Məhkəmə qərarları › İş №2-1(112)-5874/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5874/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5874/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh X8 Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) bakalavr təhsilini Ukraynanın Nikolayev şəhərində yerləşən admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin menecement ixtisası üzrə x xxxx 2017-ci il tarixdə bitirmiş və ona B17 227195 nömrəli diplom verilmişdir. xx xxxx 2020-ci il tarixdə iddiaçı AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət edərək həmin diplomun ölkə ərazisində tanınmasını (nostrifikasiyası) xahiş etmişdir. Lakin qurum xx xxxx 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina barədə qərar qanuna, hüquqa ziddir. İdarənin imtina məktubunda qeyd olunur ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun (iddiaçının) ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları»nın 3.7-ci bəndinə əsasən onun (iddiaçının) diplom üzrə ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilmir. Qeyd olunur ki, belə rəyin verilməsi həmin Qaydalara əsasən tamamilə qanuna zidd və əsassızdır. Sözügedən Qaydaların 3.7-ci bəndində qeyd edilir ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının apostil edilmiş sənədlərindən görünür ki, o, Ukraynanın admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin diploma əsasən bakalavriat proqramını mənimsəmiş, yekun dövlət attestasiyasını uğurla keçmiş və Dövlət imtahan komissiyası ona bakalavr dərəcəsi vermişdir. Bakalavr-mütəxəssis proqramının əyani təhsil üzrə mənimsənilməsi müddəti 3 il 10 ay qeyd edilmişdir. Bakalvr diplomuna x xxxx 2017-ci il tarixli 816/17 nömrəli əlavədən görünür ki, əyani pillə üzrə 3 il 10 ay müddətində 71 fənnin tədris edilməsi nəzərdə tutulmuş, təhsil proqramının ümumi tələbi 248 kredit AKTS müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının göstərilən müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi realdır. AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin bu qərarı Azərbaycan Respublikasının tərəfdar çıxdığı X11 Konvensiyasına ziddir. Sözügedən Konvensiyaya aid Tövsiyələrin 37-ci maddəsində ekvivalentliyin tanınması üçün müvafiq şərtlər müəyyənləşdirilmiş, həmin şərtlər arasında Akkreditasiya və Nostrifikasiya İdarəsinin irəli sürdüyü şərtlər mövcud deyildir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə, «Avropa regionunda təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına, İPM-in 2.2.2, 33, 38, 73-cü maddələrinə və digər normalara əsaslanaraq, ona (iddiaçıya) Ukraynanın admiral Makarov adına Milli Gəmiqayırma Universiteti tərəfindən verilmiş x xxxx 2017-ci il tarixli B17 227195 nömrəli bakalavr diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə AR Təhsil Nazirliyinə müraciət etmişdir. Onun müraciətinə baxılaraq, məsələnin həllindən imtina edilmişdir. Həmin imtina qanuni və əsaslıdır. İddiaçının sənədləri araşdırılarkən, onun ixtisasının AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini (rus dili) bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesfik fənn barədə ətraflı biliklərini, spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. Qeyd olunan Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Əliyev X10 admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür (Ukrayna ərazisinə keçmə faktları barədə “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2013-2017-ci illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, Ukraynanın admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Ekspert rəyinə əsasən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə, eləcə də «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın İİİ.1.2 maddəsinə (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr»in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qeyd olunanlar əsasında İddiaçı adına Ukraynanın müvafiq Universiteti tərəfindən verilmiş B17 227195 nömrəli x xxxx 2017-ci il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Göstərilənlərə və Azərbaycan Respublikasaı Konstitusiyasının 148, 151-ci maddələrinə, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəalarına, İPM-in 33, 73-cü maddələrinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, cavabdehin imtinası qanunvericiliyə, o cümlədən müvafiq qaydalara ziddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. AR Nazirlər Kabinetinin 117 nömrəli xx xxxx 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. AR Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin müddəalarına görə: - (1.1-ci bənd) Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla bütün təhsilalanlar, təhsilverənlər və işəgötürənlər üçün hazırlanmışdır və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğuna xidmət edir; - (1.2-ci bənd) AzMKÇ konseptual baxımdan X14 X2 (AATMKÇ) və Ömürboyu təhsil üzrə X3 (ÖTAKÇ) meyarlarına uyğun hazırlanmışdır; - (1.3-cü bənd) AzMKÇ-nin hazırlanmasında aşağıdakı prinsiplər əsas götürülmüşdür: (1.3.1) AzMKÇ-yə daxil edilmiş kvalifikasiyalar «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsil pillələri və səviyyələrinə uyğun müəyyənləşdirilmişdir, (1.3.2) kvalifikasiyalar təhsilalanlardan tələb olunan təlim nəticələrinin minimum səviyyəsini əks etdirməklə təsvir edilir, (1.3.3) kvalifikasiyalar əmək bazarının tələblərinə və peşə standartlarına uyğun müəyyən edilir, (1.3.4) ali və orta ixtisas təhsili üzrə kvalifikasiyalar X13 və Toplanması Sisteminə (AKTTS) uyğun olan kreditlərlə uzlaşdırılır, (1.3.5) bütün kvalifikasiyalar bilik, bacarıq və müstəqillik/məsuliyyət baxımından təsvir edilir və AzMKÇ-nin səviyyələri ilə əlaqələndirilir, (1.3.6) bütün kvalifikasiyaların keyfiyyəti təmin olunur və keyfiyyətin təmin edilməsi bütün müvafiq prosesləri - gözlənilən təlim nəticələrinin təsvirini, hər bir şəxsin təlim nailiyyətlərinin qiymətləndirilməsini və təsdiq olunmasını özündə ehtiva edir, (1.3.7) kvalifikasiyaları verən təhsil müəssisələrində (qurumlarda) təhsilin keyfiyyətinin təmin olunması “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Fəlsəfə doktoru və elmlər doktoru üzrə kvalifikasiyaları verən Azərbaycan Respublikasının Prezidenti yanında X9 tərəfindən təhsilin və elmi tədqiqatların keyfiyyətinin təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə» ilə tənzimlənir, (1.3.8) AzMKÇ-nin tərkib hissəsi olan hər bir kvalifikasiya Milli Kvalifikasiyalar Reyestrində (MKR) qeydə alınır, onun milli və beynəlxalq səviyyədə tanınması təmin edilir, (1.3.9) MKR-in daim yeniləşdirilməsi və internet səhifəsində yerləşdirilməsi təmin edilir; - (1.4-cü bənd) AzMKÇ ömürboyu təhsilin tanınması məqsədi ilə hazırlanmışdır və bura ali təhsil üzrə kvalifikasiyalar da daxildir (1.4.1); - (1.5-ci bənd) Kvalifikasiyalar «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq formal, qeyri-formal və informal təhsil nəticəsində əldə olunur. - (2.1-сi bənd) təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir, təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan X8 Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş “X8 Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndinə görə X8 Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmənin mövqeyinə görə İddiaçı Ukraynanın təhsil müəssisəsi olan admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan və tədris dilini qənaətbəxş səviyyədə mənimsəmədiyindən (buna dair sübut yoxdur), inzibati orqanın təhsilin müddətinin yetərli olmaması və tədris dilini bilməməsi qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X8 Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X8 Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar