Məhkəmə qərarları › İş №2-1(112)-6100/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6100/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6100/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı olduğuna görə müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müharibə veteranı olduğuna görə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. 2022-ci ildən etibarən qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkir. Aparılan müalicələr yetərli olmadığından xx.xx.2022-ci ildə əməliyyat olunmaq məcburiyyətində qaldı. Səhhətiylə bağlı artıq demək olar ki, danışa bilmir. xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin 90 faiz funkasiyasını itirmiş və bununla bağlı 1 dərəcəli əlil hesab edilir. Əlilliyi ilə bağlı ona xx.xx.2023-cü il tarixdən proaktiv qaydada 200 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. 1997-ci ildən etibarən Qarabağ müharibəsi veteranıdır və müharibə veteranları üçün nəzərdə tutulmuş müavinat alırdı. Lakin, 2023-cü ilin fevralından həmin müavinət cavabdeh təşkilat tərəfindən kəsilmişdir. Dəfələrlə cavabdeh təşkilata bu barədə müraciət etməyinə baxmayaraq, müsbət cavab ala bilmir. Cavabdeh təşkilat ona müavinat verməkdən imtina edir. Onların imtinasını əsasızdır və iddiaçının konstitutsion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtinada bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Məlumat üçün bildiririk ki, sizə xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 nömrəli Fərmanına əsasən “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AESdə qəzanın ləğvi ilə bağlı səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və xx.xx.2023-cü il tarixindən sözügedən Prezident təqaüdünün məbləği 200 manata çatdırılmışdır. Azərbaycan Respublikası Prezdentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyiniz müəyyən edildiyindən sizə xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 200 manat məbləğində Prezident təqaüdü təyin edilmiş, hazırda ödənişi davam etdirilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizə xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edildiyindən müharibə veteranlarına verilən Prezident təqaüdünün ödənilməsi mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır..”

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.2023cü il tarixədək ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 nömrəli Fərmanına əsasən “Ümumi xəstəliklə, bağlı səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmiş və xx.xx.2023-cü il tarixdən sözügedən Prezident təqaüdünün məbləği 200 manata çatdırılmışdır. Azərbaycan Respublikası Prezdentinin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən xx.xx.2019cu il tarixindən müharibə veteranlarına təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə" medalı, “Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən ona xx.xx.2023-cü il tarixdən proaktiv qaydada 200 manat məbləğində Prezident təqaüdü təyin edilmiş, hazırda ödənişi davam etdirilir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq, iddiaçıya xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edildiyindən, müharibə veteranlarına verilən Prezident təqaüdünün ödənilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.

5. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1 Birliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş MV 002767 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

12. “Veteranlar haqqında” Qanununun: - Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. - 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. -Maddə 7. Müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq kollegiya qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir.

13. Sosial müavinətlərlə əlaqədar olan münasibətlərin hüquqi tənzimi həm qanun əsasında («Sosial müavinətlər haqqında» 7 dekabr 2006-cı il tarixli qanun), həm də qanunqüvvəli aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasmm Konstitusiyasının 38-ci maddəsində hər kəsin sosial təminat hüququ ilə yanaşı sosial müavinətlərin ən mühüm növlərinin təqdim edilmə əsasları da (məs., xəstəlik, əmək qabiliyyətini müvəqqəti itirmə, işsizlik) təsbit edilmişdir. Həmin maddənin İİİ hissəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

14. Pensiya kimi sosial müavinətlər də sosial təminatın bir növü kimi qanunla nəzərdə tutulmuş qaydada vətəndaşlara təyin olunan pul ödənişləridir. Lakin müavinətə anlayış verərkən ilk növbədə onu məhz pensiyalardan fərqləndirən aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır: - Müavinət almaq hüququ vətəndaşın əmək fəaliyyəti ilə bağlı ola da bilər (məsələn, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuşa görə müavinətlər) və ya belə fəaliyyətdən asılı olmaya da bilər (işsizlik müavinəti, əlilliyə görə müavinət, yaşa görə müavinət və s.). Pensiya isə hər bir halda şəxsin əmək fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilir. - Təyin olunma məqsədinə görə müavinətlər bəzi hallarda itirilmiş əmək haqqını bərpa etmək məqsədi daşıyır və onun məbləği əmək haqqı əsasında müəyyən edilir, digər hallarda isə müavinət əlavə maddi yardım rolu oynayır və qəti məbləğlə müəyyən olunur (məsələn, uşağın doğulması ilə əlaqədar ödənilən müavinətlər). Pensiyanın məqsədi isə pensiya almaq hüququ olan vətəndaşların yaşayışına təminat verən yeganə mənbə rolunu oynamaqdır. - Subyektlərinə görə pensiya bir qayda olaraq işləməyən vətəndaşlar üçün nəzərdə tutulur, müavinətlər isə hamıya, həm işləyənlərə, həm işləməyənlərə ödənilir.

15. «Sosial müavinətlər haqqında» qanunda ilk dəfə olaraq sosial müavinətə leqal anlayış verilmişdir. Belə ki, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

16. Həmin Qanunun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: - 4.0.1.3. əlilliyə görə müavinət; - 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; Maddə 5. Müavinət seçmək hüququ 5.1. Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanunun 4.0.1.1-4.0.1.3-cü, 4.0.1.5-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. 5.1-1. Bu Qanunun 4.0.1.1 – 4.0.1.3-cü və 4.0.1.5 – 4.0.1.6-cı maddələrində nəzərdə tutulan müavinətlərdən birini almaq hüququ olan şəxslərin bu Qanunun 4.0.1.14-cü və ya 4.0.1.15-ci maddələrində nəzərdə tutulan müavinəti almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin edilir. 5.2. Bu Qanunun 4.0.1.3-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir. 5.3. Bu Qanunun 5.2-ci maddəsi həmin maddədə göstərilən müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

18. Qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən məhkəmə qeyd edir ki, əlilliyə görə müavinət və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.

19. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur).

20. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur.

21. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

22. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli 128 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)” Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 200 (iki yüz) manat müəyyən olunsun.

23. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2015-ci il tarixdə İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və xx.xx.2019-cu il tarixinədək ödənilmişdir. xx.xx.2019-cu il tarixdən isə aylıq 80 manat məbləğində (ömürlük) müharibə veteranları üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçıya orqanizminin 90 faiz funkasiyasını itirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmişdir və ödənilir. Hazırda iddiaçı ona hər iki növ müavinətin, əlavə olaraq müharibə veteranına görə aylıq təqaüdün təyin edilməsini xahiş edir.

24. Göründüyü kimi, iddiaçı hər iki növ - əlilliyə görə və müharibə veteranlarına görə təqaüd almaq hüququ olan şəxsdir və iddiaçıya “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmana uyğun olaraq (Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq hüququ olan Mühariba Veteranları və ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslər (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) üçün) Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi təyin edilmişdir.

25. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü aylıq 80 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq 200 (iki yüz) manat məbləğində təsis olunmasını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıya haqlı olaraq bir növ - yuxarı məbləğdə təsis edilmiş təqaüd təyin edilərək ödənilir. Odur ki, ikinci növ təqaüdün ödənilməsi qanunauyğun hesab edilə bilməz.

26. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar