusiya Federasiyasında məhsulların istehsalçısı tərəfindən bağlanılmış müqavilə və digər aidiyyəti sənədlər əsasında gömrük rəsmiləşdirilməsinə məhsul qalaraq idxal edilmiş və dövriyyəyə buraxılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun: M a d d ə 1 . Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); M a d d ə 3 . Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. M a d d ə 2 5 . Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. “Haqsız rəqabət haqqında” Qanunun: M a d d ə 1. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri; M a d d ə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. M a d d ə 9. İstehlakçıların çaşdırılması Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Gömrük Məcəlləsinin: 280.1. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 280.2. Əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir: 280.2.1. hüquq sahibi haqqında məlumat; 280.2.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat; 280.2.3. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan malın təsviri; 280.2.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar; 280.2.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi. 280.3. Ərizəyə tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur. 280.5. Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər. “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır.[3] Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. 2.14. İşin icraatına onun mahiyyəti üzrə qərar çıxarılmamışdan aşağıdakı hallarda xitam verilə bilər: antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş şəxs qanun pozuntusunu könüllü surətdə aradan qaldırdıqda; antiinhisar qanunvericiliyinin pozulması faktlarının mövcudluğu Komissiya tərəfindən təsdiq olunmadıqda. İşin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərar cavabdeh tərəfindən antiinhisar qanunvericiliyinin pozulması faktlarının mövcudluğunun təsdiq edilməməsi səbəbindən qəbul edilmişdir ki, iddiaçı üçüncü şəxslər tərəfindən həmin pozuntuların törədildiyi, cavabdeh isə həmin pozuntuların mövcud olmadığına əsaslanır. Pozuntunun mövcud olma ehtimalının əsası isə iddiaçının sahibliyində olan əmtəə nişanlarından üçüncü şəxslər tərəfindən istifadə edilə bağlıdır. Məhkəmə hesab edir ki, həmin əmtəə nişanlarından qanunsuz istifadə həqiqətən də antiinhisar qanunvericiliyinin pozulması deməkdir ki, həmin pozuntu cavabdeh tərəfindən icraata xitam verilməsi barədə qərarın ləğvi üçün əsas olmalı idi. Lakin, hazırkı iş üzrə üçüncü şəxslər tərəfindən istifadə mövcud olsa da, istifadə qanunsuz olmadığından antiinhisar qanunvericiliyin pozuntusundan söhbət gedə bilməz. Belə ki, antiinhisar qanunvericiliyin pozuntusu dedikdə, aparılmış icraatdan görünür ki, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü və 9-cu maddələrinin eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi və əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi istiqamətində araşdırma aparılmışdır. Cavabdeh hesab edir ki, həmin hallarla bağlı hər hansı pozuntu mövcud deyildir. Məhkəmə də həmin mövqedə olmaqla, hesab edir ki, istər həmin maddə ilə nəzərdə tutulmuş maddənin tələblərinin, eləcə də digər aidiyyəti maddələrinin tələblərinin üçüncü şəxslər tərəfindən hər hansı pozuntusu halı mövcud olmamışdır. Belə ki, icraata xitam verilməsi barədə qərar mübahisələndirilərkən iddiaçı nəzərə almamışdır ki, əmtəə nişanlarından istifadə qanunsuz yox, qanuni əsaslarla olmuş, üçüncü şəxslər tərəfindən məhsulların dövriyyəyə buraxılmasında hər hansı təqsir mövcud olmamış, həmin məhsullar məhsulun istehsalçısı olan Rusiya Federasiyasında fəaliyyət göstərən müəssisələr tərəfindən razılaşdırılmaqla gömrük orqanları tərəfindən rəsmiləşdirilməklə aparılmaqla üçüncü şəxslər tərəfindən dövriyyəyə buraxılmışdır. Nə qədər ki, istər məhsulun istehsalçısı, istər istehsalçı müəssisənin yerləşdiyi ölkənin gömrük orqanı, istərsə də ölkəyə qanuni əsaslarla məhsulların idxalına nəzarət edən yerli gömrük orqanı tərəfindən adıçəkilən məhsulların idxal edilərək dövriyyəsinə razılıq verilmişdir, məhkəmə hesab edir ki, təqsir ünsürünün mövcudluğu zəruri olan pozuntu halının mövcudluğundan söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, üçüncü şəxslər məhsulların idxalını istehsalçı müəssisə və ölkələrin gömrük orqanlarının qanunauyğun görüntüdə olan davranışına uyğun olaraq həyata keçirmişdir ki, iddiaçı istehsalçı müəssisə ilə əmtəə nişanına sahib olduğu halda həmin məhsulların üçüncü şəxslərə satışını mübahisələndirmədən və həmin məhsulların satışı barədə gömrük rəsmiləşdirilmələrinin aparılmasına dair müraciətlər etmədən, baş vermiş halla bağlı bütün məsuliyyətin üçüncü şəxslərdə olduğu və antiinhisar qanunvericiliyinin məhz onlar tərəfindən pozulması hallarının mövcudluğunu cavabdeh qarşısında irəli sürməkdədir ki, məhkəmə elə yuxarıda göstərilən əsaslara istinad edərək hesab edir ki, üçüncü şəxslər tərəfindən qanunvericiliyin pozuntusu halının mövcudluğu halı üçün “təqsir” ünsürünün istisna edildiyi qənaətindədir və üçüncü şəxslər tərəfindən hər hansı qanunvericilik normasının pozuntusunu müəyyən etmədiyindən hesab edir ki, cavabdeh tərəfindən qanuni və əsaslı aparılmış inzibati icraat nəticəsində qanuni və əsaslı qərar qəbul edilmişdir ki, həmin qərarın ləğv edilməsinə münasibətdə qanuni əsas mövcud deyil. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5393/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5393/2023
18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver