Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5806/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “pensiyanın yenidən hesablanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbə dəqiqləşmə verərək əmək pensiyasının yenidən hesablanması barədə 23 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini, pensiya təyin edildiyi gündən 6 il və həmin dövrdən sonra yuxarı olan dövr nəzərə alınmaqla “ Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 10 may 2016-cı il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyn edilmişdir. 2022-ci ilin oktyabr ayında pensiya məbləğinin yenidən hesablanamsı ilə əlaqədar etmiş olduğu müraciətə cavab olaraq 162,82 manat pensiya artırılmış, cavabdeh bu zaman qüvvədən düşmüş qanunvericiliyə istinad etmişdir. Halbuki bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsində hesablama ilə bağlı yeni redaksiyaya istinad edilməli idi. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya 10 may 2016-cı il tarixdə pensiya təyin edilmiş, 01 iyun 2022-ci il tarixədək işləyən əmək pensiyaçısı kimi qazandığı 25399,92 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 45-ci maddəsinin köhnə redaksiyasına əsasən 162,82 manat artırılaraq 583,43 manata çatdırılmışdır. Göründüyü kimi əmək pensiyası düzgün olaraq yenidən hesablanmışdır. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin imtina məktubundan görünür ki, cavabdeh qeyd etmişdir ki, Qanunun 45-ci maddəsinin yeni redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına şamil edilmədiyindən, köhnə redaksiyaya əsasən 01 iyun 2022-ci il tarixinədək işləyən əmək pensiyaçısı kimi qazandığınız 25399,92 manat sığorta kapitalına əsasən əmək pensiyası həmin rəqəm 156 aya bölünməklə 162,82 manat artım edilmişdir. Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya əmək pensiyası 10 may 2016-cı il tarixdə təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iddiaçının 420,61 manat olan əmək pensiyası yenidən hesablanaraq 583,43 manata çatdırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. "Əmək pensiyaları haqqında” Qanunun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir 37.1.Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. [182] 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır M a d d ə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunur ki, Qanunun qüvvədə olmuş redaksiyasında, həmçinin qeyd edilirdi ki, Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il 530-VİQD Qanuna əsasən isə 45-ci maddənin həmin redaksiyası dəyişdirilmiş həmin cümlə çıxarılmışdır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisənin mahiyyəti də köhnə redaksiya, yoxsa təzə redaksiyanın tətbiqi ilə bağlıdır. Belə ki, iddiaçı pensiya təyin edildikdən sonra toplamış olduğu sıorta kapitalında qeyd edilmiş məbləğin 144-ə bölünərək əmək pensiyasının artırılmalı olduğunu iddia edir. Cavabdeh isə 45-ci maddənin mövcud redaksiyasının yox, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması barədə müddəanın tətbiq edilməsini, yəni sığorta kapitalında göstərilən məbləğin 144 aya yox, 156 aya bölünməli olması və əmək pensiyasının yenidən hesablanmasını qeyd edir. Əmək pensiyasının yenidən hesablanması barədə qərardan, o cümlədən cavabdehin imtina məktubu və etirazından da göründüyü kimi cavabdeh əmək pensiyasını yenidən hesablayarkən 01 iyun 2022-ci il tarixə pensiya kapitalını 25399,92 manat müəyyən etmiş, həmin məbləği 156 aya (65 il-58 il=84 ay + (144 ay-72 ay)) bölmüş və 162,82 manat artım müəyyən etmişdir. Hazırda qüvvədə olan 45-ci maddənin tələbindən isə həqiqətən görünür ki, əmək pensiyasının yenidən hesablanma qaydası dəyişdirilmişdir. Lakin, iddia irəli sürülərkən iddiaçı nəzərə almamışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il 530-VİQD Qanunun 2.2-ci maddəsinə görə Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi yeni tənzimləmə Qanun qüvvəyə minənək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına şamil edilmir. İddiaçıya əmək pensiyası isə 10 may 2016-cı il tarixdə, yəni hazırda istinad olunan Qanundan illər öncə təyin edilmişdir ki, bu səbəbdən də iddiaçının əmək pensiyasının yenidən hesablanması, məhz Qanunun 45-ci maddəsinin köhnə redaksiyasına, yəni Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması müddəasına uyğun olaraq hesablanmalıdır ki, cavabdeh də əmək pensiyasını məhz həmin qaydada hesablamışdır. İddiaçının, digər dəlili isə ondan ibarətdir ki, cavabdeh pensiya kapitalını 01 iyun 2022-ci il tarixədək, yəni 6 il işləməsi ilə əlaqədar götürmüş, halbuki qərarın qəbul edildiyi dövrdə onun iş stajı 6 ildən çox olmuşdur ki, həmin müddət əmək pensiyası hesablanarkən nəzərə alınmamış, 6 il və 6 ildəki sığorta kapitalı əsas götürülmüşdür. Məhkəmə bununla bağlı olaraq qeyd edilməsini zəruri hesab edir ki, Qanunun 37.3.1ci maddəsinə əsasən pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Maddənin şərhindən də görünür ki, cavabdeh məhz əmək pensiyası təyin olunduğu gündən sonra məhz 6 il işlədikdə yenidən hesablama ilə bağlı öhdəlik daşıyır ki, həmin hesablamanı aparmışdır. İddiaçının iddia etdiyi isə odur ki, təkcə 6 il yox, həmçinin 6 ildən əlavə işlədiyi bir-neçə ay nəzərə alınmaqla da hesablama aparılmalıdır ki, iddiaçının diqqətinə çatdırılır ki, göstərilən qaydada hesablama işləyən əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmamışdır. Təbii haldır ki, iddiaçı göstərilən aylar üzrə sığorta kapitalına əsasən də əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilər ki, bunun üçün həmin ayların işləyən əmək pensiyaçı statusunda qaldığı təqdirdə növbəti 6 il işlədikdən sonra, işləməyən əmək pensiyaçı statusuna keçdikdə isə məhz həmin statusa keçdiyi gündən tələb edilməsi mümkündür. İddiaçı isə işləyən əmək pensiyaçısı statusundadır və onun və ya onun statusunda olan şəxslər üçün 7,8,9,10-cu illər üzrə fərqli hesablama qaydası nəzərdə tutulmamışdır. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5806/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5806/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver