Məhkəmə qərarları › İş №2-1(112)-570/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-570/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-570/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “İctimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 izahatında bildirdi ki, “QARABAĞA QAYİDİŞ” İctimai Birliyi xx.xx.2019-cu il tarixdə təsis yığıncağının qərarı əsasında təsis edilmiş ictimai təşkilatdır. Təşkilatın əsas məqsədi xalqın tarixi torpaqları, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi barədə xalqın haqq səsini cəmiyyətə, xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırmaqdan ibarətdir. “QARABAĞA QAYİDİŞ” İctimai Birliyi təsis edildikdən sonra birliyin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X1 xx.xx.2019-cu il tarixli 05/3159-13 nömrəli cavab məktubunda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa istinad edilərək qurumun dövlət qeydiyyatına alınması üçün ərizənin bütün təsisçilər tərəfindən imzalanmamasını və notariat qaydasında təsdiqlənməməsini əsas gətirərək “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra qeyd edilən nöqsan tərəflərindən aradan qaldırılmış və ictimai birliyin dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə yenidən müraciət edilmişdir. Lakin Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 05/3159/2-13 nömrəli cavab məktubu ilə “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından yenə də imtina edilmişdir. Səbəb kimi isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə zidd olaraq qurumun nizamnaməsində onun daimi və ya konkret məqsədlə təsis edildiyinin müəyyən edilməməsi göstərilmişdir. Cavabdeh tərəfindən ikinci müraciətlərindən sonra da “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi Azərbaycan Respublikasının qanunvericilik normalarını kobud şəkildə pozmaqla bərabər dövlətin Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyə də ziddir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.3-cü maddəsinə əsasən təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Halbuki, cavabdeh tərəfindən göstərilən çatışmazlıqlar fərqli vaxtlarda iki fərqli məktubla təqdim edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi Azərbaycan dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə ziddir və cavabdeh qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ortaya qoyur. Belə ki, cavadeh əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqın haqq səsini xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırmaq olan ictimai birliyin daimi və ya müvəqqəti fəaliyyət göstərmək məqsədilə təsis edildiyini müəyyən edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh Dağlıq Qarabağ münaqişəsinin daimi davam etməsi ilə torpaqların tezliklə işğaldan azad olunması arasında seçim etməkdə çətinlik çəkmişdir. Bundan başqa, cavabdeh tərəfindən ictimai birliyin hansı konkret məqsədlə təsis edildiyinin müəyyən oluna bilməməsi də müraciətlərindən imtina edilməsi üçün əsas deyil. Çünki, ictimai birliyin nizamnaməsində onun məqsədləri konkret şəkildə göstərilməklə sadalanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi Azərbaycan Respublikasının qanunvericilik normalarına, həmçinin dövlətin və cəmiyyətin maraqlarına ziddir. Buna görə də “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınması məhkəmə tərəfindən cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 05/3159/3-11 saylı iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda qeyd edilir: “İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «Qarabağa Qayıdış» ictimai birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair aşağıdakıları bildiririk. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2019cu il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2019-cu il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, həmin Qanunun 5.2-ci maddəsinə zidd olaraq qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. xx.xx.2019-cu il tarixdə qurumun sənədləri yenidən nazirliyə təqdim olunmuşdur. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən qurumun nizamnaməsində onun daimi və ya konkret məqsədlə təsis edildiyi müəyyən edilməlidir. Lakin məsələ nizamnamədə müəyyən edilmədiyindən sənədlər xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır. Təsis sənədlərindəki pozuntular aradan qaldırıldıqdan sonra yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirik”. Məhkəmə iddiaçıların izahatını dinləyərək, cavabdehin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin təsis yığıncağının (təsisçilər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5) xx xxx 2019-cu il tarixli protokolu və qərarından görünür ki, İctimai Birliyin təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, İddiaçı1 İctimai Birliyin sədri seçilməsi və İctimai Birliyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslər və X2 tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli 05/3159-13 saylı məktubdan görünür ki, “Qarabağa Qayıdış” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmış və bildirilmişdir ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə zidd olaraq qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli 05/3159/2-13 saylı məktubdan görünür ki, “Qarabağa Qayıdış” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmış və bildirilmişdir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə zidd olaraq qurumun nizamnaməsində onun daimi və ya konkret məqsədlə təsis edildiyi müəyyən edilməmişdir.Göstərilənlərə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir; 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir; 11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir; 12.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər; 12.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur; 13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyrihökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir; 16.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» xx.xx.2000-ci il tarixli 401 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 16.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir; 16.3-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir; 17.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər; 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, “QARABAĞA QAYİDİŞ” İctimai Birliyinin təsis yığıncağının (təsisçilər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5) xx xxx 2019-cu il tarixli protokolu və qərarına əsasən İctimai Birliyin təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, İddiaçı1 İctimai Birliyin sədri seçilməsi və İctimai Birliyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. Daha sonra “Qarabağa Qayıdış” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət edilmişdir, lakin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə zidd olaraq qurumun nizamnaməsində onun daimi və ya konkret məqsədlə təsis edildiyi müəyyən edilmədiyinə görə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsindən də göründüyü kimi, qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının daimi və ya konkret məqsədlə təsis edildiyi müəyyən edilməlidir. Göründüyü kimi, cavabdehin imtinası qanuni və əsaslıdır. Lakin iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan normalarına əməl edilməmişdir, eyni zamanda cavabdeh tərəfindən imtina məktubunda qeyd olunan pozuntu iddiaçı tərəfindən aradan qaldırılaraq yenidən cavabdehə müraciət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “İctimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar