Məhkəmə qərarları › İş №2-1(112)-5964/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5964/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5964/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ tanınaraq şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 90VP280 nömrəli qeydiyyat nişanlı X8 MİNİK markalı UNİVERSAL tipli buraxılış ili 2016 mühərrik nömrəsi 843A1000 Ban nömrəsi ZFA26300006E02607 ağ rəngli avtomobilə mülkiyyət hüququnun adına qeydiyyatın aparılması və daimi uçota alınması və bu barədə dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (Baş Dövlət Yol Polis İdarəsinin) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsi tərəfindən vaxtilə təsisçisi olduğu (Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il Hospitality" MMC-nin (VÖEN **********) balansında olmuş və təsis payı kimi ona verilmiş xx.xx.2018-ci il tarixli, AD № 357141 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi olan **-PV-*** dövlət nömrə nişanlı 2016-cı il istehsallı Universal tipli “FİAT DOBLO KOMBİ" markalı minik avtomobilinin ləğv edilmiş hüquqi şəxsin adından çıxarılaraq, onun adına rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Lakin həmin idarə tərəfindən rəsmi əsaslar olmadan avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinə şifahi şəkildə etiraz edilmişdir. Etiraza səbəb olaraq, sənədləşmə işlərinə müəssisənin möhürünün vurulmasının zəruri olması göstərilmişdir. Lakin bir daha müəssisənin xx.xx.2023-cü ildə qanuni əsaslarla ləğv edildiyini və bu səbəbdən də möhürün ləğv prosesi başa çatarkən Vergilər İdarəsinə təhvil verildiyini, hüquqi şəxsin dövlət reyestrindən çıxarıldığım bildirsə də, həmin minik avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi heç cür mümkün olmayıb. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-16/2-H-138920 saylı, xx.xx.2023-cü tarixli 3-13-16/2- H-138920 saylı bildirişləri ilə ərizənin icrasından imtina etmişdir. İmtina qanunvericilik normalarına istinad edilmədən şifahi formada bildirilmiş, əsas qismində sənədləşmə işlərinə müəssisənin möhürünün vurulmasının zəruri olması göstərilmişdir. İddiaçı qeyd edir ki, **- PV-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il istehsallı, Universal tipli, “FİAT DOBLO KOMBİ" markalı minik avtomobili AD№357141 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi" ilə Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilmiş “Modern Hospitality" MMC-nin (VÖEN **********) balansında olmuş və ləğv olunmuş hüquqi şəxsin qalıq əmlakı “ Qalıq əmlakın iştirakçılara çatdırılması haqqında” təhvil-təslim aktına əsasən təsis payı kimi iddiaçıya verilmişdir.

3. İddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qeyd olunması formal xəta hesab olunmuşdur.

4. İddia tələbində nəqliyyat vasitəsinin qeydiyyat nişanının 90VP280 olaraq göstərilməsi texniki xəta olaraq qəbul edilir və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olduğu kimi 90PV280 kimi qəbul edilir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, toxunulmuş məsələyə müvafiq qaydada baxılması üçün "xxxx" MMC-nin səlahiyətli nümayəndəsi DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin baş dövlət avtomobil müfəttişi polis mayoru Eldar İbrahimovun qəbuluna dəvət edilmişdir (5-ci otaq DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən məntəqəsi).

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətlə əlaqədar DİN Baş X7 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qəbul edilərkən göstərilən xüsusatlara aydınlıq gətirilmiş və əməkdaşlar tərəfindən qanunvericiliyin tələbləri barədə ətraflı izah verilmişdir.

7. Azərbaycan Respublikası Vegilər Nazirliyi tərəfindən verilmiş X2 Qeydiyyatı haqqında ********** nömrəli Şəhadətnaməyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

8. X2 reyestrindən Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Dövlət qeydiyyat № (VÖEN): ********** Təşkilati-hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyəti Hüquqi ünvanı: AZ1106, ünvan 2 miqdarı (ödənilmiş): 100.00 manat Təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı: İddiaçı – 100 %

9. AD № 357141 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-VP-*** dövlət qeydiyyat nömrə nişanlı, 2016-cı il istehsallı, Universal tipli, “X8” markalı, mühərrik nömrəsi 843A1000, Ban nömrəsi ZFA26300006E02607 olan minik avtomobili xx.xx.2018-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (ləğv prosesindədir) Qalıq əmlakının bölünməsi planını əks etdirən xx.xx.2023-cü il tarixli Hesabata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qalıq əmlakı aşağıdakılardan ibarətdir: - xx.xx.2018-ci il tarixdə verilmiş AD №357141 Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən “** PV ***” dövlət qeydiyyat nömrə nişanlı 2016-cı il istehsallı Universal tipli “X8” (mühərrik: 843A1000, ban:ZFA263600006E02607) markalı minik avtomobili.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (ləğv prosesindədir) Qalıq əmlakının iştirakçılara çatdırılması barədə xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) “qalıq əmlakının bölünməsi planını əks etdirən Hesabat”da qeyd edilən və xx.xx.2018-ci il tarixdə verilmiş AD №357141 nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən “** PV ***” dövlət qeydiyyat nömrə nişanlı 2016-cı il istehsallı Universal tipli “X8” (mühərrik: 843A1000, ban:ZFA26300006E02607) markalı minik avtomobili cəmiyyətin təsisçisi İddiaçı təhvil-təslim edilmişdir.

12. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “X2 qeydiyyatının ləğv edilməsi haqqında” **********88 nömrəli bildirişə əsasən xx.xx.2018-ci il tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.

13. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

21. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

22. Azərbaycan Repsublikası Konstitusiyasından: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsindən: Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası 61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 61.11. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.

24. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 16.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: ...16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd...

25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “X2 qeydiyyatının ləğv edilməsi haqqında” **********88 nömrəli bildirişə əsasən xx.xx.2018-ci il tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. X2 reyestrindən Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə təsisçisi İddiaçı olmuşdur və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qalıq əmlakının iştirakçılara çatdırılması barədə xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) “qalıq əmlakının bölünməsi planını əks etdirən Hesabat”da qeyd edilən, xx.xx.2018-ci il tarixdə verilmiş AD №357141 nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən “** PV ***” dövlət qeydiyyat nömrə nişanlı 2016-cı il istehsallı Universal tipli “X8” (mühərrik: 843A1000, ban:ZFA26300006E02607) markalı minik avtomobili cəmiyyətin təsisçisi İddiaçı təhvil-təslim edilmişdir.

26. Məhkəmə nəzərə alır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilmə prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq “qalıq əmlakın bölünməsi planını əks etdirən” hesabat və “qalıq əmlakın iştirakçılara çatdırılması barədə” təhsil-təslim aktı tərtib edilmiş, mübahisələndirilən nəqliyyat vasitəsi ( **-PV-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il istehsallı universal tipli, “X8” markalı minik avtomobili) məhdud məsuliyyətli cəmiyyətinin yeganə təsisçisi olan İddiaçı təhvil verilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edildiyi andan İddiaçı mübahisələndirilən nəqliyyat vasitəsi (**-PV-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il istehsallı universal tipli, “X8” markalı minik avtomobili) üzərində mülkiyyət hüququ yaranmışdır.

27. Məhkəmə eyni zamanda nəzərə alır ki, məhdud məsuliyyətli cəmiyyətin ləğv prosesi başa çatdıqda qanunvericiliyin tələblərinə uyğun olaraq cəmiyyətə məxsus möhür Vergilər İdarəsinə təhvil verilmişdir və hazırda cavabdeh tərəfindən tələb olunduğu kimi sənədləşmə işlərinin aparılması üçün cəmiyyətə məxsus möhürdən istifadə olunması mümkün deyil. Odur ki, cəmiyyətə məxsus möhürdən istifadə imkanın olmaması iddiaçının nəqliyyat vasitəsi üzərindəki hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz.

28. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. 90PV280 dövlət qeydiyyat nömrə nişanlı, 2016-cı il istehsallı, Universal tipli, “X8” markalı, mühərrik nömrəsi 843A1000, Ban nömrəsi ZFA26300006E02607 olan minik avtomobili üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar