Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-626/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “obyektin tikintisinə icazə sənədinin ləğv edilməsi” GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı8, İddiaçı2, İddiaçı5 və İddiaçı7, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti zərui cəlb etmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “obyektin tikintisinə icazə sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı3 Sərhəd oğlu, İddiaçı2, İddiaçı10, İddiaçı8 və İddiaçı9 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (bundan sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Memarlıq və Şəhərsalma Baş İdarəsinin “obyektin tikintisinə icazə” adlı xx.xx.2020-ci il tarixli 29 saylı sənədin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların yaşadıqları binanın sakinlərinin istirahətlərini həyata keçirdikləri və avtomaşınlarını saxladıqları, övladlarının oynadıqları futbol meydançası, azı 500 dən artıq ağac əkilməklə yaşıllığa çevrilmiş ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 iyun 2017-ci il tarixli 267 saylı sərəncamı ilə 2014-cü ildə yaradılması ehtimal olunan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra mətndə "xxxx" MMC) yaşayış binalarının tikintisi üçün icarə əsasında verilmişdir. Qeyd olunan sərəncamın mövcudluğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin yanvar ayında açıq məhkəmə iclasında iştirak edərkən məlumatlı olmuş və həmin sənədlərin surətlərini əldə edib, qeyd olunan sərəncamın ləğvi barədə məhkəmədə iddia qaldırmışlar. Digər dövlət qurumu olan cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2020-ci il tarixli 29 saylı obyektin tikintisinə icazə sənədi ilə 5 ədəd hündürmərtəbəli, çoxmənzilli kooperativ mənzillərdə yaşayan sakinlərin istirahətlərini həyata keçirdikləri ərazidə "xxxx" MMC-yə zirzəmili 2 girişli 16 mərtəbəli yaşayış binası tikməyə icazə vermişdir. Hesab edirlər ki, qeyd olunan obyektin tikintisinə icazə əsassız və qanunsuz olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, "xxxx" MMC 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı mülahizəsi (etiraz) xx.xx.2023-cü il tarixdə məhkəməyə cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-35-1/2-63/2023 №li iddia ərizəsinə dair yazılı etirazı daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Həmin mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci il tarixli 17/83 nömrəli “Ayrıc aktı”na əsasən yaşayış binasının tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1.torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi, 75.3.3.sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Habelə sözügedən tikintiyə icazə icraatı prosesində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin, X1 Baş İdarəsinin, Mühəndisi - Geoloji Mərkəzinin və X13 Xidmətinin, Respublika Giqiyena və Epidemiologiya Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 müsbət rəyləri verilmişdir. Göstərilənləri nəzərə alınaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MTK-ya xx.xx.2020-ci il tarixli 29 nömrəli “Obyektin tikintisinə icazə” sənədi təqdim etmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 29 nömrəli “Obyektin tikintisinə icazə”nin ləğv edilməsi barədə iddiaçılar İddiaçı1 və digərlərinin iddia ərizəsinin təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxs "xxxx" MMC-nin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı8 və İddiaçı2 məhkəmə iclaslarında iddianı müdafiə edərək və ayrıayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında izahat verərək, təmsil etdiyi cəmiyətin iddianı qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçılar cavabdeh orqanın qəbul etdiyi inzibati aktın ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçılar qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişlər. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarından görünür ki; "xxxx" MMC xx.xx.2017-ci il tarixli, H-005 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942q məhəllədə yerləşən torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün müvafiq qaydada sərəncamı verilməsini xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “"xxxx" MMC-yə yaşayış binalarının tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 267 №-li Sərəncamın surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, H-005 saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospekti, 2942Q saylı məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmiş və yaşayış binalarının tikintisi üçün ayrılmış 0,4450 hektar torpaq sahəsinə dair qeyd olunan sərəncam əsasında "xxxx" MMCnin adına xx.xx.2017-ci il tarixdə 17/83 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “İstifadəyə (İcarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı” tərtib olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllədə "xxxx" MMCnin istifadəsində olan torpaq sahəsində tikintisi nəzərdə tutulan yaşayış binasına dair təqdim olunmuş tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 02-2069 nömrə ilə xx.xx.2019-cu il tarixdə razılaşdırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942 Q saylı məhəllədə hündürmərtəbəli yaşayış binalarının tikintisinə dair xx.xx.2020-ci il tarixli ER- 22/129 nömrəli ekoloji ekspertiza rəyi təqdim olunmuşdur. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 29 nömrəli “Obyektin tikintintisinə icazə” sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllədə "xxxx" MMC-yə 1,35 ha torpaq sahəsində yaşayış binasının tikintisi ilə bağlı (binanın tikinti sahəsi 1359,1 kv. metr, binanın ümumi sahəsi 21462,9 kv. metr, binanın tikinti həcmi 88846,1 kub metr, binanın mərtəbəliliyi zirzəmi (-2 və -1), 16 mərtəbə, binanın girişlərinin sayı 2 giriş olmaqla) icazə verilmişdir. İddiaçılar İddiaçı2, X8, X10, X5, X12, X3, İddiaçı10, İddiaçı8, X2 və İddiaçı9 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakmiyyətinin xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində inzibati məkəmə icraatına cəlb olunmaqla, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1150/2023 №li xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, X8, X10, X5, X12, X3, İddiaçı10, İddiaçı8, X2 və İddiaçı9 tərəfindən verilmiş şikayət təmin olunmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 3- 16-16/2-10/693 №li 24 06 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İlkin İmanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-2103-30/2-40456/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən 4833.0 kv.m sahənin bir hissəsi qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan əlavə sahə çoxmənzilli yaşayış binalarının ümumi istifadəsində olan sahə olmaqla daxilindən məhəllə daxili yollar keçir və sahə bina sakinlərinin avto dayanacaq kimi istifadə olunur (sahə daxilində ağaclar mövcüddur). Sahəyə dair sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin qeydiyyatı barədə məlumat yoxdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 2935 A-1 məhəllə ilə 2942 Q saylı məhəllə bir-birindən ayrı ərazilərdə yerləşir. Bina sakinlərinin göstərdiyi digər sahə isə faktiki olaraq 10376.0 kv.m təşkil edir. Faktiki göstərilən 10376.0 kv.m torpaq ahəsinin koordinatları əlavə olundu (rəydə koordinatlar qeyd olunmuşdur). İddiaçınını göstərdiyi faktiki torpaq sahəsi 4833,0 kv. Metr təşkil edir. Faktiki göstərilən 4833,0 kv. metr torpaq sahəsinin koordinatları əlavə olundu (rəydə koordinatlar qeyd olunmuşdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən sakinlər tərəfindən göstərilən sahə yaşayış binalarının həyətində yerləşməklə daxilində ümumi istifadədə olan piyada yolu yaşıllıqlar və qaz xətti mövcuddur. Sahəyə digər fiziki və hüquqi şəxslər tərəfindən müraciətlər olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. ... 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. ... 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. ... 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş İdarənin vəzifələri aşağıdakılardır: ... 3.1.16. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək; “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 58. İnzibati akta dair ümumi tələblər. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. ... 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş hazırki iddia tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 32-cı maddəsinin tələblərindən göründüyü kimi mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı (hazırda iddiaçılar) inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə belə iddialar üzrə inzibati aktın ləğv olunmasına dair “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində təsbit edilmiş əsaslara və müvafiq qanunvericiliyin tələblərinə bağlıdır və yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğunun müəyyən edildiyi təqdirdə mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi haqqında müvafiq qərar qəbul edə bilər. Hazırkı mübahisəyə münasibətdə iddiaçıların mübahisələndirdiyi cavabdeh inzibati orqanın “obyektin tikintisinə icazə” adlı xx.xx.2020-ci il tarixli 29 saylı sənədinin ləğvi üçün iddia etdikləri hallar Qanunun 67-ci maddəsinin tələbləri baxımından inzibati orqanın mübahisələndirilən inzibati aktının ləğvi üçün əsas deyil. Cavabdeh tikintiyə icazənin verilməsi səlahiyyətləri ilə təchiz edilmişdir və bunun üzərindən iddiaçıların ləğv olunmasını tələb etdiyi tikintiyə icazə barədə qərar qəbul etmək səlahiyyətinə malik olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən “tikintiyə icazə” cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamə ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bundan əlavə mübahisələndirilən inzibati aktın ləğv edilməsi barədə iddiaçıların dəlilləri ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanun inzibati aktın ləğv edilmə və etibarsız sayılma əsaslarını müstəqil qaydada nizamlamışdır. “İnzibati İcraat haqqında” Qanunun “İnzibati aktlar” adlanan 6-cı fəslində inzibati aktın forması, İnzibati akta dair ümumi tələblər, yazılı inzibati aktın rekvizitləri, inzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması, inzibati aktın əsaslandırılması, inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi qaydaları nəzərdə tutulmuşdur ki, həmin qaydaların pozulması qəbul olunan inzibati aktın Qanunun 67.1-ci maddəsinə əsasən inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunan qanunsuz inzibati akt kimi qiymətləndirməklə ləğv edilməsinə əsas verir. Lakin məhkəmə araşdırması zamanı belə bir hal müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən “icazə”nin verilməsinə əsas olmuş üçüncü şəxsə torpaqayırma haqqında inzibati akt (sərəncam və ayrıc aktı) iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. İş üzrə verilmiş ekspert rəyinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 103.1). Hazırki halda məhkəmə iş üzrə verilmiş ekspert rəyini işdə ola digər sübutlarla müqayisəli şəkildə araşdıraraq (qiymət verərək) hesab edir ki, həmin rəy də hazırda mübahisələndirilən qanunvericiliyin tələblərinə riayət olunmaqla verilmiş “icazə sənədi”nin ləğv olunması üçün əsas ola bilməz. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul iddiaçılardan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı3 Sərhəd oğlu, İddiaçı2, İddiaçı10, İddiaçı8 və İddiaçı9 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-626/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-626/2024
18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver