Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-637/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********048900 nömrəli kameral hesablama barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi orqanları tərəfindən hesablanmış kameral qərar aşağıdakı göstərilən əsaslara görə əsassızdır və vergi ödəyicisinin hüquqlarını kobud şəkildə pozulduğu və vergi orqanları tərəfindən qanunvericiliyin onların üzərinə qoyduğu vəzifələri kobud şəkildə pozduğu üçün hesablanmış vergi məbləği ləğv edilməlidr. Hesablama ilə əlaqədar qeyd etmişdir ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 159, 166, 173, 174, 177, 178, 36.3, 37-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmənin diqqətinə əsas olaraq onu catdırmışdır ki, vergi orqanı bu hesablamanı aparmaqla Vergi Məcəlləsi ilə müəyyən edilmiş 3 illik müddətlə bağlı kameral hesablamanın 30 gün ərzində keçirmək, ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri kobud şəkildə pozmuşdur. Belə ki, vergi orqanları tərəfindən 2020-ci ilin iyul ayı üçün ƏDV məbləği hesablanarkən vergilərin hesablanmasına əsas kimi 2017-2020-ci illər üzrə vergi ödəyicisindəki uyğunsuzluqların olması ilə əlaqələndirmişdir. Lakin hesablamadan əvvəl göndərilən uyğunsuzluq məktubunun üzərində vergi dövrünün 2017-2020-ci illərin olduğu qeyd edilsə də, məktubun içərisinə baxıldıqda hesablamaya əsas kimi vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən araşdırıldığı bildirilmişdir. Bu isə o deməkdir vergi orqanı vergi ödəyicisinin 2014-cü ildən bəri olan ƏDV dövriyyəsi üzrə araşdırmalar apamışdır. Başqa sözlə desək, vergi orqanı vergi ödəyicisinin bütün ƏDV qeydiyyatında olan dövrünə ƏDV məbləğini 1 ay üzrə hesablamışdır. Bu isə tamamilə qanunvericiliyə ziddir. İlk növbədə qısaca olaraq bildirmək istərdik ki, ƏDV üzrə vergi hesabatı müddəti aylıq hesabatdır. Vergi hesabatı verilərkən həmin dövrdə fəaliyyət zamanı yaranan vergi öhdəlikləri barədə bəyannamə vermək mümkündür. Başqa sözlə bir hesabat dövrü üçün verilən bəyannamədə əvvəlki dövrlərdəki fəaliyyət zamanı yaranan vergi məbləğləri göstərilə bilməz. Bu səbəbdən də vergi orqanları tərəfindən ƏDV üzrə kameral vergi yoxlamaları aparılarkən hər ay üzrə aparılır. Lakin indiki hesablamaya diqqətlə baxılarsa müyyən edilir ki, vergi orqanları vergi ödəyicisinin bütün ƏDV üzrə dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etməklə vergilər hesablanmışdır. Bu isə qanunvericiliyə ziddir. Bu hesablamaya baxılarsa belə bir sual çıxır ki, vergi ödəyicisi fəaliyyətini xx.xx.2018-ci il tarixdən (xx.xx.2024-ci il tarixədək) dayandırdığı halda bu vergi hardan hesablanmışdır? Bundan başqa vergi orqanları bu hesablamanı aparmaqla sübut etməlidir ki, vergi ödəyicisinin 2020-ci ilin iyul ayı üçün göstərilən məbləğ qarşılığında dövriyyəsi vardır. Lakin bir daha bildiririk ki, vergi ödəyicisi artıq 2 ilə yaxındır ki, hər hansı bir fəaliyyəti yoxdur və əgər belə bir fəaliyyəti vardırsa bu vergi orqanları tərəfindən sübut edilməlidir. Lakin vergi orqanları heç bir araşdırma aparmadan qeyd edilən ay üzrə hər hansı bir dövriyyə olmadığı və həmin dövrdə fəaliyyətinin dayandırılmasına baxmayaraq vergi ödəyicisinə əsassız vergilər hesablamışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Belə ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü aydır. Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1ci maddəsinə uyğun olaraq ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bundan başqa Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Göründüyü kimi 2020-ci ilin hesabat dövri üçün vergilər həmin ay ərzində əməliyyatların ümumi dəyərindən ibarət olmalıdır ki, vergi ödəyicisinin həmin ay və ondan əvvəlki 2 il ərzində hər hansı vergi tutulan əməliyyatı olmamışdır. Bundan başqa Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmçinin Məcəllənin 37.2-ci maddəsinə uyğun olaraq kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi vergi orqanları tərəfindən kameral hesablama aparmaqdan ötrü 30 günlük müddət müəyyən edilmişdir. Bu onunla əlaqədardır ki, vergi orqanları istənilən vaxt vergi ödəyiciləri barədə qərar hesablaya bilməz və onların hüquqları müddətlərlə məhdudlaşdırmışdır. Lakin vergi orqanı tam qanunsuzluğa gedərək bu maddənin müddəalarını təhril etməklə formal olaraq müddətə əməl edilməsi kimi vergi ödəyicisinin bütün ƏDV üzrə 2014-2018-ci illər üzrə dövriyyəsi barəsində 2020-ci ilinin iyul ayına hesablama aparmışdır.Əslində isə vergi orqanı yuxarıda qeyd edilən maddələrin tələblərinə əsasən vergi ödəyicisinin 2014-cü ildən 2018-ci ilinə kimi hər ay üzrə hər hansı uyğunsuzluq olduğu halda hər ay üzrə vergiləri hesablaya bilərdi. Lakin vergi orqanı ƏDV üzrə hesabat dövrünü bir növ 6 illik götürməklə bütün 4 il ərzində aparılmış əməliyyalara 2020-ci ilin iyul ayında qiymət vermişdir. Bu isə artıq ƏDV-nin aylıq hesabat olması, hər ay üzrə ƏDV-nin kameral yoxlanılması və 30 günlük müddət bitdikdən sonra vergilərin hesablanması qaydasının tələblərinin olmaması kimi qiymətləndirmiş və qanunvericiliyin qeyd edilən tələblərini kobud şəkildə pozmuşdur. Hətta Vergi Məcəlləsinin yuxarıda göstərilən maddəsindən də göründüyü kimi qanunvericilik vergi orqanı tərəfindən 30 günlük müddət keçdikdən sonra vergi ödəyicisinin vergilərin hesablanmasını müəyyən etdiyi halda belə əvvəlki aylar üzrə kameral hesablamaların keçirilməsini qadağan etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-637/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********235000 saylı “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə (VÖEN **********) 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən son 3 il ərzində artan yekunla 2020-ci ilin iyul ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləğinin 649572,15 manat olmasına baxmayaraq, qeyri-rezidentlərə ödənilmiş ƏDV- nin məbləği 1112050,71 manat göstərilməklə müvafiq əvəzləşdirmə aparılmışdır ki, bu da 462478.56 manat kənarlaşmanın yaranmasımna səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilrmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********455800 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə anoloji qaydada 462478.56 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021ci il tarixli **********048900 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik siğortasi haqlarinin hesablanması barədə” Qərar göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin) müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında" 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışın surəti. - xx.xx.2021-ci il tarixli **********048900 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik siğortasi haqlarinin hesablanması barədə” Qərar; - Cavabdeh ininzibati orqanın xx.xx.2022- ci il tarixli etiraz məktubu; - xx.xx.2020-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub; - hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışlar; - cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etiraza əlavə məktubu; - xx.xx.2022-ci il tarixli **********235000 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar; - xx.xx.2022-ci il tarixli Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi barədə bildiriş.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır, təmin edilməlidir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********048900 saylı qərarı ilə İddiaçı MMC-yə 2020-ci ilin iyul ayı üzrə 462 478,56 manat ƏDV məbləği hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda və iş metariallarında olan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubunda göstərilmişdir ki, İddiaçı MMC-yə 2020-ci il iyul ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılan araşdırılmanın nəticəsi kimi vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən son 3 il ərzində artan yekunla 2020-ci il iyul ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləği 649 572,15 manat olmasına baxmayaraq, qeyri-rezidentlərə ödənilmiş ƏDV-nin məbləği 1 112 050,71 manat göstərilməklə müvafiq əvəzləşdirmə aparılmışdır və nəticədə 462 478,56 manat kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Əlavə olaraq iş materiallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən aparılmış yeni araşdırmalar nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********235000 nömrəli qərar qəbul edilmiş və mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********048900 nömrəli qərar ləğv edilmişdir. Yeni qəbul edilmiş qərarla 462 478,56 manat ƏDV 342 774,54 manat hissədə azaldılmış və iddiaçının 2020-ci ilin iyul ayı üzrə ƏDV üzrə vergi öhdəliyi 119 704,02 manat müəyyən edilmişdir. Bununla bağlı iddiaçının şəxsi hesab vərəqəsində müvafiq azalmalar aparılmışdır. Mübahisələndirilən qərarda ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyrirezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləği 992 346,69 manat olduğu, qeyri-rezidentlərə ödənilmiş ƏDV-nin məbləğinin isə 1 112 050,71 manat olduğu nəzərə alınaraq hesablanmış əlavə verginin qismən azaldılması göstərilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanmasınsa əsas olmuş qərarı ləğv etməklə və yeni qərarla əlavə hesablanmış verginin çox hissəsini azaltmış, bununla da əvvəlki hesablamanın qismən səhv olduğu etiraf edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən 15 fevral 2022-ci il tarixdə yeni qərar qəbul edildikdən sonra 18 fevral 2022-ci il tarixdə iddiaçıya bildiriş təqdim edərək 2020-ci iyul ayı üzrə ƏDV üzrə dəqiqləşdirilmiş bəyannaməsini və ya kənarlaşmaya dair yazılı izahat məktubunun 10 iş günü ərzində göndərilməsini tələb etmiş, əks halda bununla bağlı səyyar vergi yoxlamasının keçirilməsi məsələsinə baxılacağı qeyd edilmişdir. Həmin bildirişdə isə göstərilmişdir ki, iddiaçının təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatların dəyərindən hesablanan ƏDV məbləğlərinin cəminin 818 059,23 manat olmasına baxmayaraq bəyannamələrin əvəzləşdirilən hissədə qeyri-rezidentlərə ödənilmiş ƏDV məbləğlərinin cəminin 1 112 050,71 manat çox göstərilməsi nəticəsində 293 991,48 manat kənarlaşma yaranmışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı ƏDV bəyannamələrinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidetin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatların dəyərindən hesablanan ƏDV məbləğlərinin cəminin ilk qərarında 649 572,15 manat, yeni qərarında 992 346,69 manat və sonuncu bildirişdə isə 818 059,23 manat olduğunu, yəni hər dəfə fərqli-fərqli rəqəmlər göstərməklə iddiaçının konkret olaraq vergi öhdəliyini düzgün müəyyən edə bilməmişdir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanların vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsində göstərilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Sadalanmış müddəanın mənasından bəlli olur ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki iş üzrə cavabdeh vergi orqanı mübahisələndirilən qərarda ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləğinin 992 346,69 manat olduğunu iddia etsə də, əvvəlki qərarda və sonrakı bildirişdə fərqli məbləğlər göstərmiş, bunu konkret sənədlərlə və dəlillərlə sübut edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləğinin 992 346,69 manat olduğunu iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, vergi orqanı hesablamanı aparmaqla Vergi Məcəlləsi ilə müəyyən edilmiş 3 illik müddətlə bağlı, kameral hesablamanın 30 gün ərzində keçirmək, ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, hesablamanın əsası kimi 2017-2020-ci illər üzrə iddiaçıda uyğunsuzluqların olması göstərilmiş, lakin hesablamadan əvvəl göndərilən uyğunsuzluq məktubunun mahiyyətindən də aydın olur ki, araşdırmalar iddiaçının 2014-cü ildən bəri ƏDV dövriyyəsi üzrə aparılmışdır. Həmçinin hesablamalardan o da görünür ki, vergi orqanları vergi ödəyicisinin bütün ƏDV dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etməklə aparmışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə ziddir. Bununla bağlı məhkəmə aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Vergi Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Yuxarıda əksini tapmış müddəalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, büdcəyə ödənilməli ƏDV, Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəaları nəzərə alınmaqla təqvim ayı ərzində təqdim edilmiş malların (görülmüş işlərin və göstərilmiş xidmətlərin) dəyərindən hesablanan vergi məbləği ilə həmin ayda əldə edilmiş elektron vergi hesabfakturaları üzrə (idxalda gömrük bəyannamələri üzrə) Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən ƏDV məbləği arasındakı fərqdir. Büdcəyə ödənilən ƏDV məbləği hər bir təqvim ayı üçün növbəti ayın 20-nədək vergi ödəyiciləri tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyannaməsi əsasında hesablanır. Eyni zamanda ƏDV bəyannamələri elektron vergi hesab-fakturaları, ödəniş sənədləri əsasında Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla tərtib olunur. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunanlara və iddiaçının 2 ilə yaxın müddəddə ümumiyyətlə fəaliyyət göstərmədiyini nəzərə alaraq, cavabdeh vergi orqanı tərəfindən heç bir araşdırma aparmadan, kameral vergi yoxlaması apardığı 2020-ci ilin iyul ayı üzrə hər hansı dövriyyə olmadığı halda, fəaliyyətinin dayandırılmasına baxmayaraq əssassız vergilər hesablamışdır. Ümumiyyətlə cavabdeh vergi orqanı məhz hesablama apardığı 2020-ci ilin iyul ayı üzrə iddiaçının hər hansı ƏDV dövriyyəsinin olmasına dair təsdiqedici dəlil və ya sübutlar məhkəməyə təqdim edə bilməmiş, cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçının 2020-ci ilin iyul ayı üzrə dövriyyəsinin olması və həmin dövriyyəyə görə dövlət büdcəsinə əlavə ƏDV-nin hesablanmalı olmasını, eyni zamanda mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən digər halları məhkəmə araşdırması zamanı əsaslandıra bilməmişdir. Əlavə olaraq, cavabdeh vergi orqanı öz dəlillərinin əsaslandırılması üçün məhkəməyə təqdim etdiyi etiraza əlavənin qoşmasında olan “ƏDV bəyannaməsinin xüsusi hissəsi- dövrlər üzrə açılış”ı özündə əks etdirən cədvələ nəzər yetirdikdə görmək olur ki, kameral vergi yoxlaması aprel 2015 – sentyabr 2018 illəri əhatə edir. Həmin cədvəldən də görünür ki, vergi orqanı kameral vergi yoxlaması ilə əlavə hesablama apardığı 2020-cilin iyul ayı üzrə 3 ildən artıq dövrü əhatə etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən sonuncu 15 fevral 2022-ci il tarixli qərarla iddiaçıya əlavə vergi öhdəlikləri hesablayarkən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddətin belə pozmuşdur. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən VM-nin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. VM-nin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). VM-nin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. VM-nin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. VM-nin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sözügedən normalardan göründüyü kimi, cədvəldəki sonuncu hesabat dövrü olan 2018-cı ilin sentyabr ayı üzrə iddiaçı tərəfindən ƏDV hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2018-ci ilin oktyabr ayının 20-də bitmişdir. Belə olan halda, 20 oktyabr 2018-ci il tarixlərdən 3 illik müddətin son günü müvafiq olaraq 20 oktyabr 2021-ci il tarixlərə təsadüf edir. Beləliklə, hesabat dövrləri bitdikdən sonra isə vergi ödəyicisi tərəfindən hətta belə vergi qanunvericiliyin pozulmasına yol verildiyini vergi orqanı müəyyən edərsə, lakin bu pozuntunun tğrədilməsi anından 3 il keçmişdirsə, vergi orqanı həmin pozuntuya görə vergi ödəyicisini məsuliyyətə cəlb edə və vergi öhdəliklərini müəyyən edə bilməz. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının aprel 2015 – sentyabr 2018 illər üzrə vergilərin azaldılmasının müəyyən edilməsinə baxmayaraq, 15 fevral 2022-ci il tarixli qərarla, yəni 3 il müddəti keçdikdən sonra vergilərin hesablanması haqqında qərar qəbul edilmiş, bu isə yuxarıda istinad edilmiş Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş cavabdeh vergi orqanın xx.xx.2022-ci il tarixli **********235000 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik siğortasi haqlarinin hesablanması barədə” Qərar ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********235000 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev