Məhkəmə qərarları › İş №2-1(112)-5511/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5511/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5511/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə avtomobillərin ölkəyə buraxılması və cərimələrin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildə Belçikanın Antverpen şəhərindən İddiaçı adına göndərilmiş "RENAULT MEGANE" buraxılış ili xx.xx.2007-ci il, şassi nömrəsi VF1KMSFB537085971 olan avtomobilin və "RENAULT MEGANE" markalı, buraxılış ili xx.xx.2011-ci il olan, şassi nömrəsi VF1KZ8G********** olan avtmobilin Azərbaycan Respublikasının ərazisinə buraxılması və və həmin avtomobiliərin dayanacaqda saxlanılması üçün hesablanmış və hesablanan cərimənin silinməsi (ləğv olunması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, adına xx.xx.2023-cü ildə Belçikanın Antverpen şəhərindən MS "NORDİÇ ANA" yük gəmisi vasitəsilə "RENAULT MEGANE" buraxılış ili xx.xx.2007-ci il, şassi nömrəsi VF1KMSFB537085971 olan avtomobilin və Heusden-Zolder şəhərindən "RENAULT MEGANE" markalı, buraxılış ili xx.xx.2011-ci il olan, şassi nömrəsi VF1KZ8G********** olan avtomobillər göndərilmişdir. Gəminin qəzaya uğraması səbəbindən yükün gətirilməsi bir neçə ay ləngimişdir. Nəhayət avtomobil iyul ayının 14-də Batumi limanına çatdırılmışdır. Lakin həmin avtomobilin Azərbaycana gətilməsinə icazə verilmir və həmin avtomobillərin dayanacaqda saxlanılmasına görə cərimə hesablanır. Həmin vaxtdan avtomobilin saxlanılması üçün cərimə hesablanır. O, həmin avtomobilin ölkə ərazisinə buraxılması üçün ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-H-001013/1-10/2023 saylı cavab məkubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək xahişindən imtina edilməsi göstərilir. Bu, tamamilə əsassızdır. Belə ki, həmin avtomobil onun adına bu qərar qəbul edilməmişdən əvvəl yola salınmışdır. Qəza nəticəsində avtomobilin Azərbaycana çatdırılması ləngimişdir. "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 94 saylı, 29 mart 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı vəzifələri yerinə yetirir. Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək; icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək; bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək; gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq; gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq; Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək; milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak, onlar gömrük sərhədindən keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin etmək; insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq; Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək; gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət orqanlarına yardım göstərmək; gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək: milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək; gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək; dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək; beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarını vermək; gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək; müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək; xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür; gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid məsləhətlər vermək; dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək; dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək; müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq; beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq; digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əsasnaməsinin 3.1-ci bəndinə əsasən əsasən Baş İdarənin vəzifələri aşağıdakılardır: İcrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək; Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq; aksiz markası ilə markalanmalı olan malların və sərbəst dövriyyə üçün buraxılış, müvəqqəti idxal, ixrac, təkrar ixrac, təkrar idxal və müvəqqəti ixrac gömrük prosedurları altında yerləşdirilən avtonəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq; gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddətinə riayət edilməsini təmin etmək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.16-cı maddəsinə əsasən gömrük orqanı dedikdə - gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi nəzərdə tutulur. Hazırki işin mübahisəsiz hallarından görünür ki, nəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək səlahiyəti cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin deyil, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətinə aid edilmişdir. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırki iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Sosial Xidmətlər Agentliyinə qarşı yönəlmişdir. İddia tələbinin predmetini ünvan 1 ünvanda yerləşən binadan mənzilin verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması təşkil edir. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əsasnaməsinin 3.1-ci bəndinə əsasən əsasən aksiz markası ilə markalanmalı olan malların və sərbəst dövriyyə üçün buraxılış, müvəqqəti idxal, ixrac, təkrar ixrac, təkrar idxal və müvəqqəti ixrac gömrük prosedurları altında yerləşdirilən avtonəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 21.1.2.3-cü bəndinə əsasən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi inzibati orqandır. Ona görə də, hazırkı iddia tələbinə cavabdeh verməli olan şəxs Aksizli Mallar üzrə Baş Gömrük İdarəsidir. İddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əvəz edilməsi barədə iddiaçıya hüquqi yardım göndərilsə də, iddiaçının vəkili məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmənin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əvəz edilməsi barədə ərizələri məhkəməyə nə elektron kabinet vasitəsi ilə, nədəki məhkəmənion dəftərxnasına təqdim etməmişdir. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı hazırkı tələblə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət edə bilər. Əgər İdarə tərəfindən müaricətinin təmin olunmasından imtina olundğu təqdirdə həmin iDarəyə qarşı müvafiq tələblə iddia verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar