Məhkəmə qərarları › İş №2-1(112)-58/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-58/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-58/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “transformatorun təhlükəsiz əraziyə köçürülməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “transformatorun təhlükəsiz əraziyə köçürülməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh "xxxx" ASC Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massivdə yerləşən 8 a ünvanlı evə, eləcə də, ətrafdakı digər yaşayış evlərinə yüksək təhlükə riski yaratmayan sahəyə köçürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv 27 a ünvanında 2 sot həyətyanı torpaq sahəsi vardır. Hazırda həmin torpaq sahəsində ev tikdirmək niyyətindədir. Ancaq evin sxemindən göründüyü kimi, o ev tikilərsə arxası birbaşa enerji paylayıcısı olan transformatorun yerləşdiyi əraziyə düşür. Yüksək gərginlikli elektrik enerjisi paylayıcısı olan bu transformator ətrafınddakı yaşayış evləri üçün həqiqətən təhlükə mənbəyidir. Bu səbəbdən də, həmin torpaq sahəsində özünə ev tikə bilmir. Belə ki, bu ev tikilərsə yüksək gərginlik transformatorla onun arasında cuzi məsafə qalır ki, bu da, hər an təhlükə riski olar. Transformator həmin əraziyə 3 il olar ki, qoyulmuşdur və həmin vaxt o torpağın mülkiyyətçisi olan X2 razılığı alınmamışdır. Ətraf üçün yüksək təhlükə mənbəyi olan bu transformator orada quraşdırılarkən onunla və digər qonşularla razılaşdırılmamışdır. Transformatorun hazırki yeri həmin şəxsin həyətyanı sahəsinə bitişik olub, məhəllənin zibilxanası kimi istifadəsi dayandırılmışdır. Bundan sonra "xxxx" ASC Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi heç kimi məlumatlandırmadan və heç bir qurumdan icazə almadan, mütəxəssis rəyi almadan tamamilə qanunsuz olaraq transformatoru orada quraşdırmışdır. Dəfələrlə cavabdeh orqanda rəhbərliyin qəbulunda olsa da, heç bir nəticəsi olmamış, müxtəlif bəhanələrlə xahişlərindən yayınmış, ərizəsinə rəsmi cavab verilməmişdir.

3. Məhkəmənin 2-1(112)-977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Məhkəmənin 2-1(112)-977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə "xxxx" ASC Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir.

5. Məhkəmənin 2-1(112)-977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin 3-cü şəxs kimi inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.

6. Sonradan iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massivdə yerləşən 8 a ünvanında ona məxsus evin yaxınlığında yerləşdirilən transformatorun təhlükəsiz əraziyə köçürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbu edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, KTM52 saylı X1 görünür ki, iddia ərizəsində qeyd olunan transformator məntəqəsi 250 KB.A gücünə malikdir və 2004-cü ildən Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci massivində quraşdırılmışdır. Bu illər ərzində transformator ərazi üzrə əhaliyə xidmət edir və ərazini dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədi ilə quraşdırılmışdır. Həmin transformator Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 11 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması” Qaydasının tələblərinə uyğun olaraq quraşdırılmışdır.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.

12. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

13. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı X3 xx.xx.2012-ci il tarixindən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus 0.048653 ha torpaq sahəsinin 0.02 ha hissəsini İddiaçı satmışdır.

14. Transformatorun foto şəkili, texniki pasportu iş materiallarına əlavə edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-30470/2023 **********70 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

16. Məhkəmənin 2-1(112)-977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9612/2024 nömrəli məktubla təqdim edilmiş 10/9612 nömrəli ekspert rəyinə əsasən qərardadın birinci, üçüncü və dördüncü sualları üzrə: ünvan 4 ünvanında yerləşən tikilinin odadavamlılıq dərəcəsinin 2-ci dərəcə olduğunu və həmin ünvanda yerləşən KTM52 saylı 400 kVA transformatorla tikili arasında olan məsafənin 1m təşkil etdiyini nəzərə aldıqda, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 171.12-ci bəndinə əsasən transformator qaydaların tələbinə uyğun quraşdırılmamışdır. qərardadın ikinci və beşinci sualları üzrə: məhkəmə tikinti-texniki ekspertizasınn həll etdiyi məsələlər dairəsindən kənadır. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

25. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 11 aprel 2023cü il tarixli, 858-VİQ nömrəli Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.12. elektroenergetika obyektləri – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və paylanması prosesində istifadə olunan elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, mərkəzi operativ-dispetçer idarəetməsini təmin edən bina və qurğular; 1.1.53. ötürücü şəbəkə – elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən 110 kV və ondan yuxarı gərginlikli transformator yarımstansiyalarının və elektrik verilişi xətlərinin məcmusu; 1.1.56. paylayıcı şəbəkə – elektrik enerjisinin paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən 110 kV və aşağı gərginlikli transformator yarımstansiyalarının və elektrik verilişi xətlərinin məcmusu; ... 12.1. Elektrik enerjisi istehsalçısının aşağıdakı vəzifələri vardır: 12.1.1. “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisi istehsal etmək; 12.1.2. icazə şərtlərinə uyğun olaraq ötürücü və paylayıcı şəbəkələrə qoşulma nöqtəsində güc həcmlərini təmin etmək; 12.1.3. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 12.1.4. elektrik enerjisi bazarında iştirak etmək üçün bu Qanunun 29-cu maddəsində nəzərdə tutulan müvafiq müqavilələri bağlamaq və onların şərtlərinə əməl etmək; 12.1.5. balanslaşdırma və köməkçi xidmətlər bazarlarında iştirak etmək, habelə balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırma məsuliyyətini daşımaq; 12.1.6. elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək; 12.1.7. elektrik stansiyasının etibarlı və fasiləsiz işini təmin etmək; 12.1.8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək. 12.2. Elektrik enerjisinin istehsalçısı aşağıdakı hüquqlara malikdir: 12.2.1. topdansatış bazarında elektrik enerjisini almaq və satmaq; 12.2.2. bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisini satmaq; 12.2.3. elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək; 12.2.4. istehsal etdiyi elektrik enerjisini saxlamaq.

26. xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın: Bənd 4.2.6.11. Yanğın təhlükəsizliyinə görə yarımstansiyalar odadavamlılıq dərəcəsi İ, İİ, İİİ olan binalardan ən azı 3 m və odadavamlılıq dərəcəsi İV və V olan binalardan isə ən azı 5 m aralı məsafədə yerləşməlidirlər.

27. Hazırki işin hallarından (təqdim edilmiş ekspert rəyinin təsviri hissəsindən və digər materiallardan) müəyyən edilmişdir ki, ünvan 4 ünvanın yaxınlığında yerləşən transformatorun arxa tərəfində mişar daşı ilə hasara alınmış həyətyanı sahə vardır. Transformatorla hasar arasındakı məsafə 1 metrdir. Hasarın içəri hissəsində köməkçi tikililər vardır. Transformatora vizual baxış zamanı transformatorun KTM 52 nömrəli TR 400 kVA 6/04 kVA olduğu müəyyən edilmişdir. Transformator torpaq səviyyəsindən 0.4 m hündürlükdə, beton təbəqə üzərində quraşdırılmış, ətrafında heç bir qoruyucu çəpər mövcud deyildir. KTM 52 nömrəli transformatorun texniki pasportuna əsasən o, xx.xx.2006-cı il tarixində quraşdıırlmışdır. Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli “Yanğın texniki müayinə Aktı”na əsasən ünvan 4 yaşayış binasına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən yaşayış binasının odadavamlılıq dərəcəsi 2-ci dərəcə təşkil edir və yaşayış binası ilə transformator arasındakı məsafə 1 metrdir.

28. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 4 ünvanın yaxınlığında yerləşən KTM 52 nömrəli TR 400 kVA 6/04 kVA olan transformator elektrik qurğularının quraşdırılması qaydalarına uyğun quraşdırılmamışdır.

29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının tələbi təmin edilməli və mübahisə predmetini təşkil edən transformatorun təhlükəsiz əraziyə köçürülməsi cavabdehə həvalə edilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massivdə yerləşən 8 a ünvanında İddiaçı məxsus evin yaxınlığında yerləşdirilən transformatorun təhlükəsiz əraziyə köçürülməsi öhdəliyi "xxxx" ASC-yə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar