Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5528/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçıdan gömrük ödənişləri üzrə artıq məbləğin alınmasının qanunsuz sayılması və vurulmuş zərərin əvəzi kimi həmin məbləğin qaytarılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5” MMC cavabdeh AR Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçıdan gömrük ödənişləri üzrə artıq məbləğin alınmasının qanunsuz sayılması və vurulmuş zərərin əvəzi kimi həmin məbləğin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı MMC ilə Türkiyə Respublikasının hüquqi şəxsi arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Lökbatan qəsəbəsində “Bravo” anbarının genişləndirilməsi layihəsi üçün qara metaldan konstruksiyalar və onların ləvazimatları Azərbaycan Respublikasının ərazisinə idxal edilmişdir. Müqaviləyə görə, malların “İncoterms – CİP Bakı” (yəni, malların Bakıyadək daşınma və sığorta xərcləri satıcı tərəfindən ödənilir) şərtilə 1 kq-nın satışı 1.30 ABŞ dolları (sövdələşmə qiyməti) təşkil etmişdir. Toplam müqavilə şərtləri üzrə çatdırılmalı malların həcmi və dəyəri isə 910 ton üzrə 1.183.000 ABŞ dolları (2.011.100 manat, 1 ABŞ dolları = 1,7 manat olmaqla) təşkil etmişdir. Hal-hazıradək müqavilə üzrə malların sövdələşmə qiyməti 1 kq – 1.30 ABŞ dolları olmaqla, 1.131.390 ABŞ dolları (1.923.363 manat) dəyərində və 870.300 kq çəkidə mal idxal olunmuş, mallara dair 43 gömrük bəyannaməsi rəsmiləşdirilmiş və 498.760,93 manat məbləğində gömrük rüsumu, 691.308,71 manat məbləğində ƏDV və 16.760 manat məbləğində gömrük yığımları, cəmi 1.206.829,64 manat məbləğində gömrük ödənişləri gömrük orqanları tərəfindən iddiaçıdan tutulmuşdur. Qeyd olunan 43 gömrük bəyannaməsindən x xxxxxx 2020-ci il və x xxxx 2020-ci il tarixli 3 gömrük bəyannaməsi üzrə 17.410,38 manat məbləğində gömrük rüsumu, 24.155,92 manat məbləğində ƏDV və 720 manat məbləğində gömrük yığımları düzgün hesablanmışdır. Lakin eyni müqavilə üzrə idxal olunan eyni mallara dair digər 40 gömrük bəyannaməsi üzrə gömrük orqanları tərəfindən səhvən artıq gömrük ödənişləri hesablanıb iddiaçıdan tutulmuşdur. Beləliklə, yuxarıda qeyd olunan hesablamadan göründüyü kimi, artıq tutulmuş gömrük rüsumunun məbləği 210.256,48 manat, artıq tutulmuş ƏDV-nin məbləği 291.228,57 manat və artıq tutulmuş gömrük yığımlarının məbləği 5.960 manat, toplam müqavilə üzrə idxal əməliyyatları əsasında artıq tutulmuş gömrük ödənişləri 507,445.05 manat təşkil edir. Göründüyü kimi, gömrük ödənişləri hesablanarkən və iddiaçıdan həmin ödənişlər tələb edilərkən (tutularkən) gömrük orqanları tərəfindən səhvə yol verilmiş və nəticədə, İddiaçıdan külli miqdarda artıq gömrük ödənişləri tutulmuşdur. İddiaçı tərəfindən artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması məqsədilə, ilkin olaraq Bakı Baş Gömrük İdarəsinə, bundan sonra isə cavabdeh AR Dövlət Gömrük Komitəsinə müraciət edilmişdir. Cavabdeh AR Dövlət Gömrük Komitəsi özünün sonuncu, yəni xx xxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, müvafiq hərəkətlərin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, «Gömrük tarifi haqqında» AR Qanununun 12.1.1-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsinin üsuludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Qeyd olunur ki, malların idxalı üzrə rəsmiləşdirilən 43 gömrük bəyannaməsindən x xxxxxx 2020-ci il və x xxxx 2020-ci il tarixli müvafiq 3 bəyannamə malların sövdələşmə qiyməti ilə (yəni, 1 kq – 1.30 ABŞ dolları) rəsmiləşdirilmiş və həmin bəyannamələr üzrə 17.410,38 manat məbləğində gömrük rüsumu, 24.155,92 manat məbləğində ƏDV və 720 manat məbləğində gömrük yığımları düzgün hesablanıb tutulmuşdur. Buna baxmayaraq, eyni müqavilə üzrə idxal olunan eyni mallara dair digər 40 gömrük bəyannaməsində malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə deyil, əsası və ya meyarı bəlli olmayan daha yüksək gömrük dəyəri ilə hesablanmış və gömrük orqanlarının məsul əməkdaşları tərəfindən rəsmiləşdirilmişdir. AR Gömrük Məcəlləsinin 267.1.2-ci maddəsinə əsasən, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri qaytarılmalıdır. Həmin Məcəlləsinin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Göstərilənlərə və İPM-in 2.2, 2.2.3, 34.1, 45.1, 46.1-ci maddələrinə əsaslanaraq, iddiaçının gömrük ödənişləri üzrə artıq 507.445,05 manat məbləğin alınmasının qanunsuz sayılması və iddiaçıya vurulmuş zərərin əvəzi kimi həmin məbləğin qaytarılması öhdəliyinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Dövlət Gömrük Komitəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı münasibətində aşağıdakılar bildirilmişdir: - İddia ərizəsində qeyd olunanları AR Dövlət Gömrük Komitəsi əsassız hesab edir. İddiaçının tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır. Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı onunla Türkiyə Respublikasının hüquqi şəxsi arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilə əsasında Azərbaycan Respublikasına qara metaldan konstruksiyalar və onların ləvazimatlarını idxal etmişdir. İddiaçı həmin malların gömrük rəsmiləşdirilməsi zamanı 2020-ci ilin fevral və mart ayları ərzində gömrük orqanına 43 ədəd gömrük bəyannaməsindəki məlumatların düzgünlüyünü, xüsusilə bəyannamələrin “Malların təsviri” barədə 31-ci qrafasında “eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü”, 33-cü qrafasında “Malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu”, 42-ci qrafasında “invoys dəyəri”, 43-cü qrafasında “gömrük dəyərinin müəyyən edilməsinin üsulu”, 45-ci qrafasında “Gömrük dəyəri”, 46-cı qrafasında statistik dəyəri və 50-ci “Vəkalət verən” qrafasında bəyannamədə göstərilən məlumatları təsdiqləməklə təqdim etmiş, gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Malların gömrük rəsmiləşdirilməsi zamanı həmin bəyannamələrlə bağlı iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddiaçının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannamələri mallar sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, xx xxxxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixli məktublarla Bakı Baş Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizələr gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Müvafiq prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanları malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin iddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. Qurum vaxtında həmin hüququndan da istifadə etməmiş, təqdim etdiyi gömrük bəyannamələri ilə idxal etdiyi malların gömrük rəsmiləşdirilməsini başa çatdırmış və mallar onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş malların gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. İddiaçı ilə gömrük orqanı əsasında gömrük dəyəri ilə bağlı mübahisə mövcud olmadığı üçün iddiaçı gömrük rəsmiləşdirilməsi aparılan zaman yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etməmişdir. İddiaçı idxal edilmiş malların gömrük dəyərlərini bəyannamələrdə göstərmiş, gömrük orqanı da həmin bəyannamələrdə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. İddiaçı bəyannaməçi kimi təqdim etdiyi gömrük bəyannamələrinin 50-ci qrafalarında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş, 54-cü qrafasında isə bəyannaməçinin, təmsilçinin imzası, adı, möhürü və tarix ilə təsdiqlənmiş və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Dövlət Gömrük Komitəsi hesab edir ki, iddiaçının təqdim etdiyi gömfük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi AR gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Əlavə olaraq bir daha bildirilir ki, qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi bəyannamələri və onlafa əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi bəyannamələrdə göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Göstərilənlərə və AR Gömrük Məcəlləsinin 1.0.12, 40, 50, 102, 104, 121, 123, 146, 148, 149, 151 – 153, 157, 160, 162, 164, 218 – 220, 224, 225, 242, 266, 267, 269, 270, 322, 333-cü maddələrinə, «Gömrük tarifi haqqında» AR Qanununun 1, 3, 4, 7, 8, 10, 11, 12, 18-ci maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun, AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları», «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları», «Gömrük ödənişlərinin qaytarılması Qaydaları», «Gömrük ekspertizasının aparılması Qaydaları», «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın müddəalarına əsaslanaraq, iddia təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddiaçı tərəfin iddianın və cavabdehin dəyişdirilməməsində isarlı olduğunu bildirdi, iddianı müdafiə etdi və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın əsaslı olmadığını bildirdi və iddianın mümkünlüyü məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. AR Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqdır. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Həmin Məcəllənin 269-cu maddəsinə görə gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasənm gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. AR Vergi Məcəlləsinin 10-cu maddəsinə əsasən vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları sırasına Azərbaycan Respublikasının gömrük orqanları da daxildir. Həmin Məcəllənin 25-ci maddəsinə görə dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. AR Nazirlər Kabinetinnin xx xxxxxx 2013-cü il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»na əsasən: - (6.1-ci bənd) Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; - (6.7-ci bənd) Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; - (6.8-ci bənd) Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; - (6.9-cu bənd) Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin iş günü müddətində AR Dövlət Gömrük Komitəsinə göndərilməsini təmin edir; - (6.10-cu bənd) Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 iş günü müddətində maliyyə orqanına müraciət edir; - (7.2-ci bənd) Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. AR Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar Vergi Məcəlləsinin 87.4-cü maddəsinə, «Sosial sığorta haqqında» AR Qanununun 9-1.2-ci maddəsinə və «İşsizlikdən sığorta haqqında» AR Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanlarıdır. Həmin Qaydaların 3.1-ci bəndlərinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-cu bəndinə görə vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, mövcud qanunvericilik malların idxalı zamanı gömrük rəsmiləşdirilməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin (gömrük rüsumu, əlavə dəyər vergisi və s.) qaytarılması müvafiq qaydalarla tənzimlənir. Həmin qaydalarda ödəyicinin artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı müraciətlərinə ödənişləri tətbiq etmiş, yəni almış gömrük orqanı tərəfindən onun müraciəti üzrə ödənişlərin qaytarılması barədə qərar qəbul olunması, rəy tərtib edilməsi və onların maliyyə orqanına (AR Maliyyə Nazirliyinə) göndərilməsi və bundan sonra müvafiq ödənişlərin sonuncu tərəfindən qaytarılması nəzərdə tutulur. Hazırkı işin hallarından da görünür ki, iddiaçı “X5” MMC cavabdeh AR Dövlət Gömrük Komitəsinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük ödənişlərinin düzgün hesablanmaması ilə müşayiət olunn hərəkətlərinin qanunsuz sayılmasını və bunun nəticəsində həmin artıq ödəniş həcmində dəymiş ziyanı tələb etsə də, iddia mahiyyətcə onun idxal əməliyyatları üzrə gömrük rəmiləşdirilməsi zamanı gömrük ödənişlərinin səhv hesablanması və artıq ödənilmiş məbləğlərin qaytarılmasını ehtiva edir. İddia ərizəsində də AR Gömrük Məcəlləsinin gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması təsbit olunmuş 267.1.2-ci və 269-cu maddələrinə istinad olunmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı “X5” MMC-nin inzibati icraat üzrə müraciəti ünvanlanmış inzibati orqan və icraatın nəticəsi üzrə imtina və ya hərıkətsizliyin mübahisələndirildiyi halda inzibati məhkəmə icraatı qaydasında ona qarşı tələb irəli sürülən cavabdeh qismində Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi hazırkı cavabdeh AR Dövlət Gömrük Komitəsi deyil, iddiaçının idxal etdiyi mallara münasibətdə gömrük ödənişlərini tətbiq etmiş (almış) gömrük orqanı kimi Bakı Baş gömrük İdarəsi çıxış edə bilər. İddiaçının tələbinə İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia kimi baxıldıqda da, iddiaçının dəlilləri üzrə əlverişsiz sayılan hərəkətlər hazırkı cavabdeh AR Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmədiyindən, yəni Bakı Baş Gömrük İdarəsi tərəfindən aparıldığından, eyni nəticə yaranmış olur. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – AR-in müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir, həmin Qanunun 4.1-ci maddəsinə görə isə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə icraatında təmsilçisi iddiaçı “X5” MMC-nin iddianın və cavabdehin dəyişdirilməməsində israrlı olduğunu bildirdiyindən, İPM-in 13 və 54.1-ci maddələri baxımından bununla bağlı iddiaçıya müvafiq yazılı tövsiyə ünvanlanması zərurəti yaranmamışdır. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh AR Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçı “X5” MMC-nin hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5528/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5528/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver