Məhkəmə qərarları › İş №2-1(112)-5682/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5682/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5682/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məlumat verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu ərazisində 1992-ci ildən bugünə kimi ümumi əlillər üçün neçə mənzilin tikilib təhvil verilməsi və hazırda bununla bağlı hər hansı inşaat işlərinin aparılması barədə məlumat verilməsi öhdəliyinin cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1581 saylı sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, qızı) İİİ qrup ümumi səbəbdən əlil kimi mənzillərin uçotu və bölüşdürülməsi şöbəsi tərəfindən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların ümumi siyahısında 897-ci, güzəştli siyahıda isə 334-cü yerdədir. İddiaçının 1988-ci il təvəllüdlü oğlu X1 düzgün müalicə olunmadığından bronxitastma xəstəsidir. İddiaçının oğlu hal-hazırda ailəlidir və 1 qız övladı var. İşsizlik və pandemiya dövründə evsizlik iddiaçı və ailəsi üçün çətinliklərə səbəb olmuşdur. İddiaçı Bakı şəhəri Xətai rayonu ərazisində 1992-ci ildən bu günə kimi ümumi əlillər üçün neçə mənzilin tikilib təhvil verilməsi və hazırda bununla bağlı hər hansı inşaat işlərinin aparılması barədə məlumat verilməsi üçün cavabdehlərə ərizə ilə müraciət etsə də, ona cavab verilməmişdir. Odur ki, konkret cavab vermək öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına ehtiyac vardır. Həmin informasiya üzrə informasiya sahibi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti çıxış edir. Həmin informasiya iddiaçı üçün əhəmiyyətlidir və məlumatın təqdim edilməsi üçün sorğu ilə informasiya sahiblərinə müraciət edilmişdir. Lakin inzibati orqanlar ağlabatan müddət ərzində həmin informasiyanı iddiaçıya təqdim etməmişdirlər.

3. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında 4 nəfər (özü, h/yoldaşı, 1 qızı, 1 oğlu) ailə tərkibi ilə ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbəsindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3633 nömrəli Sərəncamı ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığından və sərəncamında boş mənzil fondu olmadığından ümumi əsaslarla mənzil növbəsində olan vətəndaşların mənzillə təmin edilməsi imkan xaricindədir.

4. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzillərin uçotu bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, , İddiaçı Xətai RİHi Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə Xətai rayonu yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Mənzil növbəsində ümumi siyahıda 1210, güzəştli siyahıda 461cidir.

5. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzillərin uçotu bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı Xətai RİH-i Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil növbəsindədir. O, yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların ümumi siyahısında 897-ci, güzəştli siyahıda isə 334-cüdür.

6. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Xətai rayon İcra Hakimiyyəti Başçısının 1581 saylı, xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən yaşayış yeri üzrə 4 nəfər (özü. əri, oğlu, qızı) ailə tərkibi ilə güzəştli mənzil növbəsindədir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə məqsədi mənzil növbəsinə durmağı nəticəsində hazırda mənzillə təmin olunmaqdır.

12. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

13. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

14. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə müəyyən edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı Xətai Rayon İcra Hakimiyyəti Başçısının 12.11,1992-ci il tarixli sərəncamı əsasında 4 nəfər (özü, h/yoldaşı, 1 qızı, 1 oğlu) ailə tərkibi ilə ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbəsində olduğu bildirilmişdir.

15. Məhkəmə eyni zamanda müəyyən edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçının izahatından görünür ki, iddiaçının oğlu bronxit-astma xəstəsidir, İİİ qrup ümumi səbəbdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır.

16. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçı (və oğlu) qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunması nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Odur ki, İddiaçı mənzillə təmin olunmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti (vəzifəsi) yoxdur.

17. Məhkəmə cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə münasibətdə müəyyən edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığından və sərəncamında boş mənzil fondu olmadığından ümumi əsaslarla mənzil növbəsində olan vətəndaşların mənzillə təmin edilməsinin imkan xaricində olduğu bildirilmişdir.

18. Məhkəmə nəzərə alır ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən kütləvi xarakter daşıyan mənzillə təmin olunma halları aşkar edilməmiş, iddiaçı tərəfindən bu faktı sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Odur ki, nəticə etibarilə iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı və iddiaçıya münasibətdə fərqli rəftarın olduğu müəyyən edilmir.

19. Odur ki, iddia mümkün sayılmamalıdır.

20. Məhkəmə hüquqi müəyyənlik prinsipindən çıxış edərək bildirir ki, iddia tələbinin dəyişdirilməsi iddianın mümkünsüzlüyünü istina etmədiyindən iddiaçıya hüquqi yardım göstərilməsi (iddia tələbinin dəyişdirilməsi barədə) zərurəti yoxdur.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar