Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6306/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı vaxtdan yaş həddinin çatması ilə əlaqədar olaraq xüsusi şərtlərlə prokurorluq pensiyasının təyin olunması öhdəliyinin öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 oktyabr 1980-ci il tarixdən 17 oktyabr 1982-ci il tarixədək, yəni 01 (bir) il 11 (on bir) ay 20(iyirmi) gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət etmiş, 22 mart 1985-ci il tarixdən 01 noyabr 1993-cü il tarixədək Sverdlovsk şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində, yəni 06(altı) il 06(altı) ay 09(doqquz) gün xidmət etmiş, 04 noyabr 1991-ci il tarixdən Rusiya Federasiyasının Sverdlovsk (hazırkı Yekaterinburg) şəhərinin Verx-İsetskiy rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin olunub, xx.xx.1993-cü il tarixdə həmin prokurorluğunun böyük müstəntiqi vəzifəsinə keçirilmişdir. 26 aprel 1993-cü il tarixdə keçirilmə qaydasında Azərbaycan Respublikası Prokurorluq orqanlarına qəbul olunub, Bakı şəhər prokurorluğu istintaq şöbəsi istintaq hissəsinin böyük müstəntiqi vəzifəsinə təyin olunmuşdur. 10 yanvar 1994cü il tarixdə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna böyük müstəntiq, 27 oktyabr 1999cu il tarixdə yenidən Bakı şəhər prokurorluğu istintaq şöbəsinin böyük müstəntiqi, 13 iyun 2000-ci il tarixdə isə həmin şöbənin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsinə keçirilmişdir. Bununla da, müəyyən olunur ki, 08(səkkiz) il 09(doqquz) ay 29(iyirmi doqquz) gün Prokurorluq Orqanlarında işləmişəm. Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət və Sverdlovsk şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində xidmət etdiyi müddət Prokurorluq Orqanlarında işlədiyi müddətə qanunla daxil olduğundan, ümumi prokurorluq stajı 16(on altl) il 05(beş) ay 28(iyirmi səkkiz) gün təşkil edir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən onun pensiya hüququ 60 yaşından yox, hazırda qanunvericiliklə müəyyən edilmiş 65 yaşından yaranır. Həmçinin Qanunun 20.1.5-1-ci, 20.8.1-ci və 20.8.2-ci maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış (kişilər üçün 65 yaş) və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz (İ dərəcəli) pozulmasına görə əlilliyi müəyyən edilmiş, prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) də prokurorluq işçisi kimi əmək pensiyası hüququ vardır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının prokurorluq orqanlarındaki qulluq stajı 15 ildən az olduğundan, prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən, qanunvericiliklə müəyyən edilmiş 65 yaşına çatmadığından və orqanizm funksiyalarının 81-100 faiz (İ dərəcəli) pozulmasına görə əlilliyi müəyyən edilmədiyindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı müvafiq normaların xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edərək prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 32.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. 32.4. Yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Məhkəmənin qeydi: 20 oktyabr 2009-cu il tarixli 895-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.4-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.4.1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə, 9.4.2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “17 il 6 ayını” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-dək qüvvədə olan 9.4-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər qismində: 1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri (9.4.1-ci maddə); 2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri (9.4.2-ci maddə) təsbit olunmuşdur. Həmin normaların tələbləri nəzərə alındıqda, iddiaçı prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçisi olmalı, yaxud yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi olmalıdır. İddiaçının prokurorluq orqanlarında 25 il qulluq etməməsi işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab edir ki, göstərilən 9.4.1-ci maddənin şərtləri ödənmir. Həmçinin iddiaçının yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilməmiş olması digər 9.4.2-ci maddənin də şərtini ödəmədiyindən, həmin maddənin stajla bağlı şərtinin iş üzrə yoxlanılmasına zərurət qalmır. Göründüyü kimi, iddiaçının prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericilikdə müəyyən edilən iki kateqoriya üzrə zəruri tələblər ödənilməmiş, bununla da iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Cavabdehin etirazına münasibətdə diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəyə istinadən prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) də prokurorluq işçisi kimi əmək pensiyası hüququ olması barədə bildirilənlər həmin maddənin düzgün şərh edilməməsidir. Həmin maddə pensiya hüququ ilə deyil, əmək pensiyasına əlavələrin hesablanma qaydası ilə bağlıdır. Prokurorluq orqanlarında qulluq etmiş şəxslərin yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsi ilə müəyyən edilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6306/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6306/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver