Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5519/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) «dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 №-li Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1988-1990-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən bu günədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edir. Artıq 28 ildən çoxdur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdədir. Lakin mənzillə təmin olunmaq hüququnun olmasına baxmayaraq, hərbi xidmət dövrü yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Həmin Fərmanda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Həmin Fərmana əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də kifayət qədər əsaslar mövcuddur. Belə ki, o, 28 il 02 ay 17 gün Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdədir, 20 ildən çox qüsursuz xidmət etdiyimə görə xx.xx.2017-ci il tarixdə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur, ümumiyyətlə 7 medalla təltif olunmuşdur, hərbi xidmət dövrü heç vaxt yaşayış sahəsi ilə təmin edilməmişdir, himayəsində 2 uşağı var, Silahlı Qüvvələr veteranıdır, uzun müddət döyüş zonasında xidmət etmişdir, müharibə veteranıdır. 2020-ci ilin iyun ayında o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək qeyd olunan Fərmana uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə göstəriş verilməsini xahiş etsə də, müraciətinə xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və ümumi xidmət illəri 28 il təşkil edir. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınarsa, iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutulması və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsi Fərmanın tələblərinə uyğun deyildir. Səbəb ondan ibarətdir ki, iddiaçı Ağdam Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsinin “q” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Cinayət Məcəlləsinin 41 maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlər - İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması iddiaçının xidmətinin qüsursuz olmamasına dəlalət edir. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 2409 saylı məktubda qeyd olunur: Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" xx xxxxxx 2011ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Ağdam Qarnizonu Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğunuz səbəbindən Sizin dövlət vəsaiti hesabına mənzillə təminatınız Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş M\V seriyalı 000989 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1970-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan İddiaçı məxsus EZ nömrəli ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1990-xx.xx.1994-cü illər müdaivm olmuş, xx.xx.1994-cü ildən xx.xx.2020-ci ilədək hərbi xidmət keçmiş, xx.xx.2020-ci ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxx 2016-cı il tarixli 089t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubileyi medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2013-cü il tarixli 098t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubileyi medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2018-ci il tarixli 0171t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)» yubileyi medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 0105t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 045t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2016-cı il tarixli 0121t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli 0103t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 0105t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 045t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2016-cı il tarixli 0121t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə və Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli 0103t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin tələblərinə əsasən isə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər və “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İş materiallarından görünür ki, iddiaçı həm 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə, həm də 10 təqvim ili, 15 təqvim ili və 20 təqvim ili qüsursuz hərbi xidmət keçdiyi üçün “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə təltif olunmuşdur. Adından və təltif edilmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. İddiaçı xx.xx.2020-ci ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci ildə hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır və bu hüquq qeyd olunan maddənin tələbinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. İddiaçının da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir. Qeyd olunanlar iddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, onu «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verir, bu baxımdan həmin Fərman iddiaçıya da şamil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5519/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5519/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver