Məhkəmə qərarları › İş №2-1(112)-6210/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6210/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6210/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin hərəkətsizliyinin əsassız hesab edilməsi və müvafiq qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaçqın statusu verilməsi haqqında vəsatəti ilə əlaqədar cavabdehin hərəkətsizliyinin əsassız hesab edilməsi və tələbi ilə əlaqədar məsələyə baxılması və müvafiq qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı olan İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 29 dekabr 2023-cü il tarixdə vəsatətlə müraciət edərək vətəndaşı olduğu Respublikada onun ailə üzvlərinin həyatı təhlükəsizliyinin təminatının olmadığını bildirərək bunu əsaslandıran dəlilləri təqdim etmişdir və ona Azərbaycan Respublikasında sığınacaq verilməsini, Qaçqın statusu verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti verilən 18 yanvar 2024-cü il tarixli məktubda müraciətinə baxıldığı və ona qanunvericinin tələblərinin izah olunduğu bildirilib. Halbuki, rəsmi cavab verilməli və tələbinə rəsmi münasibət bildirilməlidir. “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanına əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs sərhəd-nəzarət buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Həmin Qaydanın 13-cü bəndində göstərilir ki, Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərsin. Cavabdeh vəsatəti ilə əlaqədar 16 iyul 2018ci il tarixli, Vİ-29/4 nömrəli qərarını qəbul etsə də, həmin qərarı ona avqust ayında təqdim edib. Yuxarıda sadaladıqlarıma əsaslanaraq hesab edir ki, cavabdeh DMX-nin vəsatəti ilə əlaqədar hərəkət və hərəkətsizliyi əsassız sayılmalıdır və qaçqın statusunun verilibverilməməsi məsələsinə baxılması və müvafiq qərar qəbul edilməsi cavabdehin üzərinə vəzifə öhdəliyi olaraq qoyulmalıdır.

3. İddiaçı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə cavabdehə müraciət edərək bidlirmişdir ki, “Mənim adım Nadim Əhməddir və mən yalnız siyasi partiya mənsubiyyətimə əsaslanaraq vətənim Pakistanda üzləşdiyim ağır təhdid və hücumlara görə Azərbaycana sığınacaq üçün müraciət etmək üçün yazıram. X3 partiyasının sadiq üzvüyəm və təəssüf ki, bu birlik məni təqib hədəfinə çevirdi. Sığınacaq istəməyimin səbəbləri aşağıda göstərilib: İki ay əvvəl mən və ailəm evdə olarkən evimə atəş açıldı. Bu birbaşa siyasi əqidələrimlə bağlı idi. Bu hadisələr nəinki həyatımı təhlükəyə atdı, həm də ailəmin təhlükəsizliyi üçün məni ciddi narahat etdi. Tibbi hesabatlar, polis qeydləri və hər hansı digər müvafiq sübutlar daxil olmaqla, sığınacaq tələbimi təsdiq edən sənədlərim var. Bu materiallar mənim ölkəmdə üzləşdiyim təhlükələr haqqında hərtərəfli anlayışı təmin etmək məqsədi daşıyır. Mən dözdüyüm siyasi təqiblərdən xilas olmaq və repressiyalardan qorxmadan fundamental hüquqlarımı həyata keçirə biləcəyim təhlükəsiz mühit tapmaq üçün Azərbaycana sığınıram. Mən Azərbaycana müsbət töhfə verməyə, onun qanun və qaydalarına əməl etməyə sadiqəm. Sığınacaqla bağlı müraciətimə diqqətlə baxmağınızı xahiş edirəm və hər hansı əlavə məlumat verməyə və ya tələb olunarsa müsahibədə iştirak etməyə hazıram. Vaxt ayırdığınız və anlayışınız üçün təşəkkür edirik. Müraciətimin müsbət həllinə ümid edirəm.”

4. İddiaçının müraciətinə uyğun olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Ərizənizdə qeyd etdiyiniz məsələ ilə bağlı 18 yanvar 2024-cü il tarixində sizin iştirakınızla Dövlət Miqrasiya Xidmətinin inzibati binasında görüş keçirilmiş və qanunvericiliyin tələbləri sizə izah edilmişdir.”

5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Ahmed Nazeem ona rəsmi qaydada cavab verilmədiyini bildirsə də, iddiasına qoşma kimi Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-37/2-A-11507-18-07-705/2023 cü il tarixli məktubunu əlavə etmişdir. Şəxs ölkə ərazisində olma və yaşama qaydalarını pozduğuna görə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ölkə hüdudlarından inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə olunmuşdur. Şəxs xx.xx.2024-cü il tarixdə ölkə ərazisini tərk etmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən X1 İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildimişdir ki, Pakistan İslam Respublikası vətəndaşı Nadeem Ahmadın (pasport: GQ1165174) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi elektron poçt ünvanına daxil olmuş 29 dekabr 2023-cü il tarixli, 3-37/1-A-115xx-xx/2023 nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən şəxslə qeyd olunan məsələ ilə bağlı 18 yanvar 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin inzibati binasında görüş keçirilərək irəli sürdüyü iddianın “Qaçqınların və məcburi köçkünlərin (ölkə ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində təsbit olunmuş meyarlara uyğun gəlmədiyi barədə məlumat verilmiş və ona qanunvericiliyin tələbləri izah edilmişdir. Müvafiq qaydada ərizəçinin şəxsi elektron poçt ünvanına xx.xx.2024-cü il tarixdə 3-37/2-A-11507-18-07- 705/2023 qeydiyyat nömrəli cavab məktubu ünvanlanmışdır. Həmçinin araşdırma zamanı ərizəçinin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasını tərk etdiyi məlum olmuşdur.

7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini müdafiə etdi.

8. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçı iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

14. İddia ərizəsində iddia tələbi konkret və aydın göstərilməmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı iştirakını təyin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

15. Belə ki, məhkəmə araşdırması zamanı əldə olunan məlumatdan da müəyyən olunur ki, iddiaçı elektron müraciətində onun həyatına qarşı Pakistanda təhlükə olduğunu bildirərək siyasi sığınacaq hüququ verilməsini xahiş etmiş, hazırkı iddia tələbi ilə, yəni ona qaçqın statusu verilməsi məzmunlu ərizə ilə cavabdehə müraciət etməmişdir.

16. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

17. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.

18. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar