Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5767/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının "şifahi müsahibənin nəticələrinə dair" 18 fevral 2021-ci il tarixli 06 saylı protokolunda (qərarında) ona aid hissənin ləğv edilməsi, Azərbaycan Respublikası Vəkillər X2 Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərar olmadan onun icbari təlimə buraxılmamağında ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, ali təhsilli hüquqşünasdır və ixtisası üzrə 20 ilə yaxın stajı vardır. Bu müddət ərzində müxtəlif təşkilatlarda işləməyi ilə yanaşı, 01.01.2018-ci il tarixədək olan müddətdə, eyni zamanda, 31.10.2017-ci il tarixdə Mülki Prosessual Məcəlləyə edilmiş əlavə və dəyişikliklərədək qüvvədə olmuş həmin Məcəllənin 69-cu maddəsindən yararlanaraq tərəflərin nümayəndəsi kimi məhkəmə proseslərində iştirak etmişdir. Bütün bunları qeyd etməkdə əsas məqsədi odur ki, məhkəmənin diqqətinə ixtisası üzrə kifayət qədər həm nəzəri, həm də təcrübi biliklərə malik olduğunu çatdırsın. Lakin vəkilliyə qəbulla bağlı sənədlərini hələ bu dəyişiklikdən əvvəl Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdim etmişdir və imtahanların keçirilməsini gözləyirdi. İlk dəfə 28.01.2018-ci il tarixdə vəkilliyə qəbulla bağlı keçirilən test imtahanında iştirak etmişdir və suallara cavab verilməsi üçün 3 saat vaxt verilsə də, 1 saatdan az müddətdə sualları cavablandıraraq, 71 bal toplamışdır və şifahi müsahibə mərhələsinə buraxılmışdır. 27.03.2018-ci il tarixdə şifahi müsahibə mərhələsində iştirak edərək verilmiş sualları cavablandırsa da, ixtisas komissiyasının bəzi üzvlərinin ona qarşı qərəzli münasibətdə olduğunu hiss etmiş və həmin münasibətin səbəbini məhz komissiyanın sədri müsahibənin sonunda ona bildirmişdir. Təbii ki, şifahi müsahibə mərhələsindən kəsiləcəyi ona artıq bəlli idi və elə də oldu. Həmin vaxt şifahi müsahibənin nəticələrindən şikayət vermək niyyəti olsa da, Kollegiyanın üzvü olan bəzi tanışlarının "müsahibə mərhələsində anlaşılmazlıq səbəbi ilə kəsildiyini, gələn dəfə imtahan verəndə heç bir problemin olmayacağı" barədə təsəlliverici sözləri və məsləhətləri ilə İxtisas Komissiyasının həmin qərarından şikayət verməmişdir. Səbr edərək, 1 illik məhdudiyyətin başa çatmasını və növbəti test imtahanlarında iştirak etməyini gözləmişdir. 27.03.2019cu il tarixdə yenidən yazılı test imtahanında iştirak etmək üçün ərizə ilə müraciət etmiş və 08.09.2019-cu il tarixdə keçirilən növbəti yazılı test imtahanında iştirak etmişdir. Həmin test imtahanında 45 dəqiqə ərzində verilmiş 100 sualı cavablandıraraq 81 bal toplamışdır və müvafiq sənədləri şifahi müsahibə mərhələsində iştirak etməyə buraxılmağı üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına təqdim etmişdir. 18.02.2021-ci il tarixdə ixtisas imtahanının ikinci mərhələsi olan şifahi müsahibədə iştirak etmişdir. Şifahi müsahibədə ona verilən sualları kifayət qədər ətraflı cavablandırdığını hesab etsə də, şifahi müsahibədə İxtisas Komissiyasının bir sıra üzvləri ondan həmin mövzu ilə əlaqəli hüquq normasının əks olunduğu normativ hüquqi aktın maddəsini əzbər formada deyə bilməməyini irad tutmuşlar. 19.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində şifahi müsahibənin nəticələrinə əsasən icbari təlimə cəlb olunan namizədlərin siyahısı ilə tanış olarkən, öz adını həmin siyahıda görməmişdir. Artıq ixtisas komissiyası tərəfindən şifahi müsahibədə iştirakının qeyri-məqbul qiymətləndirildiyini anlayaraq, 23.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına namizəd olaraq şəxsi işində toplanmış sənədlərlə tanış olmağına şərait yaradılmasını və ona Kollegiyanın üzvlüyünə qəbul edilməyindən imtina edilməsi ilə bağlı qərarın surətinin təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, 25.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək bir sıra məlumatları tələb etmişdir. 31.03.2021-ci il tarixdə müraciətinin nəticəsini öyrənmək üçün Vəkillər Kollegiyası ilə əlaqə saxlamış və ona bildirmişlər ki, həm 23.02.2021-ci il tarixli, həm də 25.02.2021-ci il tarixli müraciətlərinə artıq poçtla cavab göndərilmişdir. Cavabdeh qurumun onunla danışan Orxan Babayev adlı əməkdaşına tələb etdiyi sənədlərdən əlavə, müraciətində vəkilliyə namizəd olaraq barəsində toplanmış şəxsi işi ilə, toplanmış sənədlərlə tanış olmaq istəyinin də olduğunu xatırlatdıqdan sonra, onu şəxsi işi ilə tanış olmaq üçün Vəkillər Kollegiyasına dəvət etmişlər. 01.04.2021-ci il tarixdə o, Vəkillər Kollegiyasına getmiş və orada ona şəxsi işini tanış olmaq üçün təqdim etmişlər. Lakin şəxsi işi ilə tanış olarkən barəsində toplanmış sənədlərin natamam, yəni "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan tələblərə cavab verdiyini təsdiq edən sənədin olmadığını, bu konkret halda isə məhkumluğunun olub-olmamasını təsdiqləyən sənədin şəxsi işində olmadığını görmüşdür. Həmin sənədin hansı səbəbdən şəxsi işində olmadığını soruşduqda, əvvəlcə ona belə bir sənədin olmadığı bildirilsə də, cavabdehin əməkdaşı Orxan Babayevə belə bir sənəd olmadan onun vəkilliyə namizəd olaraq qanunvericilikdə nəzərdə tutulmuş tələblərə necə uyğun gəlibgəlmədiyini müəyyən etdiklərini söyləmişdir. Bundan sonra, ona həmin sənədin surətini ala bilməyi üçün Kollegiyanın rəhbərliyinə ərizə ilə müraciət etməli olduğunu bildirdilər. Bu səbəbdən 01.04.2021-ci il tarixdə Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək, barəsində Daxili İşlər Nazirliyinə edilmiş sorğunun və onun cavabının surətinin təqdim edilməsini xahiş etmişdir. 05.04.2021-ci il tarixdə ona həmin sənədlə tanış olmağa şərait yaradıldı, eyni zamanda, həmin gün poçt vasitəsilə ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun imzası ilə 17.03.2021-ci il tarixli cavab məktubu və həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komisiyasının şifahi müsahibənin nəticələrinə dair 18 fevral 2021-ci il tarixli 06 saylı protokolundan (qərarından) çıxarışın və "Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarinin keçirilməsi Qaydaları"nın surətləri təqdim edilmişdir. Cavabdeh qurumla əlaqə saxlayaraq, müraciətində onlardan onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməyindən imtina edilməsi ilə bağlı qərarın surətini, o cümlədən Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının Əsasnaməsini istədiyini, müraciətinə cavab məktubuna həmin sənədlərin əlavə edilmədiyini bildirsə də, ona bildirdilər ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının Əsasnaməsi yoxdur və təqdim edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komisiyasının şifahi müsahibənin nəticələrinə dair 18 fevral 2021-ci il tarixli 06 saylı protokolu (qərarı) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməyindən imtina edilməsi ilə bağlı qərarı əvəz edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komisiyasının şifahi müsahibənin nəticələrinə dair 18 fevral 2021-ci il tarixli 06 saylı protokolu (qərarı) qanunun tələblərinə uyğun qəbul edilmədiyindən və qərarın qəbul edilməsi zamanı keçirilən müsahibənin gedişatı və səsvermənin nəticələri düzgün əks olunmadığından, ona münasibətdə onu vəkilliyə namizədlər üçün icbari təlimə cəlb edilmək hüququndan məhrum edən və bir il müddətinə vəkil olmaq hüququnu məhdudlaşdıran inzibati akt olduğundan ləğv edilməli, cavabdehin Azərbaycan Respublikası Vəkillər X2 qərarı olmadan onun icbari təlimə buraxılmamağında ifadə olunan hərəkətləri qanunsuz hesab edilməlidir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanuna əsasən, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilliyə namizədlərin həmin Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyasının yaradılması nəzərdə tutulsa da, elə həmin qanunda İxtisas Komissiyasının Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərməsinin imperativ bir norma kimi nəzərdə tutulması, lakin buna rəğmən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ali idarəetmə orqanı olan Ümumi Yığıncağı tərəfindən Əsasnamə qəbul edilmədən fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının onun vəkilliyə namizəd kimi vəkillik fəaliyyətini tənzimləyən qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğunu və peşə hazırlığını müəyyən etməyə, onun şifahi müsahibənin nəticələrini qiymətləndirməyə səlahiyyəti olmamışdır. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X1 müvafiq rəy təqdim etməsi nəzərdə tutulsa da, İxtisas Komissiyasının vəkilliyə namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərar qəbul etməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, məntiqi nəticə ondan ibarətdir ki, vəkilliyə namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərar qəbul edilməsi yalnız Azərbaycan Respublikası Vəkillər X2 səlahiyyətlərinə aiddir və belə bir qərarın olmadığı halda, onun şifahi müsahibədən sonra, növbəti mərhələ olan icbari təlimə buraxılmamağımda ifadə olunan hərəkətləri qanunsuzdur və vəkilliyə namizəd olaraq hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı 18.02.2021-ci il tarixdə peşə yararlığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, 18.02.2021-ci il tarixli 06 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir. İddiaçının iştirak etdiyi müsahibənin dövrüliyi 18.02.2021-ci il tarixdə baş tutan şifahi müsahibə ilə tamamlanmışdır. Vəkillərin İxtisas Komissiyası tərəfindən 18.02.2021-ci il tarixdə baş tutmuş şifahi müsahibədə iddiaçıya ünvanlanmış suallara verdiyi cavablar İxtisas Komissiyasının üzvləri tərəfindən qeyri-məqbul qiymətləndirildiyindən iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmiş və bu 18.02.2021-ci il tarixli 06 saylı iclas protokolunda qeyd edilmişdir. 13.10.2020-18.02.2021-ci il tarixlərdə şifahi müsahibə mərhələlərində iştirak edərək müvəffəqiyyət qazanan namizədlərin nəticələri 19.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində dərc edilmişdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin qaydalara uyğun keçirilmədiyini hesab etməsi barədə iddialarının heç bir faktiki və hüquqi əsası yoxdur. Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. İddiaçı imtahan zamanı və ya imtahandan əvvəl ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə qaydalarına yazılı və ya şifahi formada etiraz etməmişdir. İddiaçı ərizəsində İxtisas Komissiyası tərəfindən namizədlərin imtahanda şifahi cavablandırılmalı olduğu sualların namizədlərə yazılı şəkildə təqdim olunmasını əsas götürərək şifahi müsahibənin «Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları»na uyğun olmadan «yazılı formada» aparılması ilə bağlı iddiası əsassızdır. Belə ki, test (yazılı) mərhələsində qapalı tipli, yəni verilən cavab variantlarından bir doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test tapşırıqlarından fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlmağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırki və ya əvvəlki iş fəaliyyət ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Göründüyü kimi, namizədin şifahi müsahibə edilməsi qaydalar çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini («məqbul» və ya «qeyri-məqbul») vermək imkanına malik olması və yekun olaraq rəy verilibverilməməsi məsələsinin «məqbul» və ya «qeyri-məqbul» qiymətlərin riyazi nisbətindən asılı olması Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə, kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir. İddiaçı iddiasında «Vəkillərin İxtisas Komissiyası haqqında Əsasnamə»nin mövcud olmadığını əsas gətirərək vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının qanunun tələblərinə uyğun keçirilməməsi ilə bağlı iddiası əsassızdır. Həmin Əsasnamə məhkəməyə təqdim edilmişdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır. Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunun və «Vəkillik Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları»nın hər hansı bir müddəasını pozmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X4 tərəfindən İddiaçı ünvanlanmış 17.03.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Vəkillər X1 daxil olmuş müraciətlərinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 18.02.2021-ci il tarixdə keçirilmiş ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmisiniz. Vəkillərin İxtisas Komissiyası üzvlərinin Sizə ünvanlanan suallarına verdiyiniz cavablar “qeyri-məqbul" qiymətləndirildiyi üçün. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin V hissəsinə və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları'’nın 5.4-cü bəndinə uyğun olaraq İxtisas Komissiyası tərəfindən Vəkillər X1 rəy verilməmiş və Siz növbəti mərhələyə buraxılmamısınız. Məlumat üçün bildiririk ki, 01.01.2018-ci ıl tarixdən etibarən vəkilliyə qəbulla bağlı 7 yazılı test imtahanı keçirilmişdir. 28.01.2018 ci il tarixdə baş tutmuş yazılı test imtahanında 1967 namizəd, 23.12.2018-ci il tarixdə keçirilən yazılı test imtahanında 138 namizəd, 30.03.2019-cu il tarixdə keçirilən yazılı test imtahanında 238 namizəd, 08.09.2019-cu il tarixdə yazılı test imtahanında 241 namizəd, 31.10.2019cu il tarixdə yazılı test imtahanında 236 namizəd, 31.01.2020-ci il tarixdə keçirilən yazılı test imtahanında 233 namizəd və 05.03.2021-ci ıl tarixdə keçirilən yazılı test imtahanında 271 namizəd iştirak etmişdir. Müvafiq olaraq yazılı test imtahanlarında iştirak etmiş namizədlərdən 780 nəfəri 60-69 bal, 490 nəfəri 70-79 bal, 183 nəfəri 80-89 bal, 21 nəfər namizəd 90-dan yuxarı bal toplayaraq ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmışlar. Vəkilliyə qəbulla bağlı 28.01.2018 - 31.10.2019-cu il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 1066 nəfəri şifahi müsahibə mərhələsində uğur qazanmışdır. Onlardan 652 nəfəri ixtisas imtahanının yazılı test mərhələsində 60-69 bal, 297 nəfəri 70-79 bal, 101 nəfəri 80-89 bal, 16 nəfəri isə 90 baldan yuxarı bal toplamışdır. 31.01.2020 - 05.03.2021-ci il tarixlərdə keçirilən yazılı test imtahanlarında müvəffəqiyyət qazanan namizdələrlə şifahi müsahibə mərhələsi halhazırda davam edir. Sorğunuzla bağlı İxtisas Komissiyasının iclas protokolu və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydaları Sizə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillərin İxtisas Komissiyası 13.10.2020-18.02.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş aşağıda adları çəkilən namizədlərin cavablarını «qeyri-məqbul» qiymətləndirmişdir: 15. İddiaçı. İş materiallarında olan Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın (tarix 18.02.2021) qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, namizəd İddiaçı verilmiş suallar üzrə nəticə: məqbul 16, qeyri-məqbul 24. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; 8-ci maddəsinin 1-ci hissəsinə əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır; 13-cü maddəsinin 4-cü hissəsinə əsasən İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir; 13-cü maddəsinin 5-ci hissəsinə əsasən İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X1 müvafiq rəy təqdim edir; 13-cü maddəsinin 8-ci hissəsinə əsasən ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz; 13-cü maddəsinin 9-cu hissəsinə əsasən ixtisas imtahanının qaydaları Vəkillər X3 tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 10-cu hissəsinə əsasən İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikası Vəkillər X2 07.07.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları»nın: 1.2-ci bəndinə əsasən Qaydalar, qanunvericiliyin tələblərinə cavab verən namizədlərin vəkilliyə qəbulu qaydalarını müəyyən edir; 2.1-ci bəndinə əsasən ixtisas imtahanları Vəkillər X3 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər X3, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir; 5.1-ci bəndinə əsasən yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir; 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər; 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul" və ya “qeyri-məqbul" kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul" qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir; 5.6-cı bəndinə əsasən Komissiyanın qərarı ilə şifahi müsahibə vıdeokonfrans formatında keçirilə bilər; 6.1-ci bəndinə əsasən şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində keçid bal toplayaraq 18.02.2021-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmişdir. Vəkillərin İxtisas Komissiyası tərəfindən 18.02.2021-ci il tarixdə baş tutmuş şifahi müsahibədə iddiaçıya ünvanlanmış suallara verdiyi cavablar İxtisas Komissiyasının üzvləri tərəfindən qeyri-məqbul qiymətləndirildiyindən (məqbul 16, qeyri-məqbul 24) iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmiş və bu, 18.02.2021-ci il tarixli 6 saylı iclas protokolunda qeyd edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı iclas protokolundan görünür ki, Vəkillərin İxtisas Komissiyası 13.10.2020-18.02.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş İddiaçı cavablarını «qeyri-məqbul» qiymətləndirmişdir. Göründüyü kimi, Vəkillərin İxtisas Komissiyası tərəfindən ixtisas imtahanının şifahi müsahibə mərhələsi qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. Belə ki, ixtisas imtahanı Vəkillər X3 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilmiş, iddiaçı yazılı test imtahanından keçid balı topladığı üçün onun peşə yararlığını müəyyən etmək məqsədi ilə onunla şifahi müsahibə keçirilmiş, iddiaçının cavabları Komissiyanın üzvləri tərəfindən “qeyriməqbul" kimi qiymətləndirilmiş, bu barədə protokolda müvafiq qeyd aparılmış və müsahibənin nəticəsində cavablar “qeyri-məqbul" qiymətləndirildiyi üçün iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir, bu səbəbdən də iddiaçı icbari təlimə də buraxılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5767/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5767/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver