Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5859/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi və Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi və Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün 3175 (üç min yüz yetmiş beş) manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin Azərbaycan Avtomibil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 noyabr 2023-cü il tarixdə arvadı X1 ilə birlikdə ona məxsus “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bakı şəhərindən yeni salınmış Bakı-Dərbənd yolu ilə Xaçmaz rayonu istiqamətində hərəkət etmişdir. Bu yol ödənişli olduğu üçün həmin yolun sahibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 7,44 (yeddi manat, qırx dörd qəpik) manat pul ödəmişdir. Yol boyu avtomobillə 100-110 km/saat sürətlə hərəkət etmişdir. Yolun Siyəzən rayonu istiqamətindən keçərkən irəlidə mal-qara görünməyə başlamışdır. Yol dumanlı olduğu üçün o, malları dəqiq seçə bilməmişdir. Bu zaman avtomobilin sürətini azaldaraq həmin heyvanlarla toqquşmadan yayınmağa çalışsa da, yayına bilməmişdir və avtomobili yoldakı inəklərin biri ilə toqquşmuşdur. Hadisə nəticəsində tam qanuni əsaslarla mülkiyyətində olan “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3175 (üç min yüz yetmiş beş) manat məbləğində maddi ziyan dəymişdir və avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Bunu iş materiallarına əlavə etdiyi 14 noyabr 2023-ci il tarixli ziyan aktı da təsdiq edir. Qeyd edilən hadisə ilə bağlı Siyəzən RPŞ-nin TQ-nın təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən araşdırılma aparılmış və 16 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Yol-nəqliyyat hadisəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqsirin nəticəsində baş vermişdir. Belə ki, cavabdeh tərəf ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək vəzifəsi daşıdığı halda yola nəzarət etməmiş və nəticədə heyvanlar yola çıxmış onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Dəymiş zərər məbləğinin ödənilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəf onun müraciətini Azərbaycan Avtomobil Yolları X3 Yolarının Mühafizə Xidmətinə göndərmişdir. Azərbaycan Avtomobil Yolları X3 Yolarının Mühafizə Xidməti isə 20 dekabr 2023-cü il tarixli, 11-1/2-0-96-125/1-1/2023 saylı məktubla ona bildirmişdir ki, 05 noyabr 2023-cü il tarixində ödənişli avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırıldıqdan sonra, nəticədən asılı olaraq məlumat veriləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı iddia ərizəsi ilə iddiaçı ödənişli yoldan istifadə etdiyi zaman baş vermiş hadisə nəticəsində avtomobilə dəyən zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2019-cu il tarixli, 76 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nın: 2.1.1-ci bəndinə əsasən, ödənişli avtomagistral – müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur; 2.1.2-ci bəndinə əsasən, operator – ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumudur. 3.1-ci bəndinə əsasən, ödənişli avtomagistralın istifadə olunması istifadəçi ilə operator arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanılması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir və bu müqaviləyə uyğun olaraq operator istifadəçiyə ödənişli avtomagistralda gediş hüququnu təqdim etməyə və yol hərəkətini təşkil etməyə, istifadəçi isə təqdim olunan xidmətin haqqını ödəməyə borcludur. 3.2. İstifadəçi operatorla aşağıdakı üsullardan birini seçməklə müqavilə bağlayır: 3.2.1. ödənişin tutulması məntəqəsində nəqliyyat vasitəsinin gedişi üçün müəyyən etdiyi müddət və gediş sayı nəzərə alınmaqla müvafiq haqqı ödəyir; 3.2.2. gediş talonunu ödəyir; 3.2.3. avtomatik elektron ödəniş cihazını əldə edir. 3.3. Ödənişli avtomagistraldan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi (operator) həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz. 4.1. Nəqliyyat vasitəsinin gedişinin təşkili zamanı operatorun vəzifələri aşağıdakılardır: 4.1.1. müəyyən edilmiş sürət rejimi nəzərə alınmaqla, ödənişli avtomagistralla istifadəçilərin nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək; ... Göründüyü kimi hazırkı iş üzrə mübahisə ödənişli yoldan istifadə ilə bağlı müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə bir daha qeyd edir ki, iddiaçı “kompensasiya” tələbinə dair iddia ərizəsi ilə yuxarıda qeyd olunan inzibati orqanlara qarşı iddia irəli sürsə də, cavabdehlər ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki, iddia tələbində qeyd edilən “kompensasiya” iş üzrə cavabdehin hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyildir. İddiaçının qaldırdığı məsələlər publik hüquq münasibətlərinə aid olmadığından, başqa sözlə mülki hüquq münasibətləri ilə əlaqədar olduğundan iddiaçının hazırkı tələbləri inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə vurğulayır ki, iş üzrə tərəflər müqavilə bağlamaqla qarşılıqlı hüquq və vəzifələrə malik olduğundan, bu münasibətdə bərabərhüquqlu subyekt kimi iştirak etmişdir və tərəflər arasında olan bu hüquq münasibəti inzibati orqanla şəxsin hakimiyyət tabeli münasibəti kimi, həmçinin inzibati orqanın digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə cavabdeh orqanlarla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığı üçün hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.” “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehlərə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi və Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5859/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5859/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver