Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5715/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 16 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X3, ev 27 olan vergi ödəyicisidir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, 22 **********3800 nömrəli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7.390,06 manat mədən vergisi hesablanmışdır. İddiaçı dəqiqləşmiş bəyannamə təqdim etmiş və cavabdeh xx.xx.2024-cü il tarixli **********88000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2022-ci ilin iyun ayı üçün 7.390,06 manat mədən vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.xx.xx.2024-cü il tarixli, **********388000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarnın ləğv edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Lakin vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı xx.xx.2022-xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bəyannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan edildiyi müəyyən edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 6790,06 kub metr həcmində çınqıl xammalı, 600,00 kub metr tikinti qumu təqdim edildiyi müəyyən edilmişdir ki, qeyd olunanlar mədən vergisi üzrə 7390,06 manat vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********934400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun ayı mədən vergisi üzrə 7390,06 manat vergi məbləği hesablanaraq, xx.xx.2024-cü il tarixli **********388000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar vergi ödəyicisinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirmək üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı dövründə cavabdeh dəqiqləşmiş bəyanamə əsasında yeni, xx.xx.2024-cü il tarixli qərar qəbul edərək əvvəlki qərarını ləğv etmiş və iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti buraxmamışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdehin 23.xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığort və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə iddiaçıya 2022-ci ilin iyun ayı üzrə, 7.390,06 manat mədən vergisi hesablanmışdır. İddiaçı həmin qərarla razılaşmır və ləğv edilməsini xahiş edir. Cavabdeh qərarın qəbul edilməsi əsası kimi, ona istinad edir ki, iddiaçı xx.xx.2022xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bəyannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan etmişdir. Lakin müvafiq dövr üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 6790,06 kub metr həcmində çınqıl xammalı, 600,00 kub metr tikinti qumu təqdim edildiyi müəyyən edilmişdir ki, qeyd olunanlar mədən vergisi üzrə 7390,06 manat vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə əsasən qəbul edilmişdir və ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 82.1. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. Maddə 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Maddə 213. Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Maddə 214. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. Maddə 215. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir. 216.1. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir: Maddə 216.2 çınqıl xammalı – 1.0: Tikinti qumları – 1.0 İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında elektron qaimə əsasında qum və çınqıl mallarını satışını həyata keçirmişdir. İddiaçı özü də bu halı inkar etmir. Lakin iddiaçının xx.xx.2022-xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bəyannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan etmişdir. Cavabdeh vergi orqanı təqdim edilən elektron qaimə fakturaları əlaqəli məlumat kimi qəbul edərək iddiaçının mədən vergisi üzrə təqdim etdiyi bəyannamədə 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan etməsini vergidən yayınma halı kimi qəbul etmişdir. İddiaçı bu halın əksini sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim etməmiş, satdığı tikinti qumu və çınqıl xammalının başqa şəxslərdən almasına dair sübut təqdim etməmiş, həmçinin satdığı məhdulları hansı qaydada əldə etməsini əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********934400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilməmişdir. İddiaçı iddia tələbində inziabti icraatın aparılması barədə normalarının tələblərinin pozulmasına istinad edərək cavabdehin qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, ümumiyyətlə iddiaçı hansı normaların pozulmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən inzibati icraatın aparılması ilə bağlı normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələndiyi halda qərarın ləğvi üçün əsas təşkil edə bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5715/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5715/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver