Məhkəmə qərarları › İş №2-1(112)-6191/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6191/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6191/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ƏDV-nin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********887800 saylı qərarın ləğv edilərək xx.xx.2023-cü il tarixdə etmiş olduğu müraciəti əsasında ona geri qaytarılmalı olan ƏDV-nin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 006/01/MİDA20 nömrəli kredit müqaviləsini bağlayaraq ünvan 1 ünvanında olan mənzili ”MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətdən almışdır. Həmin kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC-dir. Mənzil üçün ödənilmiş məbləğ xx.xx.2020-ci il tarixli FJB**********6342 nömrəli ödəniş tapşırığı əsasında 30974 manat "xxxx" MMC-nin hesab nömrəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş və həmin tarixdə dərc edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası ilə ƏDV-nin geri qaytarılmasının icrası mexanizmi müəyyən edilmişdir. Həmin Fərman xx.xx.2022-ci il tarixdə dərc edilmiş olsa da, həmin tarixdən sonra Vergilər Nazirliyinin portal yaratdığı tarixədək ƏDV-nin geri alınması üçün portal mövcud olmadığından ƏDV-nin geri alınması mümkün deyildi. Bundan sonra təsadüfən 2023-cü ilin dekabr ayında iddiaçıya məlum olub ki, xx.xx.2022-ci il tarixdə artıq həmin portal istifadəyə verilib. O, həmin portala daxil olaraq müraciət etmək istəyib. Portala daxil olub və tələb olunan məlumatları daxil etdikdən sonra ona məlum olub ki, müraciətin edilməsi üçün alqı-satqı müqaviləsi və ödəniş tapşırığı lazımdır. Həmin günü ödəniş tapşırığı onda olmadığından və müraciətin edilməsi üçün həmin tapşırığın əlavə edilməsi zəruri olduğundan o, müraciəti edə bilməyib. xx.xx.2023-cü il tarixdə həmin ödəniş tapşırığını bankdan əldə etdikdən sonra müraciətini göndərdib. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən ona imtina qərarı göndərilib. Almış olduğu mənzillə bağlı ƏDV-nin geri qaytarılması barədə Vergi Məcəlləsinə 165.6-cı maddə xx.xx.2019-cu il tarixdə əlavə edilmiş olsa belə, xx.xx.2021-ci il tarixdə iddiaçı həmin mənzili aldığı zaman ƏDV-nin geri alınması qayda və şərtləri, həmçinin də icrası mexanizmi qeyri-müəyyən idi. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq Fərman verilsə də, Fərmanın icrası portalın yaradıldığı günədək mümkün olmamışdır. Həmin 90 gün müddətin tətbiq edilməsi iddiaçının müraciəti ilə bağlı tətbiq edilməməlidir. Çünki, iddiaçı həmin mənzili aldığı zaman həmin qaydalar müəyyən edilməmişdi və sonradan müəyyən edilmiş qaydaların tətbiq edilməsi iddiaçının vəziyyətini pisləşdirmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixində vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2020-ci il tarixli ödəniş sənədləri əlavə edilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və xx.xx.2020-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixindən istifadəyə verilmiş və portalın istifadəyə verilməsi ilə bağlı məlumat xx.xx.2022ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2020-ci il tarixində başa çatdırıldığı nəzərə alınmaqla, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni xx.xx.2022-ci il tarixindən etibarən hesablanan 90 günlük müddət axımı bitdikdən sonra xx.xx.2023-cü il tarixində edilmişdir. Odur ki, müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddət bitdikdən sonra şəxsin müraciət etməsi ƏDVnin müvafiq hissəsinin geri qaytarılmasından imtina üçün əsas olmuşdur. İddiaçı ərizəsində “yaşayış sahəsini xx.xx.2020-ci il tarixində əldə etdiyindən və həmin dövrdə ƏDV-nin müvafiq hissəsinin geri alınması prosesini tənzimləyən fərman qüvvədə olmadığından ƏDV-nin müvafiq hisssəsinin qaytarılması ilə bağlı qanunla nəzərdə tutulmuş 90 günlük müddətin onun müraciəti ilə əlaqədar tətbiq olunmamasını” bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli fərmanı ilə yalnız xx.xx.2022-ci il tarixindən sonra əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı deyil, həmçinin Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixindən həmin tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı ƏDV-nin geri alınması münasibətlərinin də tənzimlənməsini nəzərdə tutur. Maddənin mahiyyətindən anlaşıldığı üzrə, Fərmanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən əvvəl yaşayış sahəsini əldə etmiş olan alıcılar üçün ƏDV-nin müvafiq hissəsinin geri alınması ilə bağlı müraciətin Qaydaların qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Yekun olaraq, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək yaşayış sahəsi əldə etmiş alıcılar üçün 90 günlük müddət nəzərdə tutulduğu halda, xx.xx.2020-ci il tarixində əldə edilmiş yaşayış sahəsi üçün həmin müddətin tətbiq olunmaması qənaətinə gəlinməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəalarına tamamilə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün elektron portalın istifadəyə verilməsi barədə məlumatı olan kimi dərhal müraciət etmişdir. Portalın istifadəyə verilməsindən məlumatının olmaması onun günahı deyil. Bu səbəbdən hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, elektron portalın istifadəyə verilməsi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bununla bağlı Dövlət Vergi Xidməti vətəndaşları tək-tək məlumatlandırmaq kimi bir öhdəlik daşımır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli, 006/01/MİDA20 nömrəli kredit müqaviləsinə əsasən bank iddiaçıya 60 ay müddətində 23974 manat məbləğində illik 4% (on ) faiz ödəmək şərtilə ipoteka krediti verməyi, iddiaçı isə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürür. Kredit iddiaçıya ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 iddiaçının mülkiyyətindədir. 23 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən aldığı mənzilə görə 30974 manat məbləğində pul vəsaiti MİDA MMC-nin "xxxx" ASC-də bank hesabına ödənilmişdir. Elektron portaldan çıxarışdan görünür ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli, **********887800 nömrəli qərardan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 10 yanvar 2024-cü il tarixli qərarının ləğvini və cavabdehin üzərinə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ödədiyi məbləğə hesablanmış ƏDV-nin geri qaytarılması ilə bağlı müraciətin müvəkkil banka yönləndirilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia tələbi xx.xx.2023cü il tarixli qərarın ləğvi ilə bağlı olsa da mahiyyətcə öhdəliyin icrası ilə bağlıdır. Çünki həmin qərar iddiaçının hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş bir qərar deyil və yalnız iddiaçının müraciəti əsasında ona verilmiş imtinadan ibarətdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (165.6.). Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1). Alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır (2.0.2. ). Satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir (2.0.3. ). Operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir (2.0.4.). Müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır (2.0.6. ). Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir (4.1.). Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı (5.1.). Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur (5.4.). Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir (5.5.). Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər (5.6.). Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır (5.7.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 23 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini "xxxx" MMC-dən almışdır. Mənzilin dəyəri olan 30974 manat pul vəsaiti iddiaçı tərəfindən həmin tarixdə ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində həmin ödənişlə bağlı ƏDV-nin geri qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh 90 günlük müddəti ötürdüyü üçün iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Eyni zamanda iş üzrə müəyyən edilir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixində qəbul edilsə də, həmin vaxt vergi orqanı tərəfindən ƏDV-nin geri qaytarılması məqsədilə qeydiyyatdan keçmək üçün nəzərdə tutulmuş internet portalı xx.xx.2022-ci il tarixində istifadəyə verilmişdir. İddiaçı isə həmin portal vasitəsilə xx.xx.2023-cü il tarixində ƏDV-nin qaytarılması üçün müraciət etmişdir. İddiaçı bunu cavabdeh tərəfindən müvafiq internet portalının istifadəyə verilməsindən məlumatsız olması ilə izah etmişdir. Qeyd edilməlidir ki, yuxarıda qeyd edilən “Qaydalar”ın 5.1-ci bəndində alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin satıcıya nağdsız qaydada tam şəkildə ödənilməsindən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək müraciət edilməli olması qeyd edilmişdir. Məlum məsələdir ki, həmin qaydalar təsdiq olunduğu vaxt müvafiq internet portalı mövcud olmadığı üçün iddiaçı bununla bağlı müraciət edə bilməzdi. Müvafiq portal isə xx.xx.2022-ci ildə istifadəyə verilmişdir. Bu səbəbdən “Qaydalar”da nəzərdə tutulmuş 90 günlük müraciət müddətinin axımı iddiaçı üçün məhz həmin tarixdən hesablanmalıdır ki, həmin müddət 2023-cü ilin fevral ayında bitmiş olur. İddiaçı isə müvafiq portal vasitəsilə xx.xx.2023-cü ildə müraciət etmiş, bununla da müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı hesab edir ki, həmin müddət ona şamil olunmamalıdır. Lakin, məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Belə ki, müvafiq portalın istifadəyə verilməsindən sonra yaşayış və qeyri-yaşayış sahələri ilə əlaqədar bağlanmış müqavilələrə münasibətdə həmin müddətin axımı müqavilə bağlandıqdan sonra hesablanır. Portalın istifadəyə verilməsindən əvvəl bağlanmış müqavilələrə nəzərən həmin müddətin tətbiq edilməməsi isə qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, bu sonradan müqavilə bağlamış və müraciət üçün müəyyən edilmiş 90 günlük müddəti ötürmüş şəxslərə qarşı ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi və ƏDV-nin geri qaytarılması" barədə iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ƏDV-nin geri qaytarılması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar