Məhkəmə qərarları › İş №2-1(112)-5537/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5537/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5537/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3, X4 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 1 saylı Ərazi X1rşı (3-cü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 1 saylı Ərazi X1rşı (3-cü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “işsizlikdən sığorta ödənişinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı "xxxx" ASC-də bankamat üzrə menecer vəzifəsində işləmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı cavabdeh inizbati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir və bu halı onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə 14.09.2021-ci iltarixdə xitam verildikdən sonra, o, aktiv vergi ödəyicisi olmuş və fəaliyyətini 18.09.2021-ci il tarixdə dayandırmış, bu səbəbdən də onun işsizlikdən sığorta ödənişi almaq hüququ yaranmamışdır. İddiaçı cavabdeh tərəfindən verilmiş olan imtina məktubunu əsassız sayır və bu halı onunla əsaslandırır ki, qanunvericilikdə aktiv vergi ödəyicisi olması səbəbindən sığorta ödənişi almaq hüququnun olmaması nəzərdə tutulmur. İddiaçı hesab edir ki, fərdi sahibkarlıq əmək münasibəti hesab edilmədiyi üçün, həmçinin o fərdi sahibkar olsa da, faktiki olaraq gəlirin olmadığı və bunun əsasında sığorta və vergi ödənişlərinin aparıldığı müəyyən edilmədiyi; fərdi sahibkarlığın əlavə iş yeri hesab edilmədiyi və hazırda onun həmin fəaliyyətinin dayandırılması, ona işsizlikdən sığorta ödənişinin verilməsi üçün əsas verir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İmtina məktubuna nəzər yetirdikdə görünür ki, cavabdeh iddiaçının müraciətinə baxarkən imtina üçün bir əsas götürmüşdür: -Şəxsin əmək müqaviləsinə xitam verildiyi anda aktıv vergi ödəyicisi olmasıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın əsaslı olub-olmaması istiqamətində araşdırmanın aparılması və qiymətləndirilməsi aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1.“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; “Sığorta ödənişinin verilməsi” Qaydasının: 1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır. 2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir. 3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 5.11. Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aklarından müddəalarından göründüyü kimi işsizlikdən sığortanın əsas məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Nəzərə alınmalıdır ki, sığorta ödənişini almaq hüququna malik olan şəxslərin əhatə dairəsi konkret müəyyən edilmiş, sığorta ödənişinin verilməsinin dayandırılması əsasları isə dəqiq göstətirilmişdir. Nəzərə alınmalıdır ki, şəxsin işsizlikdən sığorta ödənişinin almaq hüququ yalnız o zaman yaranır ki, o, həm və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, həmçinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi ilə müəyyən edilmiş şərtlər bir anda ödənilsin. Doğrudur ki, qanunvericilikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (hazırki iddiaçıda olduğu kimi) əsasən əmək münasibətlərinə xitam verilmiş şəxs sığorta ödənişini almaq hüquqna malik olur. Lakin, burada onun təkcə həmin əsasla əmək münasibətinə xitam verilməsi deyil, həmçinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18.1-ci maddəsində dayandırma ilə bağlı səciyyələnmiş əsasların əhatə dairəsinə düşməməsi önəmlidir. Həmin normaya nəzər yetirdə məlum olur ki, şəxsin məşğul hesab olunması ona sığorta ödənişinin verilməsini istisna edir ki, “məşğul şəxs” hesab edilməsi üçün o, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş kriteriyalara malik olsun. “Məşğul şəxs” anlayışına nəzər yetirdikdə görünür ki, sahibkarlar məşğul şəxslər hesab olunur. Yuxarıda göstərilənləri bir ifadə ilə ümumiləşdirirək qeyd olunur ki, şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (hazırki iddiaçıda olduğu kimi) əsasən əmək münasibətlərinə xitam verilməsindən asılı olmayaraq, əgər həmin şəxs sahibkar olarsa, o, həmin anda məşğul hesab olunur və ona işsizlikdən sığorta ödənişinin verilməsi istisna olunur. Sahibkarlıq fəaliyyənin analyışı, fəaliyyətinin ləğvi əsasları vergi münasibətlərini tənzimləyən Vergi Məcəlləsinidə əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab olunur. 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 34.4. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından saılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, oların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativhüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti hüquqi şəxs yaratmadan həyata keçirən fəaliyyət qabiliyyəti olan fiziki şəxs fərdi sahibkar hesab olunur. Fərdi sahibkarlar vergi ödəyiciləri kimi hüquqi şəxslərlə eyni hüquq və vəzifələrə malikdirlər. Qanunvericilik fərdi sahibkarların fəaliyyətinin ləğvini fərdi sahibkarlıq fəaliyyətinin dayandırılması ilə deyil, məhz fərdi sahibkar kimi uçotdan çıxarılma ilə şərtləndirmişdir. Başqa sözlə desək şəxs o zaman fərdi sahibkar hesab olunmur ki, əgər o, fərdi sahibkar kimi uçotdan çıxarılır və ona verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ləğv olunur. Məhkəmə yuxarıda sadalanları hazırki iddiaya tətbiq etməzdən əvvəl diqqətə çatdırır ki, iddiçı İddiaçı 14.09.2021-ci il tarixdə "xxxx" ASC-də əmək fəaliyyətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə xitam verilmiş və bu hal müvafiq olaraq məhkəmə icraatı zamanı təqdim olunmuş “Əmək müqaviləsi bildirişi”ndə öz təsdiqini tapmışdır. Doğrudur ki, iddiaçının həmin əsasla əmək müqaviləsinə xitam verilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1.2-ci maddəsinin tələbləri baxımından ona işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas yaradırdı. Buna baxmayaraq, iddiaçı məşğul şəxs hesab olunduğundan ona həmin ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından qeyrimümkündür. Belə ki, məhkəmə araşdırması zamanı ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) 30.06.2020-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmış və 16.09.2021-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Bundan başqa, fiziki şəxs İddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi məlumatlarına əsasən 01.01.2020-ci il tarixdən 30.06.2021-ci il tarixədək olan dövr üzrə dövriyyə məbləği, həmçinin dövlət büdcəsinə vergi məbləğinin ödənildiyi də müəyyən olunmamışdır. Doğrudur ki, iddiaçı hazırda fərdi sahibkarlıq fəaliyyətini dayandırmışdır. Lakin, bu halın mövcudluğu onun “məşğul şəxs” hesab olunmaması üçün əsas vermir. Çünki, yuxarıda da qeyd olunduğu kimi şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması fiziki şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğvi ilə həyata keçirilir. Digər tərəfdən isə ümumiyyətlə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində aktiv vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq, şəxsin sahibkar olması onun məşğul şəxs olmasını göstərir. Göründüyü kimi şəxsin sahibkar hesab edilməməsi üçün sahibkarlıq fəaliyyətinin dayandırılması kifayət etmir, onun bilavasitə vergi uçotundan çıxarılması təmin olunmalıdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta iddiaçının hazırda sahibkarlıq fəaliyyəti dayandırılması və “işsiz kimi” qeydiyyata alınması, ona işsizlikdən sığorta ödənişinin verilməsi üçün əsas hesab olunmur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə xitam verilərkən, yəni 14.09.2021-ci il tarixə o, fərdi sahibkarlıq fəaliyyətini dayandırmamış, aktiv vergi ödəyicisi hesab olunmuş, yalnız müəyyən müddət keçdikdən sonra 18.09.2021-ci il tarixdə aktiv vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Göründüyü kimi, iddiaçı işdən azad olunduğu anda məşğul şəxs hesab olunmuş və aktiv vergi ödəyicisi olduğunu göstərmişdir. Hazırki iddianın predmeti ilə bağlı olmasa da Məhkəmə misal olaraq 190 manat müavinətin ödənilməməsi əsaslarından birini nümunə olaraq gətirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur ki, bu zaman onların qanunvericilikdə nəzərdə tutulmuş müvafiq meyarlara uyğunluğu yoxlanılırdı. Birdəfəlik ödəmənin verilməsinin imtinanın əsaslarından biri isə şəxsin əri və ya arvadının sahibkar olması (aktiv VÖEN-i olan) ilə bağlıdır. Göründüyü kimi, işsizlikdən sığorta ödənişinin ödənilməsindən fərqli olaraq, 190 manat birdəfəlik ödəmənin verilməsində şəxsin aktiv VÖEN-nin olub-olmamasının müəyyən edilmisi mühüm rol oynayır. Lakin, işsizlikdən sığorta ödənişinin verilməsi əsasları müəyyən edilərkən inzibati orqan yalnız mərkəzləşdirilmiş sistemə daxil edilən məlumata əsasən şəxsin sahibkar olub-olmaması müəyyən edir, onun aktiv vergi ödəyicisi olub-olmaması və ya illik dövriyyənin nə qədər olması, ya daki bunu təsdiq edən bəyannamələr üzrə araşdırma aparmalı deyildir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, işsizlikdən sığorta ödənişinin verilməsindən iddiaçıya verilmiş imtina ilə ona qarşı qanunsuz hərəkətsizliyə yol verilməmişdir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar