Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5918/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “pediatriya ixtisası üzrə sertifikasiyadan keçmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “pediatriya ixtisası üzrə sertifikasiyadan keçmə” tələbinə dair iddiası üzrə inzibati işə 31 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı pediatriya ixtisası üzrə sertifikasiyadan keçməsi ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmişdir. Müraciəti təmin edilməmiş və bildirilmişdir ki, o, rezidenturada pediatriya ixtisası üzrə hazırlıq keçdikdən sonra həkimpediatr vəzifəsində fəaliyyət göstərə bilər. X4 təhsilinə əsasən o, Müalicə işi (Tibb) ixtisası üzrə sertifikasioya oluna bilər. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pediatriya ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həmin ixtisas üzrə imtahanın təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin 2014-cü il məzunudur. Yəni X4 təhsili Pediatriya üzrədir və diplomda da qeyd edildiyi kimi X4 təhsilinə uyğun peşə fəaliyyəti ilə məşğul ola bilər. Uşaq poliklinikasında sahə həkimi-pediatr olaraq fəaliyyət göstərə bilər, yəni ambulator olaraq poliklinik şöbədə pediatrik pasientləri qəbul edə bilər. Səhiyyə Nazirliyində Pediatriya ixtisası üzrə registr kodu və şəxsi kabineti artıq 2018-ci ildən mövcuddur. Sertifıkasiyadan keçmək üçün Səhiyyə Nazirliyinə müraciət etdikdə isə həmin qurumdan bildirilmişdir ki, o, müalicə işi baza ixtisası üzrə sertifıkasiyadan keçməlidir. Halbuki, o, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq kursu keçib (xx.xx.2022-xx.xx.2022) Pediatriya ixtisası üzrə ******* nömrəli şəhadətnaməni əldə etmişdir. İnternatura olmayan dövrdə Pediatriya fakültəsini bitirənlər və rezidentura keçməyənlər X4 Təhsilinə uyğun olaraq Pediatriya üzrə deyil, Pediatriya Baza üzrə sertifikasiyadan keçməlidirlər və belə də olur. Yəni iddiaçı kimi Pediatriya fakültəsini bitirib internatura və rezidentura keçməyənlər Pediatriya bazadan imtahan verirlər. Ancaq AR Səhiyyə Nazirliyi isə əvvəl Pediatriya ixtisası üzrə işləyə biləcəyini bildirməyinə baxmayaraq, indi isə əksini iddia edir: müalicə işi baza üzrə sertifikasiyadan keçməli olduğunu bildirir. Bu tamamilə yanlış mövqedir və heç bir hüquqi əsaslandırması yoxdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasını müdafiə edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının təhsili əsas (baza ali) tibb təhsili olduğundan, həkim-metodist, həkim-statistik və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim işləyə bilər. Pediatriya ixtisası üzrə sertifikasiyadan keçməsi üçün rezidenturanı həmin ixtisas üzrə bitirməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, AT seriyalı 000567 nömrəli ”X4 təhsili diplomu”nun surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi verilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Tibb Universitetinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Pediatriya ixtisasını 2011-ci ilədək bitirən məzunlar bir illik internatura kursu, 2011-ci ildən sonra pediatriya ixtisasını bitirən məzunlar rezidentura təhsili alırlar. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali tibb təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun olaraq əsas təhsilə və rezidenturaya ayrılır. Azərbaycan Respublikası Ali tibb təhsilinin təşkili prosesində aparılan islahatlarla əlaqədar olaraq 2011/2012-ci tədris ilindən başlayaraq universitetə “Pediatriya” ixtisası üzrə tələbə qəbulu dayandırılmış və bu ixtisas üzrə son buraxılış ili - 2016-cı ildə olmuşdur. X4 təhsili əsasında Pediatriya və müalicə işi ixtisası üzrə təhsil müddəti - 6 il təşkil edir. Lakin rezidentura səviyyəsi üzrə ixtisas seçimində fərq var. 2011-ci ilədək peditriya həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslərin pediatriya ixtisası üzrə sertifikasiyadan keçməsi üçün internatura təhsili almalıdırlar. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması; ... 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşəixtisas dərəcəsi; 1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. 1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. (Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı: 060930 – Pediatriya) 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. ("Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əlavə: Pediatriya - 4 il) 5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”: 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. 2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin sadalanan normalarından da göründüyü kimi, ali tibb təhsili əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır. Məzunlara isə müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. İş materiallarından görünür ki, İddiaçı 2008-ci ildə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsinə daxil olmuş, 2014-cü ildə bitirərək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almışdır. İddiaçının rezidentura səviyyəsində təhsil almaması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na 2 mart 2011-ci il tarixli qərarla edilmiş dəyişikliyə əsasən “Pediatriya” ixtisası siyahıdan çıxarılmışdır. Yəni, 2011/2012-ci tədris ilindən başlayaraq “Pediatriya” ixtisası üzrə tələbə qəbulu dayandırılmış və bu ixtisas üzrə son buraxılış ili 2016-cı ildə olmuşduir. 2011-ci ilədək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslər bir illik internatura kursunu, 2011-ci ildən başlayaraq isə “Pediatriya” ixtisası üzrə rezidentura səviyyəsini bitirdikdən sonra həmin ixtisas üzrə sertifikasiyadan keçə bilərlər. Başqa sözlə, şəxsin “Pediatriya” ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həmin ixtisas üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi olmalıdır. Belə ki, rezidenturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır ki, onlardan biri də “Pediatriya”dır və təhsil müddəti 4 ildir. İddiaçının ali təhsil müəssisəsini bitirdiyi 2014-cü ildə, hətta 2011-ci ildən başlayaraq rezidentura təhsili və həmin səviyyədə “Pediatriya” ixtisası mövcud olmuşdur. İddiaçının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi həkim-mütəxəssis ali peşəixtisas dərəcəsi ilə eyniləşdirilməməlidir. Əgər “Pediatriya” ixtisası üzrə həkim ali peşəixtisas dərəcəsi həkim-pediatr kimi faaliyyət göstərmək və sertifikasiyadan keçmək üçün yetərli olsaydı rezidenturaya “Pediatriya” ixtisası 2016-cı ildən sonra əlavə edilərdi. Yalnız “Pediatriya” ixtisası üzrə əsas (baza ali) tibb təhsilini almış şəxslərin, əsas (baza ali) tibb təhsilindən (“Müalicə işi” və ya “Pediatriya”) sonra 4 il həmin ixtisas üzrə rezidentura təhsili almış şəxslər kimi pediatriya ixtisası üzrə sertifikasiyaya buraxılması qanunvericiliyə uyğun olmamaqla yanaşı, ədalətli də deyildir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçının ixtisası “Pediatriya” olsa da, əsas (baza ali) tibb təhsili olduğundan, əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində (həkim-metodist, həkim-statistik və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim) işləyə bilər və bunun üçün sertifikasiyadan keçə bilər. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “pediatriya ixtisası üzrə sertifikasiyadan keçmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5918/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5918/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver