Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6378/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, İddiaçı vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “birgə istifadə hüququnun qeydiyyatdan çıxarılması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsində yerləşən İddiaçı tam mülkiyyətindəki 2 saylı, 148,2 kv-lik fərdi yaşayış evinin 0,02482 ha həyətyanı torpaq sahəsi üzərində 20 iyun 1971-ci ildə vəfat etmiş Xəndan Kərim qızının daşınmaz əmlaka ümumi birgə istifadə hüququnun qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, 148,7 kv m fərdi yaşayış evinə İddiaçı xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı “Çıxarış“la tam mülkiyyət hüququ və həmin ev mülkünün yerləşdiyi 0,02482 ha həyətyanı torpaq sahəsi üzərində 20 iyun 1971-ci ildə vəfat etmiş Xəndan Kərim qızının və İddiaçı ümumi birgə istifadə hüququna dair qeydiyyat aparılmışdır. Sözügedən ev mülkünün əvvəlki mülkiyyətçisi X5 iddiaçının anası Səkinə Murtuz qızının doğma əmisi idi. Arvadı və övladı olmadığı üçün o, ev mülkünü 2016-cı ilin sentyabr ayında vəsiyyətnamə üzrə vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirmişdir. İddiaçı miras ev mülkünü öz adına dövlət qeydiyyatından keçirərkən tələb edilən sənədlərin biri, yəni pasport qetdiyyatına dair Forma 2 tipli arayışı tərtib ediləndə ərazi üzrə MİS-nin qeydiyyatçısı texniki qusura yol verib, həmin arayışda 20 iyun 1971-ci ildə vəfat etmiş və öləndən sonra qeydiyyatdan silinməmiş X18 qızını ailə üzvü kimi qeyd edib. İddiaçının göstərdiyi texniki səhv səbəbindən onun adına qeydiyyatdan keçirilmiş ev mülkünə dair seriya RX ******* reyestrli çıxarışda, evin həyətyanı 0,002482 ha torpaq sahəsinin ümumi birgə istifadəçisi kimi hazırda X4 adını və ata adını da qeyd ediblər. Zəruri olaraq bildirilir ki, X18 qızı, sözügedən ev mülkünün birinci mülkiyyətçisi olmuş iddiaçının ulu babası Hacı X3 oğlu, X7, ana babası X10 dayısı Heybətov Hüseynbalanın arvadı olmuşdur. Heybətov Hüseynbala 1937-ci ildə keçmiş SSRİ dövlətində icra olunmuş repressiya nəticəsində öldükdən sonra, mərhumun dul arvadının digər yaşayış yeri olmadığına görə sözügedən ev mülkündə ailə üzvü kimi qalıb qeydiyyata alınmaqla vəfat edən günədək orada yaşamışdır. İddiaçının ailəsi ilə qohumluq münasibətində olmuş Xəndan Kərim qızını Səkinə Murtuz qızı (iddiaçının anası) ilə iddiaçı qulluq edib saxlayıblar. Belə ki, onun övladı olmamış, istər sağlığında, istərsə də vəfatından sonra, onunla heç kim maraqlanmamış, torpaq sahəsi üzərində ümumi birgə istifadə hüququ üzrə hər hansı digər qeydiyyat aparılmamışdır. Xəndan Kərim qızı 20 iyun 1971-ci ildə 89 yaşında vəfat edəndən hazıradək ünvan 2 ünvanındakı ev mülkünün həyətyanısahəsinin üzərində onun ümumi birgə istifadə hüququna 51 ildir ki, xitam verilməmiş qalmışdır. Zəruri olaraq məhkəməyə məlum edirəm ki, öz adıma rəsmiləşdirilmiş Seriya RX ******* saylı çıxarışdakı 0,148,7 kv m -lik fərdi yaşayış evinin yerləşdiyi 0,02482 ha həyətyanı torpaq sahəsi üzərində X4 ümumi birgə istifadə hüququna dair qeydiyyatının qalması, 5 ildən artıq müddətdə tam mülkiyyətimdəki fərdi yaşayış evi ilə bağlı AR Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilmiş əmlaka iddiaçı öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu reallaşdıra bilmir. X4 Bakı şəhəri, Əmircan qəsəbəsi, Əlisöhbət Subatzadə küçəsi, 2 saylı ev mülkünün yerləşdiyi 0,02482 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə istifadə hüququna xitam verilməsinə dair cavabdeh hüquqi şəxsə verdiyi ərizə təmin edilmədiyinə görə onu qanunsuz və əsassız saydığı üçün məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı çəhəri, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsində yeləşən İddiaçı tam mülkiyyətindəki 2 saylı, 148,2 kv-lik fərdi yaşayış evinin 0,02482 ha həyətyanı torpaq sahəsi üzərində 20 iyun 1971-ci ildə vəfat etmiş Xəndan Kərim qızının daşınmaz əmlaka ümumi birgə istifadə hüququnun qeydiyyatdan çıxarılmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Həmçinin bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildiririk ki, sözügedən fərdi yaşayış evi üzərinə Suraxanı rayon Məhkəməsinin 2(010)-2512/2020 saylı, 2(010)- 6048/2018 saylı və 2(010)- 7487/2018 saylı bildirişləri ilə müvəqqəti nəzarət qoyulmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş edirik.
4. İddiaçının müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
5. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, RX seriyalı Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı (qeydiyyat nömrəsi **********) və Xəndan Kərim qızının adına qeydə alınmışdır.
6. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanan məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında (Seriya RX № 1068261, xx.xx.2017-ci il tarixli) ona məxsus olan ünvan 3 ünvanında qeydiyyatsız yaşayır (qonşuların aktına əsasən).
7. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanan məktubda göstərilmişdir ki, 1882-ci il təvəllüdlü mərhum Xəndan Kərim qızı həqiqətən vəfatına kimi (xx.xx.1971-ci il) ünvan 3 ünvanında qeydiyyatda olub.
8. AZ-1 217079 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Xəndan Kərim qızı xx.xx.2006-cı ildə ölmüşdür.
9. Məhkəmənin sorğusuna cavab olaraq **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-ci il tarixli Şəhadətnaməyə əsasən, Subiyə Nəsrulla qızının ünvan 3 ünvanında yerləşən mənzildəki ümumbirgə mülkiyyət üzrə payları X11 adına keçmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, RX seriyalı Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X11 (qeydiyyat nömrəsi **********) və Xəndan Kərim qızının adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında X16 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv/m olan fərdi yaşayış evinin özünə məxsus hissəsini İddiaçı miras qoymuşdur.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdilər, əlavə olaraq bildirdilər ki, mərhumun hər hansı qohumu və ya vərəsəsi yoxdur.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
18. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
21. Məhkəmə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair arxiv qovluğunda saxlanılan sənədləri nəzərdən keçirərək müəyyən edir ki, ünvan 3 ünvanında yerləşən mənzilin mərhum Xəndan Kərim qızının adına qeydiyyatı aparılan zaman hər hansı qanun pozuntusuna yol verildiyini müəyyən etməmişdir.
22. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən mərhum Xəndan Kərim qızının qanun üzrə vərəsəsi deyildir və iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur və ya mərhum Xəndan Kərim qızının adına aparılmış qeydiyyatın ləğvi üçün əsas yoxdur.
23. Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir.
24. Odur ki, məhkəmə qeyd edir ki, mənzilin həmin hissəsi vərəsəsi olmayan əmlak kimi dövlətə keçdikdən sonra iddiaçı onu əldə edə bilər.
25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva