Məhkəmə qərarları › İş №2-1(112)-6442/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6442/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6442/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçı1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı doğum akt qeydində ada düzəliş edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı İddiaçı1 və İddiaçı2 birgə nikahdan 30 aprel 2020-ci il tarixdə anadan olmuş övladları X1 doğum akt qeydində ad qrafasına “Məhəmmədmustafa” əvəzində “Muhəmmədmustafa” adına düzəlişin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 iyul 2019-cu il tarixdə İddiaçı1 və İsmayılova (Əlizadə) Məleykə Azər qızı 5 saylı «ASAN» Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahdan 30 aprel 2020-ci il təvəllüdlü bir övladları X2 anadan olmuşdur. 2021-ci ildə İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmiş oğullarının adında dəyişiklik apararaq «Muhəmmədmustafa» kimi yazılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 11 iyun 2021-ci il tarixli, İ-101-164 saylı məktubu ilə onlara bildirilmişdir ki, irəli sürdükləri «Muhəmmədmustafa» adı Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olmadığından adın dəyişdirilməsi mümkün deyildir. Bundan sonra İddiaçı1 və İddiaçı2 Sabunçu Rayon İcra Hakimyyətinə qarşı adın dəyişdirilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı2 tərəflərində verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 ad dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin Qərarın 30-cu bəndində qeyd olunmuşdur ki, «... Belə ki, yuxarıda istinad olunan normalar baxımından adın dəyişdirilməsi üzrə inzibati icraatı həyata keçirmək və həmin icraat nəticəsində adın dəyişdirilməsi ilə bağlı yekun qərar-inzibati akt qəbul etmək səlahiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına deyil, qeydiyyat şöbəsinə aiddir və yalnız qeydiyyat orqanının adın dəyişdirilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.» Bundan sonra, İddiaçı1 oğlunun adı «Məhəmmədmustafa» adından «Muhəmmədmustafa» adına dəyişiklik edilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, nəticədə Cavabdeh 06 yanvar 2023-cu il tarixli 05/15-35 №-li məktubu ilə imtina verilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, bu adın yazılışı qaydasına aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və verilən məlumata əsasən həmin adın anomastik lüğətdə ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması «Məhəmmədmustafa» və «Məmmədmustafa» adı kimidir. «Muhəmmədmustafa» adının isə, Azərbaycan dilinin əbədi normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Hesab edirlər ki, cavabdehin verdiyi imtina cavabı əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1983-cü il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 351480 nömrəli “Nikah haqında” şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1983-cü il təvəllüdlü İddiaçı1 ilə 04 avqust 1987-ci il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qedləri kitabının 2019-cu ilin iyul 29-u günündə 2975 nömrə ilə qeyd edilmişdir İşdə olan notarial qaydada təsdiq edilmiş Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 395555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə Azərbayca Respublikası Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 05 ayının 13-ü günündə 165 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 05/15 nömrəli, 06 yanvar 2023-cü il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Bu adın yazılışı qaydasına aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və verilən məlumata əsasən həmin adın anomastik lüğətdə ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması “Məhəmmədmustafa" və “Məmmədmustafa" adı kimidir. “Muhəmmədmustafa” adının isə, Azərbaycan dilinin ədəbi normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Müraciətinə cavab olaraq bildirilir ki, seçdiyi “Muhəmmədmustafa” adı Qanunun tələbinə uyğun olmadığından müraciətinin qeydiyyat şöbəsində icrası mümkün deyildir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçılar birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 adının “Məhəmmədmustafa” adından “Muhammədmustafa”-ya dəyişdirilməsi barədə cavabdehə müraciət etmişlər. Cavabdeh isə iddiaçıların müraciətindən imtina etmişdir. İmtinaya əsas kimi göstərmişdir ki, Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Bu adın yazılışı qaydasına aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və verilən məlumata əsasən həmin adın anomastik lüğətdə ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması “Məhəmmədmustafa" və “Məmmədmustafa" adı kimidir. “Muhəmmədmustafa” adının isə, Azərbaycan dilinin ədəbi normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü madəsinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından göründüyü kimi, fiziki şəxsin adının və soyadının, atasının adının verilməsi, dəyişdirilməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulmuş həmin Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-dır ki, həmin Qaydaların 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir; 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları valideynlər arasında mübahisə olmadıqda uşağın adının verilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Belə olan halda, məhkəmə cavabdehin imtinasını əsaslı saymayaraq hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanuni sayıla bilməz. Belə ki, nəzərə alınmalıdır ki, uşağın valideynləri arasında onun adı ilə bağlı fikir ayrılığı olması barədə inzibati icraat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir sübut, dəlil təqdim edilməmiş və cavabdeh inzibati orqan məsələnin həllindən imtina edərkən hər hansı normativ hüquqi aktın müddəasına istinad etməmişdir. Bu hal isə, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktlar və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiysinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə görə isə, uşağa ad valideynlərin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi uşağın ad almaq hüququnun həyata keçirilməsi qaydasını tənzimləyir. Uşağın ad almaq hüququ, həmçinin bilavasitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda ifadə olunmuşdur. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Ad hüququnun Konstitusiyanın mətnində birbaşa təsbit edilməməsinə baxmayaraq, bu hüquq Əsas Qanunun müddəalarının məzmunundan irəli gəlir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir. Qeyd olunmalıdır ki, analoji hüquqi mövqeyə X7 Məhkəməsinin təcrübəsində də rast gəlinir (2008-ci il 5 dekabr tarixli qərar, 1 BvR 576/07). Lakin ümumi yurisdiksiya məhkəmələrində L.Ramazanovanın iddiası üzrə baxılan məsələ onun Konstitusiya ilə təminat verilən şəxsi və ailə həyatı hüququ ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ərizəçinin mübahisə etdiyi məhkəmə aktının Konstitusiyaya uyğunluğu Əsas Qanunun 32-ci maddəsinin İİ hissəsinin müddəaları nəzərə alınmaqla yoxlanılmalıdır. Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Konstitusiyada dövlət dilinin statusunun müəyyən edilməsi Azərbaycan dilinin konstitusion dəyərə malik olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərildiyi kimi, dövlət dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dövlət dilinin statusunun Konstitusiyada təsbiti həm də o deməkdir ki, qanunverici dilin ictimai həyatda istifadəsinə şərait yaratmağa və onu müdafiə vasitələri ilə təmin etməyə borcludur. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır, 13-cü maddəsində isə müəyyən olunur ki, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 13.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla) nəzərdə tutulur. Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X9rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X6rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X8rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). Hazırkı işdə məhkəmələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin 1.1, 1.2, 2.1.10 və 2.1.11-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişlər ki, iddiaçı L.Ramazanovanın iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmələr Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyini nəzərə alaraq hesab etmişlər ki, cavabdehin imtinası əsaslıdır. Həmin rəydə qeyd olunmuşdur ki, “2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə orfoqrafiya qaydalarına uyğun olaraq “Muhammed” adının “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” formasında yazılışı düzgün hesab edilir”. Bununla əlaqədar qeyd olunmalıdır ki, həmin Lüğətin “Lüğətin quruluşu” adlanan hissəsində coğrafi adlar, şəxs adları, müasir ədəbi dildə işlənməyən qəliz ərəb və fars sözləri, yalnız bir məhəllə və məhdud peşəkarlar dairəsində işlənən sözlərin (arqotizmlərin), əsasən Lüğətə daxil edilmədiyi bildirilir. Eyni zamanda, burada göstərilmişdir ki, Lüğəti çap etmiş nəşriyyat tərəfindən hazırlanmış şəxs adları (Əlavə 3-4) siyahıları orfoqrafiya lüğətinə ilk dəfə əlavə olunmuşdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş uşaqlarının adının “Məhəmmədmustafa”-dan “Muhəmmədmustafa” adına dəyişdirilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar