Məhkəmə qərarları › İş №2-1(112)-5755/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5755/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5755/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «sənədlərin götürülməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “X1” MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxul olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizısi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 17 dekabr 2020-ci il tarixli qərarı ilə "X2" MMC-də (yoxlanılan dövr: 01.11.2017-01.11.2021) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 21 dekabr 2020-ci il tarixli tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə olunan dövrdə tələb edilən aşağıda qeyd olunan sənədlər yoxlamaya təqdim edilmədiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır: sənədlərin elektron surəti – 1) yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 2) yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 3) yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 4) yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 5) yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); 6) siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin təsdiq olunmuş surəti; 7) yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrimaddi aktivlərin adlı reyestri (excel faylda); 8) xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport və miqrasiya ilə bağlı sənədlərin təsdiq olunmuş surətləri; 9) müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 10) Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 11) yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin adlı siyahısı; 12) yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 13) yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), 14) yoxlanılan dövrlər üzrə işçilərin (tutduğu vəzifə, təvəllüdü) əhatə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər. Yoxlamanın predmetinə aid olan 1 iyul 2017-ci il tarixdən 1 noyabr 2020-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 1) vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2) vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 3) vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 4) yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; 5) yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli; 6) Vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 7) iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 8) ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 9) AR Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 10) yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 11) ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; 12) dəyəri 2.000 min manatdan yuxarı olan bütün sığorta polisləri; 13) qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları. Tələbnamədə göstərilən sənədlər üzrə elektron formada sənədlər yoxlamaya qismən təqdim edilmiş, imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətləri isə, ümumiyyətlə təqdim edilmədiyi üçün, 14 yanvar 2021-ci il və 16 yanvar 2021ci il tarixlərdə AR Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim olunması barədə iki nüsxədən ibarət akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən AR Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında **********145123 nömrəli 2 mart 2021-ci il tarixli qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi həmin qərarda qeyd olunan sənədlər üzrə elektron formada sənədləri yoxlamaya qismən təqdim etmişdir. İmzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron sənədləri isə ümumiyyətlə təqdim etmədiyindən, 5 aprel 2021-ci il tarixdə AR Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin qismən təqdim olunması barədə iki nüsxədən ibarət akt tərtib edilmişdir. Beiəliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. AR Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 47/19 saylı iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisindən sənədlərin götürülməsi ilə bağlı mübahisələr artıq inzibati məhkəmə icraatı qaydasında aparılmalıdır. Göstərilənlərə əsaslanaraq məhkəmədən, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan yuxarıda qeyd edilən sənədlərin Cavabdeh MMC-dən götürülərək iddiaçıya təqdim olunmasına dair qərar çıxarılması xahiş olunur. Cavabdeh MMC-nin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etrazında aşağıdakılar bildirilir: - Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, 17 dekabr 2020-ci il tarixdə müəssisəyə 2017-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr üçün səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilmişdir. Tələbnaməyə uyğun olaraq, bütün zəruri sənədlər yoxlayıcıya elektron daşıyıcılar vasitəsi ilə (cəmiyyətin rəsmi elektron poçt ünvanından yoxlayıcının elektron poçt ünvanına) 2021-ci ilin yanvar, fevral, mart, aprel, may aylarında, yəni, vaxtında və tam olaraq təqdim edilmişdir. Əlavə olaraq, növbəti aylarda da vergi yoxlayıcısınm müraciətləri əsasında bütün tələb olunan sənədlər MMC tərəfindən vaxtında təqdim edilmişdir. Müəssisənin xüsusi karantin rejimində fəaliyyət göstərməsinə baxmayaraq, 2017 – 2020-ci illər üzrə tələb olunan bütün sənədlər (ümumilikdə 5.000-dən çox səhifədən ibarət 602 məktub), həmçinin vergi yoxlayıcısı tərəfindən bilavasitə aparılması zəruri olan dövrlər üzrə müqayisə cədvəlləri onun məhdud sayda çalışan işçiləri tərəfindən hazırlanmış və yoxlayıcının müəyyən etdiyi çatdırılma vasitəsi ilə, onun elektron poçt ünvanına göndərilmişdir. Yoxlayıcı, müəssisə tərəfindən ona göndərilmiş sənədlərin aldığını təsdiq etsə də, hər səfərində həmin sənədlərin natamam olduğunu iddia edir, lakin hansı sənədlərin təqdim olunmadığı sorğu ediləndə, heç bir cavab vermir. Sənədlərin natamam göndərilməsi bəhanəsi ilə müəssisənin barəmizdə AR Nazirlər Kabietinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarını tətbiq etmək təhdidi ilə çıxış edilir. Yoxlayıcı tərəfindən müəssisədən tələb edilmiş bütün sənədlər ona təqdim edilmişdir, tələb edilməmiş əlavə sənədlər mövcud olduqda isə, həmin sənədlərin də təqdim edilməsinə etiraz olunmur. Bu barədə yoxlayıcı Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi lazımi qaydada məlumatlandırılmışdır. Yuxarıda göstərilənləri, eləcə də iddia tələbinin MMC tərəfindən tam icra edildiyini nəzərə alaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh MMC-nin məhkəməyə 5 oktyabr 2021-ci il tarixdə təqdim olunmuş əlavə ərizəsində aşağıdakılar bildirilir: - İddiaçı Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbinə dair iddiası üzrə 2-1(112)-5755/2021 saylı inzibati işi məhkəmənin icraatındadır. Vergi orqanının tələbi ilə vergi yoxlaması dövrünü əhatə edən sənədlər vergi yoxlayıcısına göndərilsə də, onun tərəfindən sənədlərin böyük bir hissəsi nəzərə alınmamışdır. Həmin sənədlərin göndərilməsini təsdiq edən sübutlar məktuba əlavə edilmişdir. Ayrıca olaraq qeyd olunur ki, vergi orqanı tərəfindən tələb olunan bir çox sənədlər ümumiyyətlə vergi yoxlaması dövrünü əhatə etmədiyindən MMC tərəfindən göndərilməmişdir. Yuxarıda göstərilənləri, eləcə də iddia tələbinin biz tərəfdən tam icra edildiyini nəzərə alaraq, iddianın rədd edilməsi haqqında qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi X6 bildirdi ki, iddiaçının tələbi məhkəmə icraatı dövründə icra olunmuşdur. Əlavə sənədlər mövcud deyil. İddianın rədd edilməsi xahiş olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırarq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Göründüyü kimi, vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməsini, vergi ödəyicisi həmin sənədləri təqdim etmədikdə və sənədlərin onda olmadığını bildirdikdə isə, bu barədə müvafiq akt tərtib edilməklə vergi orqana ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsinin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməsini etmək hüququnu verir. Hazırkı işin hallarına görə isə, səyyar vergi yoxlaması zamanı vergi orqanının tələbinə uyğun olaraq hazırkı cavabdeh tərəfindən yoxlama üçün zəruri olan müvafiq sənədlərin bir qismi təqdim olunmuşdur. Məhkəmə icraatı zamanı cavabdeh onda olan bütün sənədlərin surətlərini iddiaçıya təqdim etmiş və əlavə sənədlərin olmadığını bəyan etmişdir. Sənədlərin hansı formada (təsdiqlənmiş, elektron və s.) təqdim edilməsi isə, bir başa tələb kimi qoyula bilməz. Nəzərə alınmalıdır ki, müəssisədə mövcud olmayan sənədlərin təqdim edilməsi, eləcə də həmin sənədlərin təqdim olunanlardan ayrı şəkildə sadalanması da mümkün deyil. Belə olan halda məhkəmənin qənaətinə görə tərəflər arasında inzibatı mübahisə aradan qalxmış olur. Odur ki, İPM-in 67-ci maddəsinin tələbləri analogiya üzrə tətbiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 67, 83-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «sənədlərin götürülməsi» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar