Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5453/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı vəzifə maaşının ödənilməsi və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı vəzifə maaşının ödənilməsi və s qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 noyabr 2020-ci il tarixdən vergi mütəxəssisi vəzifəsinə təyin edilmiş, 10 may 2022-ci il tarixdə əmək şəraitinin dəyişdirilməsi adı ilə vəzifəsindən azad edilmişdir. İddiaçı qeyd edir ki, həmin tarixlərdə maaş almamışdır. Bununla bağlı müraciət etmiş, lakin əmək haqqısının ödənilməsi həyata keçirilməmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: Cavabdehin 06 sentyabr 2018-ci il tarixli əmrindən görünür ki, onunla xidməti müqavilə bağlanılmış, əmək haqqının hər ay yığımının 24 faizi məbləğində olması müəyyən edilmişdir. Xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanılmış müqavilə xidməti müqavilə olmuş, 1 il müddətinə müqavilə bağlanılması, xitam verilmə barədə yazılı müraciət edilmədiyi təqdirdə isə həmin müddətə uzadılması tərəflərin iradə ifadəsi ilə müəyyən edilmişdir. Cavabdehin 02 noyabr 2020-ci il tarixli əmrindən görünür ki, iddiaçı 02 noyabr 2020-ci il tarixdən vergi mütəxəssisi vəzifəsinə təyin edilmiş, ay ərzində yığılmış verginin 25 faizi məbləğində əmək haqqı müəyyən edilmişdir. Əmək müqaviləsindən görünür ki, iddiaçı ilə 1 illik müddətə əmək müqaviləsi bağlanılmış, xitam verilmə barədə müraciətin olmayacağı təqdirdə müqavilə müddətinin uzadılması həmin müqavilədə də öz əksini tapmışdır. 04 aprel 2022-ci il tarixli əmrlə istehsalatda yaranmış zərurətlə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 10 may 2022-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin c bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı 79 saylı əmrlə vergi mütəxəssisi vəzifəsinə qəbul edilmiş, 10 may 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin c hissəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. X1 iddiaçıya ünvanlanmış məktubundan görünür ki, əmək haqqının verilməməsi barədə müraciətləriniz əsasında vəzifəli şəxs barəsində son haqq-hesabın gecikdirilməsi səbəbindən inzibati tənbeh tədbiri görülmüşdür. Fərdi əmək mübahisəsi ilə bağlı isə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşin qeyd olunan faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, əmək, hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh inzibati orqan olsa da iddiaçı bələdiyyə qulluqçusu statusunda malik olan şəxs olmamış, müddətli əmək müqaviləsi bağlamaqla işçi qismində çıxış etmişdir ki, bu da onu inzibati orqan olan cavabdehə münasibətdə-yəni işəgötürənə münasibətdə bərabərtərəfli subyekt olmasına dəlalət edir Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəyə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Qanunvericiliyin tələbindən də görünür ki, əmək haqqının ödənilməsi, ödənilməməsi, ondan məhrum etmə fərdi əmək mübahisəsinin predmeti qismində çıxış edir ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinin həlli isə inzibati yox, mülki işlərə baxan rayon məhkəməsinin səlahiyyətində olan məsələdir. Digər bir ifadə ilə inzibati orqanın təbii haldır ki, dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və ya hərbi qulluqçu statusunda olan şəxslərə münasibətdə qəbul etdiyi aktların və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyin publiklik əlaməti xüsusiyyətinə malik olması şübhə doğurmamaqla hazırkı icraat qaydasında baxılması üçün də əsas yaratmış olur. Səbəb isə onunla bağlıdır ki, inzibati orqan qeyd olunan statusa malik şəxslərə münasibətdə bərabərtərəfli subyekt hesab edilmir, hakimiyyət səlahiyyətinə malikdir, tərəflər arasında tənzimlənən mübahisə publiklik əlaməti daşıyır. Lakin, işəgötürən inzibati orqan olsa belə hərbi qulluqçu, xüsusi rütbəli şəxs olmayan, dövlət qulluqçusu və ya bələdiyyə qulluqçusu statusunda olmayan işçiləri kimi mülki işçilərinə münasibətdə hər hansı hakimiyyət səlahiyyətinə malik olmur, münasibət publiklik əlaməti daşımır və ən əsası da həmin münasibətlərin, eləcə də aralarında yaranmış mübahisənin tərəfləri kimi hər ikisi bərabərtərəfli subyekt qismində, yəni işəgötürən və işçi qismində çıxış edir. İddiaçı isə bərabərtərəfli subyekt qismində çıxış etdiyi mübahisə üzrə məsələnin həllini mülki icraat qaydasında rayon məhkəməsində həll etmək əvəzinə inzibati qaydada həll etməyə yönələn iddia vermişdir ki, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən ehtimal olunan əmək haqqının verilməməsinin yönəldiyi subyekt mülki işçisinə aid olduğundan onun həmin şəxsə münasibətdə qəbul etdiyi nə əmr, nə hərəkət, nə də hərəkətsizliyi hazırkı fərdi əmək mübahisəsinə münasibətdə publiklik əlamətinə malik deyildir. İddiaçının mülki işçi olmasına münasibətdə aparılmış araşdırma nəticəsində də müəyyən edildiyi kimi iddiaçı əmək müqaviləsi bağlanılmaqla müəyyən müddətə, stabil olmayan əmək haqqı ilə işə götürülmüşdür ki, əmək haqqının və işə qəbul əmrinin mahiyyətindən və məhkəmə araşdırmasından aydın olur ki, iddiaçı bələdiyyə qulluqçusu statusunda olmamışdır. Belə ki, “Bələdiyyə qulluğu haqqında” Qanunun: Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Maddə 5-1. Bələdiyyə qulluğuna qəbul Bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra müsabiqə komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir. Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Müsabiqə komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir. Müsabiqə komissiyasının fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq və bərabərlik prinsipləri əsasında həyata keçirilir. Müsabiqə komissiyasının işinə müdaxilə yolverilməzdir. Müsabiqə komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir. Müsabiqə komissiyasının işinə müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər. Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi bələdiyyə qulluğu daimi peşə fəaliyyətidir və vəzifəyə qəbul Qanunun 5-1-ci maddəsinin tələbindən göründüyü kimi müsabiqə keçirilməklə həyata keçirilir. Həmin Qanunun digər maddələrindən müəyyən edilir ki, bələdiyyə qulluqçularına spesifik vəzifə, məhrumiyyətlər və qadağalar müəyyən edilmişdir ki, bu da həmin statusa malik şəxslərə münasibətdə bələdiyyə orqanını bərabərtərəfli subyekt yox, hakimiyyət səlahiyyətli subyekt edir. Lakin, hazırkı mübahisədə iddiaçı bələdiyyə qulluqçusu hesab edilmir, o daimi əsaslarla yox, müddətli əmək müqaviləsi ilə işəgötürülmüş əmək münasibətinin tərəfi olan işçidir, cavabdehlə bərabərhüquqlara malikdir Beləliklə, fərdi əmək mübahisəsi ilə bağlı hüquq münasibəti isə iddiaçı və cavabdehin statusu nəzərə alınmaqla publiklik əlamətlərini daşımadığından, yəni iddiaçıya münasibətdə cavabdeh hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, tərəflər fərdi əmək mübahisəsi üzrə əmək qanunvericiliyinin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfləri kimi müvafiq olaraq işçi və işəgötürən hesab edildiyindən, tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr əmək qanunvericiliyi çərçivəsində realizə olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qeyd olunmalıdır ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə mülki icraat qaydasında baxılması üçün ümumi yurisdiksiyalı rayon məhkəməsinə müraciət etmək hüququna malikdir ki, həmin hüquq ona izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-5453/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5453/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver