Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5740/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 38 saylı evinin yaşayış sahəsi 22.5 kv.m olan, 1 otaqlı, 1 saylı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin iş üzrə cavabdeh olan Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, anasının atası, yəni babası X2 istifadəsində olan Xətai rayonu, Z.Yusifov küçəsi, ev 38, mənzil 1-də 1989-cu ildən anası ilə birlikdə daimi qeydiyyatda olmaqla yaşamışdır. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçının həmin mənizlin kirayə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməyinə baxmayaraq, Xətai rayon İcra Hakimiyyətinə müraciət etsə də Xətai rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin cavab məktubu ilə mənzil hüquqlarının müdafiəsi məhkəmə orqanlarının səlahiyyətinə aid edildiyindən qeyd edilən məsələ ilə əlaqədar məhkəmə orqanına müraciət etməyi ona tövsiyyə olunmuşdur. Həmin mənzildə faktiki olaraq 35 il yaşadığı və bu illər ərzində öz vəsaiti hesabına həmin mənzili dəfələrlə əsaslı təmir etdirmişdir. Hazırda həmin mənzildə daimi qeydiyyatda olmaqla yaşayır. Bu mənzildən başqa yaşamağa heç bir yeri yoxdur. Ona görə də hesab edilmişdir ki, halhazırda yaşadığı və daimi qeydiyyatda olduğu mənzilə onunla kirayə müqaviləsinin bağlanması ilə əlaqədar sərəncam verilməsi vəzifəsi Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Hesab edilmişdir ki, cavabdeh Xətai rayon İcra Hakimiyyətinin iddiaçının xahişinin təmin edilməsindən imtinası əsassızdır. Belə ki, daimi qeydiyyatda olduğu həmin mənzildə uzun illər yaşamaqla istifadə hüququ əldə edib daimi kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələri həyata keçirir. Uzun illər ərzində (35 il) göstərilən mənzildə yaşayaraq həmin mənzilə dair mənzil kirayə müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirdiyindən, göstərilən mənzilə dair hüquqların və vəzifələrin faktiki daşıyıcısıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarını gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanuvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.6-ci maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərizində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Göründüyü kimi iddiaçı təqdim etdiyim ərazi aidiyyatı üzrə Xətai rayonu, 101 saylı Mənzil Kommunal İstismar Sahəsinin müvafiq arayışlarına əsasən iddiaçı 1989-cü ildə həmin ünvanda anadan olmuş və hal-hazıradək də (1989-cü ildən) həmin mənzildə daimi qeydiyyatda olmaqla yaşayır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, mənzilə dair hüquqi sənədlərinin olmadığı (order, qərar, sərəncam, məhkəmə qərarı və s.) nəzərə alınaraq xahişinin yerinə yetirilməsi rayon İcra Hakimiyyətinin imkanı xaricindədir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 48/45 saylı qərarı deyil, 48/4.5 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət məhkəməyə göndərilmişdir.
5. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki,. İddiaçı xx.xx.2023-cü il tarixli, 5-11/1-M-393/091/2023 saylı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilə dair daimi kirayə müqaviləsinin onunla bağlanmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı, İddiaçı yaşadığı mənzilə dair hüquqi sənədləri olmadığı müəyyən edildiyindən xahişini təmin etmək imkan xaricində olmuşdur.
6. Məhkəmə iclasında tərəflər iştirak etmir.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
12. Məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir.
13. Məhkəmə əlavə olaraq qeyd edir ki, yataqxanalardakı yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün verildiyindən iddiaçının müvafiq kateqoriyaya da aid olduğu müəyyən edilmir.
14. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Qeyd edilən ev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin balansındadır və qeyd edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva