Məhkəmə qərarları › İş №2-1(112)-599/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-599/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-599/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “X2 Limited” Şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsidə yerləşən “33A” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Günəşli” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsindən ibarət olan 33A saylı bağ sahəsinə dair onun mülkiyyət hüququnun qeydə alınmaqla adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X2 Limited” Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, «Qum adası» DQİİ-nin müdriyyətinin, HİK-nin və «Günəşli» bağçılıq Təsərrüfatının idarə heyətinin birgə iclasının 8 saylı xx.xx.2005- ci il tarixli protokoluna əsasən ona Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsindən ibarət olan 33 A saylı bağ sahəsi ayrılmışdır. Artıq uzun illərdir ki, o həmin bağ sahəsindən istifadə edir. Hal-hazırda həmin bağ sahəsinə çıxarış almaq istəyir. Bununla bağlı sənədləri cavabdeh idarəyə təqdim edib bağ sahəsinə dair adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq ona imtina etmişdir, bu imtina əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, “Günəşli” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 400 kv.m, faktiki sahəsi isə 441 kv.m-dir. Həmçinin təqdim olunan sənədlər surətdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********41 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 156 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qum” adası adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubunu nəzərə alaraq Suraxanı rayon, Zığ qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qum” adası adına Neft və Qazçıxarma İdarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsi icarəyə verilmişdir. - “Qum adası” X3 İdarəsinin müdriyyətinin, HİK-nin və “Günəşli” bağçılıq təsərrüfatının idarə heyətinin 8 saylı protokolundan çıxarışdan görünür ki, «Günəşli» bağçılıq təsərrüfatı üzvlərinin ümumi siyahısı təsdiq edilmiş, İddiaçı adı siyahıya daxil edilmiş, ona ümumi sahəsi 400 kv.metr olan 33A saylı bağ sahəsi ayrılmışdır. - 28.06.2005-ci il tarixli üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.2005-ci ildə “Günəşli” bağçılıq Təsərrüfatına üzvlüyə qəbul olunmuş, ona Zığ qəsəbəsində sahəsi 33A saylı bağ sahəsi ayrılmışdır. - 18.10.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Zığ ünvanında yerləşən bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 400.0 kv.m, faktiki olaraq 441.0 kv.m müəyyən edilmişdir. Göstərilən bağ sahəsinin 2 tərəfi qonşu bağın hasarı, 2 tərəfi isə 1 cərgə mişar daşı ilə hörülmüşdür. Tikinti yoxdur. İddiaçı hazırda bu sənədlərə istinad edərək, istifadəsində olan həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:

1. bağ sahələrinə dair verilən icarə müqavilələri;

2. bağ sahələrinə dair verilən sərəncamlar;

3. bağ sahələrinə dair verilən orderlər;

4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;

5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı qeyd olunan sənədlərdən, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclas protokolundan çıxarışı və üzvlük kitabçasını təqdim etmişdir. Lakin işdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzi Arxivdə “Qum adası” X3 İdarəsinin “Günəşli” bağçılıq yoldaşlıq kollektivi tərəfindən vətəndaş İddiaçı üzvlüyə qəbul edilməsi və ona torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli 8 nömrəli protokol, həmin protokola əlavə edilən siyahı, habelə vətəndaşa Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “33A” saylı bağ sahəsinin ayrılmasına əsas olmuş hər hansı bir sənəd aşkar edilməmişdir. Bundan əlavə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Belə olan halda aydındır ki, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Çünki qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Göstərilən normaları nəzərə alan məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Sahənin böyük bir hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli, 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X2 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Məsələnin araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qərardadın icrası məqsədilə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Bakı saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: qərardadın 1-ci və 2-ci sualları üzrə: Göstərilən torpaq sahəsi faktiki olaraq 441.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki göstərilən 441.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi heç bir ayrıc aktı daxilinə düşmür. Göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Göründüyü kimi, ekspert rəyi ilə də iddiaçının ona ayrıldığını iddia etdiyi mübahisəli torpaq sahəsinin “Qum adası” X3 İdarəsinin “Günəşli” bağçılıq yoldaşlığa ayrılmış torpaq sahəsi daxilində yerləşmədiyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir və belə iddia o halda təmin edilə bilər ki, sahənin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsi müəyyən edilmiş olsun. Lakin hazırkı iş üzrə bunun əksi, yəni torpaq sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. İş üzrə 50 (əlli) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar