Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-553/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “sorğuya cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesi zamanı cavabdehlərdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsinə köməklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82) 2378/2019 saylı 12.09.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “məhkəmə prosesi zamanı cavabdehlərdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərdən «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsinə köməklik edilməsi” barədə iddia tələbi üzrə işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı “məhkəmə prosesi zamanı cavabdehlərdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərdən «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsinə köməklik edilməsi” barədə iddia tələbləri üzrə icraatlar ayrılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla aralarında imzalanmış Hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən cavabdehə ünvanlanmış 30 aprel 2019-cu il tarixli, 306 saylı vəkil sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, atası, Abbasov Fərman 7 saylı atelyenin ilkin sahibi olduğu müddətdə Əmlak Komitəsi mövcud deyildir. Sonradan atası atelyeyə verdiyi pulu qohumlarından aldığı üçün evlərini banka qoymuş və kredit götürərək qohumlarının pulunu qaytarmışdır. O, 2000-ci ildən atasının yanında, yəni 7 saylı atelyedə atasına köməklik etmişdir. Göstərdiyi faktları Əmlak Komitəsinin rəhbər işçiləri yaxşı bildikləri üçün atası 29 dekabr 2013-cii ildə rəhmətə getdikdən sonra Əmlak Komitəsinin özəlləşmə şöbəsinin müdiri Sadiq Məmmədov onu və qardaşı Abbasov Nadiri komitəyə yanına çağırtdırmış və bildirmişdir ki, «bütün komitədə atelyenin Sizin atasına məxsus olduğunu hamı bilir, elə isə gedin iki qardaş atelyedə problemsiz fəaliyyət göstərin, nədə çətinliyiniz olsa mən sizin qulluğunuzdayam”. 2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçisi olan Kamran faktiki olaraq fəaliyyətdə olan 7 saylı atelyeyə gələrək ondan və digər işçilərdən Rəsulova Zamirənin yanında işə qəbulla bağlı ərizələr istəmiş (Quliyeva Hicriyyə, Mahmudov Rövşən) və bu zaman bildirmişdir ki, onlardan hər iki ərizə alınacaq, yəni tarix qoymadan işə girmə və işdən çıxma ərizələrini təqdim etməlidirlər. Onunla da bu söhbət oldu və əlavə olaraq onunla da 7 saylı atelye üzrə maddi-məsul şəxs olması haqqında müqavilə bağlanacağı bildirildi. Sexdə Kamran idarədə əvvəlcədən hazırlanmış müqavilələri onlara təqdim etmiş və bildirmişdir ki, bu şərtlərlə razılaşmayan şəxslər atelyedə işləyə bilməz. O və digər işçilər məcburiyyət qarşısında qalıb atelyedə onlara təqdim edilmiş ərizələrə qol çəkib, Kamrana vermişlər. Onun ilk iş yeri olduğu üçün əmək kitabçasını özləri açmalı idi. Lakin sonrakı hadisələrdən belə nəticə çıxarmaq olar ki, onun ailəsinə qarşı komitə ilə idarə razılaşdırılmış, məkrli niyyətlərinin həyata keçirilməsinə yönəlmiş bir addım idi. Atası işlədiyi dövrdə atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərcləri ödəmiş, o cümlədən atelyenin təmiri özü tərəfindən edilmişdir. 2014-cü ildən hal hazırki dövrə qədər atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərcləri onun tərəfindən ödənilmiş, o cümlədən atelyenin (1962-ci ildə tikilmiş binadı) təmiri özü tərəfindən edilmişdir. İdarə tərəfindən yalnız ərizələr götürülmüşdür. Lakin o, 2014-cü ildən hal-hazırkı dövrə qədər hər ay idarəyə 300-400 manat xidmət haqqı ödəmişdir. Bununla yanaşı, o, xidmət haqqı ödəməsinə baxmayaraq, idarə tərəfindən hal-hazırki vaxta qədər heç bir maaş almamış və məzuniyyətə çıxmamışdır. Məlumata görə onun üçün pensiya fonduna ödəniş edilməmişdir. O, 2014-cü il hər ayın 10-da xidmət haqqını idarədə ödəmiş və ayın axırlarında ödəniş çekini idarənin jurnalına qol çəkərək kassir Qarayev İlqardan almışdır. Bəzi hallarda isə onun hər ay ödəniş etməsinə baxmayaraq, iki ayı birləşdirib çek vermişlər. Yəqin ki, ödənilən pullar başqa məqsədlə xərclənirmiş. 2019-cu ilin fevral ayının 11-də idarənin əməkdaşları olan Nazir və Məmmədəli atelyeyə gələrək onun olmamağından istifadə edərək sexdə işləyən qadınlara hədə-qorxu gələrək 18 fevralda atelyeni boşaltmağı tələb etmişlər. Fevral ayının 18-də yenə də idarənin işçiləri Nazir, Məmmədəli və tanımadıqları daha iki nəfər, Nəsimi rayon özəlləşdirmə idarəsinin işçisi Abdulla obyektə gələrək heç bir əsas göstərmədən işçilərə qarşı kobud və təhqiredici ifadələr işlədərək sexi boşaltmağı əmr etmişlər. Yalnız bu zaman o, bilmişdir ki, onu işdən çıxarmışlar. Lakin o, bu şəxslərə inanmamış, idarəyə ərizə ilə müraciət etmişdir. Cavabdehin bununla bağlı qeyri-qanuni hərəkətləri hazırki iddianın predmeti olmasa da, qanunun tələbinə əsasən cavabdeh özəlləşdirmə ilə bağlı ona və əmək kollektivinə satınalmada üstünlük hüququ ilə bağlı yazılı formada bildiriş göndərməkdə borclu olduqları halda bunu etməmişlər və bununla bağlı hər hansı bir rəsmi sənəd mövcud deyil. İdarənin 26 fevral 2019-cu ildə ona verdiyi arayışa qoşma kimi işdən çıxma əmrinin surətini əlavə etmişdir. Həmin arayış onun idarəyə verdiyi sorğuya əsasən ona elə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. Çünki onun vəzifədən azad olduğu barədə əmrlə bağlı onda heç bir məlumat yox idi. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 24 may 2016-cı ildə 45 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. İdarənin təqdim edildiyi arayışda göstərilir ki, 7 saylı atelye 08.11.2016-cı il tarixdə açıq hərraca çıxarılıb və 29.01.2019-cu il tarixdə 17-ci dəfə keçirilmiş açıq hərracda satılmışdır. Burdan aydın olur ki, idarənin onun xəbəri olmadan işdən çıxarılmasının əsas səbəbi faktiki olaraq onların ailəsinə aid olan 7 saylı atelyeni onlardan qeyri-qanuni alınaraq digər şəxslərə özəlləşdirməkdən ibarət olmuşdur. 11.03.2019-cu il tarixdə onunla idarə arasında bağlanmış əmək və xidmət müqaviləsinin surətlərinin verilməsi haqqında idarəyə sorğu göndərmişdir. Lakin idarə 12.03.2019-cu il tarixdə ona ilk dəfə əmək müqaviləsinin surətini təqdim etmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndində göstərilir ki, əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 16 oktyabr 2014-cü il tarixli 178 saylı əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdırsa, niyə idarə həmin vaxt bitəndən sonra deyil, məhz 24 may 2016-cı ildə əmək müqaviləsinə xitam vermişdir? Deməli, o, nəinki həmin müddətdə, hətta bu vaxta qədər faktiki cəhətdən məsul vəzifəli şəxs qismində iştirak etmiş və bütün xərclər (texniki, kommunal, təmir və s.) tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Belə olan halda sual yaranır ki, cavabdeh atelyeyə 24 may 2016-cı il tarixdən kiminlə və hansı əmək müqaviləsi əsasında məsul vəzifəli şəxs təyin etmişdir. Əmək müqaviləsinin 3-cü bəndində göstərilmişdir ki, işçinin əmək funksiyası obyektin özəlləşdirilməsinə qədər qorunub saxlanmasıdır. Bu zaman idarə onunla maddi-məsuliyyət haqqında müqavilə bağlamalı idi. Bununla yanaşı, əmək müqaviləsinin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsi əleyhinə bu əmək müqaviləsini ləgv etməyə məcbur edilməsinə yol verilmir. İdarənin 2014-cü ildə ondan və digər şəxslərdən eyni vaxtda tarix qoyulmadan işəgirmə və işdən çıxma ərizələrinin alınması onların idarəsinə zidd addım kimi qiymətləndirilməlidir. İdarənin bu əməlləri nəticəsində əmək qanunvericiliyinin müddəları və müqavilə bağlanılması zamanı mülki qanunvericilikdə nəzərdə tutulmuş prinsiplər kobud surətdə pozulmuşdur. O, atasına 2000-ci ildən sexdə köməklik etmişdir. O da məhz həmin vaxtdan hal-hazırki vaxta qədər 7 saylı atelyedə işləyir. Azərbaycan Respublikasının vətəndaşı kimi pozulmuş konstitusion hüquqlarının və qanuni mənafələrinin müdafiəsi baxımından cavabdehə rəsmi müraciət edərək hüquqlarının pozulmasına yönəlmiş qəbul etdiyi bəzi sənədlərin təsdiqlənmiş surətlərini istəsə də hal-hazırki dövrə qədər verməmişdir. Vətəndaşların rəsmi dövlət orqanlarına müraciət etməsi və onun müraciətinin cavablandırılmasının qaydaları və müddəti qanunvericilik tərəfindən tənzimlənir. Cavabdeh qanunvericiliyin tələblərini pozaraq onun vəkilinin sorğusuna heç bir əsas göstərmədən cavab verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 7 saylı atelyenin özəlləşdirilməsi ilə bağlı yaranmış problemin həlli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifə və funksiyaları ilə bağlı deyildir. İddiaçı 7 saylı atelyenin özəlləşdirilməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı müxtəlif vaxtlarda Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, onun müraciətlərinə Komitə tərəfindən cavab verilmişdir. Eyni zamanda iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məsələ ilə bağlı hər hansı müraciəti daxil olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 30.04.2019-cu il tarixli 306 saylı sorğunun surətindən görünür ki, icraatda olan mülki işlə əlaqədar zərurət yarandığından 07.02.2019-cu il tarixli ******* nömrəli çıxarışın kimə və hansı ünvanda yerləşən daşınmaz əmlakla bağlı verilməsi barədə ətraflı məlumat verilməsi xahiş edilmişdir (əsas: «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunun 15-ci maddəsi və 617 saylı müqavilə, ******* saylı order). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan ünvanlanmış **********97 saylı 23.05.2019-cu il tarixli məktubda qeyd olunur: 07.02.2019cu tarixli ******* nömrəli çıxarışın kimə və hansı ünvanda yerləşən daşınmaz əmlakla bağlı verilməsinə dair məlumatın təqdim edilməsi barədə 30.04.2019-cu tarixli 306 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2-1(82)-2745/2015 nömrəli qərardadı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış barışıq sazişinin şərtlərinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 30.04.2019cu il tarixli ******* nömrəli Vəkil orderinin və 30.04.2019-cu il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlu ilə hüquqi yardım göstərilən şəxs İddiaçı arasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün 30.04.2019-cu il tarixli 617 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2378/2019 saylı, 15.10.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 12.03.2019, 13.03.2019, 18.03.2019, 19.03.2019, 27.03.2019, 28.03.2019-cu il tarixli 2 ədəd, 29.03.2019, 04.04.2019, 16.04.2019-cu il tarixli 2 ədəd, 19.04.2019, 29.04.2019, 30.04.2019, 17.05.2019, 22.05.2019, 27.05.2019-cu il tarixli ərizələrinə tam, ətraflı və dəqiq cavab verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə, 30 aprel 2019-cu il tarixli 311 və 312 saylı və 13 may 2019-cu il tarixli 361 saylı ərizələrinə cavab verilməsi vəzifəsinin isə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi, qalan hissədə iddianın rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-263/2020 saylı 05.02.2020-ci il tarixli qərarından görünür ki, Məhkəmə Kollegiyasının 05 fevral 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin verdiyi apelyasiya şikayəti qismən təmin edilməklə məhkəmənin qərarı ona aid hissədə ləğv olunmuş və iddia tələbi ona münasibətdə mümkün sayılmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2378/2019 saylı, 15.10.2019-cu il tarixli qərarı İddiaçı 30 aprel 2019-cu il tarixli 311 və 312 saylı və 13 may 2019-cu il tarixli 361 saylı ərizələrinə cavab verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır; 6.1-ci maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər; 6.2-ci maddəsinə əsasən yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir; 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır; 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir; 2.3-ci maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir; 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar; 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur; 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir; 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin qanunun 15-ci maddəsinin İİ hissəsinə əsasən, vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlu ilə hüquqi yardım göstərilən şəxs İddiaçı arasında hüquqi yardım göstərilməsi üçün 30.04.2019-cu il tarixli 617 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmışdır və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 30.04.2019-cu il tarixli 306 saylı vəkil sorğusu verilərək icraatda olan mülki işlə əlaqədar zərurət yarandığından 07.02.2019-cu il tarixli ******* nömrəli çıxarışın kimə və hansı ünvanda yerləşən daşınmaz əmlakla bağlı verilməsi barədə ətraflı məlumat verilməsi xahiş edilmişdir, lakin cavabdeh daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğuların təqdim edilməli olmasını qeyd etməklə sorğuya cavab verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı birbaşa özü və ya nümayəndəsi vasitəsilə müvafiq sorğu ilə informasiya sahibinə müraciət etmək hüququna malikdir. İddiaçının vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilidir. İddiaçı ilə vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmışdır. Vəkil müqavilə əsasında hüquqi yardım göstərdiyi işlə əlaqədar hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyridövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq və digər hüquqlara malikdir. İnformasiya sahibi olan cavabdeh isə öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Lakin sorğuya cavab məktubu cavabdeh tərəfindən əsaslandırılmamışdır. Vəkil sorğuda qeyd edilən məlumatları öz pəşə fəaliyyətinə uyğun olaraq, müqavilə əsasında hüquqi yardım göstərdiyi işlə əlaqədar tələb edir. Cavabdeh həmin məlumatların sorğu əsasında təqdim edilməsindən imtina üçün əsasları imtina məktubunda əsaslandırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə aralarında imzalanmış Hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 30 aprel 2019-cu il tarixli, 306 saylı vəkil sorğusuna cavab verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-553/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-553/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver